Həmişə efirin
acıyam
Telli Pənahqızı: “İstəmirəm
canımızı qoyduğumuz, ömrümüzü
verdiyimiz bu sahəyə sarmaşıqlar dolaşsın”
“Əvvəllər ad günlərini böyük həyəcanla gözləyirdim. Amma indi istəmirəm, gözləmirəm. Bilirsən ki, yavaş-yavaş yaşın üstünə yaş gəlir, qocalırsan, sabah nə olacaq bilinmir. İnsan cavan olanda heç nəyi vecinə almır – nə xəstəliyi, nə harda yaşamağı, nə də necə dolanmağı. Amma müəyyən yaşa dolandan sonra insan durub bir az gələcəyinə baxır ki, necə olacaq?”- deyən tanınmış telejurnalist, şair, publisist Telli Pənahqızı ilə bir az yaradıcılıq, bir az ovqat ruhlu söhbətimiz doğum gününə təsadüf etdi.
«Orada
Telli xanım vardı»
- Siz institutu bitirəndən sonra
taleyinizi Azərbaycan Televiziyası ilə
bağlamısınız. Uzun illərin
yoldaşlığından razısınız?
-
Televiziya mənim üçün hər şeydir. İnanın
ki, bu gəlişi
gözəl sözlər deyil. Mənim vəzifə
tutduğum vaxtlar da olub. Amma
inanın ki, bütün
işlərimin hamısını bir kənarda
sahmanlamağa çalışıb, məhz
reportajlarımı, verilişlərimi hazırlamışam. Efir mənim üçün
hava-su anlamı kimi ola bilər. Mən həmişə efirin acıyam. Efir mənə
doğma bir məkandır.
Elə bu efirin köməkliyi
ilə məni bütün ölkə
tanıyır. Bunun üçün
mən taleyimə də, işlədiyim yerə də minnətdaram!
-
Amma ilk gəldiyiniz vaxtlardakı efirlə bugünkü efir
arasında çox fərqlər var...
- Çox şey
dəyişib. Son vaxtlar
bu qərara gəlmişəm ki, insanlar
baxmadığı şeylər barədə daha
çox fikir, tənqid
söyləməyə çalışırlar. Azərbaycanın
teleməkanı xeyli böyüyüb.
Həm Bakıda, həm də regionlarda bir neçə telekanal var. Amma inanın ki, onların
hamısına normal, Azərbaycansevər,
vətənsevər, özünə hörmət edən insan iki-üç dəfə
baxır, sonra isə ya
Azərbaycan Televiziyasına çevirir, ya da başqa
kanallarda verilişlər axtarır. Əgər
efirdə xarici kanallar
yoxdursa, məsələn, hesab
edək ki, yalnız Azərbaycan
Televiziyası varsa, heç
olmasa ailənin, qonağının
yanında utanıb-çəkinmədən
baxdığın bir veriliş
tapa biləcəksən. Azərbaycan
Televiziyasının məkanında hər halda
rahat baxa biləcəyin
verilişlər var. Azərbaycan tarixini, coğrafiyasını,
poeziyasını, ədəbi mühitini,
bütün ölkənin keçib
gəldiyi ədəbi yolu öyrənmək
üçün proqramlarımız var. Məsələn, «Ədəbi abidələr»
proqramımız var ki,
burada dünyanın ən sanballı, dahi insanları haqqında verilişlər
yayımlanır. «Klassik irsimizdən»
verilişində bizim də adını ilk dəfə eşitdiyimiz
poetik nümunələr səslənir. Həmçinin
o nümunələrin müəllifləri
haqqında verilişlər verirlər. «Məclisi-üns» 40-45
dəqiqə ərzində ölkənin ədəbi-bədii
mühitini yarada, musiqi janrlarından danışa bilir. Bu mənada nəyisə
öyrənmək, maariflənmək üçün
Azərbaycan Televiziyası var. Bu, tərif deyil, həqiqətdir.
Biz ən azı insanlara
gözəl Azərbaycan dilində danışmağı təqdim
edirik.
- İndi xüsusən
yaşlı adamların dilindən: «Əvvəllər
televiziya belə deyildi» ifadəsi səslənir. Hər halda telekanalların çoxluğu
həm də tərəqqidən xəbər verir.
Elə isə bu nostalji
nədən yaranır?
-
Çünki insanlar həmişə yaxşı şeyin həsrətindədirlər.
Bu şoular, ucuz piar yaratmaq
cəhdi müəyyən vaxtdan sonra insanın ürəyini vurur.
