O, həm də ədəbiyyatşünas
alim idi
20-ci
yüzilliyin əvvəllərində yaşayıb-yaradan
ziyalılarımızın böyük əksəriyyəti
xalqı maarifləndirmək, milli azadlığına
qovuşdurmaq kimi müqəddəs ideologiyanı həyata
keçirmək üçün çox çətinliklərə
sinə gərməklə istəklərinə nail olaraq,
ölkədə azad, demokratik dövlətin əsasını
qoydular. Ona görə də illər, əsrlər
keçsə də onların bu böyük xidmətləri,
mübarizələri Azərbaycan xalqı tərəfindən
unudulmur. Əksinə böyük ehtiramla, xoş duyğularla
yad edilir. Xalqın bu ziyalı oğulları öz sözlərini,
fikirlərini, arzu və istəklərini məhz milli demokratik
sözün vasitəsilə xalqa çatdırdılar.
Heç də təsadüfü deyil ki, bu ziyalıların
istər siyasi, istərsə də ədəbi fəaliyyəti
bu günümüz üçün də aktualdır, əhəmiyyətlidir.
Belə
əhəmiyyətli, aktual, siyasi və ədəbi irsə
malik olan ziyalılarımızdan biri də Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərindən olan, siyasi-ictimai xadim,
dövrünün tanınmış jurnalisti, publisisti,
yazıçısı və ədəbiyyatşünas alimi
Məhəmməd Əmin Rəsulzadədir. Onun ədəbi-bədii
irsi zənginliyi, əhatəliliyi və çoxcəhətliliyi
ilə diqqəti hər zaman özünə cəlb edib.
Bildiyimiz
kimi, Azərbaycanın ictimai-siyasi ədəbi-mədəni
mühitin də görkəmli rol oynayan, özünəməxsus
yaradıcılıq irsi qoyan M.Ə.Rəsulzadənin həyat
və yaradıcılıq yolunun öyrənilməsinə və
təbliğ edilməsinə uzun illər ciddi yasaqlar
qoyulmuşdur. Ona görə bu qüdrətli fikir
dühasının yaradıcılıq dünyası Azərbaycan
ədəbi ictimaiyyəti üçün qaranlıq
qalmışdır. Lakin, 1990-cı illərin əvvəlləri
yenidən xalqımız müstəqilliyini bərpa etdikdən
sonra bu irsə qayıdış özünü büruzə
verdi. Azərbaycan xalqı onu yalnız bir
siyasi-ictimai xadim kimi deyil, həm də istedadlı bir
yazıçı, ədəbiyyatşünas alim kimi
tanıdı. Janrından asılı olmayaraq qələmə
aldığı hər bir yazısında müəllifin
mükəmməl biliyi, fitri istedadı,
dünyagörüşü, həyata baxış tərzi
bir qələm əhli kimi onu oxucusuna sevdirib. Bu idi onun
yaradıcılığının əsas qayəsi. Ona
görə də bu irs ölməz və həmişəyaşardır.
İlk
qələm təcrübəsi də göstərir ki, o bədii
yaradıcılığa da öz ideya
baxışlarını yaymaq, təbliğ etmək
üçün gəlmişdir. “Ədibin
bədii irsi ilə tanış olarkən bəlli olur ki, o, bədii
yaradıcılıqla ardıcıl, sistemli məşğul
olmamışdır. Bununla belə, ictimai ruhuna və siqlətinə
görə onun bədii əsərləri zəngin və
mürəkkəb yaradıcılığının
mühüm bir qolunu təşkil etməkdədir”.
Sözsüz ki, siyasi-publisistik və elmi-nəzəri fəaliyyəti
ilə müqayisədə M.Ə.Rəsulzadənin bədii
yaradıcılığı ədəbiyyat tarixində
davamlı mövqeyə və ədəbi məktəb qoyacaq
səviyyəyə malik deyildir. Lakin o, XX əsrin
əvvəllərində özünün bədii
yaradıcılığı ilə “Azərbaycan ədəbiyyatında
milli azadlıq mövzusunun əsasını qoymuş,
qarşı tərəfdən isə ədəbiyyatın bu
özül üzərində ucalmasına təsir göstərmişdir”
.
