Sözlər çox,
düşüncə asudə
Tanınmış
yazıçı, millət vəkili Elmira
Axundovanın yubileyidir
Azərbaycan
yazıçısı, jurnalist, ictimai xadim Elmira Axundova kimi
parlaq, maraqlı insanı əlamətdar günü
münasibətilə təbrik edərkən elə
özü kimi sıradankənar ibarələr seçmək
heç də təsadüfi deyil. Elmira xanımdan və onun
gördüyü işlərdən bir-iki kəlmə ilə,
müxtəsərcə danışmaq çox çətindir,
bəlkə də imkan xaricindədir.
Çoxdandır
fikir vermişəm, Elmira gələndə ətrafdakıların
baxışı durulur, yumşalır. Çünki onu
ölkə həyatında, ayrı-ayrı insanların
taleyində iz qoyan hadisələrin fəal
iştirakçısı kimi tanıyır və dəyərləndirirlər.
İctimaiyyəti narahat edən məsələlər
haqqında kəskin yazıları, bədii əsərləri,
“Heydər Əliyev: şəxsiyyət və dövr” kimi
irimiqyaslı layihəni böyük məsuliyyətlə həyata
keçirməsi, Milli Məclisdəki
çıxışları, habelə mehribanlığı,
zəhmətkeşliyi ona qarşı hamıda rəğbət
oyadır, onu yaxşı mənada məşhur, istedadlı
ictimai xadim kimi tanıdır.
Geniş
qəlbli bu insana qarşı təkcə dost-tanış yox,
hətta şəxsən üz-üzə gəlməsə
belə, zəkasının işığını,
qayğısını, qəlbinin hərarətini,
yaxşılıq etmək həvəsini öz üzərində
hiss edən, köməyini əsirgəmədiyi hər kəs
daim minnətdarlıq duyur, hörmətlə anır. Bu da
irsiyyətdən çox iti zəkaya malik bu qıza təəssübkeşliyi,
başqasının ağrı-acısını özünə
götürüb özünküləşdirməyi,
özünə qarşı daha tələbkar olmağı,
yalnız öz zəhmətinin, qarşıya məqsəd
qoyub onu izləməyin bəhrəsinə qane olmağı
öyrətmiş mürəkkəb həyat yolunun nəticəsidir.
Artıq
məktəbli yaşında cəsarətli, natamamlıq hissindən
uzaq olan Elmira uşaqları ardınca aparar, Azərbaycan
Dövlət Universitetində tələbəlik illərində
isə komsomol rəhbəri olub, yeknəsəq gündəlik
yaşayışın fövqünə qalxmaq, peşə və
vətəndaşlıq baxımdan irəli getmək istəyənləri
onun ardınca dərnəklərə, yaradıcılıq
birliklərinə yazılmağa ruhlandırıb.
Elmira
daima irəli, yüksəklərə can atıb, seçdiyi
sahə ilə birgə böyüyüb, hər zaman yeniliyi kəşf
etmək əzmindədir. Həmişə ətrafdakılara
nümunə olsa da, nəinki qısqanclığa tuş gəlməyib,
əksinə, yeni-yeni ardıcıllar, silahdaşlar
qazanıb. Bütün bunlar sayəsində hələ gənc
yaşlarında nüfuzlu mətbu orqanlarının nəzər-diqqətini
çəkməsi də çox təbiidir. O vaxtlar
SSRİ-nin mərkəzi qəzetləri bu istedadlı,
savadlı, zəhmətsevər və məsuliyyətli gənc
jurnalistlə əməkdaşlığa böyük maraq
göstərirdi. Hələ Azərbaycanın ən
taleyüklü dövründə 10 il ərzində
böyük müvəffəqiyyətlə, şərəflə
“Azadlıq” radosu ilə əməkdaşlıq etməsi yeni
gerçəklikləri daha əhatəli dərk etmək,
mühüm ictimai siyasi məsələlərə dair fikir
yürütmək qabiliyyətini daha da artırdı.
İctimai
əhəmiyyət kəsb edən məsələlərə
dair aydın, hərtərəfli
düşünüb-daşındığı fikirlərini
səlis izah etmək, ürəkdən qətiyyətlə rədd
etdiyi məqamları iti qələmilə əsaslı şəkildə
tənqid etmək bacarığı sayəsində Elmira
Axundovanın taleyinə jurnalist olmaq yazıldı.
