Kuklaların bayramı...

Bəli... 9-16 noyabr tarixlərində Bakı şəhəri görünüşcə kiçik, miqyasca böyük olan “kukla bayram”ını yaşadı.Bayramın tam adı “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı, qonaqları isə Böyük Britaniyanın, İsveçrənin, İtaliyanın, Yaponiyanın, Bolqarıstanın, Rusiyanın, Xorvatiyanın, Macarıstanın bir-birindən fərqli kuklaları və kukla ustaları idilər. Kuklaların bayramı başlandı...

Tədbir Abdulla Şaiq adına Kukla Teatrının yəni, ev sahibinin çıxışı, müxtəlif ölkələrin təmsilçilərinin təqdimatı və bizim kuklaların oyunu ilə başladı.I - Kuklaların sərgüzəştləri...

A.Şaiq adına Kukla Teatrı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” adlı tamaşasını təqdim etdi. Çıxışçılar bizimkilər olsa da, kukla tamaşası gürcü rejissorunun (Elene Matsxonaşvili) quruluşunda bütöv bir səhnə modelinə çevrilə bilmişdi. Tamaşa başlar-başlamaz mən hiss edirdim ki, kuklalar daha fərqlidir, tərtibat (quruluşçu rəssam Vaxtanq Koridze) daha aydın və işləkdir, danışıq kukla dilində, kuklalar isə ünsiyyətə tam hazır vəziyyətdə... O üzdən də “kuklalarla-tamaşaçılar” arasında gözəl bir dialoq, ünsiyyət yarandı. Həqiqi teatrın həqiqəti də elə bundan ibarətdir.Nə yaxşı ki, bu festival var... Biz uşaqlardan, kiçik azyaşlılardan ibarət səmimi tamaşaçını, onların gülüşlərindən ibarət səmimi sevgini, səslərindən ibarət səmimi, məsum gözəlliyi duymaq sevincinə nail olduq.Pinokkionun sərgüzəşti isə möcüzədən qaynaqlanır. Balaca bir daxmada Cipetto adlı qoca, müdrik bir cırcırama yaşayır. Bir gün daxmaya daxil olanda ağacdan yonduğu “Pinokkio” taxta parçasının birdən-birə canlandığını görür. Və Pinokkio “atacan” deyərək, onun üstünə yürüyür. Niyə Pinokkio? Italyanca “pinokkio” sidr qozası deməkdir. Bu səbəbdəndə o olduqca möhkəm, cəld və güclüdür. Qəhrəmanımız sərgüzəştləri məktəbdə, teatrda, dostluq etdiyi Qalaya münasibətində, bir gün dəcəlliyinin səbəbindən düşdüyü Köpək balığının qarnında davam etdirir. Pinokkio öz seyrcisinə hər məqamda güclü olmağı, təhlükə bilmədən cəsarətli olmağı bəyan edir.Tamaşa müddətində bütün bu proses çevik, bir-birinə zəncirvari bağlı formada davamlanır. Festivalın açılışı üçün bu tamaşa həqiqətən “üzümüzü ağ etdi”, bizləri utandırmadı.

II -“Yuxu” görmək istəyirəm...

Kapra Ballerina Teatrı Azərbaycan tamaşaçısını İtaliya aləminə səyahət etdirmək istəsə də, nəticədə bütün seyriciləri “yuxu”ya qərq etdi.