Ailəsini qorumaq cəhdində bulunan hər hansı bir insan bu şoulara
baxıb nə götürəcək? Bu gün efirə Azərbaycan dilində
danışmayan insanlar doluşub.
Mədəniyyət, mərifət yoxdur.
Əgər mənim hazırladığım verilişə
10 adam baxıb və 5-i mənə zəng
edib «çox sağ ol» deyirsə, bu, mənim üçün
çox böyük
mükafatdır. Mən əslində bu
illər ərzində heç bir şey etməmişəm
– adi, sıravi bir jurnalist kimi öz vəzifəmi yerinə yetirmişəm.
Ancaq küçəyə
çıxıq və yaşlı adamlardan
Azərbaycan teleməkanı haqqında soruşaq.
İlk növbədə «Orada
Telli xanım vardı» deyəcəklər.
Telli xanım neyləmişdi orda? Azərbaycan Televiziyasının «Xəbərlər»
proqramına bir dəqiqəlik, dəqiqə
yarımlıq “Şənbə reportajları” gətirmişdi.
Amma orada söz vardı, gözəl bir
söz: «Payız gəldi», «Qış gəldi»,
«Bakıya ilk qar
yağdı», «Çiçəklər vardı Şəkidə»…
bu cür ifadələr
insanların qulağına təbii ki, xoş gəlirdi. Ağır-ağır rəsmi
materiallardan sonra birdən
Tellinin səsi eşidilirdi.
Bu, çox kiçik bir xidmət idi, amma mən bunu edirdim. Mən
görüşdüyüm,
danışdığım, ünsiyyətdə olduğum, müsahibə aldığım
insanların heç birinin
daxili dünyasına baş
vurub ora girməyə
çalışmamışam ki, bunun yaxşı cəhətlərini bilirəm,
görüm, pis cəhətləri
nədir? Həmişə düşünmüşəm
ki, insanların ikinci
məni toxunulmazdır, ora daxil
olmaq olmaz. Mən çox yerlərə getmişəm, çox insanlarla
görüşmüşəm. Daha çox mədəniyyət, incəsənət,
ədəbiyyat nümayəndələri ilə ünsiyyətdə
olurdum. Ancaq heç vaxt insanların daxili dünyasına qıcıq gətirən
nəsə etməmişəm. Mən özümdən
danışmıram, ümumiyyətlə, jurnalistikanın qələbəsi
budur. «Filankəs-filankəslə oturdu-durdu», «Filankəsin paltarı belədir»
- məgər bu, jurnalistikadır? Bu, jurnalistika deyil. Qərb, o cümlədən,
Türkiyə bu yolu keçib, indi normal səviyyədə verilişlər, şou-proqramlar təqdim edirlər. Biz isə indi-indi
başlamışıq. Amma görün, bizim neçə
illik televiziya təcrübəmiz
var. Bu, mənim üçün çox
ağrılı problemdir. Hərdən
deyirəm ki, mənim əlimə cərrah
bıçağı verib desinlər ki, get, əməliyyat et. Mən gedə bilərəm? Bu, mənim işim deyil. Jurnalistika isə bizim canımızı qoyduğumuz,
ömrümüzü verdiyimiz
sahədir. İstəmirəm bu sahəyə
sarmaşıqlar dolaşsın.
Bizim reallığımız
- Azərbaycan dilinin inkişafı
ilə bağlı Dövlət Proqramında telekanallarda bədii
şuraların yaradılması ilə bağlı bənd
yer alıb. Sizcə, bu qurumlar telekanallardakı nəzarətsiz vəziyyətə
tam nəzarət edə biləcəkmi?
-
Sovet dövründə bizim televiziyada bədii şura olub, deyəsən
indi də yaradırlar. Ancaq bizdə
efirqabağı komissiya fəaliyyət
göstərir və mən həmin komissiyanın sədriyəm.
Biz bütün
verilişlərə baxırıq. Bunu çox adam senzura kimi başa
düşür. Ancaq
elə deyil. Sadəcə, kadr arxası mətnlərin oxu
tərzindən tutmuş insanların geyimi, efirin zövqü və s. məsələlərə
nəzarət edirik. Çox
vaxt verilişləri qaytarırıq, bəzən
yenidən oxutdururuq, hansısa sözü, cümləni dəyişdiririk və
s. Bədbəxtlik ondadır ki, bu gün
jurnalistika sürücülük
kimi bir şey olub. Bəlkə də
bənzətmə düz deyil,
amma hər yetən bir
maşın alıb rulu arxasında oturduğu kimi, biz jurnalistikanı da bu vəziyyətə salmışıq. Fərqi
yoxdur, hansı məktəbi və ya hansı texnikumu
qurtarırlarsa əllərinə qələm alıb «Mən filan saytda işləyirəm».
