Əlimərdan bəy Topçubaşovun
150 illik yubileyi qeyd olundu
Bununla bağlı Azərbaycan
Mətbuat Şurası və «Kaspi» qəzetinin
təşkilatçılığı ilə elmi-praktik konfrans keçirildi
“Əlimərdan
bəy Topçubaşov şəxsiyyəti, onun zəngin
irsi bu gün müstəqil Azərbaycanın yoluna
işıq salır, ötən əsrin sonlarında öz
istiqlalına qovuşmuş ölkəmizdə onun adı daim
əziz tutulur. Heç də təsadüfü deyildir ki, ulu
öndər Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra 1993-cü ilin dekabrında ilk rəsmi səfərini
etdiyi Fransada Əlimərdan bəyin məzarını ziyarət
etmiş, onun xatirəsinə ehtiramını bildirmişdi. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin bu dahi şəxsiyyətin
150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı
da dövlətçilik irsimizə təəssübkeşlikdən
irəli gələn tarixi addım kimi qiymətləndirilməlidir”.
Bu fikirlər Azərbaycan Mətbuat Şurası ilə “Kaspi”
qəzetinin görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy
Topçubaşovun 150 illik yubileyi münasibətilə
keçirdiyi elmi-praktik konfransda səslənib.
Tədbirdə
Şərq mədəniyyətinin xüsusiyyətlərini və
Avropanın demokratik dəyərlərini üzvi şəkildə
birləşdirməklə xalqımızın tarixi nailiyyəti
kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin
təşəkkül tapmasında, onun beynəlxalq aləmin
subyekti olaraq dünya dövlətləri tərəfindən
tanınması və diplomatik münasibətlərinin
qurulmasında Əlimərdan bəy Topçubaşovun
böyük xidmətləri qeyd olunub.
Bizi keçmişimizə bağlayan sərəncamlar
Mətbuat
Şurasının sədri Əflatun Amaşov Əlimərdan
bəy Topçubaşovu Azərbaycan xalqının
yetişdirdiyi ən böyük şəxsiyyətlərdən
biri kimi dəyərləndirib: “Biz jurnalist ictimaiyyəti isə
onu daha çox jurnalistlik fəaliyyətinə görə
tanımışıq. 1891-ci ildə «Kəşkül» qəzetinin
son nömrəsi işıq üzü gördü. O vaxtdan
1903-cü ilə qədər Azərbaycan dilində qəzet
işıq üzü görmədi. Azərbaycan
ziyalıları daha çox rus dilində çıxan qəzetlərə
üz tuturdular. Eyni zamanda, Bağçasarayda işıq
üzü görən «Tərcüman» qəzeti ilə əlaqə
saxlayırdılar. Belə bir zamanda 1897-ci ildə Hacı
Zeynalabdin Tağıyev «Kaspi» qəzetini aldı və Həsən
bəy Zərdabinin məsləhəti ilə qəzetin
redaktoru Əlimərdan bəy Topçubaşov oldu.
Topçubaşov Azərbaycanda ictimai-siyasi həyatın
qızışdığı bir məqamda «Kaspi»ni Azərbaycanın
inkişafı ilə bağlı istiqamətə yönəltməyə
çalışdı. Əlbəttə, redaksiyanın
tərkibi rusdilli insanlardan
ibarət idi”.
Ə.
Topçubaşov o dövrün məşhur, ictimai-siyasi
xadimlərini - Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, M.A.Şahtaxtlı, Nəriman Nərimanov və
başqa ziyalıları qəzetə dəvət edib və
1898-ci ildən «Kaspi» müsəlman «Kaspi»si
adlandırılıb. 1907-ci ilə qədər
Topçubaşov qəzetin rəhbəri olub. O, eyni zamanda,
Bakıda çıxan bir sıra qəzetlərə
redaktorluq edib. MŞ sədri Topçubaşovun ictimai-siyasi fəaliyyəti
haqqında da məlumat verərək bildirib ki, o, ali təhsil
aldıqdan sonra vəkil, müəllim kimi də fəaliyyət
göstərib. Daha sonra Tiflisdən Bakıya gələrək
ölkədə baş verən bütün ictimai-siyasi hadisələrdə
iştirak edib. Belə ki, birinci rus inqilabi dövründə
aktiv həyat yaşayıb. Birinci Dövlət
Dumasının Bakı Quberniyasından deputat seçilib.
