O imzanı tariximizə Rəsulzadə
atdı
Güntay Gəncalp: "...o
gənc şəxsiyyətin ağlında dolaşanlar
bir millət yaradacaq, bir ölkə təsis edəcək və böyük gələcəyin əsasını
qoyacaqdı"
"Kimliyimizin
tarixi boyutları ilə bağlı olaraq Rəsulzadə həm
mikroskop, həm də teleskop rolunu oynamışdır. Türk
tarixini, sanki mikroskopla incələyərcəsinə milləti
içindən yeyib gəmirən xəstəlikləri,
mikrobları göstərmişdir"
Cümhuriyyətin
95 illiyində dahi Məhəmməd Əmini yad eləmək,
eyni zamanda müstəqilliyimizi borclu olduğumuz azadlıq
mücahidlərini xatırlamaq üçün
üzümüzü əsl Rəsulzadə sevdalısı
Güntay Gəncalpa tutduq və suallarımızı
ünvanladıq:
- Sizə görə, Məhəmməd
Əmin Rəsulzadə kimdir və ona münasibət
qaneedicidirmi?
- Rəsulzadə
çağları aydınladan, mənsub olduğu milllətinin
gələcəyi ilə bağlı yeni üfüq
açan ərdəmli bir türkdü. Bəşər
tarixində həm siyasətçi, həm də qələm
sahibi olan dahilərin sayı çox deyildir. Bu istisna şəxsiyyətlərdən
biri də Rəsulzadədir. Rəsulzadə İranın,
Qafqazın, Osmanlının, Rusiyanın tarixi və mədəni
özəlliklərini çox dərindən bilən bir
ziyalı idi. Xüsusən türk tarixini çox
ayrıntılı biçimdə bilirdi. Yazdıqları əsərlərində
bunu açıqca görməkdəyik. Çox gənc
yaşındaykən düşüncə həyatına
başlamış və düşüncə həyatı da
çox təlatümlü, hərəkətli
keçmişdir. İranda olduğu müddətdə
bütün Qacar ölkəsini milli türk dövləti etmək
niyyətində idi. Bu üzdən də orada “İrani-no”
(Yeni İran) qəzetini çıxarırdı. Yəni əskisinə
bənzəməyən yeni İran, türk ölkəsi və
dövləti olması gərəkən bir İran yaratmaq
fikrində idi. Lakin İranın tarixi və sosial mühiti
onun bu idealının gerçəkləşməsi
üçün uyğun deyildi. Bu zaman 25 yaşlarında,
çox gənciydi. Ancaq onun gənclik duyğularını dərin
düşüncələri yönləndirirdi. Osmanlıda
“Türk Yurdu” dərgisində “İran türkləri”
başlıqlı yazıları çap olduğunda 27
yaşındaydı. Göründüyü kimi, çox gənckən
nə qədər bilgili və təcrübəli olduğu
gözlər önündədir. Ağlında şəkilləndirdiyi
türklük düşüncəsini bir coğrafiyada
gerçəkləşdirmək istəyirdi. Qafqaza
döndüyündə burada xəyallarını həyata
keçirməyə çalışdı və bacardı.
Bu zaman o, 34 yaşında, hələ də gənc
olmasına baxmayaraq, bu gənc şəxsiyyətin
ağlında dolaşanlar bir millət yaradacaq, bir ölkə
təsis edəcək və böyük gələcəyin əsasını
qoyacaqdı. Yazıb-oxuması olmayan bir xalq kütləsi var
idi. Tarixçilərin verdiyi bilgiyə görə, təqribən
80 nəfər oxumuş insan var idi və Rəsulzadə bu 80
nəfərlə bir tarix icad etməyə başladı. Belə
geri qalmış bir toplum üçün sekulyar bir dövlət
qurmaq asan iş deyildi. Bu asan olmayan işi Rəsulzadə
bacardı. Rəsulzadənin həyatı mənə görə
üç mərhələdən ibarətdir:
1)
Milli şüura köklü şəkildə sahib olmaq
üçün axtarışda olduğu gənclik illəri.
