Rüstəmxanlı Sabirimiz

 (mənsur şeir)

 

20 may 1946-da kasıb-yoxsul bir daxmada SƏN göz açdın bu cahana. Sevincindən, şadlığından yerə-göyə sığmadılar Xudu kişi, Ağanaz ana. Keşiyində dayandılar, hər nazına oynadılar. Əzabına qatlandılar. Qımıldandın, üz-gözləri çiçəkləndi. Addımladın dağa döndü ürəkləri. “Ata” dedin, “ana” dedin, “əppək” dedin, bu sözlərdən ev-eşiyə nur çiləndi, RÜSTƏMXANLI SABİRİMİZ!

Orta məktəb illərini uğurlarla başa vurdun. Ali məktəb havasına yola düşdün SƏN Bakıya – universitetə. Bakı böyük, SƏN nabələd kənd uşağı. Avqust ayı. Qızmar günəş od ələyir göydən yerə. Təntimədin bu istidən, bu bürküdən. Dörddəcənə imtahanın kürəyini alnıaçıq vurdun yerə. 1963-68. Ömrünün bu beşcə ili qərq olubdu, bürünübdü tələbəlik işığına. İşıq aldın Mir Cəlaldan. İşıq aldın Vahabzadə Bəxtiyardan. İşıq aldın üz-gözündən təbəssümü əskilməyən bizim Abbas Zamanovdan, RÜSTƏMXANLI SABİRİMİZ!

Tələbəlik illərində cəsarətli-cürətliydin. Qətiyyətli-ötkəmliydin. Sözü üzə şax deyərdin. Mərd deyərdin. Sərt deyərdin. Bildiyini Allahına verməz idin. Sən haqq sözdən, düz fikirdən dönməz idin, RÜSTƏMXANLI SABİRİMİZ!

Tələbəlik illərindən çox qabaqlar sarılmısan SƏN qələmə. Güvənc yerin, inanc yerin, qazanc yerin qələm olub. Arxadaşın, can sirdaşın, ilk həmdəmin qələm olub. Həm sevincin, həm şadlığın, həm kədərin, həm də qəmin qələm olub, RÜSTƏMXANLI SABİRİMİZ!

Sarılmısan qələmə SƏN car çəkəsən aləmə SƏN ana dilin Dədə Qorqud alqışı və qarğışıdır, Nəsiminin haqq səsidir, Şah babamız Xətainin nəfəsidir, Füzulinin can yandıran naləsidir, iki yerə parçalanmış məmləkətin bölünməyən bayrağıdır, döyüşlərdə səflər pozan, sədlər yaran ərənlərin ən kəsərli yarağıdır, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri,

Qapılar dalında qoydular səni,

Haqq dedin dabandan soydular səni.

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

 

Sarılmısan qələmə SƏN vəzifəli nadanlara, qalstuklu meyitlərə toy tutasan, ağıldan kəm başçılara bir az ağıl paylayasan, kürsülərin kölgəsində xumarlanan tülkisifət xadimləri zarı-zarı ağladasan, açıq sözə, azad fikrə qənim-düşmən kişilərin qara-qura əllərini dağlayasan, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Dedim, sözüm, gözün aydın,

Millətimin güvəncisən.

Çox olacaq zirvə aşan,

Bu zirvədə birincisən.

Gözün aydın, “Azərbaycan”,

Döyüş himnim, alın yazım.

Hər gün mənə “dərs versinlər”,

Təki səsim alınmasın!

 

Sarılmısan qələmə SƏN millətin dar günündə xorhaxor yatanları, vəzifəyə-rütbəyə qızını satanları, boğazacan harama, çamura batanları, yurda biganələri, oda biganələri, elə biganələri, dilə biganələri qəzəb-nifrət kürəsində dağım-dağım dağlayasan, əl-qolunu qayım-qayım bağlayasan, cəhənnəmin lap dibinə tullayasan:

 

Vətən eşqi! Bir əsim yel, ötən duman,

Onumuzun ürəyində, minimizin dilindədir.

Mən azadlıq qapısını döyən zaman

Gördüm o da iblislərin əlindədir.

...Dünən xalqa öz eşqindən dəm vuranlar

Məlhəm deyil, köz basırlar

Məmləkətin yarasına.

 

Sarılmısan qələmə SƏN qaçqınların-köçkünlərin dərdlərinə yas tutasan. Nəsihətbaz bir gədanın “öz başını aşağı tik, işini gör” öyüdünə tüpürəsən. Bu qardaşı o qardaşdan ayrı salan ədavətə “yox” deyəsən. Başqasının halalını tumarlayan, mal-mülkünü qamarlayan əyri vicdan “kişiləri” rüsvayçılıq dirəyinə sarıyasan, tüpürəsən üzlərinə, mil çəkəsən gözlərinə:

 

Başqasının halalını tumarlamağın

Fərqi yox, başqasının malını qamarlamaqdan.

