Topal Teymur - (təməli
tənqid-2)
“Topal Teymur”
dahi Hüseyn Cavidin ən çox tənqid
olunan əsəridir. Pyes
1926-cı ildə çapdan
çıxmış, həmin ildə tamaşaya
qoyulmuş, lakin səhnədə
çox qısa ömür
yaşamışdır.
1926-cı il noyabrın 15-i...
Teatr H.Cavidin yeni əsərinin–nəsrlə
yazdığı “Topal Teymur”
dramının ilk tamaşasını
göstərdi. Tamaşanın səhnə quruluşunu
A.A.Tuqanov vermişdi. Bu haqda biz
birinci yazıda söz
etmişdik.
Bu əsərin
ikinci səhnə taleyi isə Lənkəran Dövlət Dram
Teatrı ilə bağlıdır. Teatrın
yaradıcı heyəti 1982-ci ildə böyük
dahi Hüseyn Cavidin anadan
olmasının 100 illik yubileyi
münasibətilə “Topal Teymur” əsərinə müraciət etmişdir.
56 il sonra...
Məhz
56 il sonra “Topal Teymur” Lənkəran Dövlət Dram
Teatrında səhnələşdirildi. Tamaşanın
quruluşçu rejissoru,
əməkdar incəsət xadimi Baba Rzayev əsərin səhnə
həllində müəllif obrazından istifadə etmişdi. Şairin
şerlərindən seçilmiş parçalar rejissor fikrinə
görə əsərin müasir səslənməsini
təmin etməli idi. Pərdə
açılanda müəllif arxa planda yüksəkdə görünür.
Boş səhnə arxasından sanki tamaşaçılar ilə söhbət
edir. Və... səhnə azacıq
işıqlanır, tamaşaçılar müharibə
meydanında həlak olanları və meyidlərin yanında durmuş körpə uşaqları,
qadınları görürlər.
Teymur
səhnənin altından dəhşətli musiqi fonunda
çıxır, meyidlərin üstündən keçib səhnənin
dərinliyinə gedir. Arxası tamaşaçıya
dayanıb taxtı ikiəlli tutur.
İşıq yalnız şeir söyləyən
müəllifi və Teymuru göstərir.
Hər tərəf qaranlıqdır.
Səhnə işıqlanır və tamaşaçılar silahlanmış əsgərlərin döyüşə hazır olduqlarını görürlər. Teymurun işarəsi ilə döyüş məşqi başlanır. Olqanın Orxanı döyüşçülər arasında axtarması ilə ekspozisiyadan ilk hadisəyə keçid əks olunur.
Tamaşada Hüseyn
Cavid obrazı Xalq arnisti Qabil Quliyevin
ifasında canlanır. Qanlı müharibələrin acı nəticələrinin
şairdə oyatdığı nifrət hissləri silahlanmaya qarşı etiraz
səsi aktyorun ifasında şairə məxsus
bir çağırışla səslənir.
Tamaşada
ən böyük və mürəkkəb obrazlar Teymur və
Yıldırım Bəyaziddir. Lənkətan
teatrında bir çox
dərin psixoloji obrazların
ifaçısı kimi tanınan aktyorlardan Əməkdar artistlər Elşad Zeynalov-Topal Teymurun, Təvəkkül Əliyev isə
Yıldırım Bəyazidin mənəvi aləmini ziddiyyətli
hadisələr fonunda yaratmağa
çalışmışdılar. Daimi
daxili təşviş, dünyaya
qəzəb və ikrah hissi,
onu əhatə edənlərə
qarşı sərt münasibət, eyni zamanda hiyləgər siyasət, saxta ədalət tərəfdarları olan Teymur-E.Zeynalovun
yaradıcılığında əsas yer
tutur. Aktyor Teymur obrazının daxili
aləmini, çoxşaxəli xarakterini
zəngin boyalarla canlandırırdı.
T.Əliyev
də Yıldırım Bəyazidi gününü
eyş-işrətdə keçirən, əyyaşlıqdan
xoşhallanan, hərb şöhrəti ilə qürrələnən
qaba xasiyyətli xaqan obrazı kimi təqdim edə bilir.
