Həqiqətin yandırıcı odu
Təkcə Azərbaycan xalqının deyil,
bütün Şərq xalqlarının dərdinin tərcümanı,
üsyankar ruhu olan Mirzə Ələkbər Sabirin sənəti,
tənqidçi Qulu Xəlilovun təbirincə desək,
ümumbəşəri xarakter daşıyır.
Bu əzəmətli
sənətin yaradıcısı Mirzə Ələkbər
Sabir 1862-ci ildə Şamaxıda anadan olub. Əvvəlcə
atasının arzusu ilə mədrəsədə təhsil
alan Ələkbər sonradan Seyid Əzim Şirvaninin yeni tipli
məktəbində oxudu. Dövrünün böyük
maarifpərvəri, şair və ictimai xadimi Şirvanidən
çox şey əxz etdi Ələkbər. Rus dilini mükəmməl
öyrəndi, bir neçə elmin əsaslarına yiyələndi.
Həm klassik Şərq poeziyasını, həm də Avropa ədəbiyyatını
mənimsədi. Lap gənc yaşlarında klassik şeir
üslubunda müxtəlif janrlarda şeirlər yazmağa
başlayan Ələkbərin istedadı Seyid Əzimin diqqətini
cəlb etdi. O öz şagirdinə Nizaminin "Xəmsə"sini
də bağışlayıb. Ədəbiyyat tarixçiləri
bu barədə dəfələrlə yazıblar. Sonralar Mirzə
Ələkbər Sabirin dünya səyahətinə
çıxmaq - Türküstanı, İranı,
İraqı gəzib dolaşmaq istəyi də elə Seyid Əzim
Şirvaninin məsləhəti ilə olub.
Mətbuat
tarixindən bəllidir ki, XX əsrin ilk anadilli qəzeti kimi məşhur
olan "Şərqi-Rus"un işıq üzü görməsi
başqa ziyalılar kimi, Sabiri də ürəkdən şad
etmişdi. Hətta o, bu qəzeti "Şükrlillah ki,
afitabi-süxən" misrası ilə başlayan maarifpərvər
bir şeiri ilə alqışlamışdı.
Belə bir fikir də var ki, "Molla Nəsrəddin" jurnalı Sabirin yaradıcılığında xüsusi bir dönüş yaratdı. Demək olar ki, bu jurnalın birinci nömrəsindən başlayaraq Sabir öz şeirləri ilə Cəlil Məmmədquluzadənin yaxın silahdaşı olduğunu sübut etdi. Jurnalın birinci nömrəsində Sabirin "Lisan bəlası" şeiri çap edildi. "Millət necə tarac olur olsun" ilk satirik şeiri də jurnalın dördüncü nömrəsində çap olundu. Demək olar ki, Sabir "Molla Nəsrəddin"in fəal iştirakçısı, iti və kəskin qələmli müəllifi idi.
Əli Nəzmi "Keçmiş günlər" adlı xatirəsində məslək və qələm dostu Sabir haqqında yazırdı: "Əgər "Molla Nəsrəddin" məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. "Molla Nəsrəddin"in bizim boynumuzda böyük haqqı var". Əlbəttə, "Molla Nəsrəddin"i zəmanə özü yetirdi, bu tarixi şəraitdə də Sabir kimi bir qəzəl, qəsidə ustası da öz sözünü dedi. Şair 1911-ci ildə vəfat edib. Abbas Səhhət isə 1912-ci ildə onun şeirlərini toplayaraq "Hophopnamə" adı ilə kitab çap etdirmişdir. Ötən yüz il ərzində "Hophopnamə" dəfələrlə nəşr olunmuşdur.
