Bir ömrün qəhrəmanlıq dastanı

 

İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid Azərbaycan oğulları barədə söhbət düşəndə həmişə Gülüstan nənəmi xatırlayıram. Ciyər-parası Məmməd Xəlilov müharibədən qayıtmadı. Beli ikiqat olmuş zavallı qadın gözlərini əbədi yumana qədər oğlunu gözlədi. O, Məmmədin həlak olacağına, geri dönməyəcəyinə inana bilmirdi. Bəlkə də uşaqlıqdan gələn bir xiffətdir ki, bu müharibənin iştirakçılarını, döyüşçülərini, mərdlik və fədakarlıq göstərmiş azərbaycanlı qız və oğullarını həmişə məhəbbətlə vəsf etmişəm. Onların arasında əmimi tanıyanlar olub deyə, müəyyən axatrışlar da aparmışam. Bildiyim bu olub ki, kapitan Məmməd Xəlilov qələbəyə üç gün qalmış itkin düşübg

Uzun illər yaradıcılığını izlədiyim, həmişə müdrik söhbətlərindən faydalandığım əməkdar jurnalist Həmzə Vəliməmmədov bu günlərdə mənə bir kitab göndərib. "Əsgər söhbəti" adlanan yeni nəşr İkinci Dünya müharibəsində igidlik göstərmiş bir vətən oğlunun şücaətindən bəhs edir. "Şəxsiyyətlər" seriyasından hazırlaann kitab Brestdən Berlinədək döyüş yolu keçmiş, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş lerikli Əli Nəcəf oğlu Hüseynova həsr olunub. Kitabda yerli jurnalistlərin yazıları ilə bərabər keçmiş ittifaqın nüfuzlu qəzetlərində və jurnallarında hərbçilərin dərc olunmuş oçerk və məqalələri tərcümə edilərək verilib. Arxivlərdən sənədlərin, şəkillərin fotosurətləri götürülmüşdür. Kitabda diqqətçəkən məqamlardan biri də Əli Hüseynovun haqqında çəkilən "Əsgər getdi" sənədli filmindən də müəyyən məqamlar yazıda istifadə olunmuşdur.

Kitaba ön söz yazan əməkdar jurnalist Həmzə Vəliməmmədov yazır: "Əli Nəcəf oğlu barədə ittifaq, respublikayerli qəzetlərdə dərc olunmuş yazıları bir kitaba toplamaq, gələcək nəsillərə ərmağan saxlamaq çoxdankı arzum idi və məni rahat buraxmırdı. Əlimdəki materiallar, yaddaşımda qalan söhbətlər arzumu reallaşdırmağa imkan verirdi. Məhrumun övladlarına, qohumlarına, onu yaxından tanıyanlara müraciət etdim, onlarda olan sənədləri istədim. Sağ olsunlar, bir qovluq gətirdilər. Diqqətlə nəzərdən keçirdim, lazımi sənədləri seçib surətlərini çıxardım". Bu xeyirxah missiyanın işığında bir azərbaycanlı igidin həyat yolunu, qəhrəmanlığını mükəmməl şəkildə izləyə bildik. Ehtiyatda olan qvardiya polkovniki Qriqori Andreyev hələ 80-ci illərdə "Leninskoye znamiya" qəzetində həmyerlimiz haqqında belə yazırdı: "Berlinin alınmasında göstərdiyi igidliyə görə qvardiya serjantı Əli Hüseynov SSRİ Ali Soveti Rəyasət Heyətinin 31 may 1945-ci il tarixli fərmanı ilə birinci dərəcəli "Şöhrət" ordeni ilə təltif edildi". "Kommunist" qəzetində isə məhrum Sərdar Əliyevin dərc etdirdiyi yazıda bu igid azərbaycanlı oğlunun keçdiyi döyüş yolu müfəssəl qələmə alınıb. Həqiqətən də "igid ölər, adı qalar".