“Topal Teymur” dramında lirik-psixoloji xətlə inkişaf etdirilmiş Olqa, Almaz və Orxan surətləri də tamaşada uğurla həll olunmuşdu. Orxan Olqanı “hərb meydanında alovlar içindən çocuqkən” çıxarmış və Teymurun sarayına gətirmişdir. Bu “qurbanlıq” artıq böyümüş, gözəlliyi ilə xaqanın özünü də məftun etmişdir. Teymurla Olqanın görüş səhnəsində Olqanın “Bingül” dərəsindəki mənzərələri xatırlaması və Teymurun “mənzərələrin ən gözəli hərb meydanlarıdır” deməsi səhnəsində azad olmaq arzusu ilə yaşayan əsirin və ürəyi hərb atəşi ilə alovlanan qəsbkarın mənəvi aləmi açılır. Olqa obrazını rəngarəng xarakter xüsusiyyətlərinə malik istedadlı aktrisa Xalidə Şərifova oynayırdı.
Almaz
obrazı gənc aktrisa Balacaxanım Hüseynovanın
ifasında sədaqətli, ölümdən belə qorxmayan cəsarətli
Şərq qızı kimi canlanırdı. B.Hüseynova Almaz
obrazını tamaşaçılara sevdirə bilirdi.
Orxan
surəti əsər boyu bir neçə xətdə
inkişaf edir. Orxan Teymurun
sadiq əsgəridir. Orxan
ərdir, atadır, aşiqdir, xaqanın sərkərdəsidir;
əsirdir (İldırımın adamları tərəfindən
tutulur), müttəhimdir, nəhayət
minbaşıdır. Obrazdakı təzadlı inkişaf
düzgün həlli üçün
istedadlı aktyor oyunu
tələb edir. Tamaşada
bu rolun
ifaçısı Həsən Hacağayev
bütün yaradıcılıq
imkanlarından bacarıqla istifadə edərək dolğun, zəngin xarakterli
bir obraz yaratmağa müvəffəq olmuşdu.
Yıldırım
Bəyazidin hərəmi Melica obrazını Münəvvər
Əliyeva və aktrisa Südabə Cəfərova ifa edirdi. Hər
ikisi tamaşaçını qane edə bilirdi.
Tamaşada
Xalq artisti B.Əliyeva-Dilşad, Əməkdar artistlər
N.Əliyev-Divanbəyi, K.Nəcəfov-Şeyx Buxari,
Ə.Salayev-Əli Paşa, R.Talışinski-Dəmirqaya,
F.İsmayılov-Cücə, C.Mirzəyev-Qaraquş,
E.Nurullayev-Sabutay, M.Ağayev-Ərəb Nazim obrazlarını
uğurla ifa edirdilər.
Fatehlərin divanı
1983-cü
il 21 iyun tarixində “Topal Teymur” televiziya tamaşası efirə
çıxdı. Məhz Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində keçirilən
tədbirlərin bir hissəsi kimi...
Rejissor
Ramiz Həsənoğlu: “Hüseyn Cavidin dram əsərlərini
yenidən oxudum. Təbii ki, Cavid dramaturgiyasının əsas hissəsi nəzmlə
idi. Ona görə o vaxt bu
əsərlərə o qədər də
yaxın düşə bilmədim. Amma nəsrlə
yazılan “Topal Teymur”
diqqətimi cəlb etdi. Bu,
realistik-dramaturji məqamların üzərində
qurulan əsər idi
və dialoqları da
anlaşılırdı”.
Teletamaşa
qırmızı rəngə boyanmış ekran ilə
seyriciyə müharibə, ölüm qorxusunu mesajlayır. Ekranda düzənliklər, bəzəkli
çadırlar, ocaqlar qurulmuşdur.
Quruluşçu rəssam Rəfael Əsədovdur.
Nəticədə qəddar, amansız döyüş
meydanı təəsüratı yaradılmışdır. Xorun təkrar-təkrar ifa
etdiyi beyt isə orijinal səslənirdi. Bu
bəstə Cavanşir Quliyevin
idi.
Səmərqənd,
Əmir Teymurun iqamətgahı və Topal Teymur...
