«Harda bir
quru yarpaq görsən
qaldır öp, oxşa...
bil ki, o
mənəm...»
Gənc yazar Könül Səid:
«Hər birimiz əsil üzümüzü gecə yatmazdan
düz beş dəqiqə əvvəl geyinirik, o da
günün hesabatını özümüzə verəndə!»
...qəribə
qızdı bu qız. Fəqlidi, şəndi. Onun qırmızı
geyimlərinin, həmişə gülən üzünün
qarşısındakı hər kəsi sevincə
boğduğunun dəfələrlə şahidi olmuşam.
Sanki bu qız adamın dərdini-sərini silib aparmaq
üçün doğulub. Bir də bir ürəyi var ki...
...bu
qız mənim rəfiqəmdi. Qızlardan acığı gələn
"mən"in kiməsə rəfiqə deməyi bir az
çətin məsələdi amma Könül
başqadı. Mən Könülün "könlünə"
dostam, ona aşiqəm.
...bu
gün onun doğum günüdür. Bu dünyası gözəl
qıza bir hədiyyə də bizdən olsun deyib, ona tutduq
üzümüzü.
...fərqli,
kədərli, sevimli cavabları ilə gənc yazar
Könül Səid qonağımızdı:
- Zamanın bəxş etdikləri
bir yazarın dünyasından daha ağır
süzülüb keçir. Könül xanıma görə
Könül Səid kimdir?
-
Zaman heç də hər kəsə öz
işığını, ya da sevgisini eyni dərəcədə
paylamır. Mizan-tərəzisində birinə daha çox sevgi,
birinə də daha ağır dərd, əzab yükləyir.
Deyirlər tərəzidə qızıl, var-dövlət
daha ağır gəlir, amma məncə dərddən, kədər
burulğanından, ən əsas da insan münasibətlərinin
ziddiyyətindən daha ağır heç nə ola bilməz.
Hətta heç bir metal belə onunla müqayisə oluna bilməz.
Qiyməti bazarda çox yüksək olsa belə.
Yazarlar
bəzən çox şəffaf bir suya, bəzən də
bulanıq, seldən, daşqından sonra fərqli bir hal alan
çaya bənzəyir. Həyatın verdiyi bu dəyişkənlik
də zaman-zaman öz mövqeyini gah bir səmtə, gah da
ayrı bir səmtə yönəldir. Bəzən isə
özümüzü bax beləcə çıxmazların,
yol ayrıclarının ağuşunda, ya da sözün kəskin
anlamında dar ağacında hiss edirik. O an isə elə bilin
ki, göz bəbəklərimiz gah böyüyür, gah da
kiçilir. Beynimizdə olan siqnallar gah vurur, gah da dayanır.
Eynən düşüncələrimiz kimi
yazılarımızda da get-gəldə oluruq, amma sonda
misralara, ya da cümlələrə süzülən
duyğularda öz ölümümüzü, intihar
ehtirasımızı tamamlamış oluruq. Beləliklə o
səhifə bir günlük bağlanıb öz yerini bir
gün sonrakı intihara, ya dar ağacına yönələn
günə verir. Bax beləcə həyatla birgə biz də
addımlayırıq, yaşayırıq, ya da yaşamasaq da
yazılarımızda öz istədiyimiz, amma yaşaya bilmədiklərimizi
canlandırırıq.
Keçək
sualın əsas məğzinə, bilirəm giriş sözlərim
bir az ağır ittihamlarla bol oldu, amma əsas Könül Səid
elə bu fikirlərində duyğularında gizlidir.
Yazarı, şairi onun yazılarında tapmaq, kəşf etmək
olar. Həm də hər bir müəllif öz həyatının
özünə belə qaranlıq qalan məqamlarını bəzən
öz yazılarında tapa bilir.
Mən
də bəzən çılğın, bəzən sakit
axan çay kimiyəm, bəzən ölüm
saçıram, bəzən də çox mülayim bir ana, həyat
yoldaşı, yazar Könül Səid oluram. Bu qədər bəsit
və çətin bir kələfin ucunu açdım,
ardını az da, çox da olsa oxucularım deyər.
Amma
işin əslini desəm hər birimiz əsil
üzümüzü gecə yatmazdan düz beş dəqiqə
əvvəl geyinirik, o da günün hesabatını
özümüzə verəndə!
-Bəzən
üzügülər adamların dərdi-qəmi yoxdur deyirlər,
amma bilənlər bilir ki, bu gülüş daha çox
qürurun göstəricisidir. Sizdə necə? Qürur harda gəlir?
-Mən
hər zaman şən əhvalda oluram, bunu həm dostlarım,
həm də iş yoldaşlarım təsdiq edə bilər.