Yubileyi
ərəfəsində qısa müsahibəsində Elmira
xanım özü haqqında, peşədə püxtələşdiyi
və eyni zamanda əzab-əziyyətlərlə yadda qalan
ötən illərin onun üçün
daşıdığı məna, dəyər haqqında
söhbət açdı.
- Bu gün ötüb keçənlərə
nəzər salanda yolumun heç vaxt hamar
olmadığını daha aydın hiss edirəm. Necə deyərlər,
hazıra nazir olmamışam. Atam və anam istedadlı
insanlar olsalar da, peşə seçimi, işə düzəlməklə
bağlı mənə erkən yaşımdan sərbəstlik
veriblər, yəni qolumdan yapışıb harasa aparanım
olmayıb. Böyük mətbuata da gec gəlmişəm.
Yazıçılar İttifaqında, sonra Azərbaycan Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda bir
neçə il çalışıb 31 yaşımda
dissertasiya müdafiə etmişdim, ciddi şəkildə tərcümə
işilə məşğul olmuşdum. Bütün bunlar
elmi axtarışlarda ciddi, sözə, fakta qarşı məsuliyyətli
olmağı öyrətmişdi mənə.
-
80-ci illərin axırında ağır günlər
yaşayan Azərbaycanda həqiqətlərin dünyaya
olduğu kimi çatdırılmasına, haqq səsimizin
duyurulmasına kəskin ehtiyac vardı.
- Bəli,
elə həmin vaxtlar ölkəmizdə, Dağlıq Qarabaq ətrafında
baş verənləri dünyaya tanıtmaq, başa salmaq
üçün yazılar yazmağa başladım. Rusiyanın
nüfuzlu nəşrləri, o cümlədən “Literaturnaya
qazeta”, “Delovoi mir”, “Obshaya qazeta” vs. mənə yazılar
sifariş edir və məmnuniyyətlə dərc edirdilər.
- O
vaxt “Azadlıq” radiosuna müxbirliyə dəvət
almağınızı çoxları vətəndaşlıq
və siyasi yetkinliyinizin bariz sübutu kimi qəbul etmişdilər.
-
Orada işləmək həm məsuliyyətli, həm də əyləncəli
idi.
- Elə
o vaxtlar da Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev sizi görüb oz komandasına dəvət
etmişdi, eləmi?
-
Komandasına dəvət etdi və sonradan başa
düşdüyüm kimi, verdiyim yox cavabına da hörmətlə
yanaşdı. Buna baxmayaraq, xarici səfərlərə gedərkən
yanındakı nümayəndə heyətinə məni də
salmağı unutmazdı.
- Yəqin
həmin günlər həyatınızın ən əlamətdar
anları olub...
- O
görkəmli şəxsiyyətə qarşı get-gedə
daha çox hörmət və ehtiram hiss edərək
doğrudan da ölkəmizin taleyində çox çətin
dönüşə imza atmaq qismətinə
yazılmış bu insan haqqında bütün dünyaya bəhs
etmək həvəsi məni çulğamışdı.
- O
vaxtdan ölkəmizin də, Sizin də həyatınızda
çox şey dəyişib. 2005-ci ildən millət vəkilisiniz.
- Bəli,
üçüncü və dördüncü
çağırış Milli Məclisin üzvüyəm,
Sosial Siyasət Komitəsində çalışıram.
- O
vaxt Azərbaycan prezidenti yanında Əfv Komissiyasının
da üzvü oldunuz.
- Həmin
komissiyada indiyədək qalıram.
-
Millət vəkilliyi jurnalistikadakı insanpərvər qayəsinin
davamı sayıla bilərmi?
- Əslində...
Amma burada məsuliyyət dairəsi də, məsələləri
çözmək üsulu da çox fərqlidir.
-
Milli Məclis hakimiyyətin qanunyaradan qolunu təmsil edən
ciddi qurum olsa da, sıravi adamlar buraya çox vaxt məişət
problemlərini həll etmək üçün üz tuturlar.
-
Burada heç bir ziddiyyət yoxdur, onlar doğru yerə gəlirlər.
Belə ki, hər bir qanun layihəsi hazırlandığı
vaxt müzakirəsinin, qəbulunun məqsədəuyğunluğundan
tutmuş bütün məqamlar ətraflı
araşdırılmalıdır. Vətəndaşların
müraciətləri də bu suallara cavab tapmağa, yəni
dövlətin və hər bir vətəndaşın həyatını
tənzimləyəcək sənədin ayrı-ayrı
müddəalarını lazımi səviyyədə
hazırlamağa çox kömək edir.
