DİLİMİZ
Fəxrəddin Salim
Şah dağım, çal papağım,
El dayağım,
Şanlı Səhəndim,
Başı tufanlı səhəndim!
Başda Heydərbabatək qarla, qırovla qarışıbsan,
Son ipək telli buludlarla üfüqdə sarışıbsan,
Savaşırkən barışıbsan.
Göydən ilham alalı,
Sirri səmavata deyərsən,
Hələ ağ kürkü bürün,
Yazda
yaşıl don da geyərsən,
Qoradan
halva yeyərsən...
İllər
keçir, yaşlanırıq, əbədiyyətə bir az
daha yaxınlaşırıq,.. ancaq mən hələ də ana türkcəmizdə
bunlardan gözəl misralar tanımıram. Ulu
Şəhriyarımızın “Səhəndiyyə”sindəndir
bu nəfis incilər.
Daha doğrusu, ana dilimizdən doymuram. Baldırmı,
şəkərdirmi, əttar dükanıdırmı? Belə də gözəl dil olar?! Əlbəttə ki, hər millətə, daha
doğrusu, hər millətin qədirbilənlərinə
öz dili, öz ana şivəsi, ata ləncəsi
şirindir. Ancaq ifrata varsam da de¬yəcəyəm;
deyəsən mənim dilimdən, özbəöz ana
türkcəmdən, ata dilimdən gözəli, şirini, məzmunlusu
heç dünyada yoxdur. Bunu söyləməyə
haqqım vardır yetərincə. Çünki, dediklərim
və deyəcəklərim hissiyyat, millətçilik,
fanatizim əsəri deyil, məntiq və məna xəzinəsindəndir
ki, buna Füzuli də Xətai də Nəbati də can
atıblar. Onlar türkcə yazmaqda israr etdikləri
zaman heç də millətçilik-filan etmirdilər. Yox idi o zamanlar belə anlayışlar. Yox, fars dili kasıbdır, ərəb dili
yaddır, niyə türk dili ədəbi dil olmasın kimi
duyğular, hisslər orta çağ insanı
üçün hələ mövcud deyildi. Hətta
Füzuli etiraf edirdi ki,
Nəzmi-nazik
türki ləfziylə ikən düşvar olur...
Yəni, incə söz, gözəl şeir türk
dilində çətin başa gəlir. Yeri gəlmişkən,
buradakı “ikən” sözü əski türkcədə
“çox”, “fəzlə” anlamına gəlir. Bunu da qeyd etməyi lazım bildim. Ona görə ki, arxaik sözlərimizdən orta
çağ klassiklərimiz daha çox və səmərəli
istifadə etmişlər ki, bunu araşdırmaq da ayrı bir
elmi polemikanın mövzusudur. Nəisə,
davam edəlim. Ancaq böyük Füzuli sonra belə
deyir:
Məndə
tevfiq olsa, ol düşvarı asan eylərəm,
Növbahar olğac dikəndən bərgi-gül izhar
olur.
Möhtəşəm,
dəhşət!!! Buyurur ki, əgər Allahdan
mənə himmət olsa, o çətin işi asan eylərəm.