Daima çalışıram ki, ətrafımda olan insanlar məni
xoş əhvalda görsünlər, hətta bir neçə
dəqiqə əvvəl səssizliyə, özümə
qapanıb ağlasam belə o göz yaşlarının
ardından üzümdə günəşin əksini,
parlayan təbəssümü, ya da ən sadə şəkildə
desək xoş bir auranı hiss edə bilsinlər. Hərdən
düşünürəm ki, nə yaxşı mən belə
həyat dolu və müsbət aura ilə bu dünyaya gəlmişəm.
Vay o gündən ki, mənim xasiyyətimə vampirlərə
məxsus o xoş auranı sorub aparmaq xüsusiyyəti sirayət
etsin, vay o gündən, amma yenə də bunun olacağına
heç sıfır rəqəmi qədər ehtimal yoxdur.
Amma
dərindən baxsaq üzüm gülür, içim qan
ağlayır. Deyərlər ki, gənc bir xanım necə bu
sözləri deyə bilər? Bəzən həyatın
verdiyi sınaqlarlar yaşla ölçülmür, təəssüf
ki. O kədər də gəldisə getmək bilmir.
Keçək
qürur məsələsinə, bəli, iddialı şəkildə
deyə bilərəm ki, mən çox qürurlu insanam. Bəzən
bu qürur mənə ilk addımı atmağa da mane ola
bilir. Amma qeyd edim ki, gülüş obyektimin, ya da mənbəyimin
qürurla heç bir əlaqəsi yoxdur.
Qürurda
da, digər keçilməz sərhədlərdə də mənim
üçün orta bir yol yoxdur. Mən ya sevirəm, ya da
sevmirəm, ya yerdəyəm, ya da göydə, ən
yaxşı və ən pis halda ya yaşayacam, ya da öləcəm.
Bu qədərdir mənim sərhəd tanımayan dünyam.
Yenə də vurğulayım ki, mən gülürəmsə
bu dərin bir kədərin məni daxilən silkələyən
bir göstəricisidir. Amma əsla qürur deyil.
Bəzən
bu qatı rəngdə olan qürurum həyatımdan dost
dediklərimi də silib apara bilir.
-
Sizi görəndə adamın ürəyi
açılır. Bu genetikadanmı, həyat eşqindənmi
qaynaqlanır?
- Bəlkə
də mən insanlara daima xoş əhval bəxş etmək
üçün gəlmişəm bu dünyaya, bilmirəm,
amma uşaqdan böyüyə qədər kimsənin əsla
qəlbini qırmaram, xətrinə dəymərəm. Hətta
yerdə bir quru yarpaq belə görsəm götürüb əzizləyərəm.
Şeirlərimin
birində də sevgilimə xitabən vurğulamışam
ki, harda bir quru yarpaq görsən qaldır öp, oxşa...
bil ki, o mənəm...
Həyat
eşqi ilə də aşıb daşıram, buna görə
oğlum Səidə daha çox minnətdaram. Nə zaman bir
az kədərli olsam onun gülən siması
gözümün önünə gəlir və bu doğma
varlıq məni hər gün daha da güclü şəkildə
bu həyatın tüstü qoxan yaxasından
yapışmağa, yaşamağa, qalib olmağa, dirənməyə
səsləyir. O nəinki həyatımın parasıdı,
hətta imzamın da yarısıdır. Etiraf edim ki, onun
adı imzamla yanaşı addımlayan gündən bu günə
uğurlarımın sayı artıb. Hətta daha bir neçə
il öncəyə gedib onun həyata gəldiyi günü də
bura əlavə edərdim. Tam beş il yarımdır ki, bu
pozetiv enerji qaynağım məni həm
yaradıcılıq, həm də həyat eşqi baxımından
zənginləşdirir. Bu həyat eşqi mənə yəqin
ki, anamdan keçib, çox güman ki, məndən də
övladıma...
- Qayıdaq payız fəslinə,
qurumuş yarpaqlara. Payız fəsli sizin üçün
hansı səbəbdən bu qədər önəmlidir?
- Mən
də bir çox yazarlar kimi romantikəm, baxmayaraq ki, şeirlərimdə,
yazılarımda reallıq da öz yerini israrla ala bilib. Amma
tam da olmasa 99 faiz romantik, duyğulu bir yazaram. İlk dəfə
bu payız sevdasını özümdə tələbəlik
illərində O. Henrinin “Son yarpaq” əsərini oxuyanda kəşf
etdim. O əsər mənə o qədər təsir
etmişdi ki, bir müddət həyatımda olan hər kəsə
orda olan rəssam obraz kimi kömək etmək eşqində
idim. Hətta dörd misralıq bir parçanı da o əsərə
həsr etmişdim:
"Düşmə,
son yarpaq, ağacdan düşmə,
Bu
günü sabaha calayım gərək.
Sən
külək sehrinə aldanıb düşmə,
Bir insan ömrünə can verim gərək..."
Sonralar pazıya,
onun rəngsiz görünsə də mənim üçün rəngli olan dünyasına münasibətim
bir balaca dəyişdi. Hətta onu, məni yaradanı da bu işə qatıb iddialı şəkildə ona “Payızı gözlərimdə
öldürdün, onun
göz yaşları axdı gözlərimdən
“ misralarını yazdım.
