ŞEYX NƏSRULLAH ƏSARƏTİ -
ikinci yazı
İnam ATA
«Şeyx
Nəsrullah Əsarəti» (1973) İnam Atanın (Asif
Atanın) Mirzə Cəlilin «Ölülər»i mövzusunda
yazılmış ən qüdrətli əsərdir desəm,
yanılmaram.
Ata tənqidində əsas məqsəd yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Bu, qətiyyən yazıçının, yaradıcının imkanlarını inkar etmir, əksinə, o imkanların genişliyini göstərir. Ata tənqidinin – təhlilinin məqsədi İnsanilik uğrunda döyüşdür. O, ədəbi tənqiddən hünər istəyirdi, onun döyüşkənlik ölçüsünü yaradırdı.
«Şeyx Nəsrullah Əsarəti» əsəri Ataya məxsus yüksək təblə, vəcdlə yazılıb.
Əsərin birinci bölümü «Şeyx Nəsrullahın peyda olması» adlanır. Burada Ata «Şeyx Nəsrullah sindromu”nun yaranması səbəblərini, «uzaqlıq mifi»nin mahiyyətsizliyini açır: “İnsan özünü itirəndə – Şeyx Nəsrullah peyda olur”.
«Özgələşmə» bölümündə qorxunun yaratdığı özgələşmənin mahiyyəti üzə çıxarılır: “Ölülər aləmində düşünən yoxdur”.
«Eyniləşmə» bölümündə Ata «dirilərin ölü eyniyyəti»nin nədən ibarət olduğunu təhlil edir.
«Kütləvi psixoz» bölümündə Şeyx Nəsrullahın qorxu ilə hər şeyə nail olmaq istəyini gerçəkləşdirən amillər araşdırılır.
«Şeyx Nəsrullah aktyorluğu»nda onun bu keyfiyyətinin insansız mühitdə imkan tapa bildiyi vurğulanır.
«Kütləvi Günah»: burada mütilərin qorxaqlığından doğan rəzillik, ikiüzlülük əsərdəki misallarla təqdim olunur.
«İsgəndər təkliyi»ndə İsgəndərin diriliyinin, habelə faciəviliyinin səbəbləri göstərilir.
«Ölməzlik» adlanan sonuncu bölümdə Ata bu qənaətə gəlir: «Bəşəriyyət özünü tam dərk etməyincə, özünə tam inanmayınca, özünə tam qayıtmayınca Şeyx Nəsrullahlar ölməzdir!”
İşıqlı Atalı,
Mütləqə İnam Ocağının Yükümlüsü
***
(Cəlil
Məmmədquluzadənin “Ölülər” əsəri
üstə)
(önü ötən sayımızda)
İnstinkt səviyyəsində – ülvilik bayağılaşır, zahiri dəbdəbəyə,
təmtərağa, boş möhtəşəmliyə, parıltıya çevrilir. Buradan mənadan çox effektə, fikirdən çox üsluba, səslər düzümünə, hərəkətə, duruşa, pozaya fikir verilir. Ona görə də Şeyx Nəsrullah adətən, ərəb və fars dillərində danışır, şeirə, bəlağətə, keçir, coşqun və əlvan səs axarı insanları sehrləyir.
“Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmişabəd. Dil niz dər vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-rübbi dünya, rəğbət bəzikri pərvərdigar nəmidarəd”.
Əgər
bu sözlər anlaşılan dildə deyilsəydi, çox
adiləşər, mənasızlaşar, qeyri-ülviləşərdi.
Lakin onlar yüksək üslubda, dəbdəbəli tərzdə
deyildiyindən camaatı sarsıdır. Şeyx ilə
ölülər arasındakı məsafə
sonsuzlaşır. Hipnozçu bir an da qeyri-adilik səmasından
enmir, “zirvədən” aşağı düşmür.
İnsanlar ona həmişə aşağıdan yuxarı baxırlar. Şeyxə elə bu lazımdır.
Daim uzaqlaşmaq.
Ülvilikdə, sonsuzluqda bəsit təfəkkür
üçün ən cazibəli – zahiri əlamətdir.
Hipnoz
üçün elm yox, elməbənzərlik, ülvilik yox,
ülviliyə bənzərlik,
sonsuzluq yox, sonsuzluğa bənzərlik gərəkdir. Parıltılı cümlələr, zahiri ciddilik, yaxud zahiri çılğınlıq, sanballı yeriş, ağır oturub-durma, mənalı poza, səslər axınının boş ahəngi gərəkdir.
