Kosaların toy macəraları - hekayə

 

Alpay Azər

“Yaddaş eskizləri” silsiləsindən

 

Borçalının Sarvan elinin Kosalar kəndinin, demək olar, bütün toylarında axşam saat doqquzdan sonra dava olmayanda sabahısı kənd cavanlarının çoxu öz aralarında mızıldana-mızıldana gileylənirlər ki, bəs, dünən toy maraqsız oldu. Kosalar toyunda dava düşməsə də, ən azından, ov tüfəngindən göyə üç-dörd güllə açılmalıdı.

Qohum danışır ki, kənddə olan toyların birində yenə cavanlar qızışıb başlayırlar göyə partapart güllə atmağa. Qohumumun səksən iki yaşlı babası birdən oğluna qışqırır ki, a bala kürkümü bəri ver görüm, mən evə gedeerəm. Cavanlar təşvişə düşürlər ki, ağsaqqal deyəsən, hirsləndi, güllə səsləri başına düşdü, kişiyə deyirlər ki, ay bava, ta göyə güllə atmıyajıyıx, getmə. Qolundan tutub saxlamaq istəyəndə, baba hikkəylə əlləri itələyir, kürkünü götürüb gedir evlərinə, bir saat sonra qayıdıb üzünü tutur cavanlara:

- A köpəyuşağı, - cibindən bir naqan çıxarır. Hamı gözünü zilləyir babaya, - heç bilersizmi, bu naqanın neçə yaşı var? Hardan bilersiz, ayə. Bu naqan 1901-ci ildən, Niqalaydan qalma naqandı, - deyib başlayır dalbadal göyə, arada cavanların başının üstündən atmağa.

“Ayə, bu deyən bizi öldürəjək!” – deyib cavanlardan kimisi qışqıra-qışqıra, kimisi də qəşş edib gülə-gülə pərən-pərən düşüb hərə bir tərəfə qaçır.

Sovetin can verməyinə bir az qalmış Kosaların cavanları başlayıb Rusiyaya, Ukraynaya köçməyə, oralarda kimisi öz biznesini qurub böyüdüb, kimisi də kəndlərdə binə salıb əkinçiliklə, maldarlıqla məşğul olub pul qazanırmış. Və yavaş-yavaş bu cür kəndlər sonradan bir növ çönüb olur Yeni Kosalar. Sovet dağılandan sonra alverçilər çönüb olurlar sahibkarlar, biznesmenlər, kolxozçular, sovxozçular isə fermer.

Evlənmək lazım olanda iyirmi iki-iyirmi beş yaşına çatan gənclər kəndə qayıdıb on dörd-on beş yaşlı qızlarla evlənirlər, kənddə toy çalıb qayıdırlar “Rasiyaya”, yeri gəlmişkən, bu yaşda Kosalarda qızın ərə getməsi həmişə normal hal hesab olunub. Qız on yeddi yaşına çatıb ərə getmirsə, valideynlər, yaxın qohumlar başlayır təşvişə düşməyə, valideynlər ruhdan düşməsin deyə qohumlar onlara təsəlli verirlər: “Darıxma a bajı, sizində qapınızı bir gün döyəjəklər, Allah qoysa”. Qapı döyülməyəndə və qız iyirmi-iyirmi iki yaşa çatanda bu artıq faciə sayılır. O kənddə iyirmi-iyirmi iki yaşda ərə getməmək, elə evdə qız qalmaq deməkdir.

- A qohum, - soruşuram, - bəs deyək ki, qız otuz beş yaşına gəlib çıxırsa?

- Həə, otuz beş yaşlı qız qarımış qoja deməkdi bizim kənddə.

- Yəni o yaşda qızın ərə getməsi heç cürə mümkün deyil?

- A kişi, ağzımda deyirəm o yaşda qıza bizdə qoja arvad kimi baxırlar. Harda görüfsən qoja arvad ərə yedə? O tay yetmiş-səksən yaşına kimi gərək öyündə oturuf ata-anasına, qardaşına qulluq eliyə, evdə gəlin varsa baldızlıq eliyə.

