28 May Azərbaycanın
İstiqlaliyyət günüdür
Tarixdə
elə əlamətdar günlər var ki, bir millətin
varlığını, böyüklüyünü,
mübarizliyini sübut edir və onu bütün dünyaya
tanıdır. Bizim də tariximizdə belə günlər
var. Onlardan biri də 28 may 1918-ci il milli istiqlal
bayramımızın bəyan edilən günüdür. O,
gün ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Azərbaycan
tarixində ilk dəfə olaraq müstəqil respublika quruldu.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində
ilk respublika oldu. Bu haqda dövlətin qurucularından olan M.Ə.Rəsulzadə
yazırdı: “türk mənşəli bütün digər
dövlətlər başlıca olaraq dini təməl üzərində
qərar tutduqları halda, Azərbaycan Respublikası müasir
milli-mədəni müstəqillik təməlinə,
türk-demokratik dövlət qurumu zəmininə əsaslanır
və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir”.
Bu
dövlət haqqında türk tədqiqatçısı
Mustafa Yazıçı məşhur əsərində qeyd
edirdi ki: “Tarixdə qurulan türk dövlətləri
sıralamasında Azərbaycan Cümhuriyyəti (1918-1920)
114-cü sırayı almaqdadır. Və 28 may 1918-də Azərbaycan
milliyyətçi Müsavat Partiyası lideri M.Ə.Rəsulzadə
liderliyində bağımsız Azərbaycan dövləti
qurulmuşdur”.
28
may, Azərbaycan türkünün milli bayramı, milli iftixar,
milli qurtuluş, milli yüksəliş günü. 28 may, Azərbaycan
türkünün müstəqil həyata qədəm
atdığı gün. Bu gün ilk dəfə milli dövlət
bayramı kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə
1919-cu il mayın 28-də təntənəli bir şəkildə
qeyd edildi. Bolşeviklərin Azərbaycanı işğal etməsi
nəticəsində bu bayram 73 il yasaq edildi. “Fəqət
Rusiya 27 aprelin zərbəsi ilə Azərbaycanın həyatını
əbədiyyən məhv edə bilmədi” ki, bir daha 73 ildən
sonra 28 may yenidən böyük və əziz bir bayram kimi
anıldı. “Öylə bir bayram ki, onun xatiri Ümum Azərbaycan
vətəndaşları üçün daima möhtərəm
və müqəddəs sayılacaqdır”.
İllər
sonra Xəlil Xasməmmədov “Azərbaycan yurt bilgisi”
jurnalında bu günü belə xatırlayırdı:
“İştə 28 mayda “Azərbaycan Milli Şurası”nın
cahana elan etdiyi “İstiqlal bəyannaməsi” bu dönməz və
sönmək bilməz milli Azəri türklərinin iradəsi
əsəridir”.
Bu əsərin
yaradılması isə Azərbaycan milli ruhlu mətbuatının
uzun illər apardığı ideya və məfkurə
mücadiləsinin məntiqi nəticəsi idi. Çünki,
Azərbaycan Xalq Cümhuriyyətinin qələbə
calmasında Azərbaycan jurnalistikasının xidmətləri
böyük idi. Kütlə şüuru milli
özünüdərkin yüksək mərhələsində
deyildi. Milli azadlıq ideyası özünün əməli
mərhələsinə daxil olurdu.
Aparılan
araşdırmalar da göstərir ki, bu dövr Azərbaycan mətbuatının
uğurları birbaşa Azərbaycan istiqlalı, dövlət
müstəqilliyi ilə bağlıdır. Çünki Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün mətbuatı
1918-1920-ci illər üçün səciyyəvi olan
bütün xüsusiyyətləri demək olar ki,
özündə əks etdirib.
