Albom ifaçının şəxsiyyət
vəsiqəsidir
Səlim
Abbasov: ““Eurovision”un məşq prosesində Rıbak skripka ilə
ifa etməyimi görüb pis oldu, Dima Bilan isə mənə
baxıb gülümsəməyə başladı”
Ötən
gün məşhur skripka ifaçısı, əməkdar
artist Səlim Abbasov redaksiyamızın qonağı oldu. Skripka ustası bizimlə söhbəti
zamanı bir çox
məsələlərə aydınlıq gətirdi.
- Səlim bəy, sənətinizə
olan maraq haradan qaynaqlanıb?
- Mən musiqiçi ailəsində
böyümüşəm. Atam Vaqif Abbasov qarmon
ifaçısı idi. Uşaq
yaşlarımdan musiqiyə böyük həvəsim
olub və o vaxtdan atam mənə musiqi alətlərinin bir çoxunda ifa etməyi
öyrədib. Həmin zamandan nağarada, tütəkdə və başqa musiqi alətlərində
mahnılar ifa edirdim.
Mənim üçün ən
maraqlısı isə nəlbəkilərdən
çıxan səslər idi. İndi də o mənə
daha maraqlı gəlir. O zamanlar
el şənliklərinə gedəndə,
ifaçıların və rəqs edənlərin
başına şabaş tökmək dəbdə
idi. Başımdan pul
tökəndə isə mahnını daha
da ürəklə ifa
etməyə başlayırdım (gülür).
Üç yaşından musiqi
ifa etməyə başlamışam. Həmin
yaşlarda beş
mahnı öyrənmişdim ki, onları
da toylarda, el şənliklərində ifa
edirdim. Anamın təkidi ilə atam məni musiqi məktəbinə
apardı. Atam istəyirdi ki,
mən qarmon ifaçısı olum. Anam məni musiqi məktəbinə aparanda
musiqi məktəbinin direktoru
söylədi ki, qarmona,
pianinoya, tara, nağaraya gələn uşaqlar
çoxluq təşkil edir.
Ancaq kamançaya gəlmək
istəyən uşaqlar isə yoxdur. Məktəb direktoru
anama kamança
sinfində oxumağımı məsləhət gördü. O gündən anam
məni kamança sinfinə
yazdırdı.
Rıbaka
cavab olaraq kamançada ifa etdim
- Bəlkə də sizdən
gözəl nağara və ya tar ifaçısı
çıxardı?..
- Hər
şey Allahın qismətindən asılıdır. Ancaq bir şey
də var ki, Allah sevdiyi bəndəsinə
istedad verirsə, onun
fərqi yoxdur, istər basketbolçu
olsun, istər futbolçu,
istərsə də musiqiçi. Yəni
yapışdığın işi professional səviyyədə sevərək həyata
keçirsən, o hər şeyə yetər.
Mən 1-ci sinifdə oxuyanda Azərbaycan
respublikası üzrə musiqi
yarışlarında iştirak edib, birinci yerə layiq görülmüşəm. Musiqi məktəbini bitirdikdə, artıq 5
yarışmanın qalibi idim.
Daha sonra Asəf
Zeynallı adına musiqi kollecinə qəbul
olundum. Kollecin mənim
həyatımda yeri böyük
oldu. Belə ki,
tanınmış xanəndələrdən Əlibaba Məmmədov,
Ağaxan Abdullayev, Alim Qasımov kimi sənətkarların
sinfində müşayiət edib, təcrübə
toplamışam. Mənim çox gözəl
müəllimlərim olub, onlara
kamança ifaçısı Ədalət
Vəzirov, Adıgözəl Əliyev, Fəxrəddin Dadaşovu misal göstərə
bilərəm. Həmin vaxtlar gecə-gündüz
öz üzərimdə işləyirdim.
Təsəvvür edin ki,
səhər tezdən kollecin nəzarətçisi
qapını açan kimi
oraya ilk mən daxil olurdum. Axşam nəzarətçi məni musiqi məktəbindən güclə
çıxarırdı. Asəf Zeynallıda oxuduğum
illərdə bir çox
müsabiqələrdə iştirak edib diplomlar əldə etmişdim. Buranı bitirdikdən sonra Milli Konservatoriyaya
daxil oldum. Oraya həm skripkadan, həm
də kamançadan imtahan
verdim. Skripkaya önəm
verməyimin əsas səbəbi onun vasitəsi
ilə insanlara daha
yaxın olduğumu düşünməyimdir.
Skripka vasitəsi ilə səhnədə
ayaq üstə rahat performans göstərmək olur.
