Fərqli bir poeziya
Vaqif Yusifli
Müasir poeziya
Müasir poeziya bir-birindən fərqli şair səciyyələri ilə seçilir, fərqlənir və bu xüsusiyyət şeirimizdə baş alıb gedən epiqonçuluğun, təqlidçiliyin qarşısını almaqda müəyyən rol oynayır. Bax, o zaman poeziyanın özünəməxsus bir çalarından söz açmaq imkanı yaranır və bu, o deməkdir ki, selin qarşısına möhkəm bir bənd atmış olursan. Ədəbiyyat, poeziya məhz bu özünəməxsusların gücünə yaşayır.
Ədəbiyyata keçən əsrin sonlarında gələn Tərlan Əbilovu da öz yaşıdlarından seçən, fərqləndirən cəhət özünəməxsusluğudur. O, Lənkəranda yaşayır, qaynar ədəbi mühitdən uzaqdadır, amma buna baxmayaraq həm yaşadığı bölgədə, həm də Bakıda istedadlı bir şair kimi təqdir olunur. «Azərbaycan» və «Ulduz» kimi ciddi ədəbi jurnalların bir neçə dəfə Tərlanın şeirləri ilə açılması da təsadüfü deyil.
İkimininsi illərin əvvəllərində gənc şairlərin yaradıcılığından söz açdığım bir məqalədə Tərlanın şeirləri barədə yazmışdım ki: «Tərlan Əbilov hər hansı predmetə, hadisəyə, olaya, hissə, duyğuya yeni gözlə yanaşır. Onun şeirləri həddindən artıq yüklü görünür, burada təzə bənzətmələr, epitetlər, metaforalar-bir sözlə, məcazlar yan-yanadır, hətta elə olur ki, bu cür obrazlılıq onun şeirlərinin məziyyətindən çox qüsuruna çevrilir, amma yön, istiqamət düzgün seçilmişdir». Qeyd edim ki, Tərlan elə ilk yazılarından həyata, gerçəkliyə fərqli yanaşma tərzi ilə diqqəti cəlb etdi və indi də bu yolu davam etdirir.
Fərqli poeziya yaradan bir şairin ilk növbədə, fərdi, özünəməxsus cəhətlərindən söz açmaq lazımdır. Onun şeirlərində zamanın ruhu ilə öz ruhu birləşir, şair ürəyinin dalğaları həyatın, mühitin, yaşadığı gerçəkliyin sahillərinə toxunur. Amma hər bir məqamda onun şeiri həddən artıq «ictimailəşmir», poeziya cığırından çıxıb siyasiləşmir.. Deyək ki, onun «20 Yanvar» şeiri bu mövzuda yazılan şeirlərdən tamamilə fərqlənir:
Bir cavanın yaşı qədərdi bu tökülən qan,
bir cavanın saçlarının qarasında gizlənir bu qan.
Gizlənir təzə salınan parklara döşənən piltələrin altında,
gizlənir hamilə qadınların xalatında.
Hər iki ildən – üç ildən bir asfaltlanır bu qan.
Göydələnlərin bünövrəsinə beton kimi tökülür,
şəffaf seçki qutularına bülleten-bülleten
salınır,
seyfdən-seyfə pul kimi yığılır bu qan…
Bu şeirdə qan obrazı var, həmin obraz 20 Yanvar faciəsinin
mahiyyətini açmağa yönəlir. Təbii ki, məlum
səbəblər sadalanmır. «Tarixin
üst-başından axan bu qan» heç vaxt qurumur, gör
neçə ildir axır.
Tərlanın şeirləri müasir insanın bir
tipini təqdim etmək baxımından da maraqlı təsir
bağışlayır. XXI əsrin insanı olan bu tip düşüncə
adamıdır, ziyalıdır, amma zamana, dövrə,
gerçəkliyə tamamilə fərqli münasibətiylə
seçilir. O, xoşbəxt deyil və ona görə xoşbəxt
deyil ki, müşahidə etdiyi, gördüyü mənzərələrdə
nikbin görüntülər yox dərəcəsindədir. Bir də ona görə ki, içindən xoşbəxt
deyil. Tənhalıq, üzücü kədər
onun qismətindədir. Amma bu tip həm də
bütün varlığı ilə gerçəkliyə, cəmiyyətə,
ictimai həyata bağlıdır və bu
bağlılıqda zərrənin küllə qovuşa bilməməsinin
faciəsini duyuruq:
Vətən
anadan,
qadından başlayırsa, demək ki, vətənsizəm mən!
Torpaqlarım
düşmən tapdağı altındadırsa,
demək
suç bir tək məndə!
Nə günahı var ki, bu millətin?!
