Dünya teatr prosesində kifayət qədər tanınmırıq
İradə
Gözəlova: “Teatr sahəsində
bizə
hər
cür şərait
yaradılıb, özümüzü
göstərmək üçün
gözəl məqamdır”
Ötən həftə gənc rejissorumuz İradə Gözəlova Rusiyanın İjevsk şəhərində keçirilən gənc rejissorların laboratoriyasında iştirak edib. Rejissorumuzun quruluş verdiyi “Şıltaq qızın yumşalması” tamaşa eskizi müsabiqədən qalib kimi ayrılıb. Dahi ingilis dramaturqu Uilyam Şekspirin xatirəsinə həsr olunmuş “Şekspir kainatı” adlı laboratoriyada final mərhələsinə keçən İradə Gözəlovanın işi peşəkar teatr tənqidçilərindən, rejissorlardan ibarət jüri tərəfindən birinciliyə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, İradə Gözəlova bu yaxınlarda İjevskdə U.Şekspirin “Şıltaq qızın yumşalması” əsəri əsasında tamaşa hazırlayacaq.İjevskə getməmişdən öncə gənc rejissorla görüşüb onu təbrik etdik. Soy adı kimi özü də gözəl olan İradə xanım bizimlə söhbəti zamanı İjevskdəki təəssüratlarını bölüşərək yaradıcılığı barədə danışdı.
Uğura gedən yol
– İradə
xanım, istərdik bizə
İjevskdə keçirilən
müsabiqədən
danışasınız.
– Rusiyanın Mədəniyyət Nazirliyi
tərəfindən gənc rejissorların
laboratoriyası üzrə
müsabiqə elan edilmişdi. Burada bizə
“Şekspir kainatı” adlı mövzu təklif
etdilər. Bu müsabiqəyə dünyanın gənc rejissorları
qatılaraq öz fikrilərini və
eskizlərini təqdim etməli idi.
Mən də Azərbaycanın nümayəndəsi kimi orada iştirak etdim. Birinci mərhələdən 6 nəfər keçdi. Mən altılığa
“Şıltaq qızın yumşalması” eskizi
ilə daxil oldum. Müsabiqənin finalında Moskvadan Aleksandr Qnezdilovun “Otello”, Aleksandr Nikolaevin “III Riçard, İjevskdən
Andrey Oparinin
“Fırtına”, Xarkovdan Roza
Sarkisyanın(erməni
əsilli) “Hamlet”, Sankt-Peterburqdan Maksim Sokolovun “Romeo və
Cülyetta” kimi tamaşa eskizləri
ilə
qatılmışdı. Müsabiqəyə hansı eskizi təqdim
etmişiksə onu İjevskdə
yenidən
kameraların altında 10 gün
müddətində quruluş
verməli, oraya öz
fantaziyamızı qatmalı idik. 10 gün ərzində bizim
iş prosesimizi izlədilər. Biz
orada hər
saniyə
baxış altında idik. İjevskdə cavan
rejissorlarla layihədən sonra
iş birliyi qurmaq üçün
işlərini
öyrənmək istəyirdilər. Onlar
deyirdilər ki, biz gənc rejissorları
çağırırıq, sonra isə
anlaşılmazlıq yaşayırıq, onlarla
sonrakı iş birliyimiz
alınmır. Orada qabiliyyətimi, iş
bacarığımı göstərmək üçün
əlimdən gələni etdim. Qurduğum tamaşanın eskizi
orada çox maraqla qarşılandı. Zal
tamaşaçılarla dolu idi. Onlar eskizlərlə maraqlanıb, foyedəki 6 qutuya
bəyəndikləri eskizlərin adını
atırdılar. Eskizlərə açıq şəkildə baxış keçirildi. Eskizim birinci yerə
layiq görüləndə layihənin direktoru
məni öz kabinetinə
çağırdı və
ilk olaraq söylədi ki,
“Anana təşəkkür et ki, belə bir qız dünyaya gətirib”.
Bu çox qürur verici bir hissdir, sözlə ifadə edə bilmirəm. Onlar
yaratdığım eskizin quruluşunu
çox bəyəndilər. Növbəti proses
apreldə davam edəcək. Artıq
tamaşanın rəssamı
ilə işə başlayacam.
Tamaşanın rəssamı
Aleksandr Moxov olacaq. Layihənin
direktoru mənə zəng vurub soruşdu ki, hansı rəssamla işləmək istəyirsən. Mən də düşündüm
ki, yerli rəssamlarımızın
birini söyləyim,
həm də burada
bir növ bizim rəssamlarımızı
da tanıyarlar. Ancaq
alınmadı.