Dumada müsəlman fraksiyasının rəhbəri olub. Hər
çıxışında Azərbaycanla, Rusiyada yaşayan
azsaylı xalqların problemləri ilə bağlı
çıxışlar edib. Ümumrusiya Müsəlmanları
Qurultayında mütəmadi olaraq iştirak edib. Azərbaycan
Xalq Cümhuriyyəti qurulana qədər və ondan sonrakı
proseslərdə nüfuzlu bir dövlət xadimi kimi
iştirak edib:
«Çox
təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun
sürmədi. Topçubaşov ömrünün sonuna qədər
Parisdə yaşadı. Orada müxtəlif konfranslarda
iştirak etdi, Azərbaycan müstəqilliyinin əldə
olunması uğrunda ömrünün sonuna qədər
mücadilə apardı. “Əlimərdan bəyin həm
jurnalistlik, həm də ictimai-siyasi xadim kimi fəaliyyəti
ilə bağlı əldə olunan materiallar bizim
bügünkü günümüz, keçmişə
baxışımız üçün çox önəmlidir.
Məhz bunları nəzərə alaraq Azərbaycan prezidenti İlham
Əliyev Topçubaşovun 150 illik yubileyinin keçirilməsi
ilə bağlı sərəncam imzaladı. Eyni zamanda, Həsən
bəy Zərdabinin 170, Mirzə Fətəli Axundovun 200 illiyi
ilə bağlı verilən sərəncamlar bir daha bizi
keçmişimizi öyrənməyə və gələcəyimizi
qurmağa yönəldir. Bu sərəncamlar
bizi bir daha keçmişimizlə bağlayır».
Müsəlman «Kaspi»si
Konfransda
“Əlimərdan bəy Topçubaşov və Azərbaycançılıq
məfkurəsi” mövzusunda çıxış edən
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə
doktoru Sona Vəliyeva qeyd edib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycan xalqının istiqlal məfkurəsinin
daşıyıcılarından olan Əlimərdan bəy
Topçubaşovun həyat və fəaliyyəti haqqında
hər bir tədqiqat materialı hər dəfə yeni
faktların üzə çıxmasına şərait
yaradır: «Əlimərdan bəy Topçubaşov
dövrünün yüksək təhsil almış
hüquqşünası, elm, ictimai xadimi və milli ruhlu
naşir idi. Peterburq universitetində təhsil
aldığı illərdən başlayaraq dövrün
ictimai-siyasi hadisələrinə biganə qalmaması onun
fikir və düşüncələrinin inkişafını
millətin taleyüklü məsələlərinə
yönəltmişdi. Onun bütün fəaliyyətində əsas
məqsəd özü demişkən «qəflət yuxusunda»
olan millətin milli oyanışında, milli azadlıq hərəkatının
düzgün istiqamətlənməsində ziyalı kimi
iştirak etmək idi. Baxmayaraq qarşıda duran məqsəd
və vəzifələrin vahid təşkilat proqramı yox
idi, amma dövrün ziyalıları üçün,
xüsusilə Əlimərdan bəy Topçubaşov və
onun yaxın silahdaşlarının fəaliyyət istiqamətləri
çox düzgün müəyyənləşdirilmişdi».
S.Vəliyeva
Əlimərdan bəy Topçubaşovun
yaradıcılığı ilə tanışlığın
Azərbaycan xalqının tarixi keçmişinin ən vacib
məqamlarının mənzərəsini əks etdirdiyini
vurğulayıb. Belə ki, millətin ən fədakar
oğulları xalqın gələcəyi uğrunda
mübarizə apardığı halda onlar sovet dövrü
materiallarına «xalq düşmənləri» kimi yazılmışlar.
Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi fəaliyyətinin
püxtələşməsində «Kaspi» qəzetinin məktəb
rolunu oynadığını qeyd edən S.Vəliyeva qısa
bir dövrdə redaktor kimi fəaliyyət göstərən
Məmməd ağa Şahtaxtlıdan sonra Əlimərdan bəyin
«Kaspi» qəzetinin ikinci müsəlman redaktoru olmasını
qeyd edib: “Bu, böyük maarifpərvər, xeyriyyəçi
Zeynalabdın Tağıyevin uzaqgörənliyi ilə qəzet
və mətbəə işinə diqqətini yönəltdikdən
sonra baş verdi. Artıq 1897-ci ildən «Kaspi» qəzeti Əlimərdan
bəy Topçubaşovun redaktor təyin olunduğu vaxtdan
«müsəlman Kaspisi» adlandırılmağa başladı”.