“Yuxu”da olmamışdan öncə, 15 dəqiqə əvvəl...Mən təqdim olunan bukletdə, bir yazı oxuyuram. Qeyd: Bu kukla tamaşası 2011-ci ildə İn-Produzion istehsalının qalibi olub, İmejini-del İnterno festivalında iştirak edib, Pinerolo və Spoleto Opın festivallarında bir hadisə kimi dəyərləndirilib. Yəni, kukla tamaşası çox qətiyyətli bir mesajla təşrif buyurmuşdur.Bizlər də İtaliya mədəniyyətinin kiçik bir hissəsini görmək ümidilə seyrə başladıq. Uzaqdan balaca qızcığazın “yuxu”sunu izlədik. Uzaq bir məmləkətdə bir qış evi (səliqəli və rahat), bir qış küçəsi (qarlı və qaranlıq), bir də ki, tənha qız... Uzaqdan güclə sezilən bu qızcığaz isti və rəngarəng yataq otağında yuxuya gedir. Dışarıda olan qorxunc soyuq onun yuxusuna təsir etməyə bilməzdi... Hadisələr soyuq qışın vıyıltılı səsi kimi qızcığazı üşüdür. O, yuxuda görür ki, milçəkdir uçur, amma adam sifətlidir, birdən balıqdır, amma insana bənzəyir. Qarın tüğyan etdiyi küçədən gələn səslər, görüntülər bu yuxunu daha da dramatikləşdirir. Qızcığaz pişiyinin öldüyünü və qumun altında çox çətinliklə onu dəfn etdiyini görür. Yuxular bizim instiklərimizdən, yaşamımızdan, məhz bu gündən, bu dəqiqədən yaranan ya keçmişi, ya da gələcəyimizi sərgiləyir. Balaca qızcığazın bu yuxularıda onun keçirdiyi hisslərin faktı kimi maraqlıdır. Maraqlı olmayan hər bir detalın çox xırda, gözəgörünməz qədər kiçik və hətta gözlərimizi incidəcək dərəcədə təqdim olunması idi. Lakin... qüsur təkcə bu deyil. “Yuxuda” kukla tamaşası ünvanlanmamış məktub kimi, bir insanın özü ilə baş-başa hərəkəti kimi təqdim olundu. Tamaşaçı ilə danışmayan “yuxulu” bir hadisə... III - Boş məkanın “sakinləri”

Festivalın- kuklaların təntənəli mərasiminin kulminasiya nöqtəsi...

Böyük Britaniyanın Dorset Kukla Teatrı “Havada asılmış” - “bütün dünya marionetkaların oyunudur”. əllif, quruluşçu rejissor və ifaçı Stifen Motramın marionetkalarla, marionetkaların isə Stefen ilə oyunu başlayır. Stefen Motram Avropanın bir sıra məktəblərində səhnə hərəkətindən dərs deyir. O, Italiyanın Pinerolo şəhərində MAAF Akademiyasının daimi müəllimidir. Və... söz yox ki, o, peşəkar marionetka ustasıdır, kuklaçıdır. Boş məkanda “havada asılmış” marionetkaların oyunu başlayır. Onların təəcübləndirmə gücü, sadə hərəkətlərin vahiməli görüntüsü-hərəkətlərin sayəsində mistikaya bənzər tamaşaya yaradır. Onların dili bu hərəkətlərin ritmindədir. Musiqi dinamikası ilə bərabər dəqiq görüntülənən oyun insanların gündəlik işlərini, bir qocanın hisslərinin və tənhalığının əsasını, doğuluş və mübarizənin maraqlı formalarını yaradır. Tamaşa Stefen Motramın marionetkalarla yaratdığı kompleks işin sadə və qüsursuz görüntüsünü bizlərə təqdim etdi. Bu azərbaycanlı tamaşaçısı üçün ilk dəfə olmasa da, bizim kukla teatr estetikamız üçün yeni və təkrarsız idi. Bax... bu tamaşa sözün əsl mənasında hadisə idi. IV-Fəsillərin ən gözəli

Ümumiyyətlə, festivalların ən vacib özəlliklərindən biri hər ölkənin özünəməxsus tamaşası, özünəməxsus ünsiyyəti və özünəməxsus kuklasıdır. Macarıstanın İvet Bojik Kompaniyası forma cəhətdən sadə, lakin öz tamaşaçısına daha çox sevinc gətirəcək dərəcədə yaxın tamaşa hazırlamışdı. Uşaqlar səhnədə əyləşiblər. Məhz onları səhnədə əyləşdirmək, artıq uşaqlar üçün unikal bir tamaşadır. İndi nə istəsən göstərə bilərsən, rəqs, musiqi və onlara uyğun hərəkətlər. Üç aktyorun yer aldığı tamaşa müxtəlif fəsillərin təsvirini yaradır. Yay-dəniz, isti, qayıq; yaz-güllər, çiçəklər; payız-yağış, çətir; qış-qar, qar adamı; Budur, bizim kiçik qəhrəmanlarımız onlara qoşulub, qar topu oynayır, tamaşanın sonunu özləri yazırlar.Bu yerdə İvet Bojik Kompaniyası üçün əlamətdar bir hadisəni qeyd etməmək olmaz. Beləki, 1993-cü ildə tanınmış xoreoqraf İvet Bojikin modern rəqslərini yaymaq, sevdirmək və inkişaf etdirmək məqsədilə yaradılan bu teatr sevərlərin kompaniyası bu il 20 illik yubileyini qeyd edir. Biz də qonaqlarımızı əziz gün münasibətilə təbrik edirik!IV Bir kral var idi...