Biz oxumuşuq, zəhmət
çəkmişik, yaza-yaza öyrənmişik.
Bəzən bura 5-ci kurs
tələbələri gəlir. «Hansı media
orqanında çalışırsan?» - deyə soruşanda «Qoy institutu qurtarım, sonra yazaram»- deyə cavab verirlər.
Mən elə institutun birinci
kursundan Bakıdakı qəzetlərdə
çalışırdım. Vaxt olurdu ki, bir
gündə iki yazım
çıxırdı. Şəxsən mən oxuduğum illər ərzində qəzetlərdən
aldığım qonorarla
dolanmışam.
- Bu gün
internet mediaya çevrilir.
Bunun televiziyalar üçün hansısa
təhlükəsini hiss edirsiniz?
- Təbii ki, təhlükəsi var. Televiziyaya
meyilli yaşlı adamlar və ya sosial şəbəkələrə
girməyi bacarmayanlar televiziyaya yenə baxırlar. Bir problemimiz də
var ki, biz kitab oxumuruq. Bəzən
«filan kitabı internetdən oxumuşam» deyirlər. Ancaq mən fikirləşirəm
ki, bir saat
müddətində o yazını
oxumaq mümkün deyil. Kitabı əlinə alıb
oxuyanda, bu, insana ləzzət verir. Ancaq internet yavaş-yavaş bütün bunları üstələyir, yeyir.
Bilmirəm, bunun axırı
nə olacaq. Amma hər halda bu, bizim reallığımızdır
və bununla barışmalıyıq.
İnsanların tale yolu
- Deyirlər, bəstəkar yazdığı
ilk mahnını, aktyor
oynadığı ilk rolu
heç vaxt unutmur. Bu mənada
televiziyaya gəldiyiniz
zaman hazırladığınız
ilk veriliş yaddaşınızda
necə qalıb?
Ona reaksiya necə oldu?
- İnstitutun 4-cü kursunda oxuyanda tələbə proqramı
üçün kiçik
bir süjet hazırlamalı və bunun üçün Arif Quliyevdən müsahibə almalı idim. O, mənim proqramım
deyildi, mən sadəcə, qonaq kimi dəvət olunmuşdum. Mən özümü televiziyada
ilk dəfə onda gördüm.
Amma ilk dəfə
televiziyaya işə gələndə mənə
Neft Daşları haqqında süjet yazmaq tapşırıldı. O zaman Neft Daşlarına getmək imkanı yox idi. Mənə Neft
Daşları ilə bağlı açıqcalar
verdilər. Mən o şəkillərə
söz yazdım.
Həmin
süjeti hazırlamağım
yadımdadır. Sonradan
isə 2-3 dəfə
Neft Daşlarına getdim, oraları gördüm...
- Bəs «Bizim nəslin öz xatirələrini söyləməyə auditoriyası
yoxdur» gileyiniz nədəndir?
- Yoxdur... Doğurdan yoxdur. Çünki eşidən, dinləyən
yoxdur. Məsələn, mən
böyük məmnuniyyətlə
yaşlı insanlarla dostluq
edirdim. Saatlarla onlara qulaq asırdım. Yeri gələndə ortaya
bir sual atır, yenidən
dinləyirdim. Hər kəsin ömrü,
taleyi bir
nağıldır. Mən uşaq
olanda valideynlərim, nənəm «filankəs
vardı, belə oldu, elə oldu» - deyə danışırdı. Ürəyimdə
fikirləşirdim ki, nə qəribədir,
mən bu adamları tanımıram. İndi fikirləşirəm ki,
hər bir ailənin özünün
taleyi var. İnsanlar böyüyür,
bacılar, qardaşlar hərəsi bir yerə gedir, ailə qururlar, hərənin taleyi
bir cür
yazılır. Bu mənada insanların tale yolunu öyrənmək
mənim üçün maraqlı idi.
- Duyğulu insan olmaq
yaxşıdır?
- Bəzən
yaxşıdır, bəzən pis... Mən həddən
artıq duyğulu insanam.