Bir şeirimdə
isə özümü
ağacda titrəyə-titrəyə
qalan son yarpağa bənzədirəm.
Hətta bir essemdə qadınların hündürdaban
ayaqqabılarının dabanlarını
qırmaq eşqinə
belə düşmüşdüm. Onlar o yaralı
yarpaqları görmədən
tapdayıb keçdikəri
üçün. Bu misallar sonsuzdur, çünki yaradıcı
dünyamın məhsullarının
başında daima şah kimi payız
fəsli durur. Hətta 30 yaşın kandarında olsam belə payız fəsli yanımdadır, canımdadır.
Amma bu 30 yaşda payızın daha fərqli tərəfini özüm üçün
kəşf etdim.
Sən demə o qəm, kədər deyil, əksinə bir şair yetişdirən
qüvvətli bir ana imiş, mən də onun övladı...
- Könül ətrafındakı hamıya
dostdur, bəs Könülə dost kimdir?
- Mən yaxşı dostam? Bax bu sual çox vaxt məni düşündürüb.
Bəzən olub ki, dostlarımın köməyinə
əlim yetməyib saatlara oturub ağlamışam. Amma
yenə də bu mənə imkan vermir ki,
özümə yaxşı
dost deyim. Bəzən də olub ki, dəqiq də bilirəm ki, mənim dostlarım bu halı yaşayıb.
Bax beləcə bir-birimizdən
gizli şəkildə
dostluqlarımız davam
edir. Mənim üçün dost ancaq mənim istəklərimi
yerinə yetirən insan deyil, əsla
o deyil. Mənim üçün dost sadəcə
çiyninə başımı
qoyub səssiscə ağlaya biləcəyim bir insandır. Mənim dostlarım çoxdur, amma can dostlarım çox azdır, bax o az olan insanlar bu misraları
oxuyanda inanıram ki, elə həmin
dəqiqə məni axtarıb çiyinlərini
göstərəcəklər. İndi bu sözləri
oxuyan dostlarıma demək istəyirəm ki, “nə yaxşı
ki, siz mənim
həyatımda varsınız”...
- Siz eyni zamanda
Yazarlar Birliyinin də üzvüsünüz...
- Bəzi insanlardan, həmkar dostlarımdan fərqli olaraq mən hələ də düşünürəm
ki, ədəbiyyat hündür dağlar arxasındadır. Ona çatmaq
üçün xeyli
məsafə qət etmək lazımdır.
Gələk Azərbaycan Yazıçılar
Birliyinə üzvlük
məsələsinə, düzdür
bu birlik istedadı olmayana istedad paylaya, ya da bir
sehir edib kiməsə istedad bəxş edə bilməz. Amma ən azından
o mühitin bir insanı olmaq sənə yol aça bilər.
Mən də bu birliyin
yeni üzvlərindən
biriyəm, yaradıcılığıma
başlamaq anlarım
o birliklə bağlı
olmasa da kim zəmanət
verə bilər ki, davamı ora ilə bağlı
olmayacaq? Həyatdır,
hər şey ola bilər...
Qırmızı üzvlük vəsiqəm
də var, o da bilirsiz nəyə
bənzəyir? Sanki uşağa
yenicə allı-güllü
bir don alıblar, ondan vaz geçə
bilmir, hər gün geyinir, mən də eləcə o vəsiqəni
daima çantamda gəzdirirəm. Bu da sualınıza bir az zarafat,
bir az da
həqiqət dolu bir cavab idi.
- Və gələk doğum gününüzə.
Gedən yaşların
verdikləri və gələn yaşdan gözlədikləriniz...
- Otuz yaşa çatdım, amma bir dəfə də olsun xatırlamıram
ki, təmtəraqlı,
gurultulu bir doğum günü qeyd edim. Düzdür, uşaq olanda, orta məktəb illərində və beləcə sıralama olub ki, qeyd
etmişəm. Amma ürəyim
istəyən kimi olmayıb.
Nədəndir bilmirəm bu 30 yaşı fərqli bir coşqu ilə qarşılayıram. Bilmirəm məni
sevindirən nədir?
Bu suala bir
neçə gündür
ki, cavab axtarmağa çalışıram.
Gedən yaşlar təbii ki, həyatımdan nələri, kimləri isə alıb çox uzaqlara, göylərə aparıb,
amma bunun da əvəzində dərdimin azalması üçün sevgi qaynağım olan oğlumu verib. Həyatımdan razıyam.
Gələn illərdən də nə deyim bilmirəm. Bəlkə onlar
da nələri isə verib, nələri isə məndən alacaq. Amma qəti şəkildə əminəm ki, o gələn illər məndən “MƏN”i, dəyişməyən kimliyimi,
varlığımı ala bilməyəcək.
Məndən Könül
Səidi ala bilməyəcək...
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-23 may.-S.12.