Ancaq kamança oturaq vəziyyətdə
çalındığı üçün
performans göstərmək üçün elə də imkanlar
yoxdur. Misal üçün, Azərbaycanda keçirilən
“Eurovision” yarışmasının
açılış mərasimində kamança
ifaçısı kimi iştirak
edirdim. Orada mənə
söylədilər ki, kamança
ilə ayaq üstündə hərəkətli
musiqi ifa etmək bir az düz
gəlmir. Mən isə onlara düz fikirləşmədiklərini söylədim.
Aleksandr Rıbak skripka
vasitəsi ilə səhnədə özünü
göstərmək istəyirdi. Mən isə bütün dünyanın izlədiyi bir yarışmada əlimdə vətənimizi
nümayiş etdirən kamança
ilə necə sakit otura
bilərdim? İstəmədim ki,
Rıbakın skripkasının səs tembri
bizim kamançamızın tempini öldürsün.
Kamança bizim milli alətimizdir və onu
göstərmək lazımdır. Həmin musiqi
yarışmasının açılışını “Natiq” ritm qrupu
ilə birlikdə etdik. Əslində mən
skripkada ifa etməli idim. Məşq prosesində gördüm
ki, Rıbak mənim skripka
ilə ifa etməyimi görüb
pis oldu. Hətta mən
onun mahnısına ərəb stili qataraq başqa
tərzdə ifa etdim.
Dima Bilan mənə
baxıb gülümsəməyə başladı və o anda Rıbak otağı
tərk etdi. Adamın əlinə şans bir dəfə düşür. Mən istəyirdim ki, orada ifa
etdiyim musiqini bütün dünya görsün. Çox
maraqlı bir proyekt idi.
- Siz “Eurovision”
yarışmasından sonra daha çox tanınmağa
başladınız. Bu fikirlə
razılşasırsınızmı?
-
Uşaq yaşlarından el şənliklərində
iştirak etdiyimə görə oradan tanıya bilərlər
məni. Bir də Konservatoriyada
oxuya-oxuya dövlət tədbirlərinə
və televiziya verilişlərinə dəvət
alırdım. Televiziyaya
çıxdıqdan sonra tez
bir zamanda
tanınmağa başladım. Verilişlərin birində xalq artisti Zeynəb Xanlarova məni görüb
və xalq artisti
Sadıq Zərbəliyevə tapşırıb ki, skripkaçı Səlimi ona
tapsınlar. Sadıq müəllim mənə zəng edib dedi ki,
sənə bir sürprizim
var. Mən də heç
nədən xəbərsiz, Sadıq müəllimlə birlikdə
Respublika Sarayına gəldik. Sadıq
müəllim məni məşq otağına apardı. Bir də gördüm ki, qapı açıldı, Zeynəb
xanım içəri girdi. Özümü itirdim və
həyəcanlanmağa başladım. Zeynəb xanım mənə
baxıb, Sadıq müəllimə söylədi ki, mən sizə bu
oğlanı deyirdim. Məşqə
başladıq. Zeynəb xanım muğam
oxumağa başladı və mənə
onu müşayiət etməyimi söylədi.
Ondan sonra Zeynəb
xanımla bizim xarici
qastrollarımız - Türkiyədə, Amerikada,
İstanbulda konsertlərimiz həyata keçdi. Amerikadakı konserti
isə hələ də unuda bilmirəm.
Zeynəb xanım canlı olaraq 24
mahnı oxudu. Bu, asan iş deyil.
4 saatdan artıq konsert
davam etdi. Ancaq elə ifaçılar var
ki, 10 dənə mahnı oxuyur,
onların içindən yalnız 2-sini canlı şəkildə
ifa edir. Biz gördüyümüzü
deyirik. Zeynəb xanımın
ansamblında çalışandan sonra daha da məşhurlaşmağa
başladım.
Uğurun astanasında
- Musiqidən başqa nəyə
marağınız var?
-
Uşaqlıqdan futbola böyük marağım olub. Atam məni çox futbol oynamağa qoymurdu. Mən də idman
ayaqqabılarımı pəncərədən çölə
ataraq “həyətə düşürəm”
deyib qapıdan qaçırdım. Pəncərədən
atdığım ayaqqabı və paltarlarımı uşaqlar götürüb
futbol meydançasına
aparırdılar. Gün ərzində 7-8
saat futbol
oynayırdıq. O zamanlar idmana
diqqət çox az idi. Artıq futbol oynayanlar üçün
hər bir şərait yaradılıb. İndi də çalışıram ki, Azərbaycan yığmasının
oyunlarına tez-tez gedib
baxım.