Bəzən görəndə ki,
küçədə bir insanın gözü yaşarır bir
gün özümə gələ bilmirəm.
Oz-özümə deyirəm ki, kaş ki,
soruşaydım, bəlkə onun nəyəsə
ehtiyacı vardı? Bəlkə mənim ona
əl tutmağıma ehtiyacı vardı? Mən sözdən,
hərəkətdən sınıram. Telefonu
mənim üzümə qapatsalar, bir həftə özümə gələ
bilmərəm.
Dünyaya pıçıltı
- Deyirlər,
yazıçılıq nəyisə öyrənmək
üçün səyahətdir. Bəs şairlik nədir?
-
Şairlik də başqalarının duyğularını dilə
gətirməkdir. Mən hərdən şeirlərimi paylaşanda və ya
kitablarımı kiməsə verəndə hər kəsdən
eşitdiyim bu sözlər
olur: «Sanki mənim həyatımı
yazmısan», «Mənim deyə bilmədiklərimi demisən»,
«Elə istəyirdim ki, mənim
duyğularımı sözə çevirsinlər». Deyirəm
ki, bəlkə də mən öz duyğularımı vərəqə
köçürmüşəm. Amma o, hamının dərdidir. Şeir
yazanda sən öz
duyğularını insanlara
paylayırsan. Məsələn, çoxları mənə Facebookda yazaraq “bu şeirləri kimə həsr etmisən?”
deyə soruşurlar. Deyirəm ki, vallah, heç
kimə, konkret adam yoxdur. Bəlkə də mənim öz aləmimdə təsvir etməyə
çalışdığım, görmək istədiyim bir obraza, cəmiyyət və
s. həsr etmişəm. Şəxsən
mənim üçün poeziya
Allah-təalanın insan dodaqlarında
pıçıltısıdır. Hər kəsin qəlbindəki
Allah onun dodaqları
ilə sözləri bu dünyaya
pıçıldayır.
- Hər hissi, hər duyğunu da
sözə çevirmək mümkündürmü?
- O, məndən asılı deyil.
Mən sevdiyim insanlar
haqqında danışmağı, onları sözə
çevirməyi qorxuram. Mən anamı
özümdən çox istəmişəm.
Bəlkə də hər kəs öz
anasını bu qədər istəyir. Anamdan sonra indi
də özümə gəlməmişəm. O, hər an, hər saniyə mənim beynimdədir. Ancaq mən onun üçün silsilə nələrsə yaza bilmirəm. Bəlkə də ürəyimdə
bir kitablıq söz var, amma yaza
bilmirəm. Fikirləşirəm ki, bu söz ona
layiq olmayacaq. O, söz ona bəslədiyim
sevginin fonunda heç nədir. Mən ürəyimdən
yazıram, dildə yaza bilmirəm. Elə
bilirəm ki, hər şeiri
ürəyimi sıxıram, qanı tökülür
və o qanla
yazıram. Ağrıya-ağrıya, ağlaya-ağlaya,
dərdin özünün
ağırlığını duyub
yazıram.
- Bəs ad günləri sizin üçün nədir?
O günə şeir həsr edirsiniz?
- Yox... Əvvəllər ad günlərini böyük həyəcanla
gözləyirdim. Amma indi
istəmirəm. Allah nə ömür veribsə-verib. Mən təkcə
xəstələnib həkimlərə
möhtac olmaqdan qorxuram. Həmişə
dua edirəm ki, Allahım, məni özümdən başqa heç kimə möhtac eləmə!
- Belə bir fikir
var: “Dünyada bir gündür, o da bu gün».
- Bu günü yaşamaq, yaşamağı bacarmaq xoşbəxtlikdir. Amma biz həmişə
düşünürük ki, ən yaxşı
şeyi sabaha saxlayaq. Amma düşünmürük ki,
bu gün elə bu gündən
ibarətdir, sabah
olmaya da bilər. Həmişə fikirləşirik ki, böyüdük, institutu qurtardıq, yaxşı işimiz, karyeramız, ailəmiz olsun, sonra isə
özümüz üçün
yaşayarıq. Amma bəzən
görürük ki, həmin gün heç vaxt gəlib çatmır.
O gün doğurdan da bugündür. Bu gün yaşamağı
bacaranlar üçündür.
Mən elə adamlara sözün yaxşı mənasında həsəd
aparıram. Bir gün
yaşayırlar – bu günlə yaşayırlar.
Təranə Məhərrəmova
Kaspi.-2013.-25-27 may.-S.6.