Adiləşmək,
aydınlaşmaq, yaxınlaşmaq – hipnozu öldürmək
deməkdir. Bunu Şeyx anlayır. Ona görə o daim fəaliyyətdədir,
daim danışır, başlara dəbdəbəli cümlələr
zərbəsini hey vurur, yorulmur. Bəzən səsini
alçaldanda, yaxud sadə dillə danışanda həmkarı
Şeyx Əhməd onu özünə qaytarır. Həmlə
ardıcıl şəkildə davam etməlidir. İnsanlar hər
an belə dairəyə pərçimlənməlidir. Bu dairədən
kənara çıxanların başında birdən fikrəbənzər
bir şey yaranar və hipnoz ölər.
Elmdə həqiqət də var, üslubiyyat da, əsl alimlik də var, rütbə siqləti də, məzmun da var, forma da. Bəsit şüur ikincilərin aludəsidir. Onu maraqlandıran nə deyildi yox, necə deyildi, kim dedi –“hikmətidir”.
İsfahanda elm-kamala sahib olmuş, Xorasana təşrif
gətirən, sirli məktub vasitəsilə zühur edən
səs, ahəng, ibarəli cümlələr sərdarı
Şeyxmi, yoxsa gündə gördüyün Kefli İsgəndərmi?
Birincinin
ağzından çıxan hamısı elmi-ürfandır,
ikincinin – qəbahətdir.
Hipnoza alışanlar – fikrə yaddır.
Hipnoz – cazibəli, xəyali, bəzəkli fikir – narahat, əzablı, sərtdir.
Hipnoz – məstedici, özündən ayrılma, fikir – iztirablı özünəqayıtmadır.
Kütləvi psixoz – şirin, həqiqət – acıdır.
V. Şeyx Nəsrullah aktyorluğu
Şeyx Nəsrullah həm də aktyordur. O,
camaatın ağlını söndürmək və instinktlərini
alışdırmaq üçün bir sıra aktyor
üsullarından məharətlə istifadə edir. Bunlardan ən başlıcası müəyyən
bir hissi ekstaz (ehtizaz) səviyyəsinə qaldırmaq, eyni bir
nitqdə müxtəlif əhvali-ruhiyyələr yaratmaq (dinləyiciləri
gah heyrətləndirmək, gah qorxutmaq, gah məst etmək,
ağlatmaq) ustalığıdır. Şeyx hər bir
ehtirası ardıcıl şəkildə, tədricən təlqin
edir. Onu zirvəyə qaldırır, ən gərəkli
anları böyük məharətlə qabardır.
Onun aktyorluq arsenalında təkrirlər xüsusi yer tutur. Təkrirlər vasitəsi ilə Şeyx camaatı əfsunlaya bilir. Təlqin etmə – mürəkkəb bir proses kimi meydana çıxır: onun həm nisbətən sakit, həm dramatik, həm də gərgin anları var.
Həm bəmi, həm zili var.
Həm enişi, həm yoxuşu var.
Həm fəryadı, həm nərəsi var.
Qəbiristanlıq səhnəsində biz Şeyx
aktyorluğunun zirvəsini seyr edirik.
Nitq
sanballı, “müdrik” tərzdə başlayır: “Dər xəzani-qüdrət
cövhəri-şəriftər əz elm və nəfistər
əz dəniş nist”.
Şeirlə
əlvanlaşır:
“Elm bəvəd
zindəgiyi-canü dil,
Elm dəhəd
tazəgiyi abü gil”.
Gərginlik (kreşendo) dövrü başlayır.
“Budur kitab! Budur elm!” – deyə
Şeyx hayqırır. Sonra səs enir, gərginlik
bir anlığa azalır. (Dramatik pauza).
Bir azdan təkrirlər yağışı
başlayır.
“Öz
cümleyi-xəfiyyat”: əvvəl, elmi-tilismatəst. Və
lakin bunnan işimiz yoxdur... Səvvüm, elmi-xəyalat.
Bunnan da işimiz yoxdur. Cəharüm,
elmi- şöbədə. Bunnan da
işimiz yoxdur”.
“Bunnan da işimiz yoxdur” təkriri gələcəkdə
güclü bir təsirin yaradılması üçün
gözəl bünövrədir. Bir-birilə müqayisə
edilən hadisələr misilsiz hadisənin qeyri-adiliyini
sübut edir. Qeyri-adinin müstəsnalığını
göstərmək, “ülvini” başqalarından seçmək,
fərqləndirmək üçün təkrirə əl
atılır. Adilərin sadalanması yolu
ilə qeyri-adilik təsdiq olunur.
Qeyri-adilik nitqə böyük təmtəraqla, dəbdəbəylə,
hazırlıqla, intizarla daxil olur.
Təkrirlər
– qeyri-adinin ondan qabaq gəlmiş xidmətçiləri,
müşavirləri,
görüşü hazırlayanlarıdır.
“Hamı buradadır, indi o gələcəkdir”.
Təbiidir
ki, bu an sirli və ovsunkardır.
