İnternet (hekayə)

 

Vahid MƏHƏRRƏMOV

Qızı İradə ali məktəbə qəbul olmadığından Əsurənin qanı yaman qaralmışdı. Müəllimlərə çəkdiyi xərc, tökdüyü ətək-ətək kül olub havaya sovrulmuşdu. Qızı deyirdi ki, guya imtahanda özünü pis hiss edib və buna görə, heç bildiklərini də yaza bilməyib. Bütün bunlar azmış kimi, İradə günlərin birində məsləhətsiz - filansız tanımadığı birisinin şirin dilinə aldanıb qoşulub qaçdı. Hadisə gözlənilmədən baş verdi.

Əsurə bir gün işdən qayıdanda mətbəxdəki stolun üstündə yazılı bir vərəq gördü. Həyəcanla götürüb oxudu. Məktubu qızı yazmışdı. Əvvəlcə qorxdu, elə bildi ki, İradə məktəbə daxil ola bilmədiyinə görə özünü asıb. İntihardan əvvəl isə başqaları kimi, o da anasına məktub yazıb qoyub. Sonra gördü ki, yox, qız sağ-salamatdır, özünü asmayıb. Məktubunda istədiyi bir oğlana ərə getdiyini yazıb. Əsurə bu bir vərəqlik cızma-qaranı oxuyub dəli oldu, başına hava gəldi. Hirslənib özündən çıxdı, saçlarını yoldu, ayaqlarını möhkəm-möhkəm yerə vurub qışqırıb ağladı.

Həmişə qızını tanıdığı yaxın adamlardan birinin oğluna vermək, ona yaxşıca toy etmək arzusu ilə yaşayırdı. Özü sevdiyinə getməyib bədbəxt olmuşdu. Bir neçə il sonra qucağında iki qız uşağı ata evinə qayıtmışdı. Ona görə istəyirdi ki, İradə onun taleyini yaşamasın, yaxşı birinə ərə getsin, xoşbəxt olsun. İndi qızı onun bütün planlarının altını üstünə çevirmişdi, arzularını puç etmişdi. Bir anlıq özündən çıxan Əsurə əsəbləri sakitləşəndən sonra tələsik qızına zəng vurdu. Onun nömrəsinə zəng çatmırdı. Əsurə bilmək istəyirdi ki, görsün onu qaçıran kimdir, nəçidir? Onsuz da daha olan olmuşdu. İndən sonra onu geri qaytarmaq mümkün deyildi. Neçə illər əzab-əziyyətlə böyütdüyü qızı məsləhətsiz, xeyir-duasız qaçıb getmişdi.

Dəfələrlə ana-bala təklikdə oturub bu bərədə söhbət etmişdilər. Əsurə fikirləşirdi ki, qızının qanmaz vaxtıdır, birdən tanımadığının birisinə qoşulub gedər, bədbəxt olar. Ona görə hər dəfə soruşurdu ki, qızım, bir istəyənin varmı? Kimə fikrin olsa, onu mənə də göstər. Ana məsləhəti pis olmaz. Mən də bir oğlana baxım, əl altdan maraqlanım, öyrənim görüm kimdir, nəçidir, kimlərdəndir? Ərə getməyə də tələsmə, çalış ali məktəbə qəbul ol, əlində bir sənətin olsun. Belə söhbətləri olanda həmişə qızı utana-utana «hələ istəyənim yoxdur, mama» - deyib başını aşağı salırdı. Deyirdi ki, ay ana, ərə getmək nədir, mən mütləq oxuyacam. Yaxşıca hazırlaşıb gələn il ali məktəbə qəbul olacam, səni arzularına çatdıracam.