Doğrudur rəsulzadəşünaslar M.Ə.Rəsulzadəni əsasən siyasi xadim kimi tədqiq edərək təqdim edirlər. Lakin onun ədəbi-bədii yaradıcılığı da yetərincə maraqlı və orijinaldır. Az da olsa bəzi tədqiqatçılar onun Azərbaycan ədəbiyyatındakı, yeri, rolu, mövqeyi haqqında da bir-birindən maraqlı rəylər, fikirlər söyləməklə yanaşı onun yazıcılıq, ədəbi-tənqidçilik fəaliyyətini yüksək qiymətləndirirlər.
“Ədəbiyyatı
millətin ruhunu əks etdirən gözəl ayna”
adlandıran M.Ə.Rəsulzadə “İqbal” qəzetinin 10
oktyabr 1913-cü il tarixli sayında “Tənqidə ehtiyac var” sərlövhəli
məqaləsində ədəbiyyatın xalq arasında
geniş yayılmasını, onun kütləyə təsiri
və nüfuzunu, doğru yol göstərəni olduğunu
söyləyirdi: “Ədəbiyyat bir millətin rüşd
(doğru yola getmək) və buluğunu (yetkinlik) göstərir
və həyati-ictimaiyyəsini təsvir qılar bir ayinə
olduğu kimi, eyni zamanda o millətin tərəqqisinə də
xidmət eləməklə müvəzzəfdir”.
“Ədəbiyyat
rəhbərdir” söyləyən M.Ə.Rəsulzadənin ədəbi,
elmi, siyasi fəaliyyəti ilə tanış olarkən bəlli
oldu ki, o ədəbiyyatla mütəmadi məşğul
olmasa da bu sahəyə də meyl edərək hər an onu
diqqət mərkəzində saxlayıb. Ədib
ədəbiyyatın inkişafı üçün sağlam
tənqidə üstünlük verərək
yazırdı: “Ədəbiyyat rəhbərdir. Rəhbərin
nöqsanı rəhroviarın (həqiqət yolunu tutan)
xüsraninə (nöqsan, günah) mövcud olur. Buna görə də mütəmaddin millətlərdə
ədəbiyyat həyatın bütün vəqəələrini
tənqid etdiyi kimi özünü də tənqid edər.
Çünki özü də həyatın bir vəqəsidir.
İnsanlara tənqidi-nəfs öyrədən ədəbiyyat
özünü tənqid etməsə idi alimi-biəməl
məqamında qalar idi”.
Çoxşaxəli
və çoxsahəli yaradıcılığa malik olan
M.Ə.Rəsulzadə qələmini ədəbi-tənqidi və
ədəbiyyatşünaslığın da bir çox
janrlarında sınamışdır. Onun qələmində
ədəbi-tənqid və ədəbiyyatşünaslıq
bədii yaradıcılığında olduğu kimi Azərbaycan
istiqlaliyyəti probleminə yönəldilmişdir.
Bütün bunlarla yanaşı ədibin digər əsərləri
də var ki, onlar bu gündə ədəbiyyatşünaslarımız
tərəfindən yüksək qiymətləndirilir. Məsələn, “Azərbaycan şairi Nizami”, “Azərbaycan
kültür gələnəkləri”, “Çağdaş Azərbaycan
ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və
s. əsərləri Azərbaycan ədəbiyyatının, ədəbi
mühitinin ümumi mənzərəsini çox gözəl,
obyektiv və ətraflı canlandırmaqla yanaşı
klassiklərin ədəbi mövqeyini müəyyənləşdirir.
Müəllif bu əsərlərində Azərbaycan ədəbiyyatının
klassiklərindən olan dahi N.Gəncəvi, M.F.Axundzadə, M.Cəlil,
M.Ə.Sabir və başqalarının
yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı
rolu haqqında geniş məlumat verib. C.Məmmədquluzadə
yaradıcılığına yüksək qiymət verən
ədib onun “Ölülər” pyesini “Azərbaycan satirik ədəbiyyatının
şah əsəri” adlandırırdı.