Ümumiyyətlə,
1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb,
ziddiyyətli, zəngin və ibrətamiz hadisələrlə
dolu olan bir dövrüdür. Məhz bu səbəbdən bu
dövr uzun müddət tədqiqatçların diqqət mərkəzində
olub. Lakin sovet dövrü yazılan bu tədqiqat əsərləri
müəyyən ideoloji-siyasi səbəblər üzündən
obyektiv mənzərəni düzgün əks etdirməkdən
və qiymətləndirməkdən uzaqdır. “Müsavat
dövrü” deyərək daima qarayaxmalara məruz qalan. Milli
dövlətçilik tariximizin parlaq səhifəsini təşkil
edən mətbuatımızın bu mərhələdəki
fəaliyyəti də kifayət qədər öyrənilməmişdir.
Halbuki bu dövrü tam və əsaslı şəkildə
öyrənmədən Azərbaycan jurnalistikasının
inkişaf mərhələləri və keyfiyyət göstəriciləri
haqqında bütöv təsəvvür əldə ürmək
qeyri mümkündür.
Hər
birimizə məlumdur ki, uzun müddət Azərbaycanın
milli dövlət quruluşunun dirçəldilməsi
uğrunda mübarizə aparanları çox çətin,
ziddiyyətli və mürəkkəb şəraitdə bu
müqəddəs arzu və istəyi, əməli olaraq həyata
kecirənləri “millət xainləri”, bu barədə
düşünənləri və yaxud düşünmək
təşəbbüsündə olanları isə “millətçi”
ləqəbi ilə damğalamış, təqib və məhkum
etmişlər. Xüsusən də 1918-1920-ci illər yasaq
edilmişdir. Çünki bu illər xalqımız
böyük fədakarlıq göstərərək,
imperiyanın caynaqından qurtulmuş, milli
azadlığına qovuşmuşdur. Lakin bu azadlıq
xalqımıza çox böyük faciələr, qurbanlar,
itkilər bahasına başa gəldi.
1918-ci ilin martında rus bolşevikləri ilə ermənilər silah gücünə Bakı və onun ətraf rayonlarında hakimiyyəti ələ
keçirdilər. On minlərlə günahsız insan
qətlə yetirildi, kəndlər, şəhərlər
xarabaya çevrildi.
Ölkədə vəziyyət çox
çətin bir duruma
düşdü. Bu vaxt qardaş Türkiyə
hökuməti və onun silahlı
qüvvələri təmannasız olaraq
Azərbaycan hökumətinə və xalqına köməyə
gəldilər. Rəşadətli türk
ordusu sentyabın 15-də Bakını
düşməndən azad edərək milli hökuməti bərqərar etdi.
Xalqımızın
tarixinə diqqət yetirsək hacanki, milli
azadlığımız uğrunda mübarizəyə
qalxmışıq, o anda belə faciələrin qurbanı
olmuşuq. Yadıma 1990-cı ilin qanlı yanvarı
düşür. İkinci müstəqillik elanı ərəfəsində
sovet qoşunları Bakını işğal etdi. Xalq yenidən qurbanlar verdi. İnkaredilməz bir
oxşarlıq.
20-ci yüzilliyin birinci istiqlal savaşı kimi, ikinci istiqlal savaşı da millətimizə çox ağır başa gəldi. Tariximiz, varlığımız, təhlükə altına alındı. Millət də torpaq da ölüm-dirim savaşına girdi. Bu baxımdan neçə əsrdir, xüsusən də XX əsr tarix və tale bizi dəfələrlə belə bir imtahana çəkdi, müstəqil bir xalq kimi yaşayıb-yaşamamasına qadir olub-olmaması üçün höküm çıxarırıdı. Bu imtahandan yaxşı çıxmaq üçün xalq öz keçmişinə və gələcəyinə nəzər salmalı və nəticə çıxarmalı idi.
Azərbaycan
Xalq Cümhuriyyətinin liderlərindən olan M.Ə.Rəsulzadənin
təbrincə desək: “azadlıq və istiqlaliyyəti
heç bir millətə, heç bir xalqa vermirlər,
bağışlamırlar. Xalq onu özü əldə etməlidir.
Qanı ilə, canı ilə, ağlı ilə, qətiyyəti
ilə. Çünki müstəqilliyin yolu, istiqlaliyyətin
yolu tufanlardan, vuruşlardan keçir”.
