Avropa teatrı klassikaya
deyil, müasir ədəbiyyata
üstünlük verir
Məşhur polyak rejissor Tomaş Leşçinski:
“XXI əsrə ad verə bilmirik,
onu nəvələrimiz və nəticələrimiz
söyləyəcək”
Ötən həftə “YUĞ” Dövlət Teatrında Polşanın məşhur rejissoru Tomaş Leşçinskinin “Sərhəddə ev” tamaşası seyrçilərə təqdim olundu. Tamaşanın fərqli üslubda hazırlanması bir çox mətbuat nümayəndələrinin marağına səbəb oldu. Rejissorun vətənimizə səfəri Polşa Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “YUĞ” Dövlət Teatrı, AR Productionın qarşılıqlı razılaşma yolu ilə həyata keçirilib. Vətənimizə təşrif buyuran rejissorun teatr fəaliyyəti də məhsuldar və çoxşaxəlidir. O, Polşanın, Rusiyanın, Gürcüstanın və Belarusun müxtəlif teatrlarında tamaşalara quruluş verib.
Tomaş
Leşçinski Polşada Varmin-Mazur Uiversitetində aktyor
fakültəsində və Sankt-Peterburqda Teatr Sənəti
Akademiyasında Veniam Filştinskinin kursunda təhsil alıb. Təhsilini
başa vurduqdan sonra bir müddət Moskvada və Nyu-Yorkda
yaşayıb, aktyor kimi fəaliyyət göstərib.
Varşavada bir neçə il Polşa Dövlət Radiosunun
rus bölməsində efir redaktoru, Polşa, Almaniya və
Rusiyada çəkilən filmlərdə ikinci rejissor kimi
işləyib. Bir sıra kino və televiziya layihələrində
aktyor və rejissor kimi iştirak edib. Rus dilindən polyak dilinə
və əksinə, bir sıra tərcümə əsərlərinin
müəllifidir. Məşhur rejissor öz təəssüratlarını
bizimlə bölüşdü.
Çalışqan insanam
- Siz həm prodüser, tərcüməçi,
rejissor və həm də televiziya işçisi kimi fəaliyyət
göstərirsiniz. Bütün işləri birlikdə
görmək sizə maneçilik yaratmır ki?
-
Xeyr. Bunlar hamısı bir-birinə yaxın sahələrdir.
Aktyor, rejissor, prodüserlik sənəti insanın iradəsindən
və fantaziyasından asılıdır. Çox az hallarda bu
sahələr bir-birinə mane olur. Hazırda mən Moskvada
çalışıram. Moskva televiziyası üçün
çəkilişlərə hazırlaşıram. Gərgin
işlədiyim üçün işin çətinliyi mənə
elə də təsir etmir və heç bir maneçilik
törətmir. Mənim kimi yaradıcı insanlar gərək
özünü başqa sahələrdə inkişaf etdirsin,
yəni təkcə rejissorluqla kifayətlənməsin.
Rejissor odur ki, hər şeydən başı
çıxsın və dünya ölkələrinin
dramaturgiyasını yaxşı bilsin, daima öz ideyaları
üzərində işləsin. Qeyd etdiyim bu özəlliklərə
yaxşı bələd olduğum üçün bunları
söyləyirəm. Bu biliklər mənim inkişaf etməyimə
çox kömək etdi. Bu gün isə daha çox
üstünlüyü rejissorluq sənətinə vermişəm.
Tərcümə ilə çox məşğul oluram. Tərcümə
edərkən özümü unuduram, sanki istirahət edirəm.
Onu da qeyd edim ki, buradan qayıtdıqdan sonra Rusiya
televiziyası üçün serial tərcümə edəcəyəm.
Vaxt az, problem isə çoxdur.
- Polşada anadan olmusunuz. Nə
üçün başqa ölkələrdə tamaşa
hazırlayırsınız, sizin ölkənizdə teatr
inkişaf etməyibmi?
- Səfərdə
olduğum bütün ölkələrin müxbirləri mənə
bu sualı verir. Siz də bu ənənəyə sadiq
qaldınız (gülür). Orta məktəbi Polşada
bitirmişəm, işləmək üçün başqa
ölkəyə getdim. Polşada qalsaydım,
addım-addım irəliləyəcəkdim.
Düşünürəm ki, başqa ölkələrin
teatrlarında çalışmaqla daha çox inkişafa
nail oldum. Özüm uşaqlıqdan başqa ölkələri
gəzməyi, bu ölkələrin tarixi, mədəniyyəti
ilə tanış olmağı çox sevirdim. Mənim
üçün teatr işçisi kimi başqa ölkələrdə
tamaşalar hazırlayıb, yaradıcılıqla məşğul
olmaq daha maraqlıdır. Bu o demək deyil ki, Polşa elm sahəsində
inkişaf etməmiş bir ölkədir. Əsla. Hər
şey mənim xarakterimdən asılıdır. Təbiətcə
çılğın insanam, bir yerdə çox otura bilmirəm.
- Azərbaycana necə dəvət
aldınız?
- Azərbaycana
gəlməyi çoxdan düşünürdüm. Polşa
Respublikasının Azərbaycandakı səfirliyi vasitəsi
ilə Bakıya dəvət almışam. İki ildir ki,
Polşa-Azərbaycan mədəniyyətləri arasında
qarşılıqlı əlaqə üzrə müzakirələr
gedir. Bu iki il müddətində Azərbaycanda çox teatrla
əlaqə saxlaya bilərdik, ancaq biz “Yuğ” teatrının
üzərində dayandıq. Bu, Polşa-Azərbaycan layihəmizin
ilk işidir. Ola bilsin ki, gələcəkdə davamı
olsun.