1903-cü
ildən Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsinə
qədərki dövrdə daha çox ədəbi-tənqidi,
siyasi-publisistik məzmunlu məqalələrə
üstünlük verən ədib xalqın mədəni
inkişafında, milli istiqlalın təbliğində ədəbiyyatın
misilsiz rol oynadığını dönə-dönə bildirirdi.
Ona görə də prof. Ş.Hüseynov bu zəngin irs
haqqında belə deyir: “Milli istiqlal hərəkatımızın
lideri, türk və islam dünyasında ilk həqiqi demokratik
cümhuriyyətin yaradılması işinə və fəaliyyətinə
başçlıq etmiş, görkəmli dövlət və
siyasət xadimi, istedadlı qələm əhli olan M.Ə.Rəsulzadənin
həm siyasi, həm də bədii irsi bu gün müstəqil
dövlətimizi, gənc cümhuriyyətimizi qoruyub saxlamaq
üçün çox aktual və əhəmiyyətlidir.
Bax elə buna görə ədibin irsi bütövlüklə
tədqiqata cəlb edilərək gənclərə tədqiq,
təbliğ edilməlidir”.
Azərbaycan
istiqlal tarixində müstəsna xidmətləri olan,
xalqımızın böyük oğlu M.Ə.Rəsulzadə
irsinin yeni təfəkkür işığında, ciddi,
obyektiv və sistemli şəkildə
araşdırılması bu günün elmi-nəzəri
fikri qarşısında duran ən mühüm vəzifələrdən
biridir. Müstəqilliyimizin yenidən bərpa edilməsi
nəticəsində ədibin hər tərəfli fəaliyyəti
o cümlədən yaradıcılıq fəaliyyəti də
obyektiv olaraq tədqiqata cəlb edilmişdir. Müəllifin
bu mövzuda tərcümə etdiyi digər bir sevimli əsəri
də fransız yazıçısı Alfons Dodenin “Sonuncu dərs”
hekayəsidir. Almaniyanın Parisi istilası əleyhinə
yazılmış olan hekayədə Fransa xalqının
istiqlaliyyəti uğrunda mübarizəsi, qələbəyə
inamı öz bədii əksini tapmışdır. Lermontovun
“İsmayıl bəy” poemasında olduğu kimi burada azadlıq
ruhunun gücü böyük mütəfəkkirin diqqətini
özünə çəkdiyindən o, əsəri ana dilində
səsləndirməyi məqsədəuyğun hesab
etmişdir.
Mətbuatdan bizə bəllidir ki, M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində bir necə il İranın müxtəlif şəhərlərində yaşamış, oranın siyasi-ictimai hadisələri, ədəbi mühiti ilə yaxından tanış olmuşdur. Hələ 1909 –cu ildə “Tərəqqi” qəzetinin Bakı müxbiri kimi bir müddət İranın əksər şəhərlərində olaraq ətrafda baş verən hadisələrə jurnalist, publisist gözüilə baxmış, hadisələrə bir siyasətçi kimi yanaşmış və bir-birindən maraqlı məqalələr yazaraq qəzetə göndərmişdir. 1911-ci ildə isə M.Ə. Rəsulzadə İranda “İrani-növ” qəzetinin çapına nail olur. Bu zaman İranda baş verən hər bir hadisə haqqında yetərincə məlumat əldə edən ədib şah dövründə xalqın, sadə, zəhmətkeş insanların necə ağır şərəaitdə yaşamasının şahidi olub.
