“Mənimçün o həmişə sağdı, bizim aramızdadı”

 

Ramiz Novruz o aktyorlardandır ki, saysız tamaşaçı sevgisi qazanıb. Uşaq ikən ailəsi onun hərbiçi olmasını istəsə də  Ramiz Novruz sonda qərara gəlib ki, bütün sənətləri birləşdirəcək yalnız bir yol var, o da aktyorluqdur.

Ramiz Novruz çox səmimi insandır. Heç kəsə paxıllıq etməz, əksinə yardım əlini uzadar. Eyni zamanda çox ailəcanlı birisidir. O, ailədə necə səmimi, qayğıkeş, başadüşəndirsə, elə sənətdə, dostları arasında da o cürdür. Aktyor çox təmkinlidir, problemləri olarsa ya ailəsi ilə bölüşər, ya da qapı arxasında qoyar. Boş vaxtlarını ailəsi ilə keçirməyi sevir.

Beləliklə, müsahibim  Azərbaycanın xalq artisti  Ramiz Novruzdur.

- "Saf niyyətli, gözü-kölnü tox adamlar hələ ki var. Deməli dünya hələ dağılmayıb”. Ramiz Novruz da mı belə düşünür?

- Əslində ssenaridəki sözlərə mənim də müdaxiləm olub, amma bu sözdən çox xoşum  gəlir. Elədi, məncə hələ də var. Elə biri də mən özüm (gülür).

- Hikmət Bədirli ilə sizin öz həyatınızda bənzəyişlər var. Bu təsadüfdür ya ssenariyə sizin də müdaxiləniz olub?

- Rövşən İsaq istedadli insandi. Lakin ssenaridən basqa əgər aktyordan ağılabatan təklif gəlirsə, o qəbul edir, ən yaxşısını seçir, əlbəttə ki, mənim də müdaxiləm az olmayıb.

- Siz kinoaktyorlar gildiyasının  yaradanlardansınız. Bu barədə nə deyə bilərsiniz?

- Açığı desəm onun yaranmasında o qədər də aktivlik etməmişəm. Sadəcə o vaxtlar Həmidə xanım mənə təklif edəndə mən də müsbət qarşıladım. Ancaq sonradan həm kino çəkilişləriylə həm də teatrdakı işlərimlə əlaqədar olaraq çatdırmadım.

- Özünüzü daha çox səhnədə, yoxsa çəkiliş meydanında  rahat hiss edirsiniz?

- Mənimçün fərqi yoxdur, əsas odur ki, mövzu məni maraqlandırsın, obrazın bu gün üçün deyəcək sözü olsun.

- Daima gözlərinizin dərinliyində bir saflıq var. Yeri gəlmişkən, gözləriniz sizi satmır ki?

- Deyirlər yaradıcı adamlar uşaqlıq saflığını qoruyub saxlayır. Aktyor da elədir, uşaq kimi inanır, inanmalıdır. Əlbət ki söhbət peşəkar rejissorun verdiyi roldan və mizandan gedirsə. Yaqin məndə də uşaqlıq saflığı qalıb.

- Sizcə aktyorun sevilməsi ilə aktyorun özünü sevdirməsi arasında nə kimi fərq var?

- Aktyorun özünü sevdirməsi ustalıqdan, yüksək peşəkarlıqdan irəli gəlir, necə gözəl oyun nümayiş etdirməsindən. Lakin aktyorun sevilməsi ilahidən gələn bir şeydir, necə məlahətlidir, səhnəyə çıxan kimi tamaşaçılar tərəfindən həməncə sevilir. Bax Telman Adıgözəlov, Füzuli Hüseynov həmin aktyorlardandır.

- Sizə "Sizi həyatımdan çox sevirəm " deyən olubmu?

- Olub, hal-hazırda evdədi, o vaxt başımı aldatdı, ağartdı (ürəkdən gülür).

- Orta məktəbi qurtardıqdan sonra bir müddət fəhlə işləmiziniz. Bu ali məktəbə daxil ola bilməməyinizlə əlaqədar idi, yoxsa...

- İki ilə qədər evdən mənim aktyor olmağıma razı olmayıblar. Birinci ili sənədlərimi gizlin verdim, çünki o vaxt incəsənət institutunda imtahanlar tez başlayırdı. Birincidən keçə bilsəm də yazıdan keçə bilmədim. Amma mənə dedilər ki, başqa instituta daxil ol, bir il sonra keçərsən incəsənətə. Mən də elə etdim. Pedaqoji instituta qəbul oldum. Bir il sonra isə Ədil İskəndərovun kursunu seçdim.

- Elə olub ki Ədil müəllim sizi hələ tələbə ikən məhz filan rolda gördüyünü desin?