Bütün bunları xatırlayan Əsurə dodaqlarının altında deyinməyə başladı; bəs nə oldu bu köpək qızına, birdən-birə niyə fikrini dəyişdi? Kimə urcah oldu, kim onu başdan çıxarıb toruna saldı? Əsurə yaxşı bilirdi ki, qızın dalınca getmək artıq gecdir. Bundan əlini üzmüşdü. İndi heç olmasa, qızla bir kəlmə danışmağa çalışırdı. Öyrənmək istəyirdi ki, görsün gələcək yeznəsi kimdir, hansı tərəfdəndir, nə işin yiyəsidir? İradəninsə nömrəsinə zəng çatmırdı ki, çatmırdı. Əsurə fikirləşməyə başladı; gecənin bu vaxtında hara getsin, kimə dərdini desin, qardaş-bacılarına zəng vurub evə çağırsınmı? Qohum-qardaşlara hay salsınmı? Sonra qərara gəldi ki, qızla danışmamış, bir xəbər öyrənməmiş heç kəsə İradənin qaçdığını deməsin.

Əsurə səhərə qədər çimir eləmədi. Eləcə yerin içində o tərəf - bu tərəfə aşdı. Tezdən yerindən qalxan kimi yenə də İradənin nömrəsini yığdı. Ona zəng çatırdı, indi də qız telefonu götürmürdü. Nömrəni təkrar-təkrar yığandan sonra handan-hana xəttin o başından onun yuxulu səsi gəldi. Doğma balasının hənirtisini eşidən kimi Əsurənin ürəyi yerinə düşdü, gözləri işıqlandı. Elə bil uzun illərin ayrılığından sonra qızını yenidən tapmışdı. Onunla həyəcan dolu səslə danışdı:

 

– Ay qızım, bu nə kağızdı yazıb qoymusan? İndi hardasan, hara getmisən, hara qaçmısan? Sən mənim bircə balamsan. Bəs belə ana-balalıq olar? Bəs mənsiz, mənə məsləhət etmədən kimə qoşulub qaçmısan? Nə olmuşdu, niyə belə tələsdin? Nə tez ərə getdin? Qoyeydin bir sümüklərin bərkiyeydi də. Adam da anasına qarşı belə insafsız olar? Mən səni min əziyyətlə böyütmüşəm. Ana kimi xeyir-dua verər, yaxşı yol arzulayardım. Təzə qohumlar el adətiynən elçi gələr, nişan taxar, sonra da sənə yaxşı bir toy edərdim. Odur e, cehizlərı da hamısını alıb yığmışam ora. Yiyəsiz ha deyilik, əmin var, dayın var. Bəs camaat, el-oba buna nə deyəcək? Allah sənə nəhlət eləsin, hamının yanında başımı aşağı elədin. İndi ağzıgöyçəklər danışacaqlar ki, Əsurə bir qızı da saxlayıb tərbiyə edə bilmədi. Bu nə oyundur durduğum yerdə başıma açdın? Belə fikrin var idi, bir mənə də deyəydin, məsləhət eliyeydin. Bala, ərə getdiyin oğlan kimlərdəndir, hansı tərəfdəndir, necə insandır? Barı heç olmasa, tanış adamdır, yoxsa uzaqdır, yaddır? Varlı-hallıdırmı, yoxsa elə bizim kimi lütün biridir?

Əsurə ürəyindəki bütün sualları qızına birnəfəsə verdi. İradə onun narahatçılığına son qoyaraq dedi:

- Ay ana, narahat olma, getdiyim ev, düşdüyüm yer çox yaxşıdır. Oğlanın adı Namiqdir. Çox tərbiyəli, sözünün üstündə dayanan dəqiq adama oxşayır. Bir tərəfi də, elə biz tərəflərdəndir, nəsli-nəcabətli insanlardır. Var-dövlətli adamlara oxşayırlar. Anası da elə səninlə yaşıd olar. Çox şirindilli, qanacaqlıdır. Məni mehriban qarşıladı, xoş dindirdi. Onlar yaxın vaxtlarda bizə barışığa gələcəklər.

