Az görünmək
şairə yaraşar
Akif
Əhmədgil: Mən indi desəm ki, Anar pis adamdır,
oğlum deyə bilər, ay ata, ayıbdı
Akif Əhmədgil az-az görünən şairlərdəndir. Onun şeirlərini aram-aram
yağan yağışa bənzədirlər.
Əsərlərinin sosial məzmunu hədsiz
yüksəkdir. Arzusu Türkiyədə oxumaq olsa da,
Rusiyada oxuyub, Brejnevin şəxsi tərcüməçisindən
dərs alıb, Yesenindən təsirlənib. Ədəbiyyatımızın
“üfüqdə parıltı” kimi
görünən şairi “Kaspi”nin suallarını
cavablandırıb.
– Akif müəllim, “Ürəyimin sümüyü yoxdur” adlı kitabınızda maraqlı şeirlər yer alıb. Ancaq kitab ədəbi mühitdə bu şeirlər çox da yayılmayıb, səs-səda doğurmayıb. Sizcə, səbəb nədir?
– Kitab haqqında mətbuatda Məmməd
İsmayılın, Əkrəm Əylislinin məqalələri
olunub. Hesab edirəm ki, o yazılar bu kitabın özündən də daha vacibdir, maraqlı məqamlarla
zəngindir. Müxtəlif vaxtlarda
yazdığım bu şeirlər
kitabı 1999-cu ildə çap olunub, böyük təbliğatı,
reklamı olmayıb. O vaxt Heydər
Əliyev gənclərə prezident təqaüdü
verirdi. Təklif edilmişdi
ki, gənclərə təqaüd verməklə
yanaşı, onların kitabını da çap etdirək. Beləliklə, həmin təklifin
nəticəsi oldu bir
neçə gənc yazarın əsərləri nəşr edildi. Mənim isə “Ürəyimin sümüyü yoxdur”
kitabım işıq üzü gördü. Bundan əlavə
tərcümə kitablarım çıxıb. İki kitabı Anarla
işləmişəm. Onlardan biri Yəyha Akanginin hələlik
Azərbaycanda olan yeganə
kitabıdır. Digəri isə Makidoniya
şairlərinin şeirləridir. Eyni zamanda müxtəlif tərcümə etdiyim, redaktoru və ya tərtibçisi olduğum
40 qədər kitab işıq üzü görüb.
– Anar müəllim sizə
çox yaxşılıqlar edib, deyəsən, həmişə
minnətdarsınız ona.
– Bəli,
Anar müəllim mənə atanın oğula etmədiyi yaxşılıqları edib. 1998-ci ildə Prezidentə təqdimat
yazıb, mənə dörd otaqlı ev verdirib. İki
dəfə adımı prezident təqaüdü
siyahısına saldırıb. Ağılsızlıq edib Milli Məclisdən
işdən çıxdığım çətin
vaxtlarımda çox kömək olub. Elə yaxşılıqlar var ki, onları unutsan, ən yaxınların sənin
üzünə durar. Mən indi desəm ki, Anar pis adamdır, oğlum deyə bilər, ay
ata, 1998-ci ildən onun
səyi nəticəsində bizə verilmiş
evdə yaşayırıq, ayıbdı. Yəni
yaxşılıqları unutmaq olmaz, minnətdar olmaq
lazımdır.
Bu
ölkədə şair kimi yaşamaq çox çətindir.
Nazim Hikmət deyir
ki, şair olmaq ölmək deməkdir. Hər dəfə
şeir yazanda insan həmin hissi keçirir, ölür, dirilir. Belə bir işlə
məşğul olub əvəzində
çətin yaşamaq ikiqat
zülmdür. Ona
görə də xeyirxahlarıma çox
sağ ol deyirəm.
Əgər əlimizdən tutanlar
olmasaydı, yaşamın mənası olmazdı. Xeyirxah adamlardan şair Məmməd İsmayılın da adını çəkə bilərəm.
Onların adını ona görə
çəkirəm ki, onlardan
biri qürbətdədir, digəri isə
burda çox zərbə
altında qalır. İnsan oğlu unutqandır, mən də daxil olmaqla. Ancaq elə dəyərlər var
ki, onları unutmaq olmaz. Şair kimi ola bilər ki, ədəbiyyat tarixində qalmadım. Ancaq Anar, Məmməd İsmayıl qalacaq ədəbiyyat tarixində. Vaxt gələcək biz unudulanda onların bir tədqiqatçısı
bizim onlarla gördüyümüz işlərə,
onların bizim haqqımızda
yazdıqlarına baxıb bizim haqda da düşünəcəklər.