...Kosalar cavanlarının çoxdan, borçalılar demişkən, binə saldığı çölçülük yerlərindən biri də Ukraynanın Poltava vilayətinin Novopavlovka kəndidir. Kəndin yarısı onların əlindədir,- ailəlikcə, külfətcə, - artıq uşaqlar ukrayna məktəblərinə gedirlər, ləhcəsiz o dildə danışırlar, amma evdə atalarıyla Borçalı şivəsiylə: “Ay lələ, yay da gəldi, nə vaxt varıf kəndə gedəjiyik?” deyirlər.

Artıq toyları da Novopavlovkada eləyirlər. Milli yeməklər, bizim musiqilər, aşıq-saz, güllə atmaq isə öz yerində. Hətta bir dəfə dəliqanlı cavanlardan biri kəndin şadlıq sarayında yaxşıca vurandan sonra tapançanı çıxarıb, unudub ki, mağarda yox, güzgülü tavanı olan zaldadı, başlayıb tappatarap göyə atmağa. Uç-dörd arvadın, bir o qədər də uşağın qolunu-qıçını tavandan çilik-çilik olub düşən şüşələr kəsib qana boyayıbmış. Milislər isə toy olan gün pul qazanmaq üçün yaxşı imkan olurdu deyə, növbətçilik üstündə mübahisə edirlər öz aralarında.

Bizim qohum Bakı Dövlətin hüququnda ikinci kursda oxuyanda yayda Novopavlovkaya xalasıgilə qonaq gedir. Gəldiyi həftənin sonu xalası oğullarıyla bir yerdə onu da qohumlardan birinin toyuna aparır və əvvəlcədən tapşırır ki, doqquz, ona işləmiş göz edəcəm çıxarsan bayıra, gedərik evə.

Saat altıda başlayan qız toyuna bəy tərəfdən mənim qohumum, qohumumun xalası, xalası oğlanları daxil otuz adam təşrif buyurubmuş. Sakit səslə “zəhmət olmasa, anarı dur görüm” kimi sözlərlə başlayan toyda saat səkkizə yaxın “donları açılan”, yanaqları qızaran toy iştirakçıları yavaş-yavaş hündürdən danışmağa başlayırlar, - şaqqanaq çəkib gülən kim, kişilərin oturduğu masada arada söyüş söyən kim.

Qohum-(tələbə) oturub arada torta diqqətlə baxırmış, bunu görən xala az qala qaça-qaça gəlib durur bacıoğlunun qənşərində:

- A Səməd, deyən xoşun gəlir? - gözüylə tort tərəfi göstərir.

- Hə, ay xala, elə mən də bayaqdan gözlüyürəm görüm nə vaxt kəsəjəklər?

Üzü gülən xalanın son sözdən sonra sifətindəki ifadə qəfil dəyişir:

- Nə? Kəsəjəklər? Zibanımı kəsəjəklər?

- Ziba kimdi, a xala, tortu deyerəm, - qohum o dəqiqə məsələni başa düşür, sən demə xala tortun istiqamətində oturan on dörd yaşlı “ərə getmək vaxtına çatan” Zibanı nəzərdə tutubmuş.

- A tülkü Musanın oğlu, - xalası bic-bic gülümsəyir,- sən elə bilirsən başa düşmədim. Xoşuna gəlersə, de xoşum gəler, Elmanla Ehtirama, - öz oğlanları,- deyim, onu qaçırdıf sənə öyümüzə gətirsinlər.

- Ay xala, sən Allah.

- Ya elə istəmersənsə, gedim elə indi özünnən, - əlini düz qız tərəfə izadıb, - danışım, ağzı nədi sənin kimi oğlanı bəyənməsin.

Səməd həsrətlə kəsilməsini gözlədiyi tortun üstündən baxıb görür ki, yanaqları qızarmış qız da onlar tərəfə baxır, qohum o dəqiqə başa düşür ki, qız bayaqdan xalasının nümayişkəranə əlini ona tərəf uzatmasından məsələnin nə yerdə olduğundan hali olub.

Qısası, qohum bir təhər xalasını inandıra bilir ki, xoşuna gələn tort imiş, Ziba yox. Xala gedib yerində oturandan sonra qohum da başlayır masadakılarla bir yerdə o biriləri kimi çox olmasa da, bala-bala araqdan vurmağa. Araqdan vursa da ağlı başında olan tələbə qulağının ucuyla hiss edir ki, qonşu masaların birində əyləşən lopabığ kişi bayaqdan gözlərini zilləyib ona. Arada çönüb o tərəfə baxan qohum fikir verir ki, lopabığ kişinin yanaqları araqdan get-gedə qızarmaqdadır. Diqqətli baxışların cansıxıcılığından bezən qohumum siqaret çəkmək üçün çölə çıxmaq istəyəndə lopabığ kişi peyda olur Səmədin qənşərində. Gur səslə:

- Ayə, harıya gedeersən?