Elə kitabın tərtibçisi Həmzə Vəliməmmədovun özü ötən əsrin 70-ci illərində "Sovet kəndi" qəzetində "Reyxstaq divarlarında" avtoqraf yazısında ömrünün 1418 gününü cəbhədə keçirib döyüşlərdə neçə dəfə ağır yaralanan, qəlpələr alan, bununla bahəm düşmənin neçə-neçə tankını susduran, doğma vətəninə üç "Şöhrət" ordeni ilə qayıdan Əli Hüseynovun onunla söhbətindən bir məqamı qələmə alıb: "Döyüşçülərimiz Reyxstaqı alandan sonra onun divarlarına yaxınlaşdım. Orada bu sözləri yazdım: "Azərbaycan SSR, Lerik rayonu, Daster kəndinin sakini Əli Nəcəf oğlu Hüseynov burada olmuşdur".

Ağır döyüşlərdən doğma yurda sinəsi ordenmedallarla qayıdan Əli Hüseynov uzun müddət kolxozda fəaliyyət göstərdi, taxıl əkdi, bağ becərdi. Sonra briqadir təyin edildi, Kənd Sovetinin katibi vəzifəsində çalışdı, kolxoz sədri işlədi. Keçmiş döyüşdü əmək cəbhəsində də bacarıq və şücaətini göstərə bildi. Sonralar Daster kəndinin sakinləri ona etimad göstərib Kənd Sovetinin sədri seçdilər. Onun haqqında qələmə alınmış xatirələrdən bəlli olur ki, Əli Hüseynov doğma kəndinin abadlaşmasında, iqtisadi cəhətdən möhkəmlənməsində bacarıqlı təşkilatçı və müdrik bir ağsaqqal kimi çalışıb. Hətta sonralar Azərbaycan SSR Ali Sovetinin deputatı da olub. Döyüşdə də, işdə də adı öncüllər sırasında çəkilən Əli Hüseynov doğma kəndinə rahat yol çəkdirib, körpü saldırıb. Bütün varlığı ilə çalışıb ki, xeyirxah işlər görsün. Lakin bədənində gətirdiyi qəlpələr onun uzun ömür sürməsinə mane olub. qəhrəmanlar isə heç vaxt ölmürlər. Onların adı ürəklərdə, Həmzə Vəliməmmədov demişkən yarımçıq qalmış arzuları övladlarının və nəvələrinin əməllərində yaşayır! Bu yerdə ulu öndər Heydər Əliyevin bir fikrini yada salırıq: "gİkinci Dünya müharibəsini və İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbə çalmaqda iştirak edən insanları heç vaxt unutmamalıyıq".

Kitabı böyük məhəbbət və məsuliyyətlə tərtib edib oxuculara çatdıran əməkdar jurnalist Həmzə Vəliməmmədovun bir iftixarlı fikri bizi də riqqətə gətirir: "Əli Hüseynovun qəhrəmanlıq estafetini bu gün onun həmyerliləri, Lerikin cəsur oğulları Qarabağda davam etdirirlər. Onlardan 140 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Əgər Əli Hüseynov İkinci Cahan müharibəsinin Lerikdə tək qəhrəmanı idisə, indi vətənimizin bütövlüyü uğrunda canından keçmiş beş nəfər lerikli Azərbaycanın Milli Qəhrəmanıdır".

Kitabda qəhrəmanın döyüş yolunu əks etdirən yazılarla bərabər, övladlarının, nəvələrinin xatirələri, eləcə də mənalı ömrün müəyyən məqamlarını özündə əbədiləşdirən müxtəlif fotoşəkillər də verilmişdir. Oxunaqlı dildə qələmə alınan kitabın tərtibçisinə bir daha minnətdarıq ki, qəhrəmanlığı, ümumiyyətlə, həyatı ilə də örnək olan belə unudulmaz şəxsiyyətlərin haqqında kitablar qələmə alıb.

Əlbəttə, onları yeni nəslə tanıtmaq çox vacib bir məsələdir. Çünki biz məhz belə insanlardan öyrənməliyik. Vətən sevgisini sözlə deyil, əməllə, mübarizə ilə, onun uğrunda candan keçməklə sübut edirlər. Bizim belə atalarımız olub və fəxr edirik ki, onların saldığı qəhrəmanlıq yolunda oğullarımız mətin addımlayırlar!

Bu kitab həm də İkinci Dünya müharibəsində qələbənin 70 illiyinə və Əli Hüseynovun 95 illik yubileyinə dəyərli hədiyyədir.

 

Flora XƏLİLZADƏ, əməkdar jurnalist

Kaspi.-2013.-8 noyabr.-S.10.