Ümumiyyətlə,
M.Ə.Rəsulzadə yaradıcılığına diqqət
yetirəndə şahidi oluruq ki, onun bir çox publisistik
yazıları da kəskin süjetinə, formasına, yazı
tərzinə görə bədii əsəri
xatırladır və bunların müəyyən qismi
qeyd-şərtsiz nəsr nümunəsi kimi qəbul edilir. Heç
də təsadüfü deyil ki, bu xüsusiyyətləri əsas
tutan bəzi tədqiqatçıların yazılarında
“M.Ə.Rəsulzadə Azərbaycan mühacirət nəsrinin
aparıcı şəxsiyyəti kimi təqdim olunur”. Bu da
ondan irəli gəlir ki, müəllif əsərlərinin
janrlarını müəyyənləşdirməyə o qədər
də meyl göstərməmişdir. Ona görə də
müəllifin bir çox əsərləri yanlış
olaraq publisistik əsər kimi təqdim edilməyə
başlamış və yaxud da bu istiqamətdə sistemli
qeydlər aparmışdır.
Bir faktı da qeyd edək ki, bir necə əcnəbi dilə mükəmməl sahib olan M.Ə. Rəsulzadə həm də tərcümə yaradıcılığı ilə də məşğul olmuşdur. Rus, polyak, fransız, türk, alman, fars dillərini bilən ədibin tərcümə yaradıcılığı da geniş və rəhgarəngdir. Avropada mühacirət dövründə müəllif bu dillərin köməyi ilə dövrü mətbuatda müntəzəm çıxışlar etmiş və klassiklərdən tərcümələr edərək yaradıcılığını daha da zənginləşdirmişdir.
Ümumiyyətlə,
M.Ə.Rəsulzadənin tərcümə
yaradıcılığında bədii ədəbiyyat əsas
və aparıcı rol oynayır. Belə ki, bu istiqamətdəki
fəaliyyəti L.Tolstoy, M.Lermontov, A.Krılov, Ə.Oirdovsi,
A.Dode, A.Blüm, C.Əfqani kimi ədiblərin fəaliyyəti
ilə bağlıdır.
Səciyyəvi
haldır ki, ədəbi yaradıcılığının
digər sahələrində olduğu kimi burada da məqsədyönlü
hərəkət edən müəllif tərcüməyə
tərcümə xatirinə yanaşmamışdır. O,
heç də təsadüfi əsərləri dilimizə
çevirməmişdir. Əksinə elə müəlliflərin
yaradıcılıqlarına müraciət etmişdir ki,
onların əsərləri azadlıq ruhu, İstiqlal məfkurəsi
ilə zəngindir. Bu Azərbaycanda və
bütün Qafqazda yüksələn istiqlal hərəkatına
kömək və istiqlalçılıq məfkurəsini təbliğ
etmək məqsədi güdürdü. Əsərdəki
azadlıq ruhunun, istiqlal mübarizəsinin gücü
böyük mütəfəkkirin diqqətini özünə
çəkdiyindən o, əsəri sevə-sevə tərcümə
etmiş və onun istiqlal mübarizəsində böyük
rol oynayacağını qeyd etmişdir.
Ədib
“Azərbaycan şairi Nizami” monoqrafiyasını yazarkən də
əvvəlcə əsərə daxil etdiyi farsca poetik
parçaların türkcə sətri tərcüməsini
vermiş, lakin tədqiqat üzərində işini davam etdirərkən
sətri tərcümələri poetik tərcüməyə
çevrə bilmişdir. M.Ə.Rəsulzadənin bu
diqqətəlayiq tərcümələri “Azərbaycan
şairi Nizami” monoqrafiyasının sonunda “Nizamidən
çevirmələr” bölməsində verilmişdir.
Bildiyimiz
kimi, M.Ə.Rəsulzadə 20-ci yüzilliyin ilk on illiyində ədəbi
aləmə gəlmiş və ilk
çıxışlarını dövrü mətbuatda
etmişdir. Daha çox “Hümmət”, “Təkamül”,
“Tərəqqi”, “Həqiqət”, “Yoldaş”, “İrşad”,
“İqbal”, “Tazə həyat”, “Səda”, “Milli birlik”, “Dirilik”,
“Açıq söz”, “İstiqlal”, “Qurtuluş”, “Azərbaycan”
və s. qəzet və jurnallarda müxtəlif janrda yüzlərlə
yazıları çap olunmuşdur. Lakin bununla
yanaşı elə həmin dövrü mətbuatda ədəbi-bədii
janrda yazdığı yazılarını da ilk olaraq bu mətbuat
orqanlarında dərc etdirərək oxucularının
ixtiyarına vermişdir. Deməli dövrü mətbuat onun
yalnız jurnalist, publisist kimi deyil həm də, bir
yazıçı, ədəbiyyatşünas alim kimi
yetişməsində, tanınmasında çox mühüm
rol oynamışdır.