– İjevskdə
Azərbaycan
teatrına maraq hansı səviyyədədir?
– Orada Azərbaycan teatrına böyük marağın şahidi oldum. Ümumiyyətlə, musiqi baxımından dünyada biz çox irəlidəyik. Dünya teatr prosesində isə kifayət qədər tanınmırıq. Hazırda özümüzü göstərmək üçün gözəl məqamdır. Teatra böyük imkanlar yaranmaqla bərabər, bu sahədə bizə hər cür şərait yaradılıb. Xaricdə Azərbaycan tamaşalarına böyük maraq var. Bircə o qalır ki, öz bacarığımızı göstərərək vətənimizi daha yaxşı təqdim edək. Vətəndən kənarda qalanda Azərbaycan üçün çox darıxıram. Bilirəm ki, burda problemlər çoxdur, pul azdır, lakin bura mənim vətənimdir. Bir şeyi də qeyd edim ki, qürbətdə olanda çox vaxt yuxumda doğma Xəzəri görürəm. Sanki vətən məni çağırır.
– Sizin
“Şıltaq qızın yumşalması” tamaşa
eskizinizdə nələr əks
olunmuşdu?
–Mən öz təbiətimdən çıxış edərək çox səmimi bir eskiz hazırladım. Buraya öz həyatıma aid olan nələrisə də əlavə etdim. Axır vaxtlar qadın təbiətimlə çox savaşıram. Bilmirəm, bu mənim ya həyat tərzimdən, ya da işimdən irəli gəlir. Son bir neçə ildə mən özümü qadın kimi hiss etmirəm. Şekspirdən götürdüyüm mövzu ilə mənim həyatım sanki toqquşur. Ona görə də bir neçə ildir ki, mən bu pyesi hazırlamaq istəyirəm.
– Yəni
deyirsiniz ki, bu eskiz sizin
həyatınızdan
bəhs
edir?
– Düşünürəm ki, bu tamaşa eskizi məni tərbiyələndirər. Sənətimlə bağlı həyatımda problemlər yaşayıram. Çünki rejissorluq sənəti liderliyi sevir. Hər kişi bu işlə məşğul olan, günü bölgələrdə və ya teatrlarda keçən qadını qəbul etmir. Bu səbəblərdən həyatımda bir sıra problemlər yaşanır və çalışıram ki, onları həll edim. Yaratdığım eskizdən sonra düşünürəm ki, dəyişərəm. Mən kişisayağı qadın olmaq istəmirəm. Bilirəm ki, məndən incə zövqlü xanım da alınmayacaq.
–Hazırda Azərbaycanda
gənc
qadın rejissorlar çox
azdır. Sizcə, bu
başqa nədən
qaynaqlanır?
–Mən elə düşünmürəm. Qadın rejissorlardan Cənnət Səlimova, Mehriban Ələkbərzadə və başqalarını misal gətirə bilərəm. Gənclərdən isə Mingəçevir Dövlət Dram Teatrının rejissoru Günay Səttarovanı yaxşı tanıyıram. Düzdür paytaxt teatrlarında çox olduğum üçün siz gənclərdən təkcə məni tanıyırsınız. Rejissorluq sənəti çox çətin, məsuliyyətli bir işdir. Buna hər qadının gücü çatmaz. Rejissorluq işi başdan ayağa riyaziyyata bənzəyir. Bir də yaxşı rejissor olmaq üçün insanlarla gözəl münasibət qurmağı bacarmalısan. Bir rejissor kimi bölgələrə də gedib tamaşa hazırlamağa məcburam. Qadınlar üçün bu bir az problem yaradır. Misal üçün, siz qadın deyəndə ailəyə baxan, uşağına qayğı göstərən, evinin səliqə-səhmanına diqqət yetirən, yemək bişirən bir xanım nəzərdə tutursunuz. Ancaq mənim sənətimdə bunlara zaman çatmır. Hiss edirəm ki, iş prosesinə aludə olub öz qadınlığımı itirirəm. Bütün bunlara baxmayaraq mən öz sənətimi sevirəm. Sənətimlə bərabər yoldaşımı da çox sevirəm. O, aktyordur, haradasa məni başa düşür. Hər şeyin mükəmməl olduğunu da deyə bilmərəm, çətinliklərimiz də olur. O, mənim işləməyim üçün heç bir maneə yaratmır, əksinə, mənə kömək edir. Bizim ən böyük problemimiz odur ki, o aktyordur, mən isə rejissor. İşimə o qədər aludə oluram ki, evdə də rejissorluq etməyə başlayıram. çalışacam ki, özüm özümü tərbiyə edim.