Rejissor Ramiz Həsənoğlu: “ümumiyyətlə, hər bir rejissorun uğuru iki amildən ibarətdir: əsər seçmək və aktyor tapmaq. Mən gözümün qabağından kimləri keçirmədim? Mehdi Məmmədov ürəyimdən keçdi. İkinci namizədim Məmmədrza Şeyxzamanov idi. Amma bu seçim məni qane etmirdi. Nədən ki, Şeyxzamanovun çöhrəsində daim bir xeyirxahlıq işığı yanırdı. Hərçənd rejissor yozumundan asılı şəkildə bu aktyor Teymurləngin bədii obrazları qalereyasında tamam fərqli Topal ola bilərdi. 1982-ci il yanvarın 23-də daha üç aktyorun soyadı Topal Teymur roluna namizəd kimi göstərildi: Həsənağa Turabov, Hamlet Xanızadə, Fazil Bayramov. Həmin qeyddə üstünlüyü Həsən Turabova verirdim. Faktura baxımındansa ürəyimcə olan Topal Fazil Bayramov idi. Ən nəhayət, Hamlet Xanızadənin üzərində dayandım. Mənə elə gəlir ki, yanılmadım. Tamaşanı çəkməmişdən əvvəl müxtəlif mənbələrə, arxivlərə üz tutdum. Məşhur antropoloq Gerasimov Teymurun kəlləsi əsasında onun üz cizgilərini bərpa etmişdi. Hamlet Xanızadənin portret qrimi onun əsasında quruldu. Tamaşanın çəkilişləri fasilələrlə bir ay davam etdi. Rol bölgüsündə müəyyən dəyişikliklər oldu.”
Hamlet Xanızadə və Hamlet Qurbanov
Bu
tamaşanın ən önəmli iki qəhrəmanı, iki
Hamletin qarşılaşması.
Bursada Yıldırım Bəyazid
(Hamlet Qurbanov) öz hərəmi Meliça
(Səidə Quliyeva) ilə firavan həyat sürür.
Şərab Yıldırım Bəyazidin daha
betər düşməni idi. Cücə
(Yaşar Nuri) isə
sultanın yeganə həqiqi dostudur.
Rejissor
Ramiz Həsənoğlu: “Mübaliğəsiz deyə bilərəm
ki, tamaşa çox böyük coşqunluqla
qarşılandı. Bu, təkcə
tamaşanın effektindən irəli gəlmirdi. Bu, Cavidə xalqın məhəbbətindən
irəli gəlirdi. Bu, sanki
repressiya illərində repressiyaya
uğramış talelərə olan
münasibətin müəyyən bir
eyforiyası idi. Yəqin ki,
tamaşa da öz parametrləri ilə
tamaşaçıların təsəvvürlərinə
müəyyən bir qida
vermişdi. Bu mənada
təbii ki, mən də, tamaşanı ortaya çıxaran kollektiv
də özümüzü çox xoşbəxt hiss
edirdik. Mehdi Məmmədov
gəlib tamaşaya baxdı və təqdimatda
çıxış etdi. Belə bir fakt var:
1941-ci il iyunun 21-də
Səmərqənddə Teymur Ləngin qəbrini
açıblar. Bizim də
tamaşamız 42 il sonra,
iyunun 21-də efirə getdi.
Sonradan ayıq başla
özüm üçün
araşdırdım ki, nə üçün tamaşa
belə bir sevgi ilə
qarşılandı? Mənə elə gəlir ki, bu uğurun
əsas səbəblərindən biri o vaxta qədər
televiziyanın hələ özünü
sənət ocağı kimi təsdiq etməməsi
ilə bağlı idi. Artıq
televiziyanın yaradıcı potensialı, texniki
imkanları elə bir şərait
yaratdı ki, biz bu səpkidəəsər ortaya
çıxara bildik. Azərbaycan
Televiziyası istər-istəməz sənət meydanına
çevrilməyə başladı. «Topal
Teymur» tamaşası da
münbit bir şəraitdə
meydana çıxdı. «Topal
Teymur» tamaşası mənim üçün hesabat
nöqtəsi idi. Bizə müvəffəq
oldu ki,
tamaşaçıları televiziyanın sənət
ocağı olmasına inandıraq.”
Tənqidçi
Aydın Talıbzadə: Mən elə hesab edirəm ki, “Topal
Teymur” Azərbaycan teatr mədəniyyətinin “genetik kodu”nu
özündə yaşadan bir tamaşadır, milli
teatrımızın estetik ifadə vasitələrinin
stixiyasını əyaniləşdirən nadir bir örnəkdir,
vizual “dərslik”dir.
“Topal
Teymur”un istər tariximizdə, istərsə də mədəniyyətimizdə
tutduğu mövqeyi müxtəlif nəsillərin bir daha
geriyə dönüb baxması məcburiyyətini yaradır
və Hüseyn Cavid faktoru Azərbaycan gerçəkliyində
“fateh”liyini qoruyub saxlayır...
Aygün Süleymanova
teatrşünas