Əxlaqsızlıq eynidir –

İstər şəhvətdə olsun, istər sərvətdə.

Başqasının yatağını pulla alanların

Xəbəri yox özünkünün qapıları gəzdiyindən.

 

Sarılmısan qələmə SƏN bu millətin ruhundan qul-köləlik qanını damcı-damcı hey çəkib-çıxararsan. Yatmışları-batmışları, yurdu atıb getmişləri, yad ellərdə itmişləri ölüm-olum meydanında yalqız qalan Azərbaycan torpağına qayıdışa çağırasan:

 

Qayıt, ana südü içən,

Dünya bizə gülər, qayıt!

Ruhumuzu diriltməsək,

Azərbaycan ölər, qayıt!

 

Sarılmısan qələmə SƏN poeziyanın həm kəsərli, həm zəhərli oxlarını tuşlayasan iblislər və xəbislərə, dargözlər və şorgözlərə, kəsafət və rəzalətə, yaltaqlıq və yalaqlığa, satqınlıq və casusluğa, simasız və məsləksizə, nakişi və nadürüstə...

 

Durna uça-uça yatır deyirlər,

Var əl çala-çala yatanlarımız,

Kişilik adını hələ nə qədər

Namərdlik möhrüylə satanlarımız.

 

Sarılmısan qələmə SƏN mədh edəsən, vəsf edən bir ocaqda boy atıb min dildə bitənləri, Vətənində bir qərib, qürbətdə Vətənləri, okean qəzəbində təklənmiş qitələri, kədər dəyirmanında kədər üyüdənləri, haqsızlıq görə-görə haqqı böyüdənləri:

 

Meydan oxuyur şərə,

Gedir üzü göylərə.

Haqsızlıq görə-görə

Haqqı böyüdən adam.

 

Sarılmısan qələmə SƏN xalqla başçı birliyindən, xalqla başçı vəhdətindən, başçıya xas əməllərdən ulu baban Nizamitək müdrik-müdrik söz açasan, çağımızın “mənəm-mənəm” iddialı neçə-neçə başçısına ibrət dərsi, əxlaq dərsi öyrədəsən:

 

Rəhbər xalqla bir olanda ölməz olur.

Antey kimi yıxmaq olmaz onu heç vaxt

Əgər qəlbi el qəlbiylə bir döyünsə,

Elin dərdi eldən qabaq rəhbər üçün

Qayğı olsa, rəhbər üçün dərdə dönsə.

Rəhbər xalqın göz həkimi, ruh hakimi.

Onun qəlbi həssas havaölçən kimi

Millətinin nəfəsini duymalıdı.

 

Sarılmasın qələmə SƏN dildə “Yurdam, Vətənəm, el-obayam” söyləyən, fəqət əməllərində Vətənin bayrağına, Vətənin torpağına, Vətənin ocağına arxasını çevirən saxta vətəndaşların, axta vətənbazların maskasını yırtsan, hamısını birlikdə zibilliyə atasan:

 

Yurd yenilib, ürək yara, dilim qabar.

Hara baxsan söz gülləsi,

Kimlər kimin qarasına!

Dünən xalqa öz eşqindən dəm vuranlar

Məlhəm deyil, köz basırlar

Məmləkətin yarasına!

 

17 noyabr – 4 dekabr 1988. Bu günlərdə SƏN Azadlıq meydanında – BİRLİK, VƏHDƏT meydanında əyilməz bir uca dağdın. Bükülməyən milyon-milyon əllərdə SƏN dalğalanan üçboyalı, ay-ulduzlu bir bayraqdın. Dalğa-dalğa yayılırdı SƏNin SƏSin dörd tərəfə. Köləliyi, əsarəti, satqınlığı, mütiliyi almış idin SƏN hədəfə. İnam dolu, ümid dolu hər bir SÖZün ürəklərdə çıraq idi. Bu Meydanda qoca-cavan, kişi-qadın bir-birinə arxa idi, dayaq idi. MÜSTƏQİLLİK – BAĞIMSIZLIQ havasına kökləmişdin Meydanı Sən. Azadlığa çağırırdın bütöv Azərbaycanı SƏN, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Milyon dildə bir hava, milyon əldə bir qılınc,

Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.

Bu meydanın işığı məmləkəti bürüsə,

Qaranlıq ayaq açıb üstümüzə yeriməz.

 

Sarılmışdın qələmə SƏN 20 YANVAR 1990-da da. Qan ağlayırdı qələmin o qanlı gün, o şanlı gün. Ürəyinin lap dibini göynədirdi o ahlı, o amanlı gün. Yad gülləsi sıxılırdı cavan-cavan balaların ürəyinə, kürəyinə-yaxılırdın, qovrulurdun. Azadlığın, şəhidliyin al qanıydı çilənmişdi şəhidlərin köynəyinə. Bu dəhşətdən, bu vəhşətdən sal qayatək zərrə-zərrə tökülürdün, ovulurdun. Sarsılmırdın. Sonsuz qürur içindəydin: bu torpağa şəhid qanı tökülürdü, bu torpağa şəhidlərin məzarları yan-yanaşı əkilirdi, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Bura şum yeri deyil, saxla, kotanı, saxla!