- Bu,
çox böyük etimaddır.
- Əlbəttə.
-
Amma bütün bunlar üçün Milli Məclisdə təmsil
etdiyiniz bölgədə də xeyli vaxt keçirməlisiniz.
- Elə
keçirirəm də. Cavanlıqda müxbir vaxtlarımda tez-tez
ezamiyyətə gedərdim, uşaqlar üçün narahat
olardım ki, analarını az görürlər. O vaxt
televiziyada çalışan yoldaşım sağ olsun, onlara
muğayat olurdu. Mənəvi cəhətdən bütöv
insan olan yoldaşım həmişə uşaqlara da, mənə
də dəstək verməyi, inam aşılamağı
bacarıb. Bu da işimin gərginliyi nəzər alınsa
çox əhəmiyyətli məsələdir. Uşaqlar
ailədə həmişə sağlam ab-hava, bərəkət
görsələr də, arxayınlaşmayıblar.
Qızımız BDU-nun beynəlxalq münasibətlər
fakültəsini qırmızı diplomla, sonra Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunu, hətta
Moskvada Ali Ssenarist Kursunu bitirib. Oğlumuz da sahibkar kimi uğur
qazanıb, iki övlad atasıdır. Odur ki, işimlə
bağlı yaranan çoxlu qayğılara, səfərə
çıxmaq məcburiyyətinə daha təmkinli
baxıram. Artıq həmvətənlərin problemlərini
daha çox diqqət
ayıra bilirəm.
- Razılıq hissiniz varmı?
- Niyə
olmasın ki! Mənim göndərdiyim sorğular və
müxtəlif müraciətlər nəticəsində 71
nömrəli Masallı seçki dairəsində yaşayan
bir çox kənd sakininin problemləri həll olunub, Milli Məclisdə
müvafiq sənədlər hazırlanarkən bizim əsaslı
siqnallarımız nəzərə alınıb.
- Mən
də eşitmişəm ki, ölkənin ali qanunyaratma
qurumunda seçicilərin mənafeyini layiqincə müdafiə
etrdiyinizə görə ən fəal millət vəkillərindən
biri olaraq dəyərləndirilmişdiniz.
-
Olub. Məsələn, təqaüdlərin
artırılmasına dair qanun layihəsi üzərində
iş gedəndə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları
belə bir fikir söyləmişdilər.
-
Özü də elə bayaq toxunduğumuz, ilk nəzərdə
xırda, əhəmiyyətsiz görünən vətəndaş
müraciətləri araşdırırkən ortaya
çıxan fikirlər əsasında.
-
Bunlar ümumi məcraya toplanmalıdır.
- Təbii
ki. Hərçənd vətəndaşlardan gələn
siqnalları ümumiləşdirib millət vəkillərinin
müzakirəsinə təqdim etmək üçün
heç də onların müraciətini gözləmək
lazım gəlmir. Bölgənin problemlərini müvafiq
qurumların rəhbərləri də danışırlar, elə
millət vəkilinin özü də aradan qaldırılacaq
problemlərdən xəbərdar olub onları ən yüksək
səviyyədə müzakirəyə çıxarır.
- Bəs nəticə?
-
Ölkə prezidentinin qayğısı nəticəsində
bir çox sanballı qərarlar verilir, büdcədən
ayrılan vəsaitlə mövcud nöqsanları aradan
qaldırmaq, irəli getmək imkanı yaranır. Məsələn,
bizim Masallı dairəsində son səkkiz il ərzində
bir çox qəsəbə və kəndlər
abadlaşdırıldı, 15 kənd məktəbi tikildi və
ya təmir olundu, əvvəlki dövrdə isə bu rəqəm
sıfırdır.
-
Amma tikinti və abadlıq yerli icra orqanlarının vəzifəsidir...
- Həyat
isə göstərir ki, bu cür ciddi məsələlər
necə deyərlər, elliklə həll olunur. Odur ki,
ayrı-ayrı günahkarları axtarmaqdansa, səyləri
birləşdirmək daha səmərəlidir ki, biz də
bunu edirik. Hər halda bunun bəhrəsi hər yerdə
görünür. Fikir verin, regionların sosial iqtisadi
inkişafına dair dövlər proqramının yerinə
yetirilməsi ilə Azərbaycanın az qala bütün şəhərlərində
gözəl parklar salınıb, meydanlar, küçələr
abadlaşdırılıb. Məktəblər, xəstəxanalar,
idman qurğuları, sənaye və kənd təsərrüfatı
müəssisələri yaşayış keyfiyyətini
artırmaq, məşğulluğu, rifah halını yüksəltmək
imkanı deməkdir. Əksər yaşayış yerlərinə
yenidən təbii qaz verilib, Lerik və Yardımlı kimi bir
çox ucqar bölgələrə müasir yollar çəkilib,
nəticədə həm ümumi gediş-gəliş
yaxşılaşıb, həm də əvvəllər hərəkət
etmək qorxulu olan yerlərə rahat gedib çıxmaq olar.
