Azərbaycan romanında yeni
səhifə
(Söhbət Yusif Səmədoğlunun «Qətl günü» romanından gedir)
Müasir ədəbiyyat
«Dərd də azar kimi gələndə batmanla
gəlir». Böyük Azərbaycan
yazıçısı Yusif Səmədoğlunun
«Qətl günü» romanı bu fraza ilə
başlayır. «Dünya duracaq
yer deyil, ey can səfər eylə»(Nəsimi)
– Yusif Səmədoğlunun bu məşhur romanı dünya
və insan haqqındadır. Dünyada isə
əsrlərdir ki, lokal
və qlobal müharibələr, hakimiyyət
uğrunda amansız
çarpışmalar, ölüm-dirim
savaşları baş verir-«Dünya yaşıyor hərb ilə qovğalar içində» (M.Hadi).
tanrının yaratdığı insanlar
bir-birinə qənim kəsilirlər-«Yalnız deyil insanlara, vəhşilərə
sorsan, Onlar belə insandakı vəhşiliyə heyran» (H.Cavid) . bəşəriyyət
tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan
zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir,
ancaq insandakı əzəli-əbədi
xasiyyətlərin bir çoxu
dəyişilməz qalır. Dünya
yenə gücün, zorun,
mənə-mənəliyin, işğalçı müharibələrin
cəngində inləyir. «Qətl günü» romanı bu mənada
bir çağırış-haray təsir
bağışlayır. İnsan həyatındakı
ahəngdarlıq, ritm və harmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Şərqin böyük mütəfəkkiri Cəlaləddin
Rumi (1207-1272) yazmışdı ki: «Nəfs üçkünclü
bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə
batacaqdır».
Romanda
əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə
Dünyanın yaranışından üzü
bəri gələ-gələ bitmək bilmir.
İctimai quruluşlar,
cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini
əvəz edir, amma
mübarizə davam edir.
Hər dövrün, hər epoxanın, bəlkə
də hər günün öz
Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi
döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə,
İşığa inam bəsləmişdir.
«Qətl günü» də bu mənada istisna deyil və bu mövzu – Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə
bilər.
Ancaq
romanın mahiyyətini yalnız bu istiqamətdə aramaq
doğru olmazdı. Doğrudur, romanda şər həmişə
aparıcı qüvvədir – yazıçı sanki bir-birini təkrar edən
üç dövrdən söz
açır – hər dəfə məmləkətin ən
gözəl insanları məhv olur,
şairlər edam olunur,
kütləvi insan
qırğınları baş verir, şər meydan
sulayır – sanki Dünyanın Xeyir-Şər
mübarizəsi elə bu model
üzərində qurulubmuş. Ancaq Şərin törədiciləri olan qüvvələr bircə-bircə tarixin yaddaşından silinir,
gözəl insanlar isə tarixə, yaddaşa köçürlər. Yusif Səmədoğlunun «Qətl
günü»ndə eyni model
təkrar olunur.
Bəs
əgər təkrar olunursa, onda bu əsər hansı bədii
özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y. Səmədoğlu orijinal tərzdə yanaşmışmı?
Dünyanın əbədi modelində yeni
olan nədir?
«Qətl
günü» romanı barədə söz açan müəlliflər
təbii ki, bu əsərin Azərbaycan nəsrində
maraqlı bir ədəbi hadisə olduğunu qeyd etmişlər.
Mən Anarın bu fikri
ilə tam razıyam ki:
«Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə
malikdir. «Qətl günü»
- müasir ədəbiyyatımızın
həqiqət günündür».
Bu
fikirdə mənim demək istədiyim həqiqətin özəyi
var. «Qətl günü» doğrudan da ədəbi fakt çərçivəsindən qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu
yeni tipli Azərbaycan
romanı yaratmışdı. Burada Qərb
epik romanına məxsus monumentallıqla Qərb
romanlarına xas olan polifonizm vəhdətdir.
Yenilik
ondadır ki, yazıçı əbədi Xeyir-Şər
süjetinə orijinal təfəkkür tərzilə
yanaşır. Yusif Səmədoğlunun
yalnız bir hekayəsində – «220 ¹li otaq»da
«yazıçı mövqeyi» deyilən bir məqamla qarşılaşmaq olar. Qalan heç
bir nəsr əsərində bu mövqe bilinmir
və ümumiyyətlə, yazıçının işi «mövqe» nümayiş etdirmək deyil.