– Artıq dəyərlər dəyişib, sözü meyarı hesab etdimiz adamlar nələrinsə xatirinə zəif əsərlərin müəllifləri haqqında da məqalələr yazırlar. Bu mənada, məncə, kiminsə yazdıqları isə fəxr etməyə dəyməz.
– Düzdür. Bu onsuz da bütün zamanlarda belə olub. Füyuzatçılarla Molla Nəsrəddinçilər
bir-birini sevməyib əleyhlərinə yazılar
yazıblar, halbuki hər iki tərəfdə
böyük adamlar var idi. İstedadı qəbul eləmək
çətin məsələdir.
Həmişə nələrəsə görə yazı yazan adamlar olub.
Ancaq o yazılar qalmır, itib-batır. Məktəb yoxdur, ona görə
də dəyər yoxdur bu gün.
Keçid dövründə
zəif, bir az da satılmaq istəyən yazı-pozu adamlarını
ucuz aldılar, özü də su qiymətinə. Dolanışıq bəzən yazı
adamlarını təriflər
yazmağa vadar elədi, mənəvi iflas başladı. İndi siz gənclər istədiyiniz mövzuda yazırsınız, çap
olunursunuz. Bizim yazdığımız
dövrdə ədəbiyyat
arxa plana keçdi. İstedadlar görünmədi. Bu gün ədəbiyyat
yazılı mətbuatda
əks edilir, ancaq televiziyalara çıxış yoxdur.
Xalq öz əsas yazıçılarının üzünü görməyib.
Beynəlxalq mükafatlar alıram,
amma televiziyalar kiçik informasiya xəbəri belə hazırlamırlar. Televiziyaların qapısı ədəbiyyatın
üzünə bağlıdır.
Ədəbiyyat qəzet-jurnal blokadasında,
xeyirxahların ümidinə
qalıb. Ona görə
də yaxşı adamlar da yamanlığa
girişirlər bəzən.
– Ədəbi
mühitdəki obrazınız
ilğım kimidir. Görünüb dərhal da çəkilirsiniz.
– Ardıcıllığım
var, ancaq görünən ardıcıllıq
deyil. Bir böyük iş görürəm qəzetdə
balaca bir informasiya gedir, bu mənə bəs edir, ta uzun-uzadı gördüyüm işi mətbuatda işıqlandırmıram.
Gündə şeir yazmırsan
ki, şeir yazılanda şairsən.
Şair kimi yaşamaq çox çətindir.
Azərbaycan reallığı buna imkan vermir.
Şair elə ilğım kimi olsa yaxşıdır, az görünmək
şairə yaraşır.
–
Şeirlərinizdə ictimai
motiv, tənqidi münasibət güclüdür. Sosiallıq, ictimai problemlər
sizi çoxmu maraqlıdır?
– Şair
içindən nə
gəlirsə onu yazır da, əslində, ictimai motiv də elə
ürəkdən gələndir,
baxırsan səni narahat edən məsələləri işıqlanıdırırsan. Bəlkə də
əvvəlki kitablarda
hələ ictimai motiv azdır, yaxınlarda çap olunacaq kitabımda bu cür şeirlər
daha çox olacaq. Çexov mövzu axtarmayıb,
o hər hadisəni hekayəyə çevirə
bilib. Ona görə hekayə
ustasıdır. Şeirdə də gərək gördüklərini vərəqə
köçürə biləsən.
Kibrit qutusundan yazıb da dünyanı təsvir etmək olar.
–
Şeirlərinizdə Vaqif
Bayatlı Odərin və Çingiz Əlioğlunun poetik nəfəsini duydum, deyəsən, onların mətnlərini çox oxumusunuz təsir hiss edilir, yoxsa?
– Çingiz
Əlioğlu mənim
seminar rəhbərim olub.
Şüvəlanda keçirilən poeziya seminarlarında iştirak etmişəm.
V.Bayatlı da çox sevdiyim şairdir, hər ikisinin əsərlərini
çox oxumuşam, ola bilər
ki, təsir olsun. Sən deyən təsir
varsa, buna mən ancaq sevinə bilərəm.