S.Vəliyeva «Kaspi» qəzeti ilə bağlı
ideya-amalların inkişafında istiqamətləndirici maarifpərvər
ideoloq H.Zərdabinin fəaliyyətini də xüsusi
vurğulayıb: “Dövrün bütün milli-mədəni,
maarifçilik mübarizəsində xalqın, millətin
taleyüklü məsələlərin həllində Həsən
bəy Zərdabi ziyalıların məsləhət yeri,
istinad nöqtəsi idi. Əlimərdan bəyin
qayınatası Həsən bəyi hərtərəfli
yüksək qiymətləndirərək onun bütün məsləhətlərini
dinləməsi fəaliyyətinin uğur əmsalına
çevrilmişdi. Həsən bəylə Əlimərdan bəyi
təkcə qohumluq əlaqələri deyil, ən
başlıcası milli məfkurəyə xidmət amalı
birləşdirirdi. Birgə müəyyənləşdirilən
gələcək hədəflər böyük
düşüncə xadimlərinin mərhələli fəaliyyətində
çox dəqiq həyata keçirilirdi”.
S.Vəliyeva
1881-ci ildən fəaliyyətə başlayan, Azərbaycan
tarixində yeni ruhlu mətbuat orqanı olan «Kaspi» qəzetinin
xalqın milli intibah və istiqlal hərəkatında
böyük rol oynadığını qeyd edib. Belə ki,
1897-ci ilin sonlarından «Kaspi» mətbəəsinin
H.Z.Tağıyev tərəfindən 57 min rubla satın
alınmasında, hətta naşirliyi öz üzərinə
götürməsi məsələlərində Ə.Topçubaşovun
qayınatası, böyük maarifçi ideoloq H.Zərdabinin
məsləhəti tarixi əhəmiyyətə çevrildi.
Siyasi qınaqlara məruz qalmaması üçün
H.Z.Tağyevin mətbəəni Ə.Topçubaşova icarəyə
verməsi haqqında müqavilə imzalaması 1898-ci ildən
«Kaspi» qəzetinin fəaliyyət proqramını milliləşdirdi:
“Təsadüfi deyildi ki, onun redaktoru olduğu «Kaspi» qəzetinin
“müsəlman Kaspi”si adlandıranlar çox haqlı idilər.
Fəaliyyət ideyasının milli-mədəni inkişafa,
maarifçiliyə, milli oyanışa
çağırışa, fəhlə və kəndlilərin
hüquqlarını dolayı yolla olsa da müdafiə etmək
istiqamətinə yönəlməsi qəzetin tam milli
mövqedən çıxış etdiyini göstərirdi. Əlimərdan
bəyin əqidəsində cəm olunan düşüncə
fəlsəfəsi təkcə kağız üzərində
yazı deyil, problemlərin həlli yolları, hüquqi əsaslarla
izah olunur, ideyanın həyata keçməsi prosesi onun: “biz hər
bir halda ictimaiyyətin və həqiqətin tələblərinə
cavab verməyə borcluyuq. Həqiqət mətbuatın ali məqsədidir»
- fikri kimi həyatının bütün mərhələlərində
fəaliyyətinin düsturuna çevrildi. Onun redaktorluğu
dövründə qəzetin gündəlik tirajının on
minə çatması, bütün ümumRusiya ərazisində
yaşayanlara, xüsusilə türkdilli və müsəlman
dininə məxsus xalqlara göndərilərək onları
birliyə səsləməsi Əlimərdan bəyi
ümummüsəlman lideri kimi yüksək dəyərləndirirdi”.
S.Vəliyeva
Əlimərdan bəyi müstəqil Azərbaycanın
dünya dövlətləri ilə diplomatik münasibətlərinin
təşəkkülündə müstəsna xidmətlərə
malik olduğunu qeyd edib: “Qısa bir ömür
yaşamış AXC-nin fəaliyyət dövründə istər
siyasi-diplomatik münasibətlərdə, istər daxili milli məsələlərin
həllində, istərsə iqtisadi məsələlərə
dair layihələrin Azərbaycan dövlətinin xeyrinə
yönəldilməsində Topçubaşovun fəaliyyəti
yüz illərlə dövlətçilik ənənəsinə
malik bir dövlətin siyasi xadiminin nümunəsini əks
etdirirdi”.