Oğlanın həm varlı-hallı, həm də öz zonalarından olmasına Əsurə sevindi. Fikirləşdi ki, yenə hara dönsə el adamıdır. Qızının ətini yesə də, sümüyünü çölə atmaz. İradə onu nə qədər arxayın salsa da, Əsurə bir məsələdə nigaran qaldı. Fikirləşdi ki, görəsən qızı Namiqlə harada tanış olub? Onu çoxdanmı tanıyır, yoxsa təzə tanışıdır? Nigarançılığına son qoymaq üçün ondan soruşdu:

– Qızım, bu oğlanı haradan tanıyırdın? Səninlə bir sinifdə oxuyub, yoxsa uzaq qohumlardandır? Tanışlığınız nə vaxtdandır

İradə anasını aldatmadı, hər şeyi olduğu kimi də dedi:

– Ana, mən Namiqlə on-on beş gün əvvəl internetdə tanış olmuşam. Elə də çoxdan tanımıram.

Qızından bu sözləri eşidəndə elə bil onun başına qaynar su tökdülər. Əlini dizlərinə vurub saçlarını yoldu. Amma bunları elə sakitcə elədi ki, qızı hiss eləməsin. Nə isə bu icdivacdan dalağı sancdı, ağlı bir şey kəsmədi. İndiyə qədər oğlanların internetdə qızlarla tanış olub aldatdıqlarını çox eşitimişdi. Bəlkə elə Namiq də onlardan biridir. O da İradəni yoldan çıxarıb bədbəxt edəcək. Heç onunla ailə qurmayıb atıb gedəcək. Bunları fikirləşəndən sonra Əsurə İradəyə dedi:

– Bala, sən özünü bilə-bilə oda atmısan. Bu internet məsələsi məni heç açmadı. Allah bu internetdi, nədi onu çıxaranın başına daş salsın. Onu icad elədiyi yerdə qolları qırılaydı, gözləri çıxaydı. Heç adam on-on beş gün əvvəl tanıdığı bir adama da ərə gedər? Qızım, Allah səni xoşbəxt eləsin, xeyir versin. Amma nə isə bu iş mənim ürəyimi açmadı. Heç mən illərlə tanıdığım qohumuma, kəndçimə getdim, xoşbəxt olmadım. O ki qalmışdı internetdə təsadüfən tanış olduğunun birisi ola.

Əsurə bu qarğışları, acı sözləri interneti kəşf edənin ünvanına deyəndən sonra yadına düşdü ki, axı elə o da təzə sevgilisi Qəmbərlə internetdə tanış olmuşdu. Sonra da görüşmüş, bir-birilərindən xoşları gəlmiş, danışıqları baş tutmuşdu. Qəmbər Əsurəni hərtərəfli təmin edirdi. Buna görə də əvvəlki sevgili Sərrafı atıb ondan möhkəm yapışmışdı. İndi də qızı İradə də onun yolu ilə gedərək internetdə oğlanla tanış olmuşdu, sonra da ona qoşulub qaçmışdı. Bir növ anasının yolu ilə getmişdi. İndi qızını danlamağa heç onun mənəvi haqqı da yox idi. İradə də bu barədə anası təzə tanışı Qəmbərlə söhbət edəndə eşitmişdi. Hətta bir neçə dəfə anası ilə sevgilisinin bir yataqda qucaqlaşıb şirin-şirin öpüşdüyünü də görmüşdü.

Qızı ilə danışandan sonra zəng vurub utana-utana bütün qohumlara onun varlı-hallı bir oğlana qoşulub qaçdığını dedi. Nə isə özü qızının ərə getdiyinə sevinmirdi, ürəyi açılmırdı. Doğrudan da, İradə dediyi kimi, on-on beş gündən sonra oğlan tərəfinin adamları barışığa gəldilər. Yaxşı da pay-pörüşülü gəlmişdilər. Gətirdikləri hədiyyələri qoymağa evdə yer də tapmırdılar. Həmin gün Əsurə də ağsaqqallarını, ağbirçəklərini çağırmışdı. Təzə qohumlar xeyli söhbət edib, yaxından tanış oldular. Danışıqları baş tutdu. Bu qohumluq hamının ürəyincə oldu. Namiqin anası Almaz xanım İradənin dediyi kimi yaxşı adama oxşayırdı. Sifətindən nur yağırdı. Namiqin atası dörd il əvvəl dünyasını dəyişmişdi. Əsurə öyrəndi ki, gələcək kürəkəni neçə ildir Rusiyada yaşayıb ticarətlə məşğul olub. İndi Bakıya qayıdır, biznesini burada qurmaq istəyir. Namiqin belə imkanlı, pulu-paralı olması Əsurənin ürəyini açdı. Fikrləşdi ki, özü həmişə kasıblıqdan əziyyət çəkib, qoy indi heç olmasa qızı varlı-hallıyı gedib yaxşı gün görsün. Qohumlar məsləhətləşib toy gününü də təyin etdilər.

