Nigar xanım Rəfibəyli 100

Azərbaycanın tanınmış qadın şairi

(Şairə Nigar xanım Rəfibəyli tanınmış şair və dramaturq Rəsul Rzanın həyat yoldaşı, Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anarın anasıdır)

İdarə mərkəzi Ankarada yerləşən, Türk dünyasının YUNESKO-su kimi tanınan “Uluslararası Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY hər il Türk dünyasının 50-100-200 kimi yuvarlaq ölüm və doğum ildönümlərində yubiley mərasimləri qeyd olunacaq şair, yazıçı, rəssam, bəstəkar və elm xadimlərini müəyyənləşdirir, eyni zamanda şəhərlərdən birini dəTürk Dünyasının Mədəniyyət paytaxtı”elan edir. Bu baxımdan 2013-cü il Türkiyədən Əskişəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edərək ilin əvvəlində nəşr etdiyi bir buraxılışla türk dünyasının anılacaq tanınmış nümayəndələrini də ictimaiyyətə elan etmişdir. 2013-cü ildə yubileyləri qeyd olunacaq tanınmış şəxsiyyətlər 4 nəfərdən ibarətdir.TÜRKSOYun buraxılışına istinadən 4 şəxsiyyətin ikisi ölkəmizdən, ikisi də Azərbaycandandır. Türkiyədən doğumunun 100-cü ildönümüylə bağlı olaraq rəssam, karlikaturaçı, yazıçı və rejissor Abidin Dino (23 mart 1913-cü ildə doğulmuşdur) ilə şair və rəssam Bədri Fəhmi Eyüboğlu (1913-cü ildə doğulmuşdur), Azərbaycandan da yenə anadan olmalarının 100-cü ildönümü münasibətiylə şair Nigar Rəfibəyli (29 iyun 1913-cü ildə doğulmuşdur) ilə aktyor, solist Mirzə Babayev (16 iyul 1913-cü ildə doğulmuşdur) TÜRKSOY-un təqvimində yer almışlar. Doğum tarixinin 29 iyun 1913-cü il olmasını nəzərinizə çatdıraraq Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın anası, Azərbaycanın tanınmış şair və dramaturqu Rəsul Rzanın həyat yoldaşı Nigar Rəfibəylini ədəbiyyatsevərlərlə tanış etmək, tanıyanlarla bərabər anadan olmasının 100-cü ildönümündə hörmətlə xatırlamaq istəyirik.XX yüzillikdə Azərbaycan ədəbiyyatında dörd qadın şair böyük şöhrət tapmışdır: Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün və Hökümə Billuri.Azərbaycanın şair Nigar xanımı (türk şair Nigar xanım 1962-1918-ci illər arasında yaşamışdır) 29 iyun 1913-cü ildə Gəncədə doğulmuşdur. Kökü Gəncə hökmdarı Cavad xana qədər uzanan məşhur Rəfibəylilər ailəsindəndir. Babası həkim Xudadat bəy 1918-1920-ci illər arasında qurulmuş ilk müstəqil Azərbaycanın Cümhuriyyəti dövründə Səhiyyə naziri olmuş, sonra Gəncənin valisi seçilmişdi. Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ alıb ölkənin müstəqilliyinə son qoyandan sonra onun xidmətləri müqabilində aldığı cəza əvvəl özünə, sonra ailəsinə baha oturdu. Xudadat bəy həbs olundu və 1920-ci ildə Xəzər dənizində Nargin adasında öldürüldü. Ailə xalq düşməni elan edildi. Rəfibəylilər ailəsinin bir hissəsi İran və Türkiyəyə köçmək məcburiyyətində qaldı. Türkiyəyə köçənlər KKB-nin təqiblərindən xilas olmaq üçün Rəfibəyli soyadının əvəzinə Arran, Sayğın və Əsgəran soyadlarını qəbul etdilər. Azərbaycanda qalanlar isə Rəfiyev, Rəfizadə, Babayev və Kərimli soyadlarını götürdülər. Türkiyədə yaşayan Rəfibəylilərin TSK-da (Türk Silahlı Qüvvələri) böyük xidmətləri olmuşdur.