Həmçinin ən ucqar bölgələrə içməli
su çatdırılmasına, genişmiqyaslı tullantı
sular şəbəkəsi tikintisinə dair layihələr həyata
keçirilir.
- Doğrudan da adətən mənəvi
dünyamızı qidalandıran qələm adamının
iqtisadi siyasətdən, sosial məsələlərin həllindən
belə baş çıxartdığını görmək
çox xoşdur. Bəs ədəbiyyat?
- Ədəbiyyat
həyatımın bir parçasıdır, ədəbiyyat
qayğıları daim mənimlədir. İstəsən də,
istəməsən də adamın düşüncəsi
şüuraltında dolaşaraq müşahidələri, məntiqi
bağlantıları götür-qoy edir...
- Yəqin 6 cildlik “Heydər Əliyev:
şəxsiyyət və dövr” nəhəng layihəsindən
sonra bir müddət istirahətə çəkilərsiniz?
-
Xeyr. Belə ki, axırıncı cildlər Azərbaycan dilinə
tərcümə edilərkən bəzi əksikləri aradan
qaldırmaq lazım gəlir. Həmçinin müxtəsər
variantı hazırlamaq da böyük zəhmətlə
başa gələcək. Belə ki, bir çox MDB ölkələrindən
öz dillərində nəşr etdirmək üçün
iki-üç cildlik hazırlayıb onlara göndərmək
barədə bizə müraciət ediblər.
- Bu iş xeyli vaxt
aparacaq.
- Bilirəm. Eyni zamanda bu cür müraciətlər
çox sevindiricidir.
Həmçinin bəzi çoxdankı
planlarımı gerçəkləşdirmək,
o cümlədən məsələn,
Azərbaycan ziyalılarının
tarixinə dair bədii xatirə əsəri yazmaq niyyətimi də hələ kənara qoymuram.
- İndiki gənclərdə
mütaliəyə marağın
səngiməsi Sizi məyus etmirmi?
- Xeyr. Hər dövrün öz
öxucuları, müəllifləri,
öz mövzuları,
öz ünsiyyət qaydaları var. Oxumurlarsa, deməli, düzgün yazmırıq, düzgün
mövzu seçmirik.
Yəni müştəri həmişə
haqlı olduğu kimi, oxucu da
həmişə haqlıdır.
-
1991-1998-ci illərdə Rusiyanın
nüfuzlu mətbu orqanı “Literaturnaya qazeta”nın rəhbəri olmuş həmkarınız Aleksandr
Udalsov yubileyiniz mübasibətilə Sizi təbrik edərək o vaxtlar hörmət bəslənən xidmətlərinizdən
söz açır.
- Elə bilirəm ki, öz prinsiplərimdən
dönməmişəm.
- O, çox haqlı olaraq yazır: “Məncə, Rusiyanın və vaxtilə SSRİ-yə daxil olmuş
bütün ölkələrin
xalqları o vaxtlar respublikanızda baş verənləri başa düşsünlər deyə
çox zəhmət
çəkmisən və
bunu heç kəs inkar edə bilməz. Xüsusi müxbirimiz kimi işlədiyin Bakıdan səmimiyyətlə,
istedadla yazdığın
məqalələr, reportajlar,
xəbərlər qəzet
oxucuları tərəfindən
həmişə böyük
maraqla qarşılanırdı.
Xüsusilə Azərbaycan
rəhbərlərilə, respublikanın
görkəmli yazıçıları,
ictimai xadimlərilə
müsahibələrin həm
Moskvada, həm də bütün MDB-də geniş əks-səda doğururdu”.
- Bu cür təbriklər həmişə qiymətlidir,
xüsusilə də yubiley ərəfəsində.
- Biz də Sizi ürəkdən
təbrik edir, möhkəm can sağlığı
və yeni-yeni uğurlar arzulayırıq.
Qalina Mikeladze
Kaspi.- 2013.-25-27 may.- S. 7.