Çünki hər iki şairi sevirəm. Ç.Əlioğlunun şeirlərimin çap olunmasında, rolu olub. Seyran Səxavət də şeirlərimi çap edib, qayğı göstərib. Dünya
ədəbiyyatındansa Yeseninin
şeirlərini çox
oxuyurdum, bəzən ondan da təsirlənmələr
ola bilər.
Əli Kərimin şeirlərini
dönə-dönə oxumuşam.
Onunda təsirin hiss etdiyim vaxtlar olub. Təsirdən qorxmaq lazım
deyil, təsirlənməməkdən
qorxmaq lazımdır.
– Şüvəlandakı
semirnar günlərində
deyəsən, sevdiyiniz
bir qız olub orda və
onun şəninə
“Dəniz necə şirindir” adlı şeir yazmısınız? Duzlu Xəzərə “şirin”
demək hardan ağlınıza gəlmişdi
(gülürük)
– Sən
Allah, çox dərinə
getməyək, mənim
Puşkin kimi dueldə ölən halım yoxdur. O vaxt mən uşaq
idim, həvəs göstərirdim çox şeyə. O şeir də həmin həvəsdən yaranan ötəri bir hissin ifadəsidir. İndi o illərdən məni çox şey ayırır yaddan çıxarmışam. İndi təzə yaddaşla yaşayıram.
– Bir neçə şeir kitabını Azərbaycan dilinə tərcümə etmisiniz,
tərcümə prinsipləriniz
nədən ibarətdir?
– Əvvəla
onu deyim ki, ən böyük
arzum Türkiyədə
oxumaq idi, amma alınmadı. Rusiyada oxudum,
orda mənim müəllimim Brejnevin şəxsi tərcüməçisi
idi, az-az gəlirdi dərsə.
Ancaq həmişə onu gəlməyini səbirsizliklə
gözləyirdim. Onun mühazirələrinə
şeir kimi qulaq asırdım. Çox şey öyrəndim ondan. Şeir tərcümə etmək çox çətindir. Əsas prinsipim
odur ki, çalışıram şairin
ruhunu saxlayım, ancaq mətnin məzmunundan kənara çıxmayaraq. Orijinala sadiqliyin
mənə görə
əsas prinsipi budur. Oljas Süleymenovun şeirlərini
tərcümə edəndə
Tərcümə Mərkəzindən
məni Almataya göndərmişdilər. Şeirlərin bir hissəsini
orda, bir hissəsini Bakıda tərcümə etmişəm.
Baxıram ki, Almatada etdiyim tərcümələr
daha yaxşıdır,
görünür, şeirin
yazılma məkanına
da bələd olmaq, o ruhu hiss etmək də vacib məqamlardan biridir. Elə bil ki, şeirin ruhu ilə, şeirin yazıldığı yerin
ruhu üst-üstə
düşür. Fikrimcə, şeiri
şair tərcümə
etməlidir. Evimə
çörəyi tərcüməçiliklə
aparmışam, şairlik
mənə az
gəlir gətirib.
– Kimlərin əsərlərini
oxuyursunuz və bəyənirsiniz?
– Vaqif Bəhmənli, Murad Könəqala, Adil Cəmil, Ağacəfər
Həsənlinin şeirlərini
oxuyuram. Gənclərdən Aqşinin çox
yaxşı şeirləri
var. Aqil Abbasın “Dolu” romanını son illər oxuduğum dəyərli nəsr nümunəsidir. Mikayıl Müşviqin
kitabını oxudum və yenidən kəşf etdim onu. O II Dünya Müharibəsinin olacağını
10 il əvvəl
bilib, hətta Polşada olacağını
da deyib. Müşfiq
məni heyrətə
salıb və onun haqqında bir məqalə də yazmışam.
Gənc yazarları çox oxuyuram, bəla odur ki, indiki
dövrdə yaradıcı
mühitdə yaradıcı
cıdır yoxdur, əvəzində söyüşmələr,
qırğınlar, sataşmalar
var. İnanıram ki,
belə məqamlar olmasa gənc ədəbi istedadlar daha güclü parlaya bilər.
Fərid Hüseyn
Kaspi.-2013.-2-4 noyabr.-S.15.