Bakı Beynəlxalq Humanitar
Forumunda aktual məsələlər
müzakirə edildi
Professor Bərdəli: «Azərbaycanın
bugünkü inkişafı bütün dünyanı mat
qoyub»
Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilmişdir. Bu il Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı və artıq iki dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bakı Beynəlxalq Humanitar Forumunun da bu sırada öz yerini tutan aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir hadisə kimi yadda qaldı.
Dünyanın müxtəlif ölkələrindən, daha dəqiq desək 70 ölkədən 800-ə yaxın çoxsaylı nümayəndələrin-nüfuzlu ictimai-siyasi xadimlərin, sabiq dövlət başçılarının, Nobel mükafatı laureatlarının iştirak etdiyi bu tədbir Azərbaycanı daha yaxından tanımağa bir daha imkan yaratdı. Bu sözləri forumun iştirakçısı olan Egey Universitetinin professoru, Türkiyədə ilk Molyekulyar Tibbi Laboratoriyanın yaradıcısı həmyerlimiz Afiq Bərdəli söyləyir.
O, deyir ki, bu forumda iştirak etmək mənim üçün böyük hadisə oldu. Çünki Bakı Humanitar Forumu çox qısa müddətdə dünyada inkişafın ən mühüm, ən ümdə problemlərinin müzakirə edildiyi çox vacib bir məkan idi. Həm də olduqca vacib bir məsələdir ki, söhbət dəyərlərlə bağlı problemlərdən gedir. Eyni zamanda Azərbaycanda bu cur möhtəşəm bir tədbirin keçirilməsi bilavasitə ölkənin bütün dünyada olan nüfuzunun təsdiqi idi.
Mənim üçün bir neçə məqam önəmlidir,-deyə prof. Bərdəli davam etdi. Birincisi Azərbaycanın bugünkü inkişafı bütün dünyanı mat qoyub. Bu inkişafı işğal edilmiş vəziyyətdə yaşayan bir ölkənin əldə edə bilməsi tarixi bir nailiyyətdir. Çünki ölkə etnik təmizləməyə məruz qalmış və torpaqlar işğal altındadır, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir.
Eyni zamanda bu gün ölkədə elmə və elmi tədqiqatlara çox böyük önəm verilir və ciddi islahatlar aparılır. Forum çərçivəsində elmi innovasiyalar haqqında "dəyirmi masa"lar keçirildi. Ölkə prezidentinin söylədiyi kimi, Azərbaycan bu sahədə də çalışır ki, ön sıralarda olsun. Elmin inkişafına böyük diqqət göstərilir. Xüsusi fond yaradılmışdır - Elmin İnkişafı Fondu. Yüksək texnologiyalara investisiya qoyulur. Bu ilin fevralında Azərbaycan kosmik dövlətlərin sırasına daxil edilibdir. Birinci Azərbaycan peyki fəzaya qaldırılmışdır. Bu gün "Azərspace-1" Azərbaycan peyki dövlətimizə, xalqımıza xidmət edir.
Elmin, təhsilin inkişafı bizim gələcəyimizdir, hər bir dövlətin gələcəyidir. Möhtərəm prezidentimizin qeyd etdiyi kimi: “Biz xoşbəxtik ki, Azərbaycanda savadlılığın səviyyəsi çox yüksəkdir - təxminən 100 faizdir. Bu, bizə imkan verir ki, təhsilin keyfiyyəti, elmin inkişafı daha da sürətlə getsin. Çünki bu, hər bir ölkənin gələcəyidir”
Bakı Beynəlxalq Humanitar Forumunda da çox böyük həyəcanla qeyd olunan bir vacib məsələ də var: bu gün münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə də müsəlman aləmində tüğyan edir və beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bilmir. Bir Azərbaycan oğlu, bir qarabağlı kimi bu məsələ mənim ən ağrıyan yerim olmuş və olmaqdadır. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin forumda söylədiyi fikirlər olduqca həyati və vacib idi: “Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi bu regionun əsl potensialını reallaşdırmaq üçün böyük maneədir. Bu səbəbdən münaqişə təcili olaraq həll edilməlidir. Bunun isə başlıca prinsipi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Ermənistan bunu dərk etməlidir. Ermənistan başa düşməlidir ki, o da bu münaqişənin həlli nəticəsində səmərə görə bilər. Bu səbəbdən də həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşmış olar. Çünki biz bu gün qarşılıqlı əməkdaşlıq dünyasında yaşayırıq. Təkcə inkişaf müsbət təsir göstərmir. Eyni zamanda, problemlərin bir-biri ilə bağlı olması böyük çətinliklər yaradır.”
Bu, təkcə böyük bir təhlükə deyil, region üçün sabitliyi təhdid edən bir məsələdir. Eyni zamanda, inkişafı və beynəlxalq münasibətləri hədələyən bir məsələdir,- deyə professor Bərdəli bildirmiş və qeyd etmişdir ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar.
“Əfsuslar olsun Azərbaycan humanitar fəlakətlə də üzləşmişdir.”-söyləyən dövlət başçısı İlham Əliyev bu deyimi ilə əslində bir daha dünyaya səsləndi. Bunlar bir daha onu göstərir ki, Təhlükəsizlik Şurası sülhün təmin edilməsində öz vəzifəsinin öhdəsindən gəlmir. Bu, çox məyusedici bir haldır. Sülhün, sabitliyin və ədalətin təmin edilməsi məsələsi təkcə bu forumun deyil, digər forumların da əsas mövzusu olmalıdır.
Professor Afiq Bərdəli sonda dedi: «Heç şübhə etmirəm ki, Prezident İlham Əliyevin növbəti 5 ildə yenidən prezident seçilməsi və Azərbaycana rəhbərlik etməsi Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, eləcə də dünya birliyində daha da layiqli yer tutmasına geniş imkanlar açacaqdır».
Namiq Əhmədov,
Əməkdar jurnalist
Kaspi.-2013.-8 noyabr.-S.10.