- Mən? - qəfil, az qala danlayıcı tonla verilən sualdan çaşan Səməd, - heç çölə çıxıram, - deyir.

- Tanıdınmı məni, ayə?

- Yox, tanımadım.

- Booy, ayə hancarı tanımadın məni?!

- Vallah əmi, tanımadım.

 

Bu vaxt bayaqdan lopabığ kişinin az qala gözlərini bərəldə-bərəldə bacısıoğlunun üstünü kəsdirdiyini görən Müşkünaz xalası özünü yetirir.

- A Müşgünaz, - lopabığ gözləri az qala hədəqəsindən çıxmış halda, - bu şətəlxor köpəyoğlu, bayaqdan maa deyer ki, məni tanımeer.

- Tanımeer, tanımasın dana, nə olajax, dünyamı dağılajax.

Gözləri süzülən lopabığ kişinin ağır eşitdiyindən istifadə edən qohumum pıçıltıyla xalasından soruşur:

- A xala, yavaşca de, bu kimdi?

- İsmeyilin oğlu Mahaldı, - Müşkünaz pıçıltıyla deyir.

- Bıy, ay əmi, yadıma düşdü, sən Mahalsan.

- Hansı Mahal, ayə? Bu kəttdən çıxan o qədər Mahal var ki.

- İsmeyilin oğlu.

- Booy, sənin qadan alım, - üzü qəfildən gülən Mahal bərk-bərk tələbəni bağrına basır, marçamarçla üzündən öpməyə başlayır. - Bu, deyən, tanıdı, az məni, - xalaya tərəf çönür.

Axır ki, Mahal əl çəkir tələbədən və məlum olur ki, o qohumumun dayısıoğlunun qaynatasıymış, ən əsası, qohum imişlər, uzaq olsa da.

Kosalar cavanlarının toy adətlərindən biri də qız, ya oğlan evi fərq etməz, - biri digərinə məzələnmək xatirinə maddi ziyan vurmaqdır.

Artıq saat doqquzdan sonra oğlan tərəfdən qız toyuna gələn cavanlar başlayırlar bu adətə riayət eləməyə. Qız tərəfindən qulluq eliyən cavan oğlanlara tez-tez araq, qədəh gətizdirirlər, - araqdan içə-içə arada gizlincə şüşənin yarısını əndərirlər yerə, ya qədəhi yerə çırpıb sındırırlar, çəngəl guya əllərindən yerə düşür, - bunları edə-edə pıqqapıq gülməyə başlayırlar, dalısınca tez gəlinin ortada qulluq eliyən dayısıoğlunu çağırırlar:

- A qağa, qadan alım, o araqdan bir dənə də gətir.

- A bajıoğlu, rumka əlimdən düşdü, qırıldı, birini də gətir.

- A saa quzu kəsim, bu çəngəl yerə düşdü, sən bunu götü (götür), zad elə, yu, ya da təzəsini...

Üstəlik, cavanlar Kiyevdən gəlmiş yerliləri, “mədəni uşaqlar” dedikləri tələbə Qulunu, Bakıdan gedən qohumum Səmədi da dümsükləyirmişlər: “A Qulu, a Səməd... Götür bakalı... Vur yerə, sınsın. Ayə, demerəmmi vur yerə... Qırılmadı e. Ayə, sən indi demək istiyirisən ki, şəhərdən yəlifsən, kulturnu uşaxsan? Rumkuyu (qədəhi) bəri ver görüm”.

Qədəhlər qırıldıqca başı qızmış ziyanvuranlar dəstəsi əllərini əllərinə vurub şaqqanaq çəkib gülə-gülə “yaman elədik, ha” deyirmişlər.

Belə masaların birinin arxasında oturan qohumum az içibmiş deyə, ağlı az-maz başındaymış. Fikir verirmiş ki, onlara qulluq edən cavan oğlan bəyin qohumlarının çıxartdıqları hoqqalara göz qoyur, əsas da, qız evinə ziyan vurmaqda canfəşanlıq edən İvada (İbad) tərs-tərs baxır.