Necə ki, bahar gəldiyi zaman tikandan gül əmələ
gəlir. Bu yerdə yenə də sevgili (m) Mövlana
Rumi həzrətləri
düşdü yadıma:
Əz məhəbbət
xarha gol mişəvəd
--- mənim tərcüməmdə belə
alınır:
Məhəbbətdən tüm tikanlar gül olur. (bu bircə
misranın tərcüməsi önəmli idi, çünki,
“Məsnəci”nin öz vəznində çevrilib. Dilimizə, ədəbiyyatımıza hər zaman
ilk sırada önəm verməyə
çalışmışam və bu elə belə də
olmalıdır). Əlbəttə, səhv
edə bilərəm, ancaq şəxsi qənaətim budur ki,
Füzuli həmin misranı Mövlanadan iqtibas olaraq
götürmüşdür. Çünki
hər iki dildə eyni cür səslənir və yaxın mənalar
bəxş edir. O dövrlərdə bu cür iqtibaslar
çox normal idi. Hələ nəzərə
alsaq ki, Məhəmməd Füzuliyə qədər demək
olar ürfan ədəbiyyatında və divan janrında
aşağı-yuxarı hər şey
yazılımışdı, o zaman Füzuli və xələflərinin
qələm məhsulları əksəriyyət etibarilə
iqtibas və nəzirələrdən ibarətdir. Necə ki, böyük Nizamidən sonra “Xəmsə”
və ona daxil olan ən müxtəlif mövzular bütün
Yaxın və Orta Şərq şairləri tərəfindən
iqtibas edildi. Bu da bir gerçəkdir ki, hər iqtibas
ayrıca bir əsərdir və özündən əvvəlkilərdən
daha güclü və daha təsirli ola bilər
(olmaya da bilər). Bütün bunları
düşündüyümüzdə yuxarıdakı iki
mütəfəkkirin iki misrası məna baxımından belə
dəyərləndirilə bilər ki, Füzuli deyən
“növbahar”ın gəlməsi Mövlana deyən “məhəbbət”
sayəsində olur. Uzun-uzadı izahlara
getmək yerinə qısa yoldan qaytardım mətləbi ki,
zaman uzun ləfzlərin, səhifə-səhifə
izahların zamanı deyil. Bizi oxuyan üç-beş nəfər
könül “divanəsi”ni də özümüzdən
qaçırmayaq deyə, belə nəticəyə gəlirik
ki, Məhəmməd Füzulini türkcə yazmağa
sövq edən şey onun millətçiliyi və yaxud da digər
dillərə və millətlərə olan nifrəti-filan
deyildi. Zira, böyük şairin farsca da ərəbcə
də necə ölməz əsərlər
yaratdığı heç kimə sirr deyil. Dediyim kimi, Füzuli və onun kimi təfəkkür
sahiblərini bu dildə --- o zaman üçün qeyri-ənənəvi
və cəsarət tələb edən işlər
sırasında olan türkcə yazmaq meyli məhz onun
könlündə olan məhəbbətdən, ana
laylasından, yəni süddən qana keçən dilə
olan sevgisindən, eşqindən yaranmışdı.
Adəm
olub gəldim adəm içinə,
Nəsib olmaz dürlü candan içəri.
Zənbur
olub kandan kana keçərkən,
Bir kana uğradım kandan içəri.
Qardaş,
gəl ərkana, bu ərkan deyil,
Oynatma atını, bu meydan deyil.
Süleymandan
əsən Süleyman deyil,
Süleyman var Süleymandan içəri.
Arif məclisindən
ürfan almışam,
Ləli-Bədəxşandan
mərcan almışam,
Min
canı veribən, bir can almışam,
Ol canı saxlaram candan içəri.
Xətaim,
gədanın nitqini haqla,
Nə diləgin
varsa, kəndində yoxla,
Mürşidin
pəndini iyicə saxla,
Damardan, ilikdən, qandan iləri.
Yəqin ki, anlayan anladı nə demək istədiyimi. Yəni, Şah Xətainin
bu qoşmasını təqdim etməklə, ana dilimizin hələ
Füzulidən də bir az öncə nə
qədər dəyər qazandığını göstərmək
istədim. Mövzu dərindir, ürfanidir,
sufiyanədir, şəriətdən ötüb, təriqəti
başa vurub, mərifətdə şəhid olub, həqiqətə
yetişən mətləbləri ifadə edir bu qoşma.
Ancaq göründüyü kimi, qoşmadır.