Bu dönəm 1918-ci ilə qədər davam etmişdi.
2)
Modern milli şüuru mənimsədikdən sonra onu öz
ölkəsində tətbiq etmə mərhələsi. Bu
dönəm də 1918-ci ildən başlayaraq 1920-ci ilə qədər
davam etmişdi. Ancaq bu tətbiqetmə təmiz bir vicdana, dərin
bilgiyə dayandığı üçün bütün
tariximizi öz təsiri altına aldı. O zaman həyatda
olmayan bizlər də dünyaya gəldiyimizdə onun tətbiqatının
və düşüncəsinin təsirinə düşdük.
3)
Türk tarix fəlsəfəsini yazma və türk kimliyi və
gələcəyi üçün aydın bir üfüq bəlli
etmə mərhələsi. Bu dönəm 1920-ci ildən
başlayaraq həyatının sonuna qədər davam
etmişdir.
Mən
tarixlə, tarix fəlsəfəsi ilə məşğul
olan birisi olaraq, deyə bilərəm ki, Rəsulzadə kimi
tarixçi və tarix fəlsəfəsi ilə məşğul
olan şəxsiyyət daha sonrakı dönəmlərdə
ortaya çıxmamışdır. Kimliyimizin tarixi
boyutları ilə bağlı olaraq Rəsulzadə həm
mikroskop, həm də teleskop rolunu oynamışdır.
Türk tarixini, sanki mikroskopla incələyərcəsinə
milləti içindən yeyib gəmirən xəstəlikləri,
mikrobları göstərmişdir. Rəsulzadənin tarix
metodologiyasından önəmli bir dərs almalıyıq. O
da budur ki, tənqid edilməyən mövzu çürüyər,
tənqid edilməyən durum fəlakət törədər.
Rəsulzadənin tarix üzərinə tənqidi də bu
niyyətə xidmət etmişdi. Ancaq bununla yanaşı, gələcəkdə
aydınlanan türk ulusunun düşüncə
üfüqündə bir aydınlıq da göstərmişdir.
Bu qədər böyük işi necə
bacarmışdır? O, dövləti devrildikdən sonra da
düşüncələrini mətnləşdirərək
millətini aydınlatmağa davam etmişdi. Onun mətnləşdirdiyi
düşüncələr oxucu üçün teleskop rolunu
oynamaqdadır. Uzaqdakı hədəfi göstərir. Bu
üzdən də 70 il üzərindən keçsə də,
Rəsulzadənin mətnləşdirdiyi düşüncələrinə
ehtiyac ortaya çıxdı. Rəsulzadənin ağrı və
əzablarından bizə iki miras qalmışdır:
1) İstiqlal bayrağı;
2) Kitabları.
Bu
mirasa bütün nəsillər sarılacaq. Ayrıca, onun
tarixə baxış bucağı sovet dönəmində
söndürüldü və müstəqillik sonrasında da
Rəsulzadənin tarix fəlsəfəsi ilə tarixə və
gələcəyə yanaşılmadı. Mənim
düşüncə həyatımın, tarix biliklərimin
biçimlənməsində Rəsulzadənin böyük təsiri
olub. Kimsə Rəsulzadə və onun cəsarəti qədər
mənim tarix anlayışıma təsir göstərməmişdir.
Ona olan münasibət haqqında da bunları söyləyə
bilərəm: Onun kitablarının oxunması
üçün dövlət bir işlər görməlidir.
Bugünkü dövləti, bu neməti indiki idarəçilərə
başqa biri deyil, o, miras buraxmışdı.
- Sizcə, biz müstəqil
olduqmu?