Nigar ilk təhsilini Gəncədə aldı. Atası 1920-ci ildə tutulub öldürüldükdən sonra Bakıya gəldi, orta təhsilini Bakıda tamamladı. 1930-cu ildə Darülmüəllimin məktəbini - Bakı Pedaqoji Texnikumu bitirdi. Iki il Fəhlə Gənlər məktəbindəəllimlik etdi. 1930-32-ci illərdi Bakı Kinostudiyasında işlədi. 1932-36-cı illər arasında Moskva Pedaqoji İnstitutunda ali təhsil aldı. Rus dilini mükəmməl öyrəndi. Rus və Avropa yazıçılarının əsərlərini dilimizə tərcümə etməyə nail oldu. Bakıya dönəndən sonra həm müəllim, həm də “Azərnəşr” və “Uşaqgəncnəşr”də tərcüməçi, redaktor kimi çalışdı. 1931-ci ildən tanış olduğu şair Rəsul Rzayla 1937-ci ildə ailə həyatı qurdu. ) Üç övlad - iki qız, bir oğlan (Anar) dünyaya gətirdi. Şeirləri və yazıları müxtəlif jurnal və qəzetlərdə çap olundu. Anarın tərtib etdiyi, prof.Bəkir Nəbiyevin ön sözüylə 2004-cü il nəşr olunmuşNigar Rəfibəyli. Seçilmiş şeirlər” kitabından əldə etdiyimiz məlumata görə həyatı boyuncaəllifi olduğu və tərcümə etdiyi əsərlərlə birlikdə otuz beş kitaba imza atdı. Rəsul Rza ilə birlikdə bir neçə dəfə Türkiyəyə gələrək İstanbul, Ankara, İzmir və Konyada oldu. 1969-cu ildəki səyahəti zamanı (15-25 may 1969) Ankara, İstanbul və Konyada tarixi əsərlər, muzeylərlə tanış oldu. Bəzi tamaşa, opera və baletləri seyr etdi. Bu səyahətindən bəhs edən “Seçilmiş əsərlər”ə daxil edilmiş “Sağlıqla qal yaxın qonşu” başlıqlı yazısından bəlli olduğu kimi Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Şevkət Sürəyya Aydəmir, Haldun Taner, Hayat Asılyazıçı, Dr. Müjgan Cunbur və İzzət Koyunoğlu ilə tanış olub söhbət etmə fürsətinə də nail olmuşdu. Istanbula aidBosfor sahillərindəşeirini və bu dördlüyü yazdı:

İstanbul duman içində,

Ürəyim duman içində

Ümidlərim puça çıxdı

Dağıldı bir an içində.

