Sevimli şairimiz
Tofiq Bayram
İddiasızlar...
Söz vaxtına çəkər.
1988-ci ilin payız ayları idi. Bakıda Dağlıq Qarabağ
separatçılarının başıpozuq hərəkətlərinə
qarşı mitinqlər dalğası
başlanmışdı. Etirazını mitinqlərlə ifadə
etməyə çalışan xalq
kütlələri meydanlardan çəkilmək
bilmirdi. Belə günlərdə
xalqın sevilib seçilən
ziyalıları da xalqla
birlikdə idilər. Onlar mitinqlərdə
iştirakı və çıxışları ilə
xalqın daha da əzmini,
iradəsini artırırdılar. Hər kəsin xatirində qalan bu sayaq
ziyalılardan biri də sevimli
şairimiz Tofiq Bayram idi. Tofiq Bayramın yüz səsin içindən seçilən,
özünəməxsus qalın səsi vardı. O, nitqi zamanı mütləq vətənlə, torpaqla bağlı şeirlərindən birini öz ahəng və
tərzində, xüsusi intonasiya,
pafosla oxuyardı. İnsanlarda
belə təsəvvür yaranardı ki, əsl
şair şeirini
məhz belə oxumalıdır. Ürəkdən, cani-dildən,
coşa-coşa, sel kimi kükrəyə-kükrəyə...
Yorulmazdı şeirlərini oxumaqdan. “Daha bunu tribunadan
düşürə bilmərik”, - gülümsəyirdilər
şair dostları...
Çıxışlarındakı od-alov səbəbsiz deyildi, vətənə olan aşıb-daşan sonsuz məhəbbətindən yaranırdı. O günlərdə şairin “Qarabağı vermərəm” şeiri meydanlardakı kütlələrin ən çox sevdiyi şeirlərdən idi:
Mən heç zamn dönmərəm
Fikrimdən, niyyətimdən.
Lazım gəlsə gözümün
Qarasını verərəm,
Qarabağı vermərəm...
Bakıda doğulan Tofiq Bayram Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.
Şairin
“Çiçək” adlı ilk şeiri 1953-cü ildə
“Ədəbiyyat və incəsənət” qəzetində dərc
olunmuşdur. “Ana təbəssümü”
adlanan ilk kitabı isə
1961-ci ildə çap edilib.
“Şairin şikayəti” mənzum pyesi, “Təbrik çiçəkləri” və
“Yaralı nəğmə” poemaları iri
həcmli əsərləri arasında ən uğurluları
sayılır. Şeir və poemalar yazmaqla
yanaşı uzun illər tərcümə
işi ilə də məşğul
olmuş, bir çox görkəmli
yazıçıların, o cümlədən
Lope de Veqanın “Hiyləgər
məşuqə” pyesini də tərcümə
etmişdir. A.T.Tvardovskinin
“Yaddaşın hökmü”
poemasının tərcüməsinə görə isə
1988-ci ildə M.Qorki adına Azərbaycan
Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.
Tofiq Bayramın şeirlərinin əsas mövzusu insan və xalq sevgisidir. Əsərlərində güclü lirizm və romantika üstünlük təşkil edir. Şairin onlarla şeirini Azərbaycan poeziyasının parlaq nümunələri hesab etmək olar. “Qadın ürəyi” adlı şeiri də bu qəbildəndir:
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın
ürəyi!
O, dövrünün tanınmış
sevgi şairlərindən
biri olmuşdur. Onun “Görüş” şeiri də dillər əzbəri olan şeirlərdəndir:
Biz ki unutmusduq ilk məhəbbəti,
Ah, bu qəfil görus
kas olmayaydı!
Mənim
gozlərimdə esqin həsrəti,
Sənin
gözlərində yas
olmayaydı!
Digər
bir şeiri – “Ay gecikən məhəbbətim”
bu gün də gənclər arasında sevilən, dəyərini saxlayan şeirdir:
Bir xəstəyəm, əlacım
sən,
Bir koram, əl agacım sən,
dilənciyəm əl acım, sən, -
Sən ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!
Tofiq Bayram haqqında danışılarkən
onun həm də böyük vətənpərvər, millətçi
şair olduğu qeyd edilir. Şairin
bu misraları mənim də məktəb illərində
yazdığım onlarla
inşanın bəzəyi
idi:
Qalxıb
Şahdağına söz
istəyirəm,
Çatsın hay- harayım dinləyənlərə.
Mən nankor deyirəm, nacins deyirəm
Öz ana dilini bilməyənlərə!
Sağlığında müəllifi olduğu on
iki kitabı və dörd tərcümə kitabı
çap olunub. Xalqının sevgisindən qeyri heç bir vəzifəyə, mənsəbə
iddiası olmayan şairin ədəbiyyat sahəsindəki gərgin
əməyi 1984-ci ildə
qiymətləndirilərək ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Ölkəsinin azad, firavan yaşamasını
arzulayan şairə təəssüf ki, onun müstəqilliyini görmək qismət olmadı. Əlli altı il,
dörd ay ömür
sürən, 1991-ci ilin
aprel ayında zamanının təbədüllatlarına
ürəyi davam gətirməyən Tofiq Bayram əbədiyyətə
qovuşdu.
Təqribən bir il
sonra, gələn ilin dekabr ayında
böyük şairin
anadan olmasının səksən ili tamam olacaq. İnanıram
ki, xalq sevimli şairinin yubileyini adına
layiq sevgi, təntənə ilə qeyd edəcək.
Rövşən
Yerfi
Kaspi.-2013.-2-4 noyabr.-S.22.