Heca vəznində yazılıb, aşıq
şeiri üslubunda, bəlkə də (bəlkə yox elə
yəqin) sazla deyilib, çalınıb, oxunub. Bu o zaman idi ki, heca vəzni Yaxın və Orta Şərqdə
rəsmi şeir forması, mənzum bir üslub olaraq
mövcud deyildi. Ozanların, necə deyərlər “səhra
türkləri”nin tərzi idi qoşmalar, gəraylılar,
bayatılar, təcnislər. Mən bu “səhra”
sözünü elə-belə işlətmədim. Bu qoşma sarayda yazılıb, özü də
sıradan bir saray şairi tərəfindən deyil, məmləkət
şahının, böyük imperiyanın sultanı tərəfindən
qələmə alınıb. Gənc bir adam
düşünün; Necə deyərlər, bığ yeri hələ
təzəcə tərləyib, yeniyetmə
yaşındadır. Fəqət, “Dəhnamə”
kimi, divan şeiri – qəzəliyyat kimi Şərq üslubundakı
çoxsaylı əsərlərinin yanında gənc
adamın könlü birdən-birə çoşur, qələm-davatı
yerə atır, aristokrat naz-nemətlərdən
usanırcasına əlinə saz götürür, fərz edək
ki, “Ürfani” havası üstündə oxumağa
başlayır. Özü də şeirlərini,
sazın səsi altında ilhama gələrək, bədahətən
deyir:
Bir
gün ələ almaz oldum mən sazım,
Ərşə
dirək-dirək çıxar avazım,
Dörd
şey vardır bir qarındaşa lazım;
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Həqiqətən də düşünməyə dəyməzmi? Adam az
qalır çıldırsın ki, 15-ci əsrdə, sarayda,
özü də çox gənc yaşda birisi tərəfindən
ana dili bu qədər sevilə bilərdimi?! Vallah,
sizi bilmirəm, mən heyrətlər içindəyəm.
Özüm yazıram, ancaq öz
yazdığıma özüm təəccüblənirəm
ki, bütün bunlar necə baş verib?! Fəqət
məndən öncə onun öz müasiri, yaxını,
dostu, gözündən kənara qoymadığı ulu
ozanımız Dirili Qurban – Aşıq Qurbani
görmüşdü və yaşamışdı bu heyrəti.
Elə bu səbəbdən də yazırdı:
Bu
dünyada bir Haqq divan,
O
dünyada cənnət məkan.
Qoy var
olsun türki zəban,
Şah Xətai,
Şah Xətai!
Yox, mən
dözə bilmirəm bu dəhşətə, bu heyrətə...
Demək ki, o çağlarda belə ana dili, ata dili bu qədər
əziz imiş! Vallah, bu anda gözlərim elə dolub, yumsam,
sellər-sular axacaq yanaqlarımdan aşağı...
“Şəriət,
təriqət, yoldur varana,
Mərifət, həqiqət ondan içəri.
Məni məndə
sorma, məndə deyiləm,
Bir mən
vardır məndə məndən içəri”
Bu misralar isə, məlum olduğu üzrə ulular ulusu
Yunus Emrəyə məxsusdur. Göründüyü
kimi, Şah Xətainin yuxarıdakı qoşması da bu mənzuməyə
nəzirə olaraq yazılıb. Yunus Emrə
və Şah Xətai. Necə də tanıyıblr,
seviblər bir-birini!
Əldə qılınc, at üstündə xatırlanan,
adı gələndə cəngavərlik və ədalət
etiraflarının qaçılmaz olduğu bir millət əslində
dünya mənəviyyat xəritəsini öz iynəli
bayraqları ilə doldurulmuşdur. Dinlərdən
tutmuş, miflərə, fəlsəfələrə qədər
böyük türk millətinin həm fərdi, həm də
toplumsal əhəmiyyəti bəşər tarixinin bu gün
də ən parlaq səhifələrini yazmaqdadır. Biz qanımızla, milli genimizlə ona görə fəxr
etmirik ki, dahilərin, qəhrəmanların nəvələriyik.
Ona fəxr edirik ki, həmin düha və qəhrəmanlıq
potensialı bizim qanımızı, genimizi heç vaxt tərk
etməyəcək!
Bunları nəzərə alaraq, bizlər --- inkarolunmaz
türk millətinin bariz qollarından biri --- öz milli-mədəni
bazamıza baş vurmalıyıq. Nə tapsaq, yalnız
o dəryadan tapa bilərik.
Axı necə oldu ki, biz Əhməd Yəsəvini
unutduq? “Türküstanın piri” necə oldu ki, bizi öz
ruhani himayəsindən uzaq saldı? Bu tarixi fəlakət
nə zaman baş verdi?
Tarixlə işimiz yoxdur. Ən azından ona
görə ki, xatırladıqlarımızla, fəxr etdiklərimizlə
bərabər, unutduqlarımızı da etiraf etməliyik.