Qeyri-adi Pəncüm (ölülərin ricəti) əzəmətlə
nitqə daxil olur.
Təkrirlər
bəlağət donu geyirlər:
“Əvvəl, elmi-simiya, dövvüm, elmi-rimiya, pəncüm,
elmi-himiya”.
Qeyri-adiliyə heyrət hissi oyadan aktyor indi qorxu
instinktini alışdırmağa başlayır.
Uzun müddət insanları öz təsiri altında
saxlamaq üçün Şeyx hissləri təzələməlidir. Həmin
duyğu indi başqasına keçməlidir.
Heyrət ilə qorxu arasında yaxınlıq
çoxdur. Heyrətə gətirəndən sonra qorxutmaq
asandır. İndi “ölülər”
tamamilə Nəsrullahın ixtiyarındadır.
Şeyx
qorxudur:
“Bəzi
münkirlər deyirlər ki, ricət bədəz mərk
münafiyi – təklifəst...
(Ucadan).
Bəlkə sizin də içinizdə belə
münkirlər var. Əgər var. Gəlsin bərabərimə”.
Qorxutmaq azdır, həm də ağlatmaq lazımdır. Camaatın mənəvi
aləmi bütünlüklə zəbt edilməlidir.
Şeyx
ağlayır:
“Bunu inkar edən gərək elə də bunu da inkar edə
ki, dəsti-mübarəkra bir püşti kusfəndi
(başlayır ağlamağa), fürud avürdə duayi-bərəkət
küft və bəqüdrəti bari-təala əz on yek
küsfənd həftad küsməndi digər mütəvəllid
şüdənd”. İndi yenə qorxutmaq gərəkdir.
Bu hissi beyinlərə, ürəklərə həmişəlik
həkk etmək üçün. Yeni hipnotik,
çılğın təkrirlər nidası səslənir:
“Kimdir bunu danan? Qoy münkirlər gəlsinlər
bərabərimə, bu kitab ilə onların cavabını
verim”. Nəhayət, Şeyx mütilik
instinktini alovlandırır.
“Durun ayağa!”- deyə əmr edir. Dururlar.
“Oturun!” – deyə
qışqırır. Otururlar. Səs gah ucalır, gah enir, gah zilə qalxır, gah
bəmə düşür, gah sərtləşir, amiranələşir,
gah yavaşıyır və “ölüləri” öz əsarətinə
alır.
Şeyxin böyük aktyor təzyiqini yalnız
güclü ağıl dəf edə bilərdi. O da ki, yoxdur.
VI.
Kütləvi Günah
Kütləvi
özgələşən, kütləvi eyniləşən,
Şeyxin kütləvi əsarətini qəbul
edən
diri ölülər eyni zamanda kütləvi
günahkarlardır. Onlar Şeyxin yanında
mütidirlər, öz aləmlərində qəddar. Onları bir-birilə həm də
azğınlıq birləşdirib.
Mütilərin
dəhşətli despotçuluğu!
Qardaşının
arvadını alıb, balasını naxıra göndərənlər!
Doqquz
yaşlılara evlənənlər!
Arvadlarını
yumruq altında öldürənlər!
Dostların,
yetimlərin malını yeyənlər!
Biçarə
Nazlıları əyyaş qocaların ağuşuna itələyənlər!
Mütilərin
dəhşətli azğınlığı!
Eyniləşənlərin “mürəkkəbliyi”.
Mütiliyin
arxasında gizlənmiş qəddarlıq!
Günahla birləşən, eyniləşən,
günahsızlara, ləyaqətlilərə, İsgəndərlərə
qarşı nifrətdə vahid olan, başqa məqamlarda
bir-birini didib parçalamaqdan çəkinməyən “məzlumlar”.
Qorxun mütilərdən. Onların qəlbində ilan
yatır!
VII.
İsgəndər Təkliyi
İsgəndər təkdir. Çünki zəmanə
onun zəmanəsi deyil. Çünki ondan
başqa hamı eyniləşib. Çünki
İsgəndərdə normativ cəhət yoxdur. Atası onu “incinar, həkim” olmaq üçün
oxumağa göndərmişdi. O isə düşünən
insan oldu.
İsgəndərin meydanı yoxdur. Meydan
Şeyxindir. Çünki İsgəndərin
mənəvi dünyası kütləvi psixoz dünyasına
düşməndir.
Ümumi axar İsgəndəri rədd edir.
“Allahın iti də onun sözünə baxmır”.
Ailəsi üçün o, gözdağıdır. Çünki
heç kəsə bənzəmir. Nəinki Hacı Həsənə,
hətta intelligent Heydər ağaya, Əli bəyə.
Eyniləşənlərlə təmasda İsgəndər
heç vaxt özü olmur. Ona görə
içir.