Məşhur İtaliya... Mosart... Verdi... Rossini və Teatro Verde Burattini Kompaniyası. Bir qədər sonra bunları nə birləşdirir sualına özünüz cavab tapacaqsız. Rejissor səhnəyə gəlir, salam-əleykümdən sonra (bəli, məhz Azərbaycan dilində...) öz kuklalarına müraciət edir. Rejissorun səhnə görünüşü çox şirin, danışığı isə rusdilli azərbaycanlıların səviyyəsində idi. Budur, kuklalar rejissorun göstərişinə əməl edir. Amma aydırdır ki, “sən çaldığını çal...”, gör kuklalar nə çalır. Məhz bu karnaval formasında düzənlənən oyun-tamaşada qurbağa Nina Saymonun səsi ilə caz versiyalarını, donuzların xoru Mosartın, Yatmış Gözəl isə Ravelin musiqisini ifa edir. Musiqinin üstünlük təşkil etdiyi yaşamımızda bu tamaşanın cəmiyyətə ötürdüyü mesaj ilgincdir. Kukla insan deyil, lakin insanın metaforasıdır, insanın özünəbənzər oyuncağıdır. Kuklalar oynayan insanlardır, desək də yanılmış olmarıq. V - Ucuz tamaşanın qiyməti...

Bizlərdə “ucuz ətin şorbası olmaz” deyərlər, lakin xorvatlar belə düşünmürlər. “Zorin Dom” Karlovaç Şəhər teatrı Culio Settimo və Peda Qvosdiçin təqdimatında “Vəfalı dostlar” tamaşasını təqdim etdi. Kiçik ekran və sadə rezin şarlardan ibarət tamaşa... Kuklalar məhz şarların təqdimatında...Şarlar ekran boyu müxtəlif formalarda hərəkət edərək tənha əjdahanın nağılını təsvir edirlər. Əjdaha özü üçün dostlar axtarır, dost qazanmaq üçün onlara qorxunc olmadığını sübut etməyə çalışır. Şarlar rəngarəng formalı evə, parlaq günəşə, incə gülə və maraqlı qəhrəmanlara çevrilir.

Uşaqların üfürüb-partlatdıqları bir şarın nə qədər qiymətli və gərəkli olduğunu sübut edən aktyorlar sonda onlar üçün dəyərli olan bu şarları kiçik dostlarına təqdim etdilər.VI Bizimkilər...

Festivalın bizimkilərdən ibarət ikinci çıxışı Qax Dövlət Kukla Teatrının təqdimatında “Zınqırovlu pişik” tamaşası idi. Quruluşçu rejissor Elşad Rəhmanzadə, quruluşçu rəssam İqbal Əliyev, musiqi tərtibatçısı isə Cahangir Zülfüqarov olan tamaşa pişik və siçanların mübarizəsindən bəhs edir. Dünya multfilmlərinin ən retinqli qəhrəmanları olan pişik və siçan (Tom and Jerry) balaca tamaşaçılar üçün hər bir zaman maraqlıdır. Lakin... burada azərbaycansayağı pişik və siçan mübarizəsi gedir. Bir anbarda yaşamaq, oğurluq etmək üçün gedən savaş məzəli söhbətlərlə, azərbaycansayağı məclislə və anbardarın təngə gəlib anbarından imtina etməsilə tamamlanır...VII - Mən danışmaq istəmirəm...

