Məntiqi seçim
Prezident İlham
Əliyevin növbəti dəfə Azərbaycan jurnalistlərinin
dostu seçilməsi üçün
məntiqi əsaslar var
Prezident İlham
Əliyevin növbəti dəfə Azərbaycan jurnalistlərinin
dostu seçilməsi heç
də təsadüfü deyil. Dövlət başçısı 3 il əvvəl - 2010-cu ildə də ölkədəki
qələm sahibləri tərəfindən «Jurnalistlərin dostu» seçilmişdi.
2010-cu il dekabrın 1-dən 20-dək “RUH”
Azərbaycan Jurnalistlərinin müdafiə komitəsi
“Jurnalistlərin dostu”
mükafatının qalibini müəyyənləşdirmək
üçün KİV və Jurnalist təşkilatları
arasında sorğu keçirib,
sorğuda 30 gündəlik, 19 həftəlik
qəzet, 11 informasiya agentliyi,
13 jurnalist təşkilatı, 8 xəbər
portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak etmişdi.
Sorğuda iştirak
edən Kütləvi İnformasiya vasitələrinin
81 faizi Prezident İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli
namizəd hesab etmişdi.
Üstündən
3 il keçəndən sonra Azərbaycan mətbuatının
Prezident İlham Əliyevə dost münasibətinin dəyişmədiyi,
yenə də əvvəlki kimi qaldığı məlum
oldu. İlham Əliyev yenidən “Jurnalistlərin dostu”
seçildi.
Biz
jurnalistlər İlham Əliyevin prezident kimi qayğısını
hər addımbaşı hiss etməkdəyik. Özü də bu
qayğı ildən-ilə artan templə
davam etməkdədir. Mütəmadi
olaraq aradıcı fəaliyyəti ilə
fərqlənən jurnalistlərə fəxri adların verilməsi,
onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı
atılan addımlar, jurnalistlər xüsusi
binanın təmənnasız olaraq, tikilib istifadəyə verilməsi, yeni binanı təməlinin
qoyulması, obyektiv və qərəzsiz
prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi Prezident İlham
Əliyevin gerçəkdən mətbuatın, medianın
yaxın dostu olduğunu
bir daha əyani şəkildə
sübut edir. Prezident İlham Əliyevin 3 il əvvəl
- 2010-cu ildə media mənsubları
arasında keçirilən sorğuda
"Jurnalistlərin dostu" seçilməsi
onu göstərir ki, Azərbaycan
mediası dövlət başçısının səmərəli,
uğurlu, bütün
digər fəaliyyət sahələri ilə yanaşı mətbuatın
davamlı inkişafına yönələn
addımlarını, fəaliyyəti yüksək obyektivlik prizmasından qiymətləndirməyi
bacarır, prinsipial məqamlarda tərəfsiz,
qərəzsiz, tam obyektiv
olduğunu hər zaman
isbatlayır. Baş verənlər onu göstərir ki, Azərbaycan
medianın demokratik inkişafı, azad mətbuatın təsisatlaşması böyük, əhəmiyyətli uğurlara nail ola bilib.
Prezidentin bu nominasiyada növbəti dəfə qalib gəlməsi təsadüfi sayılmamalıdır. Bunu şərtləndirən ciddi arqumentlər var.
Həm 2010-cu ilə qədər olan dövrdə, həm də ondan
sonrakı dövrdə medianın inkişafı, jurnalistlərin
sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
görülən sistemli işlər
artıq konkret nəticələr verməkdədir.
Bir
müddət öncə dünyadakı dəyişikliklər
internet mediasının inkişafı ilə əlaqədar
çətin duruma düşən yazılı mətbuat
dövlətin ciddi himayəsini hiss etməkdədir. Prezident yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə gündəlik nəşr
olunan, ictimai rəyə
təsir imkanı olan qəzetlərə
təxminən 100 min manatlıq yardım edilir. Sirr deyil ki,
qanunların liberallaşdırılması və beynəlxalq
standartlara
uyğunlaşdırılmasına, davamlı dövlət dəstəyinə
baxmayaraq, milli mətbuatın
problemlərini tam həll etmək mümkün olmamışdı. Qəzet və
jurnalların maddi-texniki bazasının zəifliyi,
jurnalist peşəkarlığının
aşağı səviyyədə
olması, yeni informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından yetərincə istifadə
edilməməsi, cəmiyyətlə, dövlət
orqanları ilə kütləvi informasiya
vasitələri arasında əməkdaşlığın zəif
olması, jurnalistlərin sosial müdafiəsi
sahəsində problemlər, habelə dövlət və cəmiyyət
üçün prioritet
təşkil edən məsələlərin həllində
kütləvi informasiya vasitələrinin
potensialından səmərəli istifadə olunmaması
problemləri açıq şəkildə özünü
büruzə verirdi. Bu
problemləri görən Prezident İlham Əliyev Azərbaycan mediasının
inkişafı məsələlərinə konseptual
yanaşma təşəbbüsü ilə
çıxış etdi və müvafiq tapşırıqlar verdi.