Ona
görə də tədqiqatçılar qeyd edirlər ki,
“M.Ə.Rəsulzadənin yaradıclığının ən
zəngin qolunu nəzəri-estetik, ədəbi-tənqidi və
ədəbiyyatşünaslıqla bağlı olan
araşdırmaları təşkil edir. Böyük
mürəfəkkirin yaradıcılığının digər
sahələri kimi bu qolu da indiyə kimi hər hansı şəkildə
tədqiqat obyektinə çevrilmədiyi üçün
öyrənilməmiş qalmışdır. Bu isə milli ədəbi-estetik
fikirdə müəyyən təbii boşluğun
yaranmasına, bu və ya digər məsələlərlə
bağlı birtərəfli hökm və qənaətlərin
meydana gəlməsinə imkan vermişdir”.
Qələmini ədəbiyyatşünaslığın bir çox janrlarında sınamış müəllif hər bir janrda Azərbaycan istiqlaliyyəti probleminə toxunmuşdur. İstər doğma vətənində, istərsə də mühacirətdə Azərbaycanı tanıtmaq, təbliğ etmək, onun çoxəsrlik mədəniyyətini üzə çıxarmaq, araşdırmaq, bir sözlə mənsub olduğu məmləkətin varlığını, mövcudluğunu təsdiq etmək fikrilə qələm çalmışdır. Elə buna görə də “M.Ə. Rəsulzadənin ictimai-siyasi mövzulu elə ciddi bir əsəri yoxdur ki, bu və ya digər dərəcədə ədəbiyyatşünaslıqla bağlanmasın, eyni zamanda, buna qarşılıq elə bir ədəbiyyatşünaslıq əsəri də yoxdur ki, orada Azərbaycan istiqlalı problemi qoyulmasın”.
Ədəbi
aləmdə sağlam tənqidə hər an yaxşı
münasibətlə yanaşan müəllif hələ
1906-cı ildə yazırdı ki: “tənqidsiz heç bir sənət,
heç bir millət tərəqqi etməmişdir” deyərək
sağlam tənqidə üstünlük verirdi. Bu fikir
müəllifin yaradıcılığında sadəcə
tezis olaraq qalmamışdır. O, istər bədii, istərsə
də siyasi fəaliyyətini bu zəmində kökləmiş
və sona kimi də buna sadiq qalmışdır.
M.Ə.Rəsulzadə
tədqiqat əsərlərində Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin tənqidi və təbliği məsələsinə
istiqlal uğrunda mübarizə qədər böyük əhəmiyyət
verirdi. Öz doğma vətənindən
mühacir etməyə məcbur qalan ədib sonralar da ədəbi
proseslə daim bağlı olmuş, Türk Ensiklopediyası,
Türk Dil Qurumu ilə yaxından əlaqə
saxlamışdır. Ona görə də ədib
ədəbi-estetik və nəzəri-mədəni
görüşlərini başlıca olaraq
“Çağdaş Azərbaycan ədəbiyyatı”,
“Əsrimizin Səyavuşu”, “Azərbaycan kültür gələnəkləri”,
“Azərbaycan şairi Nizami” kimi nisbətən irihəcimli
monoqrafik tədqiqatlarda əks etdirmişdir. Müəllifin
türk, alman, fransız, ingilis, polyak, rumun, rus, fars və
başqa dillərdə çap olunmuş tarixi-siyasi
mövzulu 30-dan çox kitabını və yüzlərlə
məqalələrini ədəbiyyatşünaslıqla
bağlayan xətlər güclüdür.