Tamaşalarınıza
baxmamışam
- İşlədiyiniz “YUĞ”
teatrının aktyor truppasından razısınızmı?
-
Burada insanları tanımağa və onların
yaradıcılığı ilə maraqlanmağa elə də
vaxtım olmadı. İşçi heyətinin əksəriyyəti
ilə tanış ola bilməmişəm. Ancaq “Yuğ”
teatrının ab-havasını, heyətini bəyənirəm.
Bir aydır ki, buradayam. Az müddətdə görülən
işlərin şahidi oldum və çox bəyəndim. Bu
tamaşa da aktyorlarla mənim birgə fəaliyyətimin nəticəsidir.
Teatrdan və eləcə də aktyorların mənə
qarşı olan münasibətindən olduqca razıyam.
- Bizim tamaşaları necə qiymətləndirirsiniz?
- Azərbaycanda
heç bir tamaşaya baxa bilməmişəm. Ancaq bu teatr barədə
konkret nəsə deyə bilərəm. İzlədiyim
tamaşaları çox bəyənirəm.
- Buraya gəlməmişdən
öncə Azərbaycan haqqında hansı təsəvvürlərə
malik idiniz?
-
Leninqradda oxuyanda Rafiq adında bir tələbə
yoldaşım var idi, o mənə Azərbaycan mədəniyyəti,
tarixi haqqında çox danışmışdı. Həmin
gündən məndə ölkənizin mədəniyyətinə,
tarixinə böyük maraq yaranmışdı. Ondan sonra Azərbaycan
tarixi və mədəniyyəti haqqında məlumat
toplamağa başladım. Bura gəlməmişdən
öncə Gürcüstanda oldum və orada da Azərbaycan
haqqında çox şey öyrəndim. Bir sözlə, qeyd
edim ki, ölkəniz çox gözəldir.
XXI əsrə ad verə bilmirik
- Hazırda Avropada hansı
tamaşalara üstünlük verilir?
- Avropada 30-dan artıq dövlət var. Onların
hərəsinin öz
yaradıcılığı və tamaşa hazırlanması prinsipi
var. Hər bir ölkə öz siyasəti, mədəniyyəti
sayəsində, yəni
özünə uyğun
şəkildə formalaşıb.
Mən yalnız öz ölkəmin yaradıcılığına
və hazırladığı
tamaşaların estetikasına
bələdəm, digər
ölkələrdə mənə
verilən tamaşaları
öz ideyalarıma görə hazırlamışam.
Polşanın teatrlarında klassik,
müasir janrlar hökm sürür.
Azərbaycan teatrından fərqli
olaraq, bizdə müasir dramaturqlara müraciət olunur və süjetsiz, kiçik hekayələrə
üstünlük verilir.
Bizdə
dramaturqların əksəriyyəti
gəncdir. Misal üçün,
gənclər bir əsər yazır və 6 ay sonra onların əsərləri
səhnəyə qoyulur.
Bu da onlarda
yeni əsər yazıb-yaratmağa həvəs
oyadır. Avropanın bir
çox ölkələrində
sizdə olduğu kimi, klassik, digər ölkələrində
isə müasir əsərlərə müraciət
edilir. Avropa rejissorları, teatr
rəhbərləri müasir
tamaşalara, müasir
ədəbiyyata daha çox üstünlük
verir. Hazırda dünyada hekayələr,
adi bir mövzu
üzərində tamaşa
hazırlanılır. Belə tendensiyalar Avropada daha çoxdur. Teatr həyatı çox fərqlidir. Klassik, müasir,
musiqili əsərlərə
müraciət olunur.
Ümumi
bir tendensiya yoxdur, XX əsrin əvvəlini modernizm dövrü kimi qiymətləndiririk. İndi XXI əsrdir,
bu əsrə tam ad verə bilmirik, onu nəvələrimiz və nəticələrimiz
söyləyəcək.
- “Sərhəddə
ev” tamaşasında fikirləriniz özünü
doğrultdumu?
- Bu tamaşa ilə bağlı təklif gəldikdə, əvvəlcə
ideyalarım yarandı,
sonra onlar formalaşmağa başladı.
Tamaşanı ərsəyə gətirərkən isə
bizə bəzi xırda şeylər mane oldu, ancaq onları
həll edib tamaşanı hazırlaya
bildik. Düşünürəm ki, yaxşı
alındı, yəni
istədiyim nəticəni
də gördüm.
Başqa
teatrlardan da mənə təkliflər
gəlir. Yeni ideyalarım
var, ümumiyyətlə,
eyni üslubda qurulmuş tamaşanı xoşlamıram. “Sərhəddə ev” tamaşası cəbhələrə,
sərhədlərə bölünmüş,
müharibələrə, qətllərə,
terrorlara meydan olmuş dünyanın çağdaş mənzərəsinin
obrazlı şəkildə
təqdim olunması ilə əlamətdardır.
Tamaşada qloballaşma dövründə
dünyada baş verən sosial, ictimai hadisələri seyrçilərə çatdırmağa
çalışmışam.
Xəyalə Rəis
Kaspi.-2013.-23 may.-S.13.