Azərbaycanda qurulan sovet hakimiyyəti heç bir zaman Rəsul Rza-Nigar Rəfibəyli ailəsinə tam olaraq etimad göstərmədi. Rəsul Rza 1 aprel 1981-ci ildə, Nigar Rəfibəyli də təxminən üç ay sonra iyulun 9-da dünyasını dəyişdi. Bakıda görkəmli xadimlər üçün nəzərdə tutulmuş Fəxri Xiyabanda yan-yana dəfn olunmalarına izn verilmədi. Kommunist rejimi Rəfibəylilər ailəsindən sonuncu intiqamını da belə aldı.Nigar Rəfibəyli ədəbiyyata, yaradıcılığa şeirlə gəldi. “Yeni həyat yollarında” adlı şeiri 1928-ci ildə TiflisdəDan ulduzu” jurnalında nəşr olunanda hələ on beş yaşında bir şagird idi. Sonrakı il eyni dərgidəÇadra” adlı şeiri nəşr olundu. Ailəsi xalq düşməni damğasını aldığına görə şeirləri Azərbaycan Kommunist rejimi tərəfindən lupa altına alındı. 1931-ci ildə yazması ehtimal olunan “Şərq və Şimal” adlı bir şeir müzakirə mövzusu oldu. Şeir milliyətçi ruhunda yazılmışdı. Şeirin həqiqi müəllifi sonra ortaya çıxdı - Mikayıl Rzaquluzadə. Özünə aid edilən, müzakirə mövzusu olan şeirlə əlaqədar Nigarın oxuduğu Pedaqoji Texniki Məktəbdən çıxarılması tələb edildi. Həm də həyatı təhlükəylə üzləşdi. Buna görə də eyni ilİnqilab və Mədəniyyət” jurrnalında “Mənim yolum” başlıqlı bir şeir nəşr etdi, Leninin yoluyla getdiyini yazmaq məcburiyyətində qaldı. Bu gərgin vəziyyətdə, şair Rəsuul Rza ilə Bakı Maarif evində tanış olması ona ümid işığı oldu. Rəsul Rza Nigar xanımı dəstəkləyib həqiqətin ortaya çıxması üçün yardımını əsirgəmədi. 1934-cü ildə Nigar xanımın ilk şeir kitabı “Şeirlər” Bakıda nəşr olundu. Kitaba daxil olan şeirlər iyirmi bir yaşında gənc bir qızdan gözlənilməz səviyyədə sənətkarlıqla yazılmışdı. Başda Mir Cəlal olmaqla, kitab haqqında Azərbaycanın tanınmış ədəbiyyat nümayəndələrinin müsbət yazıları mətbuatda dərc olundu. Nigar xanım bu uğurundan sonra 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunma şansını qazandı. 1967-ci ildə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi adına layiq görüldü. Ömrünün sonuna yaxın 1981-ci ildə Xalq şairi adını aldı. Nigar xanım Rəfibəyli daha çox lirik şeirlər yazdı. Əslində, yaşadığı rejimin qanunlarına görə başqa cür də ola bilməzdi. Vətən, təbiət, ana, uşaq, insan sevgisi, yurd və dünya gözəllikləri şeirlərində toxunduğu başlıca mövzulardır. Uşaqlar üçün qələmə aldığı tərbiyəvi, nəsihətamiz şeirlər də yaradıcılığında xüsusi yer tutur.Əruz, heca və sərbəst vəznindən ustalıqla istifadə etməklə yanaşı mənsur şeirlər də yazdı. Gəncəli şair Məhsətiyə həsr olunmuş bir mənzum pyes qələmə aldı. Nigar xanımın şeir və yazılarında ifadə etdiyi fikir fəlsəfi dərinliyinə görə seçilir. Elə buna görə də TÜRKSOY ona tanınmışların siyahısında şair və filosof kimi yer yer vermişdir.Nigar xanımın şeirlərindən bir qismi Azərbaycanın məşhur bəstəkarları tərəfindən bəstələnmiş, musiqişünaslar tərəfindən qiymətləndirilmişdi. Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Telman Hacıyev və Sevda İbrahimova bu bəstəkarların bir qismidir. Rəfibəylinin bəstələnmiş şeirlərindən bəziləri Türkiyə radio və televiziyaları vasitəsilə vətandaşlarımıza da təqdim olunmuşdur. Zeynəb Xanlarovanın ifasında dinlədiyimiz “Dağları duman alandabu nəğmələrin içində ən tanınanıdır deyə bilərik.

Şairin heca vəznində yazdığı bu şeirdən sonra əruz və sərbəst vəzndə qələmə aldığı iki şeirini də sənətin gücünün nəyə qadir olduğunu bir daha duymaları üçün şeirsevərlərə təqdim etmək istəyirəm:

 

Qəzəl

 

Unudulmuş da, atılmış güli-sevda kimiyəm,

Gözlərimdən çəkilən bir dəmi-röya kimiyəm.

 

Hicr əlindən ürəyim qanə dönər şamü səhər,

Üzünün nuruna həsrət şəbi-yelda kimiyəm.

 

Neyləmişdim sənə mən, böylə vəfasız çıxdın

Həsrətindən üzülən bülbüli-şeyda kimiyəm.

 

Hər keçən yolçudan ağlar gözüm əhval sorar,

Hər buluddan su uman bir quru səhra kimiyəm.

 

Sənə bel bağladım, atdın məni, ey munisi can,

İndi sənsiz yaşaram, tariki-dünya kimiyəm.

 

Əhdə sadiq, gözü yollarda Nigaram sənsiz,

Bivəfa, eşqinə pərvanə Züleyxa kimiyəm.

Dənizin səsi gəlir

 

Unutmaq istəyirəm xatirələri,

Dənizin səsi gəlir

Unutmaq istəyirəm

Qəlbimin sınıq məhəbbətini,

İztirablı bir eşqin hekayətini.

Unutmaq istəyirəm

Acı-şirin xatirələri,

Dənizin səsi gəlir.