Yazıçı mövqeyi onsuz da əsərin ümumi ruhunda hiss olunmalıdır. Bunu plakata çevirmək doğru
deyil. «Qətl günü»ndə növbənöv
insan faciələri gözlərimiz
qarşısında canlanır, Xeyir və
Şəri təmsil edən qüvvələrin kimliyi və tənasübü də məlumdur.
Y. Səmədoğlu öz böyük ustadı Mirzə Cəlilə məxsus
bir soyuqqanlılıq nümayiş
etdirir. O, Şəri pisləmir, Xeyiri də təbliğ etmir
– o, oxucuya ancaq həqiqəti şərh edir.
Bu baxımdan Y. Səmədoğlu
dünyanın ən nəhəng sənətkarlarının
yolunu davam etdirir.
«Dostoyevski öz əsərləri ilə nəyi demək istəyir, nəyi təbliğ edir və nəyi inkar edir? Açıq şəkildə heç nəyi! Həyatda və təbiətdə olduğu kimi. Təbiət öz rəngarəng polifoniyası ilə, müxtəlif hadisələri ilə nəyi təbliğ edir, nəyi təqdir edir? Heç nəyi? Onun hadisələrinin hamısı bərabər hüquqludur. Dostoyevski dünyasındakı hadisələr və qəhrəmanlar da onun üçün bərabərhüquqludur. Lakin oxucu üçün onlar bərabərhüquqlu ola bilməzlər, çünki oxucuda aksioloji yanaşma, hər şeyi dəyərləndirmə, hər bir münaqişəni həll etmə istəyi daha güclüdür. Yazıçı oxucunun bu istəyinə cavab verməlidir, yəni ziddiyyətləri hansısa şəkildə həll etməli və suallara hansısa şəkildə cavab verməlidir»(M.Baxtin. «Dostoyevski poetikasının problemləri» kitabından, Bakı, 2005, səh.15)
«İncə
dərəsində yaz çağı» , «Bayatı-şiraz»,
«Astana»… Bu üç hekayə «Qətl günü»
romanından öncə yazılıb və əgər belə
demək mümkünsə, onlar «Qətl günü»nün
çox yaxşı məşqləridir. Hətta mənə
elə gəlir, bu hekayələrin hər
birinin romanın yazılmasında müəyyən
rolu olmuşdur.
Onların hər biri müstəqil hekayədir,
amma bu hekayələrin
üçünün də bir-biri ilə bu və ya digər dərəcədə
bağlılığı var. Eyni zamanda, öncə dediyim kimi üçünün
də bir yerdə «Qətl günü»
ilə «qohumluğu» çatır.
Yusif
Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir
ustalığı, nəsr ahəngi həm hekayələrdə,
həm də romanda davam etdirilir. İdeya-məzmun
planında yanaşıldıqda isə bu
bağlılıq daha çox
hiss olunur. İnsan faciələri: ləyaqətin
alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin
çıxılmazlığa yol
alması, ölüm və qətllərin
labüdlüyə çevrilməsi romanda
da, hekayələrdə də diqqəti cəlb
edir.
«Qətl
günü» əgər belə demək mümkünsə,
sovet dövrü ədəbiyyatının artıq öz
magistralından xeyli kənara çıxdığı
dövrdə yazılıb (1981-1984). Doğrudur,
60-80-ci illərdə sovet ideologiyası
ötən onilliklərlə müqayisədə öz başlıca funksiyasını – «qalib sovet adamı»nın
obrazını yaratmaq missiyasını əvvəlki
tərzdə reallaşdıra bilmirdi. Azərbaycan nəsrinin göstərilən dövrdə
bir çox nümunələri
(İ.Şıxlının, S. Əhmədlinin, İ. Hüseynovun, Anarın, Ə. Əylislinin,
İ. Məlikzadənin, Elçinin və
b. əsərləri) heç
bir mənada «qalib sovet adamı»nın stereotipinə
sığmırdı. Əgər belə demək təbir
caizsə, Azərbaycan nəsrində
Müstəqillik bayrağı dalğalanırdı. Bu fikri həm nəsrin özünün qart
ideologiyanın təsirindən tədricən uzaqlaşıb
müstəqil «status» qazanmasında (yəni
artıq bu nəsr çalınan havaya oynamırdı), həm də xalqın
müstəqillik duyğularının oyanışında
izləmək mümkündür.