Amma toy xeyli gec baş tutası oldu. Çünki bir neçə gündən sonra məhərrəmlik ayı başlayırdı. Bu bir neçə günə isə nə oğlan, nə də qız evi toya hazırlaşa bilməzdi. Qızı evdə olmadığından Əsurənin əl-qolu açılmışdı. Neçə illər dostluq etdiyi köhnə sevgilisi Sərrafın ağzını çoxdan boza vermişdi. Təzəcə tanış olduğu sevgilisi – cavan oğlan saqqallı Qəmbərlə tez-tez görüşürdü. Əsurə evdə tək olduğundan bəzən, o gecələr də onunla qalırdı. Qəmbər yeri düşdükcə kitabxanaçı qadına əl atıb kömək edirdi. Sevgilisini darda qoymurdu. Əsurə də ürəyini ona geniş açmışdı. Qəmbərin hesabına qızının cehizlərini də yavaş-yavaş alırdı. Onu xeyli xərcə saldı, amma qulluğunda da yaxşıca dayandı. Yenə də adəti üzrə onun ayağını yuyur, dırnağını tutur, sonra onu əvvəlki sevgilisinin düzəltdiyi hamama salıb çimizdirirdi. Ürəyindən keçən arzu və istəklərini yerinə yetirirdi.

Toya az qalırdı. Kitabxanaçı qadın Qəmbəri də məclisə dəvət eləmişdi. Demişdi ki, gəlib qarışarsan oğlan evinin adamlarına, bizimkilər səni nə tanımayacaqlar ki?

Əsurə toya qədər bir gün yığışıb yeznəsigilə getdi. Onların ev-eşiklərinə söz ola bilməzdi. Deyəsən, qızının bəxti gətirmişdi, yaxşı yerə düşmüşdü. İradə ilə tez-tez telefon əlaqəsi saxlayan Əsurə bir gün eşitdiyi şad xəbərdən lap çox sevindi. Qızı hamilə idi, uşağa qalmışdı. Bu xəbər onun ürəyincə oldu. Toya bir həftə qalmış Namiq evdəkilərlə, İradə ilə sağollaşıb Rusiyaya getdi. Dedi ki, işlərini yekunlaşdırıb bir-iki günə qayıdacaq. Gedəndən yalnız bircə dəfə zəng vurub İradə ilə danışdı. Sonra ondan səs-soraq gəlmədi. Toyun vaxtı yaxınlaşsa da, Namiqdən xəbər çıxmırdı. İradə nömrəsini tez-tez yığsa da, ona zəng çatmırdı ki, çatmırdı. Toy günü gəlib yetişdi, amma Namiq gəlmədi. Qohum-əqrəba ayaq üstə qalmışdı. Əsurə narahatçılıq içində çırpına-çırpına hər an xəbər gözləyirdi. Dəvətnamələr bir həftə əvvəldən paylanmışdı. Əsurə, demək olar ki, gündə dörd-beş dəfə onun anasına, öz qızına zəng vurub Namiqi soruşurdu. Amma nə fayda, ürəkaçan bir xəbər yox idi. Toyu təxirə salmalı oldular. Bəysiz necə toy etmək olardı. Qərara aldılar ki, Namiqi gözləsinlər. Nə vaxt zəng vurub gəldiyini bildirsə, toyu da həmin günə təyin etsin.