–Siz
həm
paytaxt, həm də
ki bölgə teatrlarında
çalışmısınız. Bölgə ilə
paytaxt teatrlarını fərqləndirən
hansı xüsusiyyətdir?
– Azərbaycanda yerləşən teatrların 50 faizində tamaşa hazırlamışam və onların kollektivini də öyrənmişəm. Deyilənə görə, heç də pis işləməmişəm(gülür). Mən Mingəçevir, Gəncə, Sumqayıt Teatrlarında tamaşalara quruluş vermişəm. Allahın köməkliyi ilə Şəkidə Teatrında da tamaşa hazırlamağı düşünürəm. Heç bir teatrın ştatında işləmirəm. Nazirlik tərəfindən hansı teatra uyğun görürlərsə oraya gedirəm. Mənim işim mənə təqdim olunan əsərlərə quruluş verməkdir. Tutaq ki, məni Mingəçevir teatrına göndərdilər, ancaq mən ona etiraz etmədim. Neçə ildir ki, “Min bir gecə” tamaşasını qurmağı arzulayırdım. Nazirlikdən mənə zəng vurub söylədilər ki, o tamaşanı Mingəçevirdə hazırlamaq mümkündür. Mən də gedib orada maraqlı bir tamaşa hazırladım. Bilirəm ki, bölgələrdə tamaşaçı qıtlığı yaşanır, onlara tamaşaçısız işləmək çox çətindir. Heç vaxt paytaxt və ya bölgə teatrlarını bir-birindən ayırmamışam. Bu mənim sənətimdir – ya burada, ya bölgədə fərqi yoxdur. Gəncədə “Evlənmə” tamaşası ilə Ukraynaya getdik və orada mükafata layiq görüldük. Mənim yoldaşım da həmin tamaşada “Ən yaxşı kişi aktyoru” adına layiq görüldü.
–Sumqayıt
Teatrında “Dədə Qorqud” əsəri üzərində
çalışdığınızı eşitdik.
Həmin
əsər
qəhrəmanlıq
dastanı kimi çox
işlənib. Onu yenidən
hazırlamağa ehtiyac vardımı?
–Bəli. O qəhrəmanlıq dastanına yeni bir baxış əlavə etmişəm. Bu tamaşada əsas mövzu müasir bir ailədən gedir. Bu ailənin bir üzvü olan oğlanda indiki gənclərin əksəriyyətində olan kişiyə yaraşmayan hərəkətlər mövcud idi. Son zamanlar bizim kişilərdə də qadınlaşma prosesi baş verib. Belə olan halda qadınlar da artıq kişiləşməyə başlayırlar. Mənim də göstərdiyim qəhrəman ərköyün bir oğlan tamaşa zamanı müasir bir məkandan yavaş-yavaş Dədə Qorqudun zamanına gedir. Orada əsl igidə dönür. Musiqidə Azərinin “Cəngi”si və qəhrəmanlıq musiqiləri əlavə etmişəm. Mən «Dədə Qorqud»u oxuyanda süjet gözümdə canlandı. Mən bu günün qəhrəmanlarını görə bilmirəm. Bu gün qəhrəman yoxdur, olsa da ancaq maliyyə cəhətdən imkanlı olan insanlar qəhrəman hesab olunur. Həmin tamaşa çox maraqlı alınıb. Sumqayıt Teatrının aktyorlarının ifası məni çox heyran etdi. Tamaşanın hazırda maliyyə problemi var. O, həll olandan sonra tamaşaçılara təqdim olunacaq.
–Müxtəlif
teatrlarda
çalışırsınız. Bəs bir teatrda daimi
olaraq iş təklifi
gəlsə
necə
cavablandırarsınız?
–Müxtəlif teatrlara tamaşa hazırlamaq çox yaxşıdır. Sənəti inkişaf etdirmək üçün bir kollektivlə daimi olaraq işləmək daha yaxşıdır. Ancaq nəzərinizə çatdırım ki, dünya teatr prosesinə iş rejimi elə mənimki kimi həyata keçirilir. Yəni bir rejissor müxtəlif teatrlarda çalışır. Əgər belə bir təklif olsa mən fikirləşərəm. Ancaq razılaşıb-razılaşmayacağımı bilmirəm. Bəlkə də darıxaram. Çünki mən bu həyata öyrəşmişəm.
Xəyalə
Rəis
Kaspi.-2013.-16-18 noyabr.-S.11.