Sevdiyi bacısı Nazlı da eyniləşməyə
doğru gedir.
Qardaşı Cəlal “mara çe töhvə avərdi” -
öyrənir. İsgəndər hər şeyi
anlayır, duyur, lakin heç nə edə bilmir. Nəsrullah üçün də ciddi təhlükə
törətmir. Çünki eyniləşənlər
hamısı, bir nəfər kimi İsgəndərə
qarşıdırlar. Isgəndər
gülür, qəmlənir, düşünür, hiddətlənir,
lakin mühit axarına təsir edə bilmir. Isgəndər öz daxili imkanlarına görə
heç deyil. Lakin ölülər aləmində
doğrudan da bir heç olur. Çünki
bu aləm onun təsirindən çox uzaqdır.
Əsərin sonunda bir anlığa İsgəndərə
meydan verilir. Lakin onu həmişəlik meydan hesab etməyin.
Hacı Həsənlərin başlarını
aşağı salmaları da sizi aldatmasın! Onlar
əvvəlki adamlardır. Bəlkə daha ölü
diriltməyə inanmasınlar, lakin başqa möcüzələrə
yenə inanacaqlar, yenə Nazlılar ağlayacaq, yenə
Hacılardan biri tövşüyə-tövşüyə təzə
bir “qeyri-adi” xəbər gətirəcək, yenə başlar
əyiləcək, ayaqlar titrəyəcək, gözlər
dana heyrətilə “ali qüdrətə” dikiləcək.
İsgəndər
ətrafdakılar üçün sirr də deyil, onu
çoxdan “dərk
etmişlər”. O, bəladır, yaradır, “heçlikdir”. Bədbəxtdir. Göz
lazımdır, ağlaya. Çünki İsgəndər
normativ tələblərin heç birinə cavab vermir.
Mənsəbi yox, dostu yox, möcüzələrə
inamı yox! Nə Hacı Həsəndir, nə Əli bəy!
Kafirlər məktəbində dərs oxumaq olar, bir şərtlə
ki, sonra gəlib Heydər ağa olasan! Lakin kafir məktəbini
qurtarıb stereotipə qarşı çıxmaq cinayətdir!
Onda “küp dibində yatmalı olursan”.
Hamı necə, sən də elə! Hamı
gözü qıpıqdır, sən də ol gözü
qıpıq. Gözü qıpıq deyilsən – deməli,
heçsən! Budur stereotip normativliyin tələbi! İsgəndərin meydanı yoxdur. O, hər
yerdə artıqdır! Evdə, Şeyx Nəsrullahın
hüzurunda, camaat arasında, hər yerdə, hətta
Nazlıyla söhbətində belə: “Bir bax, həyətdə
gün çıxıb. Sən ki, o
günü görməyəcəksən, nəyə
lazımdır onun işığı? Çöldə
otlar göyərib, ağaclar çiçək
açıb, amma nəyə lazımdır sənsiz o
çiçəklər, o çəmənlər?”.
Nazlı qardaşının sözlərinə maraqla
qulaq asır, ancaq onların heç birini həyata keçirməyəcək. Aktiv fəaliyyət
üçün doğulan insan – qəm dəryasında
üzür. Gözünün
qabağında tifil qızlar İsfəhan lotusunun
ağuşuna atılır, ölü diriltmək mərasimi
həyasızcasına hayqırır, heç nə eləyə
bilmirsən. Bir neçə dəqiqəlik
mühitinə lazım olursan, üzünə tüpürmək
üçün.
Dünyaya
gərək olan adam – heç kəsə
gərək olmur. İsgəndərin “yeganə
silahdaşı” araq şüşəsidir!
İnsanların
özlərini itirdikləri yerdə İsgəndər təkdir!
Adamların özgələşdiyi yerdə
İsgəndər təkdir.
Düşüncəni instinkt, həqiqəti stereotip,
insani həyat tərzini – kütləvi psixoz əvəz etdiyi
yerdə İsgəndər təkdir.
Mahiyyəti
– zahiri əlamət, qabiliyyəti – dəbdəbə,
idrakı – titul əvəz etdiyi yerdə İsgəndər təkdir!
Şeyx Nəsrullahın meydan oxuduğu yerdə – İsgəndərə
meydan yoxdur! Heydər ağaların Şeyx
hünərinə heyrəti coşan yerdə - İsgəndərin
qəlbi yanar.
İsgəndər təkdir. Çünki diridir.
Ölülər arasında.
VIII.
Ölməzlik
Bəşəriyyət
özünü tam dərk etməyincə, özünə
tam inanmayınca, özünə tam qayıtmayınca Şeyx
Nəsrullahlar ölməzdir!
1973
Kaspi.-2013.-2-4 noyabr.-S.23.