Tənqidçi Məsud Əlioğlu Mirzə Ələkbər Sabirin şeirlərinin ölümsüzlüyünü şərtləndirən xüsusiyyətləri təhlilə çəkərək məhz bu fikrin üzərində dayanmışdı: "Sabir şeirində əsrin qaranlıqlarını yararaq bu günə gəlib çıxan və hal-hazırda ictimai və bədii dərinliyə yol tapan xüsusiyyət nədir? Həqiqətin qüvvəsi!" Əlbəttə, bu, yalnız sənətə həqiqətlə xidmət deyildi. Sabirin həqiqəti çox geniş məsələləri əhatə edirdi. Xalqının maariflənməsi, mədəni yüksəlişi yolunda apardığı mübarizə avamlığın, mövhumatın, əsarətin, nadanlığın, rüşvətxorluğun, yalanın, fırıldaqçılığın əleyhinə idi. Yüksək ideallarla yaşayan, millətini varlığından artıq sevən, onun xoş sabahı üçün bütün rahatlığından keçməyi bacaran Sabirin özü necə, problemlərdən azad idimi? Sabirin həqiqəti ilə həyatın reallığı uzlaşa bilirdimi? Bu sualın ən dolğun cavabını da şairin şeirlərində tapmaq olur:
Dəhr bir müddət oldu mənzilimiz,
Onda həll olmaz oldu müşkilimiz.
Yaşadıqca
çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz.
Sabir həssas bir qəlbə, güclü müşahidə
qabiliyyətinə malik idi. O, yaşadığı mühitin
bütün bəlalarını, ictimai dərdləri dərindən
duyurdu. Bu səbəbdən də onun həyatı
qüssə və kədər içində keçirdi.
Mühiti tamamilə dəyişdirmək onun
gücündən xaric idi. Bu mənəvi əzabların,
haqsızlığın önündə mətin dayanaraq yenə
də millətini elmə, maarifə
çağırırdı. Çünki bütün bəlaların
aradan qaldırılımasını o, ancaq irfan mərtəbəsinə
çatmaqda görürdü. Dövrünün bütün
çarpışmalarından qalib çıxmağı
bacaran Sabirin məğrurluğu, əyilməzliyi həmişə
qeyri-adi bir cəsarətə söykənirdi və şeirlərində
öz xarakterini çox dolğun ifadə edə bilirdi:
Dövlətliyə
yaltaqlanmaq
bilmərəm,
Qəmli
ikən yalan yerə
gülə
bilmərəm.
Pristavın
çəkməsini silmərəm,
Hörmətimi
gözlərəm,
əskilmərəm.
Sovet
dövründə Sabir yaradıcılığı ilə
bağlı qələmə alınan yazıların əksəriyyətində
onu "inqilabçı" adlandırıblar. 1912-ci ildə
vəfat edən şair, əslində, Azərbaycanın necə
işğal olunduğunu görmədi. Kim bilir, onda nə
baş verərdi? Ya ürəyi partlardı, ya da taleyinə
repressiya yazılardı Sabirin. Əslində, şair vətənini
xarici qəsbkarlardan və yerli istismarçılardan qurtulmuş
görmək istəyirdi. Bu isə inqilabçılıq yox,
cəsur qələm sahibinin amalı, mənəvi keyfiyyəti,
qeyrəti və vətənpərvərliyi idi. Ömrü
boyu cəhalətə, avamlığa, riyakarlığa
qarşı dönməz iradə göstərən, yeniliyə,
həqiqətə can atan Sabir şeirlərinin birində
öz arzularını çox cəsarət və məntiqlə
dilə gətirib:
Gopnan əməl
aşmaz,
işə
qeyrət gərək olsun,
Millət
düyümünü açmağa
himmət
gərək olsun,
Min elm deməkdənsə,
həmiyyət
gərək olsun,
Sözdən
nə bitər, işdə
həqiqət
gərək olsun!