Əsurə əsəbindən bilmirdi ki, neynəsin, başına nə çarə qılsın. Gücü ancaq qızına çatırdı. Ona dişinin dibindən çıxanı deyirdi. Tanımadığı bir gədəyə qoşulub qaçdığına görə gecə-gündüz onu danlayırdı. İradə özü də bu danlaqlardan təngə gəlmişdi.

Beş aydan çox idi ki, Namiqdən zəng gəlmirdi. İradə yalnız indi-indi düşünülməmiş addım atdığını anlayır, səhv etdiyini başa düşürdü. Bu da çox gec idi. Artıq qatar keçib getmişdi. O da yanlış addım ataraq bu qatarın talesiz bir sərnişini olmuşdu. İradə hiss edirdi ki, bəxti üzünə gülməyəcək. Gələcək həyatı acılarla dolu olacaq. Namiq onu şirin dillə, yalançı vədləri ilə aldadıb, yoldan çıxardıb həyatını məhv etdi. O heç geri qayıdana da oxşamır. Bir neçə gün əvvəl həmişə sifətindən nur yağan anası Almaz xanım otağına gəlib dedi:

- Bala, ta mənim evimdə Namiqi nə vaxtacan gözləyəcəksən? Çıx get ananın yanına. Oğlum gələndə də toyunu edib səni evimizə gəlin gətirərik. Daha burda kimə görə oturacaqsan? Biz özümüzü güclə dolandırırıq. Oğlum səni qaçıranda mən də çox sevindim. Dedim bəlkə sənə görə çıxıb o xaraba urusetə getməz, burda qalar. Ev-eşiyimizə yiyə durar, ailəsi olar. Neyniyim nə qədər dil töküf yalvarsam da qalmadı, bizi atıb getdi o urus arvadının yanına. İndi nə zəng edir, nə də pul-para göndərir. Özü onsuz da avaranın biriydi, səni də qaçırdıf bədbəxt elədi. Vallah, bala, mən onun qayıtmağına inanmıram. Evinizə getsən yaxşıdır, bəlkə özünə bir gün ağlayarsan. Burada boş yerə oturub gözləməyə dəyməz.

İradə ona üzünü bozardıb «Namiq gəlməyincən, mən heç yerə gedəsi deyiləm. Ya bu evdə mənim toyum olacaq, ya da buradan meyidim çıxacaq» - dedi. Almaz «Özün bilərsən, ay bala, day mən sözümü dedim» - deyib çıxıb getdi.

Artıq evdəkilər İradədən qaçır, heç kim onunla danışmaq istəmirdi. Dünənə qədər toya hazırlaşan, gəlinlə «can» deyib «can» eşidən Namiqin bacıları Dilarə və Gülarə də indi ona məhəl qoymurdular. Hətta sözünə də cavab verməyə ərinirdilər. Yavaş-yavaş hamı Əsurənin qızını burunlayırdı. İradə dünənə qədər ona doğma olan yad adamların arasında sıxıla-sıxıla qalmışdı. Dişini dodaqlarına tutub onların qarşısında güclə duruş gətirirdi. Amma anasına bu evdə baş verənləri deyə bilmirdi. Namiqə qoşulub qaçmazdan əvvəl ondan məsləhət almadığına görə indi yanında dili gödək idi. Gecə-gündüz başına döyür, fikirdən, ah-nalədən yata bilmirdi.

Bir gün axşamtərəfi Almaz əlində telefon tələsik onun otağına gəlib dedi:

– Ay qız, İradə, al danış, oğlum zəng vurub. Mən dediyimə inanmırsan, al eşit, bu da Namiqin özü.