Çək dəmir cilovunu, qızmış atını saxla!

Hərəsi bir buğdadı bir sünbülün içində

Hərəsi bir ləçəkdi qızılgülün içində.

...Qaldırın bu çiçəyi təpiklərin altından.

Çıxarın ürəyimi tətiklərin altından.

 

Sarılmısan qələmə SƏN böyük-böyük kürsülərdən uca-uca hayqırasan böyük-kiçik ölkələrə, millətlərə və xalqlara: 1813-dəki o Gülüstan bağlaşması: ədalətsiz və işğalçı bağlaşmadır. Bir milləti iki yerə parçalamaq, biz bilmirik, görən, necə anlaşmadır. Tələb edir Bakı-Təbriz 200 illik ayrılığa son qoyulsun. Bitsin həsrət, gəlsin vüsal, iki qardaş – bir ananın övladları qoy qovuşsun!

 

Farsın, rusun əlini

Üzəcəyəm yaxamdan.

Millətim dikələcək

Qırx milyon, əlli milyon.

Gəncədən Naxçıvana,

Naxçıvandan Qəzvinə

Əngəlsiz, maneəsiz

Yollarım çəkiləcək.

 

Sarılmısan qələmə SƏN sabahlarda VAHİDLƏŞƏN, BÜTÖVLƏŞƏN Azərbaycan birliyinə tom-tom kitab basdırasan, bu birliyin şərəfinə ikinci bir “BÜTÖVLÜK”də yaradasan, uzun sürən gur sürəkli alqışlarla o tay-bu tay Azərbaycan ellərinə “Birliyiniz mübarəkdir” səslənəsən:

 

Yollarını aça bildin, mübarəkdir!

Yollarında gül açılsın, qan olmasın.

Qollarını aça bildin, mübarəkdir!

Qollarının yorulduğu gün olmasın.

Namərdlərin qabağında sındırmadın vüqarını,

Sən uçurtdun arandakı Şimal-Cənub divarını.

 

Sarılmısan qələmə SƏN əcdadların TÜRKlər kimi. Yollardasan gecə-gündüz rahatlıq-dinclik bilmədən. Dolaşırsan qələminlə bu dünyanı qitə-qitə, ölkə-ölkə. Hansı eldən keçirsənsə, qarşılayır orda SƏNi doğma türkün girdə üzü, qonur gözü, gündə yanmış tunc biləyi, mehr dolu saf ürəyi. Ruhuna xoş sığal çəkir türkün əziz xatirəsi, qulağına tez yetişir laylaların, ağıların tanış səsi. Diz çökürsən min üç yüz il yol qət edən dilimizin önündə SƏN, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Diz çökdüm önündə ana dilimin,

“Türk milləti” yazan elə diz çökdüm.

Bu boyda itkinin, bu boyda qəmin

İçindən dikələn elə diz çökdüm.

 

Sarılmısan qələmə SƏN yol gedirsən sabahlara sağ-solunda kitabların: “Tanımaq istəsən” – ilk qaranquşun, “Xəbər gözləyirəm”, “Sevgim, sevincim”, bu, “Ömür kitabı”, Gəncə qapısı”, bu, “Xətayi yurdu”, “Ölüm zirvəsi”, “Zaman mədən keçir” – zaman dastanı, “Bütövlük həsrəti” – yıxır möhnəti, “Bu, sənin xalqındır”, bu, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” durub bu yanda, səsləyir bizləri “Əbədi sevda”, RÜSTƏMXANLI SABİRİMİZ!

Sarılmısan qələmə SƏN yol gedirsən sabahlara sağ-solunda dağ cüssəli iki oğlun, od parçası iki qızın. Başın üstdə can sirdaşın, namus qalan, qeyrət tacın, Türk gözəli mərd Tənzilən – dan ulduzun, RÜSTƏMXANLI SABİRİMİZ!

Sarılmısan qələmə SƏN, yol gedirsən sabahlara yaşın 67-dir. Hər ayların, hər illərin, inan, qardaş, basılmayan bir igiddir. Yol gedirsən sabahlara hələ ay var, hələ gün var. Hələ doyus-görüşlər var, hələ neçə toy-düyün var. Mən əminəm qarşılarsan sabahları doğmalarla, əzizlərlə SƏN qol-qola. O sabahkı günlərinə, aylarına, illərinə uğur ola, uğur ola, RÜSTƏMXANLI SABİRİMİZ!

 

Qılıncam-ovxarım sözlə, inamla,

Min ilin başında yurdun səsiyəm.

Özüm bu günlərə kül ola-ola

Gələcək günlərin pərvanəsiyəm.

 

Musa Xanbabazadə

Lənkəran, Boladi kəndi

Kaspi.-2013.-25-27 may.-S.20.