Filologiya
elmləri doktoru, professor Məmməd Məmmədov Sabirin
"Yazıçı" nəşriyyatı tərəfindən
1980-ci ildə çap edilmiş "Hophopnamə"sinə
ünvanladığı ön sözdə yazırdı:
"Sabir öz satiralarında dövrünün zəngin tiplər
silsiləsini yaratmışdır. Az sözlə çox şey demək, bir
neçə tipik, səciyyəvi cizgi ilə bitkin lövhə
və portret yaratmaq, surətləri səciyyələndirərkən
rəngarəng bədii təsvir və ifadə
üsullarından istifadə etmək sahəsində Sabir
misilsiz sənətkardır. Sabir sənətkarlığının
bu xüsusiyyətlərini şairin istənilən
satirası əsasında görüb göstərmək
mümkündür". Maraqlısı da budur ki, şair əksər
vaxtlarda tipin öz dili ilə daxili aləmini sənət
güzgüsündə əks etdirib:
Ax!.. Necə
kef çəkməli əyyam idi,
Onda ki
övladi-vətən xam idi!
Artıq
sözə, izahata ehtiyac yoxdur. Qarşıdakını
aldatmaq və soymaq istəyənin içi çox məharətlə
açılıb. Sabir bəzən kinayə yolu ilə də
tiplərinin portretini qeyri-adi bir ustalıqla yaradırdı:
Qonşuların
cəhd eləsə sənətə,
Yetsə
də qeyriləri hürriyyətə,
Vermə
qulaq söhbəti-milliyyətə,
Onlar əbəsdir
ki düşür möhnətə,
Ey adı
insan, özü kərtənkələ!
Qovzama
başın, çocuğum, səbr elə!
Sabir
ömrü boyu böyük məqsəd uğrunda
çalışıb vuruşdu və elə mövzular
tapıb işlədi ki, bütün zamanların
fövqündə dayanmağı bacardı. Vəfatından
yüz il keçib. Sabirin yazdıqları bu gün də aktualdır.
Belə bir fikir də var ki, Sabirin şeirləri
üçün, əslində, zaman məfhumu yoxdur. Sabirin
1910-cu ildə "Zənbur" jurnalında "Qoca bəy"
imzası ilə çap edilmiş bir şeirində oxuyuruq:
Əhli-İranda,
pah, oğlan,
yenə
himmət görünür!
Yenə hər
guşədə bir tazə
cəmaət
görünür!
Baxasan hər
tərəfə - cünbüşü
qeyrət
görünür!
Bütün
əsbabi-tərəqqidən
əlamət
görünür!
Əhsənullah
ki, dəxi bizdə
səadət
görünür!
Nə qədər
aktualdır. Bu gün İranda baş verən hadisələr
Sabir şeirlərinin ölümsüzlüyünü bir
daha təsdiqləyir. Hətta "Bir dəstə gül"
şeirində Sabir görün o taydakı mollaların,
yalançı zahidlərin iç üzünü necə
açıb:
İranlı
deyir ki, ədl ilə dad olsun;
Osmanlı
deyir ki, millət azad olsun;
Zahid nə
deyir? - Deyir ki,
qarnım dolsun,
İranlı
da, osmanlı da bərbad olsun!
Bir
şeirində isə Sabir sanki iranlılara bugünün
gözü ilə bir alqış ünvanlayıb: "Xab (yəni
qəflət yuxusu - F.X.) görüb şad olun iranlılar,
qüssədən azad olun iranlılar". Sabir, həqiqətən,
elə dahi sənətkardır ki, əxlaq və mənəviyyatca
ikrah hissi doğuranlardan ibarət əbədi bir tiplər
qalereyası yaradıb. Sabir xalqının böyük
oğlu idi və onun problemlərilə yaşayıb dərdləri
ilə nəfəs alırdı:
Neyliyim,
ey vay!
Bu urus
başdılar,
Bilməyirəm
hardan
aşıb-daşdılar?!
Ölkədə
gündən-günə
çoxlaşdılar,
Hər əmələ,
hər işə çulğaşdılar,
Qoymayın,
ay köhnələr,
hay
yaşdılar!
Heyvərələr
hər yerə
dırmaşdılar!
Bu da bir
faktdır ki, Sabirin şeirləri işıq üzü
görəndən üzü bəri bir tərbiyə məktəbi
missiyasını çox məharətlə yerinə yetirib.