Kimin əmək
haqqı azdı, mənlikdi!
Qaçqının,
köçkünün haqqı ona çatmırsa,
o da mənlikdi!
Millət
vəkili Milli Məclisdə susursa, demək o yox,
mən
lal doğulmuşam!
Demək,
doğulan gün o yox,
mən
öz içimdə boğulmuşam!
Şairin yaşadığı mühitlə, gerçəkliklə
barışmaz münasibəti, özünü həmin
mühitdə və gerçəklikdə tənha hiss etməsi,
hər bir hadisəyə və olaya qarşı kəskin ya da
ironik reaksiyası Tərlanın şeirlərində nəzərə
çarpan cəhətlərdir. Amma qeyd edək ki, bu
tipli şeirlərdə ifadə olunan məzmun heç də
aparıcı deyil. Yəni şairin iç
dünyası ilə gerçəklik hadisələri
arasında ziddiyyət onun şeirlərinin başlıca
axarını təşkil eləmir, yoxsa Tərlan get-gedə
«publisist» bir şairə çevrilərdi. Biz onun şeirlərində
öncə qeyd etdiyimiz kimi, bir düşüncə
adamının daxili, mənəvi-ruhi aləmi ilə tanış oluruq. O-lirik qəhrəman
öz tənhalığından qopan hisslərini,
duyğularını bizə təqdim edir. Ən
çox da belə bir mürəkkəb zəmanədə
özünü dərk etməyə can atır. Bu mənada Tərlanın
«proqram» mahiyyətli şeirlərindən birinə müraciət
edək:
Zaman not dəftəridir.
Ömrüm-
küləklərin əlində çalınan fleyta.
Elə isə
bəs
niyə ömrümün musiqisi,
ömrümün ritmi
sığmır, sığışmır
zamanın içindəki bu yeddi nota?
Neçə
illərdir
içimdəki alov qarsayır budaqlarımı,
yarpaq-yarpaq tökülürəm,
yarpaq-yarpaq süsərirəm,
kölgəm qənim kəsilib insanlara!
Neçə
illərdir
yağış əvəzi, qar əvəzi
yağır bu torpaqlara külüm!
Amma
hələ də sönməyib,
hələ də səngiməyib
içimdəki bu alov, bu od!
Lirik qəhrəmanın
idrakı çırpıntıları, emosional həyəcanları
bizdə belə bir təsəvvür yaradır: mənəvi
alov, od içində yaşayan insan tərəddüdlər,
psixoloji sarsıntılar əhatəsindədir. Bir kitab boyu
şeirlərində Tərlanın lirik qəhrəmanı bu
psixoloji durumdan çıxmağa can atır və onda
görürsən ki, o lirik qəhrəman elə bizim zəmanəyə
oxşayır. Mürəkkəb, təzadlı,
ziddiyyətli…Təbii ki, bütün bu ziddiyyətli proseslər,
bir insanın içindəki psixoloji olaylar zamanın
insanın içinə hopdurduğu nyuanslardır.
Bunları sadəcə qızğın hisslə, həyəcanla
söyləmək azdır, həm də şairanə
söyləmək gərəkdir və Tərlan Əbilovu
oxucuya sevdirən də elə budur…Tərlan istər dərddən,
istər ağrıdan, istərsə də sevginin bəxş
etdiyi səadətdən yazsın, dəxli yox, hər pozada
ŞAİR kimi gözə çarpır:
Daha
ağlamaqdan keçib,
Gülmək də əlimdən gəlmir.
Dərd-tapdığım
xəzinədi,
Bölmək də əlimdən gəlmir.
Çəkdim
dərdlərin nazını
Uduzdum
ömrün yazını,
Tanrı,
sən yazan yazını
Silmək də əlimdən gəlmir.
Düşünüb
olub keçəni,
Ahıma
bükdüm gecəni,
Yaşamaq
da yordu məni,
Ölmək də əlimdən gəlmir.
İlk baxışda oxucuda belə bir təsəvvür
yarana bilər ki, Tərlan və onun lirik qəhrəmanı
daxilən azad deyil, bəlkə bu səbəbdən onun
şeirlərindəki sıxıntı, nostalji hisslər, bədbinlik,
tənhalıqdan doğan üzücü kədər boy
göstərir. Əlbəttə, bu fikirlə
razılaşmaq olmaz. Əgər daxili
azadlıq olmasaydı, Tərlan hər hansı bir predmetə
və hadisəyə özünün dünyasından boylana
bilməzdi. Daxilən azad olmayan insan bir şair kimi də
azad ola bilməz.