“Kaspi”nin
təsisçisi diqqətə çatdırıb ki, Azərbaycan
xalqının milli şüurunun oyanmasında, müstəqillik
uğrunda mübarizədə, dövlətçilik məfkurəsinin
formalaşmasında, AXC-nin yaranması, onun möhkəmləndirilməsi
proseslərində və Rusiyanın Azərbaycana təcavüzü,
müstəqilliyin itirilməsindən sonra mühacirətdən
bu işğala qarşı ömrü boyu apardığı
mücadilə Ə.Topçubaşov adını azərbaycançılıq
məfkurəsinin öncüllərindən biri kimi dövlətçilik
tarixinə yazıb: “Bu gün onun böyük əhəmiyyətə
malik çoxşaxəli fəaliyyətinin hər sahəsi
geniş tədqiqat mövzusu kimi işlənməlidir. Uzun
illər boyu adının çəkilməsi qadağan olunan
böyük dövlət xadimi, dövlətçilik və
azərbaycançılıq məfkurəsinin banilərindən
biri Əlimərdan bəy Topçubaşovun ruhu
qarşısında tarixi minnətdarlıq borcunu onun zəngin
irsinin hərtərəfli araşdıraraq gələcək
nəslə çatdırmaqla qismən olsa da ödəyə
bilərik”.
Nadir şəxsiyyətlərdən biri
«Cümhuriyyətin
görkəmli diplomatı Əlimərdan bəy
Topçubaşov” mövzusunda çıxış edən
Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan
Paşayev Əlimərdan bəy Topçubaşovu təkcə
Azərbaycan xalqının deyil, bütün Rusiya müsəlmanlarının
milli-azadlıq hərəkatı tarixində əvəzsiz
xidmətləri olmuş nadir şəxsiyyətlərdən
biri adlandırıb. Görkəmli ictimai-siyasi xadimin həyat
və fəaliyyəti haqqında maraqlı faktlarla
danışan tarixçi bildirib ki, Əlimərdan bəy
Topçubaşov həyatını təkcə öz
xalqının deyil, həm də bütün Rusiya müsəlmanlarının
azadlığı uğrunda mübarizəyə həsr edib:
“XX əsrin əvvəllərində çar hökumətinin
ucqarlarda, xüsusilə müsəlman xalqları arasında
yeritdiyi müstəmləkəçilik və
ayrı-seçkilik siyasəti hüquqları tapdalanan
xalqların bütün zümrələrindən olan
nümayəndələrini o milli zəmində vahid bir cəbhədə
birləşməyə sövq edirdi. Müsəlman
xalqlarının azadlıq mübarizəsinə
hazırlığının təşkilində Əlimərdan
bəy Topçubaşovun əvəzsiz xidmətləri olub.
O, ömrünün sonuna qədər xaricdə olan
mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyi
uğrunda mübarizəni davam etdirib. Əlimərdan bəyin
xatirəsi bu gün təkcə Azərbaycan xalqı tərəfindən
deyil, eyni zamanda, bütün türk xalqları tərəfindən
minnətdarlıqla yad edilir”.
“Cismi mühacirətdə – Parisdə
olsa da”
“Azərbaycanın şəxsiyyət
simvollarından biri – Əlimərdan bəy Topçubaşov” adlı
məruzə ilə çıxış edən
Bakı Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru Şamil Vəliyev sovet dövründə uzun zaman siyasi səbəblərdən
Əlimərdan bəy
Topçubaşovun kimliyinə
kölgə salındığını,
Azərbaycan Xalq Cümhu¬riyyətinin bu parlaq simasının xidmətlərinin geniş
araşdırılmadığını təəssüflə xatırlayıb:
“Tarixdə «Qara kitab» adı ilə məşhur olan və 1920-ci illərin əvvəllərində
Bakıda rus dilində çapdan çıxan "Zaqafqaziyada
rus siyasətinə dair" adlı kitabın 60-62-ci səhifələri
bu fikri aydın şəkildə
göstərir. Əlimərdan bəy sovet dövründə tədqiqlərin
əksəriyyətində siyasi cəhət¬dən tənqid edilmiş, bilavasitə geniş araşdırma hədəfinə
çevrilməmişdir. Hətta 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasında onun "burjua millətçiliyi idealarını
təbliğ" etməsi
ayrıca vurğulanmışdır.
Yalnız Azərbaycanda sovet
hakimiyyətinin süqutu
ərəfəsində və
ondan sonrakı dövrdə Əlimərdan
bəyin fəaliyyəti
obyektiv olaraq işıqlandırılmağa başlayıb, XX əsrin
əvvəllərinə dair
araşdırmalarda onun
ictimai-siyasi və diplomatik xidmətlərinə,
şəxsiyyətinin bu
və ya digər cəhətlərinə
aydınlıq gətirilib,
əsərləri nəşr
edilərək ictimaiyyətə
çatdırılıb”.