Sabir təkcə qəzəllər, satirik şeirlər
yazmırdı. Onun yaradıcılığında uşaqlar
üçün də qələmə alınmış
mükəmməl nümunələr var. Uzun illər orta məktəb
dərsliklərində aşağı sinif şagirdləri məhz
Sabirin şeirlərini sevə-sevə oxuyurdular, əzbərləyirdilər.
Bir məsələ də maraqlıdır ki, Sabirin şeirlərində
maqnit gücü, yaddaşdan silinməmək qüdrəti
var. Biz nəsil kiçik yaşlarımızda öyrəndiyimiz
"Yaz günləri", "Uşaq və buz",
"Qarınca", "Ağacların bəhsi",
"Cütçü", "Qarğa və
tülkü" və s. şeirləri bugünədək
yaddan çıxarmamışıq. Bizə öyrətdilər,
biz balalarımıza dedik, indi də nəvələrimiz
şövqlə, özlərinə məxsus şirinliklə
söyləyirlər:
Dərsə
gedən bir uşaq,
Çıxdı
buz üstə qoçaq,
Sürüşdü
birdən-birə,
Düşdü
üz üstə yerə.
Durdu
uşaq neylədi?
Buza belə
söylədi:
"Sən
nə yamansan, a buz!
Adam
yıxansan, a buz!
Az qalıb
ömrün sənin,
Yaz gələr,
artar qəmin:
Əriyib
suya dönərsən,
Axıb
çaya gedərsən!"
Bu, sadəcə
uşaqlar üçün yazılmış mükəmməl
şeir nümunəsi deyil. Bir fəslin bioqrafiyasıdır.
Təəssüf ki, indi dərsliklərə elə
"şeirlər" salınıb ki, nə məzmunu var, nə
süjeti, nə də uşağın yaddaşına hopur,
yaşına uyğun gəlir. Mirzə Ələkbər
Sabirin, Abdulla Şaiqin, Abbas Səhhətin uşaqlar
üçün qələmə aldığı şeirlər
həmişə təzə-tər, oxunaqlı və
yaddaqalandır.
Şamaxılı
Mirzə Ələkbər dövrün, zamanın zirvəsində
dayanaraq elə əsərlərə imza atdı ki, bu gün
də Sabir sənətinin əzəməti
qarşısında heyrətimizi gizlədə bilmirik. O
öz dövrünün tiplərinin ümumiləşdirilmiş
surətlərini yaratmışdır. Onun sözlə çəkdiyi
lövhələr, hədəf seçdiyi məqamlar
dövrü üçün çox aktual idi. Amma indi Sabirin
"Hophopnamə"sini bir daha vərəqləyəndə
şairin cəsarətinə, uzaqgörənliyinə,
mübariz və döyüşçü ruhuna təəccüblənməyə
bilmirsən. Çünki Sabirin qələminə -
süngüsünə tuş gələn o mənfi tiplər
bu gün də var. Satiralarını oxuduqca ətrafımızda
o "qəhrəmanlar"ın az qala neçəsini
görürük. Bu şeirlərdə yalnız öz şəxsi
mənafeyi naminə xalqının uğursuzluğa
düçar olmasını istəyənlərin zahirən təmiz
libas altındakı iyrənc təbiəti boylanır:
Mənəm-mənəm
deyənlərin
inanma
çox da qövlünə,
Gərəkli
gündə onların
qıçındakı
fərari gör!
Amandır,
uyma vaizin
həlavəti-kəlamına,
Əba qəbanı
qovza, bax, içindəki
zəhrimarı
gör!
Sabir
satirasının yandırıcı odu budur! 150 yaşlı
babamızın şeirimizdə qaldırdığı həqiqət
bayrağı əbədi bir yüksəlişdə, zirvədə
dalğalanmaqdadır.
Flora Xəlilzadə,
Kaspi.- 2013.-25-27 may.- S. 16.