«Qətl günü» məhz bu mənada Azərbaycan nəsrinin əllinci illərin sonlarından başlanan müstəqillik meyllərini (yenə hər iki mənada nəzərdə tuturam) ifadə edən ən bariz ədəbi nümunə oldu. Çox vaxt bu əsərdən söz açanda Q.Q.Markesin «Yüz ilin tənhalığı» və Ç.Aytmatovun «Edam kötüyü» romanlarını ortaya gətirirlər. Şübhəsiz, hər üç əsərdə bir-birilə səsləşən məqamlar (tarixə, dünyaya optimist fəlsəfi baxış, milli bədii düşüncənin ümumbəşəri səviyyədə qavrayışı, bir əsrin və bir xalqın tarixi faciələrinin bir obrazda təcəssümü) diqqətdən yayınmır, lakin «Qətl günü» sərf Azərbaycan romanıdır. Ona görə yox ki, bu əsərdə Azərbaycan xalqının üç əsrdə keçdiyi tarixi yol bədii idrak işığında ümumiləşdirilir. Və ona görə yox ki, romanda Şərq tipi daha üstündür, mifoloji ünsür romanın canına-qanına hopub. Başlıcası, o səbəbdən ki, bu əsərdə milli dastançılıq və romançılıq ənənələri də üzvi şəkildə qaynayıb-qarışır. Yəni «Qətl günü» əlahiddə meydana çıxan , necə deyərlər, havadan yaranan əsər deyil. Ənənə üstündə yaranan, ancaq bu ənənələri fövqəladə dərəcədə , misilsiz bədii ustalıqla NOVATORLUQ mislinə yüksəldən «Qətl günü» məhz buna görə səksəninci illər Azərbaycan ədəbiyyatının ən uğurlu ədəbi hadisəsinə çevrildi.
Yusif Səmədoğlu Xarakter ustası idi. İstənilən bir nəsr əsərinə ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər nəsr əsəri olsun, istərsə də bədii film – bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir – bütün yazıçı mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə…
Bu mənada
«Qətl günü» romanını zəngin xarakterlər
qalereyasına bənzətmək olar. Bunları
çeşidləmək də olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik
obrazlar və bir də
sırf mifik obrazlar.
Romanı oxuyanda isə sanki
fərqinə varmırsan – təbiət obrazlarını da insan obrazları kimi qəbul edirsən. Yəni obrazların
canlımı, cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət
kəsb eləmir.
«İnsanlar
küləkdən bezmişdi, külək də insanlardan».
Və
burdaca qeyd edim ki, Yusif Səmədoğlu təbiəti, onun
çalarlarını çox yaxşı duyur və əks
etdirirdi. Təbiəti təsvirində o,
təkcə gördüyünü,
müşahidə etdiyini qələmə
almır, həm də bu təsvirlərdə
poetik təxəyyülünü işə
salır. Aşağıdakı cümlələrə diqqət
yetirək:
«…
Şairi zindandan çıxarıb edam yerinə aparanda al
günəş dağların başında qan tuluğu kimi
sallanıb durmuşdu.
… hər
ilin sarımtıl xəzanı gələndə, qürub
çağı günəşi belə al qırmızı
görəndə, həmişə elədiyini indi eləyə
bilmədi: şair salavat çevirmək istədi,
mümkün olmadı»
«Günəşin
sarı rəngə boyadığı bu nəhəng buzlaqlar
diyarının hansı bir nöqtəsindəsə,
ölüm donumunun sakitliyində, qızıl teştin
içindən, açıq qalmış bir cüt şair
gözü başıbəlalı dünyanın
tamaşasına durmuşdu»
Onlarla
belə misallar gətirmək olar ki, romanda obrazların
keçirdiyi hiss-həyəcanı, əhval-ruhiyyəni yaxud
baş verəcək hadisənin doğuracağı
emosiyanı oxucuya çatdırsın.