Günəşində yanmışam.

Qumlu sahillərini

Yalınayaq gəzib dolanmışam.

Məhəbbətim sənə bağlı, dəniz.

Sinəsi sinəm kimi

Hicran dağlı dəniz.

Unutmaq istəyirəm

Sahilində şirin yuxular kimi keçən

Həzin axşamları,

Günəşli səhəri,

Unutmaq istəyirəm

Yandırıb-yaxan xatirələri,

Dənizin səsi gəlir

Nigar xanımın Azərbaycanın tərcümə ədəbiyyatında da böyük xidmətləri olmuşdur. 1932-36-cı illər arasında Moskva Pedaqoji İnstitutundakı ali təhsil alarkən rus ədəbi dilini bütün incəliklərinə qədər öyrənmişdi. Moskvada aldığı təhsil sayəsində Bakıya döndüyündə əllimliklə yanaşı tərcüməçi və redaktor kimi də çalışdı. Puşkin, Lermantov, Çexov, Şevçenko, Hüqo, Şiller, Dante, Anna Ahmatova, Marina Svetayeva, Petofi Sandor, Qabriela Mistral, Adam Mickieviçz, Robert Börns, Evripid, Əlişir Nəvai kimi yazıçıların əsərlərini Azərbaycan türkcəsinə çevirdi. Eyni zamanda Əlişir Nəvai, Nizami Gəncəvi, Xaqani Şirvani və Məhsəti Gəncəvinin farsca əsərlərindən də tərcümələr etdi. Bəzi şeirləri rus, Avropa dillərinə tərcümə olundu, Türkiyə türkcəsinə uyğunlaşdırıldı.Sovetlər Birliyi dağılandan sonra müstəqillik qazanan Azərbaycan Respublikası ədəbi dəyərlərinə bütövlüklə sahib çıxdı. 2003-cü ildə Nigar Rəfibəylinin anadan olmasının 90-cı ili münasibətiylə böyük anma mərasimi təşkil olundu. Bakıda yerləşən Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Konfrans salonunda təşkil olunmuş mərasimdə Xeyrəddin İvginlə iştirak etmək şansına nail olduq. Nigar xanımın şerlərini öz səsindən dinlədik. Bu gün Bakıda küçələrdən biri onun adını daşıyır və Rəsul Rza ilə birlikdə yaşadıqları evin divarına barelyefi vurulub. 2003-cü ildə ata yurdu Gəncədə yerləşən Sərdar parkında Nigar Rəfibəylinin heykəli ucaldılmış, məktəblərdən birinə adı verilmişdi. 9 oktyabr 2003-cü il tarixində Azərbaycanın əbədi və ümumi lideri Heydər Əliyev Gəncəni ziyarət edərkən Rəfibəylilər ailəsiylə bağlı söylədiyi bu cümlələr Azərbaycanın ona verdiyi dəyəri hər cəhətdən izah etməyə yetər:“Kommunist rejiminin qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, həyat yoldaşı, Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır. Və məmnunam ki, onların övladı Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri, hörmətli Anar da öz əcdadlarının, anası və atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir.Görürsünüz, Gəncə nə qədər böyük insanlar yetişdirir. Bir ailədə üç xalq yazıçısı: Rəsul Rza, Nigar Rəfibəyli, Anar.

Eşq olsun Azərbaycanın elminə, mədəniyyətinə, ədəbiyyatına!”

Anadan olmasının 100-cü ildönümündə sadəcə Azərbaycanın deyil, Türk dünyasının dəyərli şair və yazıçısı Nigar Rəfibəylinin bir şeirini sizlərə təqdim edərək hörmətlə anırıq.

Günəşdən gənclik istədim.

 

Günəşdən gənclik istədim,

Dənizdən coşğun həvəs.

Meşədən dinclik istədim,

Küləkdən ilıq nəfəs.

Güllərdən ətir istədim,

Quşlardan iti qanad.

Yarpaqdan çətir istədim,

Ömürdən coşğun həyat.

Dağdan əzəmət istədim,

İnsanlardan məhəbbət.

Nə istədim, nə istədim-

Verdi mənə təbiət

 

Dilimizə uyğunlaşdırdı: Tovuz Teymurova

Kaspi.-2013.-16-18 noyabr.-S.19.