Bu isə dəhşətdir! Bir də ki, tarixi
ilə yaşayan millət ölü millət sayılır.
Milyonçu atadan dilənçi oğula quru
addan başqa heç nə qalmadığı kimi, şərəfli
tariximizdən də bizə təhriflərlə dolu
cızmaqaralardan özgə heç nə qalmayıb.
Fəqət, türk millətinin bir şəcərə
ağacı vardır. Bu ağac, haqqında bəhs olunan,
dekorativ rəsmləri çəkilən “ağac”lardan deyil.
Mən soy-kökümüzdəki boylardan,
imperatorluqlardan, fəthlərdən danışmıram.
Bunlar həqiqətən də tarixdir. Tarix isə yaydan çıxan ox kimi bir daha geri
qayıda bilməz. Mənim bəhs etdiyim
ağac bu gün də dünya elminin, mənəviyyatının,
fəlsəfəsinin masaüstü kitablarının müəllifləri
olan türk dühalarının təşkil etdikləri
ağacdır. Əbu Nəsr Farabi, Xacə Nəsir Tusi,
Bəhmənyar ibn Mərzbani, Əbdülqadir Mərağayi,
Səfiyyəddin Urməvi və sairə. Türk
ağacının bu meyvələri kainata elm bəxş
etmişlər. Fəqət o ağacın
elə meyvələri də vardır ki, onlar elmin də fəlsəfənin
də xaricində (üstündə) mənəviyyat, ruhani
qurtuluş bağışlamışlar bəşəriyyətə.
Cavidandan,
Əbu Müslim Xorasanidən, Şəms Təbrizidən,
Mövlana Cəlaləddindən, Şah Fəzlullah Nəimidən,
İmadəddin Nəsimidən tutmuş, sonsuzluğa uzanan
türk ağılları, türk ruhları, türk məhəbbətləri
dünyanın, kainatın həm içini, həm
çölünü mənəvi yoxsulluqdan xilas etmişlər!
Bir anlıq düşünək. Biz əlimizə
təzədən qılınc ala bilmərik. Dediyim kimi, o, tarixdir. Bizlər yenidən
imperator ola bilmərik. Bu lap
tarixdir. Buna görə bizə də
dünyaya da keçmiş olsun. Fəqət biz müqəddəs
ruhumuzu dirildə bilərik! O ruh ki, Allahın sonuncu dinini xilafət
və modern cahiliyyədən xilas etdi. Bu proses bu gün də
gedir. Qeyri-türk olan müsəlmanlar
Mövlana Rumini bu gün də sevmirlər. Ona görə yox ki, o, türkdür. Ona
görə ki, o, ərəblərin özlərinə bənzətmək
istədikləri peyğəmbərin obrazını
onların əlindən alıb dünyaya qaytardı!
Bu gün də Həcc ziyarətindən tutmuş, dini
tolerantlığa qədər bütün dünya türklərə,
onların səliqə-səhmanına, ruh yüksəkliyinə,
məhəbbətinə heyrandır. Bu, bizim genimizdən gəlir.
Biz başqa cür ola bilmərik. Bu millət Ona “Tanrı” deyəndə də “Budda”
deyəndə də “Allah” deyəndə sevdi, təmənna
güdmədi, dünyada rahatlığı, axirətdə cənnəti
düşünmədən gecə-gündüz
çarpışdı. Mən Xoca Əhməd
Yəsəvini təsadüfən xatırlatmadım. O
böyük zat türk təsəvvüfünün
binasını qoyaraq, “Vəhdəti-vücud” fəlsəfəsini
türkləşdirərək, insan-Allah vəhdətini xəlqiləşdirdi.
Onu saray, təkyə, zaviyə divarlarının arasından
qoparıb, geniş kütlələrin malı
etdi.
Buna
görə də eşq olsun bu ağaca!
Biz bu
ağacı qanımızla da sulamalı olsaq, onu qurumağa
qoymayacağıq!
Bu qədər... Qimət olsa, yenə
görüşərik oxucularımızla. Hələlik,
dilimizi, ana türkcəmizi, ata türkcəmizi bir-birimizə əmanət
edərək, ayrılırıq sizlərdən.
Kaspi.-2013.-9-11 noyabr.-S.24.