Ş.Vəliyev qeyd edib ki,
Ə.Topçubaşov redaktoru
olduğu "Kaspi"
qəzetində elmi ictimai fikri maraqlandıran
ən ciddi problemlərin həllinə
çalışıb, xalqın
mədəni səviyyəsinin,
hüquqi haqlarının
qorunmasını məqsəd
bilib. Belə ki, "Kaspi" qəzetində nəşr
etdirdiyi çoxsaylı
məqalələrdə ədəbi-mədəni
həyatın müxtəlif
problemlərinə aydınlıq
gətirir, Azərbaycanda
milli mətbuat, ədəbiyyat tarixi və onun elmi-nəzəri
dəyərləri, kəndli
hüququ, konstitusiya hüququ, şəhər
idarəçiliyinin islahatı,
səhiyyə məsələləri,
səhnə və teatr, orta və
ali məktəb qayğıları, milli müxtariyyat məsələlərini
işıqlandırırdı. Sadalanan mövzuların təsviri
və problemlərin həlli zamanı Ə.Topçubaşov bu və ya digər
formada ictimai-siyasi problemləri də ortaya atır, xalqın taleyinə aid ən vacib siyasi
məsələlərin diqqət
mərkəzində saxlanmasına
çalışır, milli
istiqlaliyyət-azadlıq, müstəqil
suveren dövlət, konstitusiyalı özünüidarəetmə
prinsiplərini təbliğ
edirdi.
Ş.Vəliyev
diqqətə çatdırıb ki, ictimai-siyasi mühit və
tarixi zamanın qeyri müvafiq olmasına baxmayaraq, Ə.Topçubaşov
digər müasirləri H.Zərdabi, M.Şahtaxtlı, Ə.Ağayev,
Ə.Hüseynadə, C.Məmmədquluzadə və başqaları
ilə birgə Azərbaycanın istiqalalını
düşünür, xalqının milli haqlarını
qoruyur, vətənində yenilikçilik və müasirlik hərəkatının
təmin olunmasına çalışır, xüsusilə
maarifçlik düşüncəsinin, yeni məktəbdarlıq
işinin və mətbuatın canlanmasına səy göstərirdi:
“Məhz Əlimərdan bəy və onun müasirlərinin
tarixi xidmətinin nəticəsidir ki, XX əsrin əvvəllərində
Azərbaycanda milli maarifçilik konsepsiyası
formalaşıb dünyəvi elmlərin tədrisi gücləndirilir,
"üsuli-cədid" məktəblərinin sayı
artır, kapitalizmin tərəqqisi sayəsində "neft və
milyonlar səltənətinə" çevri¬lən Azərbaycanın
tarixi taleyi həll olunurdu”.
Belə
ki, mühacirətdə Azərbaycanın siyasi
haqlarının qorunması yolunda əzmlə
çarpışan Ə.Topçubaşov milli birlik, Azərbaycançılıq
qayəsi, müstəqil dövlət, azad vətən, milli mənəvi
əxlaq, mədəni dəyərlər məsələsinə
gündəlik iş və həyatında, məqalələrində
xüsusi yer ayırırdı. Ş.Vəliyev qeyd edib ki, Əlimərdan
bəy öz həyatını vətəninə həsr
etdiyinə görə onun irsi və şəxsiyyəti
yalnız siyasi intibah anlarında xatırlanmayacaq, təhlil və
tədris məqsədilə öyrəniləcək: “Bu və
digər faktlar, xüsusilə irsinin nəşri, təhlil və
təbliği bir daha təsdiqləyir ki, Azərbaycan xalqı
var olduqca onun görkəmli diplomat oğlu, millətimizin
şəxsiyyət simvollarından biri Əlimərdan Topçubaşovun
da ruhu əbədi diri qalacaqdır, cismi mühacirətdə
– Parisdə olsa da”.
Konfrans
iştirakçıları Əlimərdan bəy
Topçubaşovla bağlı tarixi faktları yada salmaqla belə
bir konfransın keçirilməsinə görə təşkilatçılara
minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək
ki, “Kaspi” qəzeti Əlimərdan bəy Topçubaşovun həyat
və fəaliyyəti ilə bağlı «Xüsusi
buraxılış» da nəşr etdirib. Nəşrdə
alimlərin maraqlı araşdırmaları ilə
yanaşı nadir fotoşəkillər də yer alıb.
“Kaspi”
qəzetinin təsisçisi Sona Vəliyeva tarixi şəxsiyyətlərə,
görkəmli ictimai-siyasi xadimlərin həyat və fəaliyyətinə
həsr olunan bu cür konfransların ənənəvi
keçiriləcəyini qeyd edib.
Təranə Məhərrəmova
Kaspi.- 2013.- 31 may.- S.8-9.