M.Ə.Rəsulzadənin
ədəbi-nəzəri məqalələrinə gəldikdə
isə bunlar da mövzusuna görə müxtəlif və rəngarəngdir.
Belə ki, məqalələrin bir qismində
ümumi kültüroloji, ədəbiyyat və siyasət məsələlərindən
bəhs edilir; ikinci bir qismi klassik və çağdaş Azərbaycan
ədəbiyyatının ayrı-ayrı nümunələrinə,
yaxud ədəbiyyatımızın müxtəlif problemlərinə
həsr olunub. Həmin məqalələrin
üçüncü qismində folklor, dördüncü
qismində Güney Azərbaycan ədəbiyyatı və
mühacirət ədəbiyyatı tədqiq edilmişdir.
Ədibin məqalələrinin mühüm bir hissəsini
sovet dövrü Azərbaycan ədəbiyyatında milli
kökdən uzaqlaşma meyllərinin, ruslaşdırma siyasətinin
tənqidi təşkil edir. Bütün bu
sadaladığımız faktlar bir daha sübut edir ki,
M.Ə.Rəsulzadə ədəbi mühitdə də
sağlam tənqidi hər an əsas
götürmüşdür.
Bunun üçün müəllifin ədəbi aləmə gəlişinin ilk illərinə diqqət yetirmək yerinə düşərdi. Belə ki, ədib hələ ilk mətbu yazılarında milli mədəniyyətin formalaşması prosesini xalqın maariflənməsi və məktəblərin milliləşdirilməsi məsələlərindən ayrı tutmurdu. O, çarizmin bu sahədə müsəlmanlara qarşı tutduğu ədalətsiz mövqeyi tənqid edirdi. “Məktəb və mədrəsə” adlı silsilə məqalələrində bu problemi daha qabarıq şəkildə qoyur və həlli yollarını göstərirdi. Elə ona görə də müəllif Qafqaz Maarif müdiri Rodolev cənablarına məhz antimilli mövqeyinə görə rişxəndlə yanaşır və tənqid edirdi.
Müəllifin
bu məqaləsi ilə tanış olarkən şahidi oluruq
ki, müəllif fikirlərini sadə və acıq şəkildə
oxucularına çatdıraraq onları milli məsələdə
daha diqqətli olmağa səsləyir. Ədib
həmin məqalədə iddia edirdi ki, başlıca olaraq
türk-tatar qövümünə mənsub olan Rusiya
müsəlmanlarının milli mədəniyyətini
formalaşdırmaq, ümumiyyətlə, bu sahədə nəyə
isə nail olmaqdan ötrü aralarındakı birliyin zərurətini
dərk etməlidirlər. O, türk xalqlarının vahid mədəniyyətə
malik olduğunu iddia edir, aralarındakı ümumi,
aparıcı məqamların qabardılmasına, inkişaf
etdirilməsinə tərəfdar çıxırdı.
Müəllif
istər vətəndə yazıb-yaradarkən, istərsə
də mühacirətdə olarkən bu fikirlərinə sadiq
qalmış və mətbuat, ədəbiyyat vasitəsilə
hər an bunları təbliğ etmiş, qələm, məslək
yoldaşlarını da buna səsləmişdir.
Beləliklə,
bir daha qeyd etmək yerinə düşərdi ki, M.Ə.Rəsulzadə
ədəbi-bədii yaradıcılığında da siyasi fəaliyyətində
olduğu kimi əsas amil kimi xalqının
inkişafını, istiqlalını,
azadlığını əsas götürmüşdür və
bu məqsədlə də ömrünün sonuna kimi
yazıb-yaratmışdır. İlk qələm
təcrübəsi olan hekayə və pyeslərində
milli-azadlıq ruhunu, zülmə, köləliyə, məzlumluğa
etiraz duyğularını, fikirlərini bu əsərlərində
də görürük.