Azərbaycan
istiqlal və dövlət müstəqilliyinin bərpası
üçün xalqın ziyalı oğulları yenə də
ən kəsərli silah kimi mətbuata sarılaraq hər bir
çətinliyə məruz qaldılar Lakin onlar əqidəsindən
dönməyərək H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, Ü.C.Hacıbəyli qardaşları,
M.Cəlil, Ə.M.Topçubaşov əqidəsinə sadiq
qalaraq mübarizəyə qalxdılar. İctimai-siyasi həyatda
baş verən hadisələri, onların nəticələrini
öz jurnalist və publisist əsərlərində təhlil
edərək xalqa çatdırırdılar.
Beləliklə,
20-ci yüzilliyin 80-cı illərinin ortalarından etibarən
bütün dünyada, ilk öncə də Şərqi
Avropanın “sosializm düşərgəsi”nə mənsub
ölkələrində gedən ictimai-siyasi proseslərin
fonunda keçmiş SSRİ-nin ayrı-ayrı müttəfiq
respublikalarında, o cümlədən Azərbaycanda baş
qaldıran milli oyanış dalğası əzəmətli
xalq hərəkatına çevrilərək yeni dünya
nizamının təməlini qoydu. Cümhuriyyətin
ideyaları xalqımız üçün yol göstərən
mayaka çevrildi və özünü Azərbaycan Xalq
Cümhuriyyətinin varisi elan etdi.
Bütün
bunlar mətbuatın intişarı ilə Azərbaycan cəmiyyəti
yeni inkişaf mərhələsinə qədəm qoydu.
Doğrudur, ictimai-siyasi, ədəbi-mənəvi mühiti
birdən-birə dəyişmə-di, lakin yeni ruhlu mətbuatın
yaranması həyatın bütün sahələrinin
inkişafına təkan oldu.
1918-1920-ci
illərdə olduğu kimi, 1998-1990-cı illərdə də
Azərbaycanın ictimai-siyasi həyatda baş verən
bütün hadisələr əsasən mətbuatda əks
edildi. Mətbuatımız xalqın qəflət yuxusundan
oyanması, özünüdərk etməsi yolunda
böyük mübarizəyə qoşuldu. Bu mətbuat
1918-1920-ci illərlə 1988-1990-cı illər arasında bir mənəvi
körpü yaratdı.
Məlumdur
ki, istiqlal uğrunda mübarizə əvvəlcə ideoloji cəhətdən
hazırlanır. Siyasi cərəyana çevrilir, cəmiyyətin
sağlam qüvvələrinin şüuruna həkk olunur, hərəkatın
siyası ordusu formalaşır. Azərbaycan mətbuatı da
bu siyasi prosesdə yaxından iştirak etmiş və onun fəal
təbliğatçısına çevrilmişdir. Ona
görə də 1918-1920-ci illər milli mətbuatımızın
ictimai-siyasi fikir tariximizdə çox böyük rolu və
yeri var. Bu dövrün milli ruhlu mətbuatı Azərbaycan
ziyalılarının ictimai-siyasi, ədəbi-bədii
fikrimizin mübarizə tribunasına çevrilmişdir.
Xalqın
azadlığı səadəti uğrunda mübarizə
idealı bütövlükdə onların
yaradıclığına hopmuşdur. Baş verən siyasi
hadisələrə ayıq-sayıq siyasi münasibət
göstərməklə yanaşı, eyni zamanda onun
mövqeyini, çıxış yolunu müəyyənləşdirirdi.
Bu
gün də Azərbaycan müstəqildir. Xalq öz ən
böyük milli mənəvi, ideoloji-siyasi sərvətinə-istiqlalına
qovuşmuşdur. Bu istiqlalını ona bir daha anladan “28 may Azərbaycan
tarixinin qaranlıq könüllərə istiqlal nurunu səpən,
təmiz vicdanlara qurtuluş imanını təlqin edən ən
fəyyaz səhifələrindən biridir”.
Qərənfil Dünyamin
qızı
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə
doktoru
Kaspi.- 2013.- 28 may.-S. 8.