Az keçmir, gəlinin bir qardaşı, - gəlinin səkkiz qardaşı varıymış, - masaya yaxınlaşıb:

- Ay İvat, bir on dəqiqəliyə çıxaq çölə, sənnən bir şey soruşajam, - sakitcə deyir.

O biriləri heç nə başa düşməsələr də, ya başa düşüb əhəmiyyət verməsələr də, qohumum o dəqiqə məsələnin nə yerdə olduğunu bilib İbadla onu “razborkaya” çağıran gəlinin qardaşının dalınca çıxır çölə.

Bir gün əvvəl “Axşam doqquzdan sonra toydan çıxıb öyə gedərik”, - deyən Müşgünaz xala isə yüz qram araqdan sonra bacısıoğluna dediklərini, deyəsən, unudubmuş.

- Hə, ay qohum, nə başını ağrıdım, - qohumum mənə danışır, - çıxdım bunnarın dalınca. Bu İvat da, hansı ki, ən çox rumka sındırırdı, arağı yerə tökürdü, atamın doğmaja dayısı oğludu. Maşınının açarını da verif maa. Bunnar çölə çıxdı, qızın qardaşı buna nəsə ağır söz dedi. İvat qayıdıf bunun cavabını verəndə, qızın qardaşı bunun qulağının dibinə bir şillə. Elə yaxınlaşdım bunnarı aralıyam, İvat bunun ağzına bur yumrux vurdu. Yumruğu vurmağıynan gədənin yıxılmağı, dodağı partlamağı bir oldu. Tez İvatı belindən götürüb, apardım maşına. Qapii açıb itələdim dal “siddeniyə” bunu, oturdum maşına, basdım qaza. İndi uçuram. Həm də başa düşürəm ki, dalımca gələjək bunnar. Hardasa beş yüz metr gedif maşını verdim körpünün altına. Maşından yavaşcana çıxdım. Bir də gördüm, körpünün üstünnən on beş maşın “samalyot” kimi Poltavaya tərəf, raysenterə gedellər. Tez oturdum maşına, qohumu apardım öylərinə. Sözün birini qoyum, o birinə keçim. Qızın əmisioğlu da o maşınlardan birini sürürmüş. O, lap soralar maa danışırdı ki, məəttəl qalmışdıq ki, siz maşınnan hara yoxa çıxmışdız, lap yüz səksənlə sürsəydiz belə elə tez yoxa çıxammazdız..

Sabahısı axşam isə oğlan toyuymuş, yeri gəlmişkən, dünən qız toyları olan bəylə gəlin həm də qohumuymuşlar. Səhər-səhər bəyin yaxın qohumları, cavanlar həyətdə oturub gəlini toy yerinə aparmaq, maşını bəzəmək, haralarda şəkil çəkdirmək məsələlərini müzakirə edirmişlər. Bir də görürlər ki, dünən ağzı partladılan oğlanın qardaşlarından biri tək həyətə girdi:

- Ay İvat, olarmı səni? İki dəqiqəlik sənnən söhbətim var.

O biriləri də ayağa durmaq istiyəndə İbad əl eliyir ki, oturun. Otururlar. Səsə İbadın anası çıxır, dünənki məsələdən xəbəri varıymış, çəmkirir gələn oğlanın üstünə:

- Nədi, a Qurvan, bax, nəyə əlmisən? (gəlmisən) A səni ilan vurmasın, qardaşın da dünən bir şapalax vuruf İvata, İvat da ona bir yumrux qoyuf, qutarıf gedif. Bax, indi duruf nəə əlmisən?

- Ay Tamaşa xala, sən narahat olma, mən ikicə kəlmə söz deyif gedəjəm. Çox yox ha, ikicə kəlmə.

İbad tez təpinir anasının üstünə: “Aaz, nə yəzirsən burda, keç içəri, kişi söhbətinə burnunu soxma”.