İradə Namiqdən zəng gəldiyinə çox sevindi, hələ qulaqlarına toy səsi də gəldi. Özünü gəlin paltarında məclisin yuxarı başında oturan hiss elədi. Amma hər şey onun fikirləşdiyi kimi olmadı. Bu zəng İradənin bütün ümidlərinin altını-üstünə çevirdi. Namiq çox soyuq, yad adamlar kimi danışdı. Heç elə bil tanış olanda onunla mehriban, xoş danışan, deyib, gülən, ona dönə-dönə «sevirəm» deyən, dərdindən ölən, başına dolanan oğlan bu deyildi. Namiq çox qısa danışdı:

- İradə, mən neçə illərdir burada yaşayıram. Evim, ailəm var. Arvadım da rusdur. Bakıya bir neçə aylığa istirahət etməyə, mamagilə baş çəkməyə gəlmişdim. Səninlə tanış oldum, günlərimi yaxşı keçirdim. Bu tanışlığa peşman deyiləm. Amma mənim səninlə evlənmək fikrim yoxdur. İstədiyin vaxt çıxıb evinizə gedə bilərsən. Mamanı da çox incitmə. Nə deyirsə, onu da eşit. Bir də Bakıya nə vaxt gəlsəm, səni axtarıb taparam, yenə də günlərimizi bir yerdə xoş keçirərik. İndi isə vaxtını boş keçirib, havayı yerə məni gözləmə.

Bu sözləri deyəndən sonra telefonu qapadı. İradə nə qədər səs-küy salıb qışqırsa da xeyri olmadı. Namiq onun səsinə səs vermədi. Hər yerdən əli üzülən İradə bir həftədən sonra zəng vurub ağlaya-ağlaya bütün olanları anasına danışdı. Əsurə qızından bu sözləri eşidəndə havalandı, elə bil başına at təpdi. Tez işdən icazə alıb başı lovlu birbaş Namiqgilə qaçdı. Həyət qapısını Almaz açdı. Bayaq İradə zəng vurub anası ilə danışanda dediklərini eşitmişdi. Bilirdi ki, harda olsa, Əsurə qaça-qaça gələcək. İçəri girən kimi İradənin anası səsini başına atıb Namiqin anası ilə qışqıra-qışqıra danışdı. Həmişə üzü nurlu olan Almaz da heç ondan geri qalmadı. Bütün qonşular da səs-küyə, hay-həşirə çölə çıxmışdılar. Ha qışqır-bağır salsa da, Əsurə Almaza heç nə edə bilmədi. Axırda həyasızlığını göstərib qadına yaraşmayan söyüşlər söyə-söyə, Namiqə pis-pis qarğışlar tökə-tökə qızının əlindən tutub onların qapısından çıxdı. İradə üzüqara, başıaşağı evlərinə qayıtdı. Yazıq qız bu qapıya xoşbəxtliyi və səadəti arxasınca, arzularına qovuşmağa gəlmişdi. Amma istəkləri puç oldu, kiçik bir səhv həyatını, gələcəyini məhv edib xoşbəxtliyini əlindən aldı.

Bir neçə gündən sonra Əsurə qızını tanış həkiminin yanına apardı ki, uşağı götürsünlər. Müayinə aparan həkim dedi ki, vaxt çox keçdiyindən bu iş mümkün deyil. Əməliyyat qızının həyatı bahasına başa gələ bilər. Əsurə nə qədər pul təklif edib dil töksə də həkim razılaşmadı. Bu təhlükəli işi öhdəsinə götürmədi. Ana-bala qanları qara evə döndülər.

İndən sonra həyatı boyu İradə də anası kimi övladını atasız böyüdəcək, acılarla dolu günlər yaşayacaqdı. Uşağın yaş kağızında heç atasının adı da yazılmayacaqdı. Vaxtsız, tələsik və düşünülməmiş səhv bir addım İradəyə bədbəxtlik gətirdi, sevincini əlindən aldı, əvəzində ona kədər, qəm verdi. Onun tay-tuşları indi ali məktəblərdə oxuyurdular. İradə isə bətnində təsadüfən internetdə tanış olduğu və on beş gündən sonra qoşulub qaçdığı Namiq adlı bir yaramazın uşağını gəzdirirdi. İndən sonra daha kiminlə ailə quracaq, belə erkən yaşlarında itirdiyi xoşbəxtliyini necə tapacaqdı? Uşaq doğulandan sonra dolanışıqları bir az da çətinləşəcəkdi. Hələlik İradə evlərinin yaxınlığındakı gözəllik salonunda, mağazada və bir vaxtlar Namiqlə tanış olmaq üçün mesaj göndərdiyi internet klubda qulluqçu işləyirdi.