- Bir dəfə  "Eşq və İntiqam” pyesində bi səhnə var, mən tufəngi əlimə alıb deyirəm ki, quşu belə vurmaq lazimdi. Bu vaxt Ədil müəllim məni saxladi və dedi ki  "qadam bax bu rolu belə jestlə harda oynasan, hansi rejissor səni görsə bəyənib filminə çəkər”. O mənə deyirdi ki, sən hər səpkidə oynaya bilən aktyorsan. İstər komediya, istər faciə, istərsə də dramatik.

- Nədən sizi çox vaxt tarixi şəxsiyyətlərin roluna dəvət edirlər?

- Yəqin simamda bir qəhrəmanlıq, bir tarixi şəxsiyyəti görürlər (gülür).

- Elə olubmu ki,  tamaşanın gedişində tərəfmüqabilləriniz ya sizi pis vəziyyətə salmaq  üçün, ya da zarafat etməkçün mətndən kənar çıxıblar?

- (gülür)Çox olub. Amma onu deyim ki, mənim səhnədə çox iti zəkam var, nə artıq-əskik söz desələr o dəqiqə cavabın verəcəm. Söz altda qalan deyiləm, ona görə də daha mənimlə belə bir zarafat etmirlər.

- Ən çox sediyiniz və sevmədiyiniz rolunuz?

- Sevdiyim rollardan ən çox "Yaşlı xanımın gəlişin”də  İll, "Xəcalət”də Murad, "Hara gedir bu dünya”da  Laçın, "Xanuma”da Knyaz Pantiaşvili. Sevmədiklərim çox olub, amma saymaq istəmirəm(gülür).

- Teatr tənqidçilərindən biri "Xanuma "dan bəhs edərkən Pantiaşvilini sizin "dəcəl, şuluq, kefcil, içi zarafatla dolu yorğa  at”  kimi oynadığınızı  yazır. Buna  sizin  münasibətiniz?

- (gülür) Eynilə elədir. Qocalığda yorğalıq etmək istəmişdi. Bu rolu sanki tıqqıldadarkən içi boş nağaraya bənzədirəm. Mən bu tamaşanın Leninqrad versiyasına baxmışam. Lakin mən oynadığım Knyazı azərisayağı Pantiaşvili kimi oynamaq istəmişəm.

- Hansı sovet aktyoru ilə bir səhnədə oynamaq istərdiniz?

- Innakenti Smaktunovski, Ulyanov, Yankoviçlə.

- Gənc aktyorlardan kimləri fərqləndirərdiniz, bu gün istedadlı gənclərimiz varmı?

- Var, sadəcə onları düzgün yönləndirmək lazımdır, bax elə Anar Heybətovu, Rövşən Kərimduxtu, Hikmət Rəhimovu deyə bilərəm.

- Qələminizi dramaturgiya sahəsində sınayanda tənqid olunmaqdan qorxmadınız ki? Ya bəlkə bizdə Belinski kimi  tənqidçilərin olmadığından əmin idiniz?

- Hə, iki pyesin müəllifiyəm. Biri 20 yanvar hadisələrindən danışır, digəri isə  "Hələ sevirəm  deməmişdilər” adlanır. Bu isə Qarabağda səni sevirəm deməyə vaxt tapmadan ölən gənclərdən danışılır. Mən hansısa pyesi yazanda fikirləşmirəm ki, kimsə məni tənqid edəcək. Yazmaq xətrinə yazmıram,  sadəcə hansısa mövzu məni narahat edirsə, o barədə yazaram.

- Həyatda ən çox nəyə məyus olmusunuz?

- Ən çox sənətimlə bağlı bir hadisəyə məyus olmuşam. Barat xanım Şəkinskaya ilə görüsə bilməməyimə. Ha dedim gedərəm, gedərəm, bir də ayıldım ki, artıq Barat xanım dünyasını dəyişib.

- Vaxtilə Milli Teatrda eyni səhnəni paylaşdığınız hansı görkəmli aktyorumuzun  itgisi sizə daha çox təsir edib?

-Səməndər Rzayevin, Hamlet Xanızadənin, Məmmədrza Şeyxzamanovun  ölümünə çox kədərlənmişəm. Hətta atam öləndə elə ağlamamışdım ki, Şeyxzamanovun  ölümünə o cür ağladım. Ancaq bircə Telman Adıgözəlov haqqında heç vaxt dünyasını dəyişmiş kimi danışmıram. Mənimçün  o həmişə sağdı, bizim aramızdadı.

 

 

Nigar Pirimova

 

Kaspi.- 2013.-25-27 may.- S. 12.