- ...Mən eləjə bunnarın dalınca çıxdım, - qohumumun söhbətini yenə onun dilindən verək, - görüm, nə söhbət eliyjəklər. Bunnar qapıdan çıxıf elə bir az anarı getmişdilər ki, həmən bu İvatın anası məni səslədi ki, a bala, qadan alım, qoyma onnar dalaşsınlar. Mən də dedim ki, ay Tamaşa xala, narahat olma, qoymaram. Bir də çönəndə nə görsəm yaxşıdı. İvat yıxılıf yerə, ağız-burun qan içində. Vuran gədə yoxdu, itif. Baxdım ora-bura, gədə dünən biz maşınnan yox olan kimi yox oluf haryasa qaçıf gedif. Amba indiyə kimi baş açammeram o, maşınnnan gəlmişdi, yoxsa piyada. Yəni başa düşəmmerəm ki, o karatesit gədə qaça-qaça getdi, yoxsa maşına minif yox oldu. - Bunu deyəndə qohum gülür. - Sonra İvata dedim, ay İvat, özün ayağa dura bileersənmi? Heç nə demədi, kirmişcə ayağa durdu, başladı üstünü çırppağa. Onda qayıtdım, ona dedim ki, həə, a qağa, sən ayağa dura bileersənsə, deməli, hər şey yaxşı qutardı. Baş barmağımı göstərif dedim əla. - Bunu deyib yenə gülür qohum.

- Yəni film xoşbəxt sonluqla bitdi, - mən də gülürəm.

- Ay yaşa, film doğrudan da xoşbəxt sonluqla qutardı.

Qohumun dediyinə görə, gəlinin kiçik qardaşı qara kəmər Qurbanın bir zərbəylə vurub yerə sərdiyi İbad üst-başını çırpandan, su ilə ağzə-burnunun qanını yuyandan sonra hələ də yerlərindən tərpənməyən, heç nə demədən eləcə bir-birinə, arada ona baxıb qımışan, göz vuran cavanlarla (bir növ: “olan şeydi, a qağa, nayrahat olma”) bir yerdə oturub nəlbəkiyə tökdüyü çayı üfürə-üfürə içir. Az sonra İbad da qayıdıb arada onlara göz vurur, qımışır, yəni düz deyirsiz, olan şeydi.

- Hə, saa son olaraq bir şey də deyim, - Səməd söhbətin p.s.-sını deyir. – Biz tərəflərdə toyda, ya toydan sonra olan dava, söz-söhbət tay böyüyüb nəsil davasına çevrilmir ha. Ay nə bilim, bir ildən, iki ildən sonra başqa bir toyda içib biri o birini çölə çağıra, söhbət xırdalıya ki, yadında, neçə il qavax maa belə dedin, düz eləmədin, məni vurdun cahmahatın yanında, o deyə, bu deyə, axırda biri çıxardıb bıçağı soxa o birinin qarnına, ya elə təkcə yumruq vura, belə söhbət yoxdu bizim kənd adamı arasında.

- Amma bir şey var ki, dediyin o Qurban karate üzrə qara kəmər...

- Yox, bildim nəyi deyəssən. Dəxli yoxdu, lap o Qurvan heç karateist, nə bilim kultiristlər (əzələ nümayiş etdirənlər) kimi nəhəng olmuyuf elə arıxcana birisi ola-ola İvatı vursaydı belə, o biri günlər İvat kin-zad saxlamayajaydı. Ya təzdən onun qardaşları gedif haqq-hesab çəkmiyəjəydilər Qurvangilnən. Bəs demeerəmmi, mən deyəndə ki, ay İvat, özün ayağa dura bileersənmi, ayağa durdu, düzdü hirslənmişdi, beyninin venalarını özüm gördüm, amba tay qayıdıf demədi ki, axşam gör onu neyniyəjəm. Yəni heç nə deməsə də, bir növ özü də hesab elədi ki, hesab bir-bir oldu, hər şey yaxşı qutardı.

Səməd danışır ki, çay içəndən sonra İvat öz əmisi uşaqlarıyla bir yerdə dana bozartması yeyir. Nəhayət, hamısı heç nə olmamış kimi bəy qarışıq maşınlara oturub gedirlər gəlini qız evindən götürüb toy evinə aparmağa. Və o gün toyda heç bir dava-filan olmur.

 

 

24 iyul, 2013 – 27 sentyabr, 2013,

Altıağac (kənd çayxanası) – Bakı

Kaspi.-2013.-2-4 noyabr.-S.21.