«Qətl
günü»ndə hər bir obrazın təqdimində həm
ictimai-sosial, həm Milli-etnik, həm də fərdi insani
xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə
çarpdırılır. Təbii ki,
üç tarixi
dövrdən söhbət açılarsa, hər bir dövrün öz tarixi koloriti nəzərə alınır. Bir sıra müəlliflər «Qətl
günü»ndəki hökmdarı Ağa
Məhəmməd şah Qacara,
edam olunan şairi Mola Pənah Vaqifə,
Sədi Əfəndini Hüseyn Cavidə
bənzədirlər. Bu müqayisəyə
səbəb heç şübhəsiz, təsvir
olunan hadisələrlə həmin tarixi dövrdə baş vermiş hadisələrin müəyyən
oxşarlığıdır. «Qətl günü»nün tarixi romanlar sırasına qatılması, ondan məhz tarixi roman kimi söhbət
açılması da bəlkə elə
bu oxşar hadisələrlə
bağlıdır. Yeri gəlmişkən
qeyd edim ki, «Qətl günü» doğrudan da tarixi romandır, amma bu oxşar hadisələrə
görə yox. Yusif Səmədoğlu
tarixi romana xas olan Ən ümdə,
Ən vacib bir şərtə
əməl etmişdir – romanda
konkret tarixi şəxsiyyətlər
yox, tarixi gerçəkliyin
özü bədii təhlil hədəfinə
çevrilmişdir.
«Qətl
günü» faciəvi romandır, yəni onun poetikası faciəviliyin
bütün komponentləri ilə səsləşir. «Faciə
və qəhrəman» monoqrafiyasında Yaşar
Qarayev yazır: «Ən böyük
sənətkarlar tragediyanı həmişə «poeziyanın zərvəsi»
hesab etmişlər. O, insan
düşüncəsini ictimai həyatın
ən dərin məsələlərinə cəlb edir. Həyat və varlıq, ölüm
və mübarizə haqqında yüksək fəlsəfi
fikirlər çox vaxt
burada əks olunur.
…İnsan
iztirabını təsvir edən tragediya «İnsan iztirab
üçün yaranmamışdır!» - ideyasına xidmət
edir.
…O, həyatın
qələbəsini ölümün, xeyrin qələbəsini
şərrin sınağında təsdiq edir. Adi vəziyyətdə xarakter,
səciyyə bəzən hələ öz
həqiqi mənzərəsi və mahiyyəti ilə meydana çıxmır. Dəhşətli bir sınaq, məsələn, ölüm
qorxusu qarşısında isə bu əsl «mahiyyət» aşkar
olur.»
«Qətl
günü»ndə faciəvi olmayan obraz yoxdur. Hətta
insanları faciəyə sürükləyən qüvvələr
də faciə içində yaşayırlar – azğın
hökmdarın faciəsi bəlkə daha
böyükdür. Çünki
onu uşaqlıqda axtalamış, kişilikdən
məhrum etmişlər. Odur Ki, hökmdar başına
gətirilən bu müsibətin əvəzini
insan kəllələrindən minarələr
ucaltmaqla, şəhərləri yerlə-yeksan
etməklə, şairləri edam etməklə
çıxır. Amma hökmdar
bir insan kimi çox zəif və
cılız məxluqdur. Öz faciəsini
və zəifliyini dərk edir: «Xacə Ənvər zirzəminin ağır
qapısını açdı və bu
açılan qapının arxasındakı qaranlıqda hökmdar içəridə dayanmış,
başı daz, qulaqları iri, gözləri quzğun
gözləri təki kirpiksiz olan bir adam
gördü. Və əlini
qaldırıb, bu adamın haçansa bir oğlan
uşağının sifətinə yaxdığı
qanı silmək istədi».
Müsibətli
tale Xacə Ənvərin də, başı kəsilən sərbazın
da, şairin cəsədi üstündə ağı deyən
qarının da alın yazısı imiş.
«-Sizin
kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr!»
Amma şərin kökü
kəsilmir. Başqa bir
mühitdə azğın hökmdarların yerini
Muxtar Kərimlilər, Adil
Salahovlar tutur.
«İnsan – iztirab üçün yaranmamışdır!» - doğrudur, elə Yusif Səmədoğlu da öz romanında bu fikri təlqin edir. Və «Qətl günü»ü yazmaqda da əsas məqsədi insanı aciz və zavallı, şərə boyun əyən bir varlıq kimi təsvir etmək olmamışdır, əksinə, insan faciələri fonunda onun əyilməzliyini və böyüklüyünü, bədii sözün qüdrəti ilə təsdiq etmək olmuşdur.
Vaqif Yusifli,
filologiya elmləri doktoru
Kaspi.-2013.-2-4 noyabr.-S.17.