-
Müstəqillik bir məfkurədir. Bu məfkurəni də
Rəsulzadə bizə miras buraxmışdır. Məfkurəni
Ziya Göyalp belə tərif edir: Müqəddəs duyğu,
müqəddəs düşüncə və müqəddəs
davranışın bir yerdə bir bütün təşkil
etməsinin adına “məfkurə” deyilməkdədir. Bax bu
müqəddəs məfkurə bir millətin şərəf
və milli namusunu ifadə etməkdədir. Bu baxımdan biz
1918-ci ildə müstəqil olduq. Ən önəmlisi
müstəqil bir ölkə kimi dünyada var olmaqdır.
Bunun acısını bizim dədələrimiz çox
çəkmişlər. Bu müstəqilliyi arzu edən Məhəmməd
Hadi o zaman yazırd:
“Atmış
miləl imzasını övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində”
Yəni Hadi deyir ki,
mənim millətimdən
başqa bütün millətlər müstəqildir. O imzanı
da tariximizə Rəsulzadə atdı və dedi ki,
“Bir kərə yüksələn bayraq bir daha enməz.”
- Niyə məhz iki il? Daha çox davam
etməsi üçün
nə etmək lazım idi?
- O zamankı dünya siyasi düzəni belə idi. Azərbaycan Cümhuriyyətinin xarici arxası Osmanlı imperatorluğu idi. Osmanlı Türk imperatorluğu olmasaydı, Rəsulzadə
təkbaşına ölkə
qura bilməzdi. Necə ki ermənilər Bakını işğal etmişdilər və paytaxt Gəncə seçilmişdi. Türk ordusu
gəlib Bakını
azad etdikdən sonra paytaxt Bakı
oldu. Osmanlı bərəkəti daşıb Qafqazı sarmışdı. Osmanlının dünya savaşında yenilməsi tariximiz üçün böyük
fəlakət doğurdu.
Azərbaycan arxasız qaldı.
Osmanlının məqsədi Güney
Azərbaycanla Quzey Azərbaycanı birləşdirib
vahid türk dövləti yaratmaq idi. O zaman Nuru Paşa Bakıya yardıma tələsərkən, Xəlil
Paşa da Güney Azərbaycana girib orada ermənilərin
Urmu və civarında törətdikləri
qətlləri durdurdu.
Məqsədləri iki Azərbaycanı
birləşdirmək idi.
Bu yolla Mərkəzi
Asiyaya rahatca çıxmaq mümkün
olacaqdı. Lakin
Osmanlı imperatorluğumuzun
yenilməsi bizə çox zərər verdi. İstanbul
işğal edildi,
Mustafa Kamal qurtuluş
savaşı başlatdı...
Rusiyanın hücumları qarşısında
yeni təsis edilmiş, professional ordusu
olmayan Azərbaycan müqavimət göstərə
bilməzdi. Ona görə
də iki əsrə bərabər olan işləri Rəsulzadə və həmfikirləri o iki ildə edə bildilər. Ən önəmlisi, millətin
şüuruna istiqlal məfkurəsini əkə
bilmələri oldu.
- Bayrağımızın
üç rəngi haqda nə söyləyə
bilərsiniz?
- Bayrağımız rəngləri
etibarı ilə cahanşümul bayraqdır.
Bəlkə də dünyada
bu gözəllikdə
bayraq yoxdur. Klassik türk tarixinin antezidir. Türk dili və türk zəkası ilə bütün bilgiləri mənimsəyərək
İslami dəyərləri
anlamağı ifadə
etməkdədir. Mavi rəng
türk dilinə verilən önəmi göstərməkdədir. Çünki hər ulusun
canlı tarixi və gələcəyi onun dilində öz varlığını
yaşadar. Türk dili
ilə modern çağı
anlamaq ikinci rəngin anlamıdır.
Ayrıca, türkçə ilə və modern ağlın imkanları ilə dini dəyərlərimizi
dərk etmək nəzərdə tutulmuşdur.
Nigar İsfəndiyarqızı
Kaspi.- 2013.- 30 may.- S.9.