- Siz həm musiqi yazarı, həm
musiqi ifaçısı, həm də müğənnisiniz.
Bunların hamısını bir arada tutmaq çətin
deyilmi?
- Burada çətin heç nə yoxdur. Mənim yazdığım “I love you” mahnısı çox sevildi. Onun sözləri dostum
Mirsahibə məxsusdur.
Dima Bilan o mahnını məndən istədi, vermədim. Söylədim ki, bu mahnını ərsəyə
gətirim, sevilsin, ondan sonra verərəm.
Bundan sonra «İlk məhəbbətim», «Sevirəm»,
«Bayram» kimi mahnılar bəstələdim.
Mehriban xanım Əliyevanın dəstəyi ilə Fransada YUNESKO-nun binasında
konsert təşkil olundu və mən orada iştirak etdim. Hər adama orada iştirak
etmək qismət olmur. Daha sonra Eyfel qülləsinin həyətində
Azərbaycan musiqilərini
ifa etdim. Mən Amerikada olanda bizdən bir neçə gün əvvəl orada böyük bir tədbir olmuşdu. Pitbulla Cenifer Lopes həmin səhnədə konsert vermişdi. Səhnə olduğu kimi
dururdu, yəni sökülməmişdi, həmin
səhnəyə çıxıb
bir neçə mahnı ifa etdim. Allahıma şükür edirəm
ki, mən bu sənəti seçməklə heç
vaxt uduzmamışam.
- Ötən il dövlət
tərəfindən sizə
əməkdar artist adı
verildi. Heç sizə qısqanclıqla
yanaşan oldumu?
- Bəli, keçən il sentyabrın
14-ü əməkdar artist adına layiq görüldüm. İncəsənət
aləmindən olan dostlarımdan çox az adam məni təbrik etmədi. Üzbəüz gələndə mənə deyirdilər ki, eşitmişik ad almısan, səni təbrik edirik. Bilirsiniz, mən elə insanam ki, kiminsə
hansısa uğurunu görəndə sevinirəm,
əlaqə nömrəsini
tapıb onu təbrik edirəm. Belə diqqətsizliyi görəndə, insana bir az təsir edir. Hətta biri mənə söylədi ki, eşitdim ad almısan, mənə də söz veriblər. Konservatoriyada
10 ildir ki, müəllim vəzifəsində
çalışıram. Konservatoriyanı – magistraturanı bitirdikdən sonra orada qalıb müəllim kimi işləməyi mənə
təklif etdilər.
Tələbələrim dünyanın müxtəlif
ölkələrində çıxış
ediblər.
Günahım var
- Sizin oxuduğunuz “Gangnam style” mahnısı çox marağa səbəb oldu. Məşhur mahnılar sizə
çoxmu uğur gətirir?
- Mən Koreyada eşitdim o mahnını. O zaman həmin mahnı elə də məşhur deyildi. Mən hər dildə mahnı oxumuşam, ancaq Koreya dilində
isə bu, ilk idi. İndi hər kəs
o mahnını çox
sevir. Bütün dünya o mahınını
oxuyur. O mahnıya
görə məni qəbul etməyən insanlar da vardı.
- 3 yaşından
səhnədəsiniz. Ancaq hələ
albomunuz işıq üzü görməyib.
Pulunuz yoxdur?
- Düzdür. 25 ildir
ki, səhnədəyəm,
bir dənə də olsun albomum
yoxdur. Bu yaxınlarda istəyirəm
ki, ilk albomum işıq üzü görsün və bunun üçün çalışıram. Albomu gəlir
əldə edə bilmədiyim üçün
deyil, sadəcə olaraq bu günə
qədər buna ehtiyac duymadığım
üçün buraxmamışam.
Çünki mahnı hazır
olanda internetdə çox asanlıqla və tezliklə yayılır. Düşünürəm ki, albom hazırlasam
belə, hər kəs mahnıları internetdən dinləməyə
üstünlük verəcək.
Albomu ona görə hazırlayıram ki, xarici ölkəyə gedəndə məndən
diski tələb etdikləri an mən öz albomumu verə bilim. Albom ifaçının şəxsiyyət
vəsiqəsidir. Harasa
gedəndə, səndən
disk istəyəndə, onlara
“albomum yoxdur” demək bir az çətin
olur. Əslində bu işdə
mənim günahım
da var. Söz verirəm ki, bu yaxınlarda ilk diskimi təqdim edəcəyəm.
Xəyalə Rəis
Kaspi.-2013.-8 noyabr.-S.13.