Günlərin birində Əsurənin təzə sevgilisi Qəmbər evdə heç kəsin olmadığından istifadə edib İradənin bütün cehizlərini, həmçinin əlinə keçən başqa yaxşı nə var idisə hamısını yığıb aparmışdı. Əsurə evə gələndə hər yeri dağılı, tökülü gördü. Ev bomboş qalmışdı. Qəmbər hər şeyi yığıb aparmışdı. Zalım oğlu, zalım oturmağa heç bir stol da saxlamamışdı. Kiçik bir məktub da yazıb qoymuşdu: «Əsi, əgər məni polisə versən, özündən küs. Bu, sənə çox baha başa oturar. Apardığım əşyaların hamısı mənim pullarımla almısan. Bunlar mənim halalca malımdır. Sənin burada bir qəpiyin də yoxdur. Məni çox axtarıb narahat eləmə».

Əsurə Qəmbərin yazdıqlarını oxuyanda gözlərinə inanmadı. Fikirləşdi ki, insanlar nə qədər etibarsız olurmuşlar. Başını əllərinin arasına alıb divara söykənib xeyli ağladı. Qızının başına gələnlər azmış kimi, bu da bir yandan ona dərd oldu. Əvvəlki sevgilisi Sərrafı unutduğuna, elə bir gözəl insanı yalançı bir gədəyə dəyişdiyinə görə peşman oldu. Qəmbərə belə tez inandığına və evini ona etibar etdiyinə görə özünü xeyli danladı. Qəmbərin mobil telefonu da yox idi. Bir dəfə uzaqdan işlədiyi şirkəti ona göstərmişdi. Söz vermişdi ki, səni bu şirkətdə işə düzəldəcəm, rahat və geniş kabinetin, həmçinin fırlanan kreslon da olacaq.

Əsurə səhər tezdən vaxt itirmədən onu tapmaq, əşyalarını geri qaytarmaq üçün işlədiyi şirkətə yollandı. Amma burada ona bildirdilər ki, şirkətdə belə bir adam işləmir. Əsurə bura nə qədər ayaq döysə də, xeyri olmadı. Onu tapa bilmədi. Saqqallı Qəmbəri polisə verməyə də qorxdu. Daha ondan əlini üzdü. Təzə sevgilisi onu məhv elədi. Puluna, malına aldanıb ona çox vaxt ayırdı. Başı Qəmbərə o qədər qarışdı ki, qızını da yaddan çıxartdı. Onunla az maraqlandı, qayğı, diqqət, nəvaziş göstərmədi. İradə də evdə nəzarətsiz qalıb boş-boş gəzib dolandı. Bekarçılıqdan internet klublara getdi, tanımadığı gədənin biri ilə tanış oldu, sonra da şirin dilinə, yalan vədlərinə aldanıb ona qoşulub qaçdı. Həyatını məhv elədi. Axırda inandığı, etibar etdiyi Qəmbər də onu aldatdı. İndiyə qədər pullarına alınan əşyaları da, hələ üstəlik Əsurənin özünün cehizliyindən qalanlarını da yığıb apardı. Onu quru yurdda qoydu. Ondan Əsurəyə heç bir xeyir qalmadı.

 

Qızını Namiq, onu isə saqqallı Qəmbər aldatdıqdan sonra Əsurəgilin vəziyyətləri lap pisləşmişdi. Evlərində də heç nə qalmamışdı. Dolanışıqları çətinləşmişdi. Əsurə bu işdə özünü günahkar hesab edirdi. Qızı da onun biganəliyinin, səhvinin qurbanı olmuşdu. İndi təzədən heç nəyi geri qaytarmaq mümkün deyildi.

İndi nə ana, nə də bala internetə girib kimləsə tanış olmağa maraq göstərmirdi. Çünki onlar internetdən gördüklərini görmüşdülər.

 

Kaspi.-2013.-9-11 noyabr.-S.22.