Tərlan əsasən yığcam, miniatür şeirlər
yazmağı sevir və onun bir şair kimi uğurları da məhz
həsmsə qısa (on-on iki misralıq) şeirlərində
daha çox nəzərə çarpır. Amma «Sonuncu
halqa» (Bakı, 2013) adlı yeni kitabında çoxlu şeirlər
də diqqəti cəlb edir ki, bu şeirlərdə
uzunçuluq baş alıb gedir. «Gəlin, tanış
olaq», «Yaşıl nəğmə», «Ruhların dueti», «Allah mənim
haramdadı, mən Allahın harasında», «Sirr», «Sevdin»,
«Yanğın», «Gecənin əlifbası», «Ad
günümün şeiri», «Qızımla görüş»,
«Dəlinin etirafları», «Dərindən dərinə»,
«Çərşənbə günü», «Sən oyan, mən
uyuyum», «Şərqlə Qərbin dueti» şeirlərində Tərlanın
bir şair kimi poetik gücü hiss olunsa da, baxıb
görürsən ki, o, mətləbi uzadır, belədə
odsuz misralar baş alıb gedir. Yəni bu
şeirlərdə ixtisar üçün redaktəyə əl
atmaq lazım idi.
V.Q.Belinski
A.S.Puşkin haqqında məqalələrin birində
yazırdı: «Puşkinin xırda şeirlərinin məzmununu
təşkil edən nədir? Demək olar ki, həmişə
məhəbbət və dostluqdur, bu hisslər şairin qəlbinə
daha çox hakim olmuş və bütün həyatı boyu,
ona üz verən səadət və kədərin bilavasitə
mənbəyini təşkil etmişdir. O, bu kiçik
lirik şeirlərində heç nəyi inkar etmir, heç nəyə
lənət yağdırmır, həyatda hər şeyə
məhəbbətlə, xoş niyyətlə yanaşır,
xeyirxahlıqla baxır. Puşkinin əsərlərində hər
hiss bir də zərifliyinə, incəliyinə görə
gözəldir. Puşkində onsuz da həmişə son dərəcə
gözəl olan poetik formanı nəzərdə tutmuruq; yox,
bizim dediyimiz odur ki, onun hər bir şeirinin əsasını
təşkil edən hissin hər biri öz-özlüyündə
gözəldir, məlahətlidir və mahiranədir: bu, sadəcə
olaraq, insan hissi deyil, sənətkar insanın, şairin
hissidir».
Əlbəttə, nə mən Belinskiyəm, nə də
Tərlan Əbilov Puşkin. Amma Belinskinin həmin
sözlərində böyük həqiqət var. Şeirin
gücü poetik hisslərin zərifliyində və incəliyindədir
ki, buna əsasən kiçik lirik şeirlərdə də
nail olmaq mümkündür. Tərlanın yeni
kitabındakı bir çox şeirlər məhz həmin həqiqəti
təsdiq edir: Budur, bir ömür-gün şeiri:
Gözəl
qaydası var sevgilərin də,
qapını üzünə bağlamaq kimi.
O səni
gözlədə, özü gəlməyə,
Tutasan özünü ağlamaq kimi.
Yaşaya-yaşaya
bomboş yuvada,
Asılasan dilindəki duadan.
Biləsən,
sevmək-birinə dünyada,
yanında bir boş yer saxlamaq kimi…
Tüpürəsən
qaydaların üzünə,
Görünməyə
bir də heç kim gözünə.
Bir
ömür sürəsən özün-özünə,-
birinə
baş çəkib yoxlamaq kimi…
Tərlan Əbilov-artıq yaşının qırx
beşinə gəlib çatmış və müasir
poeziyamızda özünəməxsus fərdi deyim tərzi
ilə seçilən, fərqlənən bu istedadlı
şairə nə arzulaya bilərəm? Deyərəm ki, sənin
şeirlərində tənhalıqdan doğan
üzücü kədər get-gedə yerini
işığın, qəlbi nurlandıran hisslərin,
duyğuların tərənnümünə versin. Dünya həm də işığın, gözəlliyin
məkanıdır. Sənin misralarındır bunlar:
Şükür,
illərin kirinə
bulaşıb, durula bildim.
Yüz dəfə
çökən ürəklə
bir daha
qurula bildim.
Və
incitmədən heç kimi,
Qaldırıb
yerdən sevgimi,
Ən
doğma adamım kimi
boynuma
sarıla bildim.
Taleyimi
yaza-yaza,
Arxa çevirmədim yaza.
Bir dəfə
sevdiyim qıza
yüz dəfə vurula bildim.
Elə bilirəm bu şeir sənin gələcək
şeirlərin üçün bir bələdçin olacaq…
Kaspi.-2013.-25-27 may.-S.15.