Azərbaycanda,
İranda, Türkiyədə başlanan ictimai-siyasi hərəkatlar
da yaxından iştirakı M.Ə.Rəsulzadənin
dünyagörüşündə sürətli dəyişikliklərə
səbəb olur. Maarifçi mövqedə dayanan,
xalqı düçar olduğu bəlalardan elmə, təhsilə
yiyələnməklə qurtarmağın
mümkünlüyünə inanan ədib sonralar bunu siyasi
mübarizə yolu ilə davam etdirməyi təbliğ edirdi.
Elə ona görə də illər sonra M.Ə.Rəsulzadə xalqın siyasi şüurunun oyanmasında və yüksəldilməsində mətbuatın, xüsusən də ədəbiyyatın əhəmiyyətini yüksək qiymətləndirirdi. O, “Azərbaycan Cümhuriyyəti” əsərində milli mətbuatın, ədəbiyyatın təsiri ilə əsrin əvvəllərində cəmiyyətin hər sahədə inkişafından və bu inkişafa bədii sözün təsirindən bəhs edərək bildirirdi ki: “milli və ictimai fikrin formalaşmasında onların çox böyük rolu var”.
“Ədəbiyyatın
xəlqiliyi məsələsi də ədəbiyyat və
siyasət probleminin mühüm tərəflərindən
biridir”. Bu məsələyə özünün
münasibətini bildirən M.Ə.Rəsulzadə ədəbiyyatın
xalq arasında geniş yayılmasını, onun kütlələrə
təsirini və nüfuzunu vacib amillərdən biri hesab
edirdi. Bu haqda isə müəllif “Azərbaycan kültür gələnəkləri”
əsərində geniş bəhs edir. O burada
böyük mütəfəkkir alim, dramaturq M.F.Axundov
yaradıcılığından, satirik jurnalistikamızın
şah əsəri sayılan “Molla Nəsrəddin”
jurnalından və onun əməkdaşlarından söhbət
açaraq fikirlərini bir daha təsdiq edir. Müəllif
bu əsərdə satirik şer məktəbinin
yaradıcısı olan M.Ə.Sabirin milli
oyanışımızdakı xidmətlərini yüksək
qiymətləndirir və romantik şair M.Hadinin
yaradıcılığına da münasibət bildirir.
Hər birimizə bəllidir ki, yazıçı və ədəbiyyatşünas alim kimi, M.Ə.Rəsulzadənin milli ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında rolu danılmazdır. “1905-1917-ci illər arasında Azərbaycan ədəbiyyatında milli oyanışın görünməmiş bir şəkil aldığını etiraf etməklə bərabər, M.Ə.Rəsulzadə bu yüksəlişin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə gətirdiyi yeni-yeni mövzular, janrlar, formalar üzərində dayanır”.
M.Ə.Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışını, ədəbiyyatın inkişafını və çiçəklənməsini hər şeydən əvvəl üç ölkədə Rusiyada, İranda və Türkiyədə olan siyasi-ictimai hadisələrlə bağlayır və bu hadisələrə təbliğat vasitəsilə ədəbiyyatın bir təkan verməsini qeyd edirdi. Elə Azərbaycanda da 20-ci yüzilliyin əvvəllərində yaranan iki ədəbi məktəbin; romantiklər və realistlər ədəbi məktəblərinin ədəbiyyatımızın, mətbuatımızın, mədəniyyətimizin inkişafında necə böyük rol oynaması bu gün də hər birimizə bəllidir. Hər iki ədəbi məktəbin nümayəndələri ədəbiyyatımızda həm forma, həm məzmun yeniliyi etməklə yeniliklərə səbəb oldular. Beləliklə, Azərbaycan ədəbiyyatında yüksək bir inkişaf baş verdi. Təbii bu inkişaf da romantik ədəbi məktəbinin nümayəndəsi olan M.Ə.Rəsulzadənin də çox böyük köməyi oldu.
Qərənfil
Dünyamin qızı
BDU-nun
dokturantı
Kaspi.-2013.-25-27 may.-S.22-23.