Həqiqətdə tamaşanın adı “Mən danışmaq istəyirəm” olsa da, əksinə tamaşa danışmaq istəmədi ki, istəmədi... Çarəsiz qalan bizlər də bu tamaşadan danışmayıb, bildiklərimizi sizlə bölüşəcəyik.İsveçrənin “Le Ginyöl A Roulettes” Kukla Teatrı ənənəvi kukla teatrı texnikasından faydalanan müasir əl kuklaları teatrıdır. Əvvəlcə sizə qısa mövzunu təqdim edim: səhnədə, yəni kiçik ekranda Dyuki adlı bir personaj var. O, adi məktəblidir, qaradinməz və özünəqapalıdır. Bu oğlanın belə olmasına səbəb zalım, hegemon bir qadınla əzazil müəllimin əlinə düşməsidir. Lakin o, cəsarətli qız Liçinin köməyilə bu çətinlikləri dəf edir.Belə... məsələ isə ondadir ki, biz səhnədə nə baş verdiyini bukleti oxuduqdan sonra anladıq. Bəli.. səhnədə heç nə baş vermirdi. Əgər səhnədə oyun gedirsə, oyunun əsas predmetləri təqdim olunmalıdır. Məhz bu oyun heç bir bioloji mübarizə, psixoloji-emosional təsir və estetik həzz vermirsə, onda oyunçu da yoxdur, tamaşaçı da...

VIII - “Ay buynuzu boz keçi...”

Azərbaycan nağıllarının təkrarsız qəhrəmanı: keçi, lakin bu dəfə Ekiyat Tatar Dövlət Kukla Teatrının “Keçi və qoyun” tamaşasında. Kukla estetikası baxımından bizlərə daha yaxın olan bu tamaşanın kuklaları da eynilə bizimkilərə bənzəyirdi. İnanın nağılda elə bil bizimki idi.

Keçi və qoyun bir Nənə və Babadan qaçırlar və meşəyə gedirlər. Meşədə canavarlarla mübarizə aparır, həm özlərini, həm də sonda Nənə və Babalarını canavarların və Bəyin zülmündən xilas edirlər. Şən, əyləndirici musiqilərlə, xalq havaları ilə müşayiət olunan bu tamaşa uşaqlara xeyirxahlıq və ədalət hissi aşılayır. IX - Əllərin sehrli oyunu

Festivalın növbəti uğurlu tamaşalarından birini Bolqarıstan təmsilçisi Tarqovişte Şəhər Kukla Teatrı təqdim etdi. Aktyorların (Mariya Dimitrova və Mitko Dimitrov) ifasında kuklaların oyunu başlayır. Oyun təklif olunan aktyor və tamaşaçı, oyun məkanı (səhnə-zal), süjet (müəyyənləşən dramaturgiya, burada Qrim qardaşları “Ağca”), musiqi, tərtibat işlənməsinə görə bütün kukla teatrının şərtlərinə cavab verir. Bu kukla tamaşası əlvan şüşə şəbəkədən yığılıb. Qrim qardaşlarının “Ağca” nağılı iki şüşə ustası tərəfindən nəql olunur: onlar təkcə qar kimi ağappaq gözəl qızın başına gələnləri göstərmirlər, həm də onun doğulduğu sarayı, meşədə yaşayan balaca qum adamlarının komasını öz əllərilə şüşə parçalarından yığırlar. Əllərin mistik hərəkətinin nəticəsində yaranan tamaşa təkcə uşaqlara deyil, bütün yaş təbəqəsindən olan sərgüzəşt sevənlərə, nağıl eşitmək istəyənlərə ünvanlanmış qısametrajlı film və bədii sənət nümunəsidir.Festivalın sonuncu qonaqları Yaponiyanın Yuki kukla teatrı olacaq.

II Beynəlxalq Kukla Festivalı özünün gözəl tamaşaları, maraqlı kuklaları, bənzərsiz marionetkaları və sonucda uşaqların üzündə yaratdıqları bərabəri olmayan gülüşləri ilə bu həftənin ən maraqlı teatr hadisəsini yazmış oldu.

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2013.-2013.-16-18 noyabr.-S.12.