Nəticə etibarilə 2008-ci ildə kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası
hazırlandı və təsdiq edildi,
2009-cu ildə isə KİV-lərə dövlət dəstəyinin
həyata keçirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu təsis olundu. Bu fondu yaratmaqda məqsəd
milli mətbuatımız sürətlə
inkişaf edən, zənginləşən,
müasirləşən cəmiyyətimizin tələblərinə
cavab verməsini, vətəndaş cəmiyyəti
quruculuğunun fəal
iştirakçısına çevrilməsini, ümummilli problemlərimizin həllində Azərbaycan
dövlətinə, ictimaiyyətimizə
yardımçı olmasını təmin etməkdir. Digər
tərəfdən, Fond fəaliyyətə
başladıqdan sonra müxtəlif
dövlət orqanları ilə birgə layihələr həyata
keçirib və təbii olaraq
jurnalistlərimiz bu layihələrdən
bəhrələniblər.
Təbii
olaraq, mətbuat orqanlarına ayrılan vəsait jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə,
medianın maddi-texniki bazasının möhkəmləndirilməsinə,
KİV-lərin informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsinə,
dövlət orqanları ilə mətbuat arasında əlaqələrin
güclənməsinə xidmət edir.
Fondun ayırdığı vəsaitlər hesabına Azərbaycanın media bazarı tədqiq edilir, mövcud problemlər müəyyənləşdirilir, onların həlli ilə bağlı səmərəli təkliflər irəli sürülür. Ölkənin aparıcı jurnalist təşkilatları bu prosesdə fəal iştirak edirlər.
Ötən illər ərzində Azərbaycanda
jurnalistlərin orta aylıq gəlirləri
də artmaqdadır. Fondun mütəmadi olaraq keçirdiyi fərdi
jurnalist müsabiqələri də bu mənada qələm sahiblərinin əlindən
tutmaqdadır. Məhz Fondun dəstək verdiyi layihələr jurnalistlərin innovativ ideyalarını təqdim etməsində,
peşəkar jurnalist prinsiplərinin
möhkəmlənməsində, həm də yeni
ideyaların mediaya ötürülməsində
vacib rol oynayır. Fondun Təhsil, Rabitə və İnformasiya
Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər
və digər nazirliklərlə, dövlət orqanları ilə
keçirdiyi müsabiqələrin qalibləri
olmuş jurnalistlər yüksək məbləğdə
mükafat alıblar.
Bu il 156 jurnalist
dövlət vəsaiti
hesabına tikilən binada mənzil alıb. Bu il
iyulun 22-də bununla bağlı keçirilən
mərasimdə yeni binanın da təməli atılıb.
Budəfəki binada mənzillərin
sayının daha çox olması planlaşdırılır. Bu o deməkdir ki,
artıq bundan sonra Azərbaycan jurnalistlərinin ciddi mənzil problemi olmayacaq. Yetərli iş stajı və, bu sahədə
xidmətləri olan
media nümayəndələri bilirlər ki, pulsuz mənzil almaq imkanları var.
Ötən illərdəki fəaliyyəti
ilə prezident İlham Əliyev Azərbaycan mətbuatını
pərakəndəlik girdabından
qurtardı, jurnalistləri
peşələrinin perspektivi
ilə bağlı düşdükləri qeyri-müəyyənlikdən
çıxarmağa bacardı. Dünənə qədər yalnız müəyyən siyasi qüvvələrin və
baş redaktorların
mərhəmətindən asılıb
qalmış böyük
jurnalist ordusu prezidentin simasında dövləti özünə
dəstək kimi gördü.
Azərbaycanda fəaliyyət göstərən
kütləvi informasiya
vasitələrinin nümayəndələri
də "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsinin (AJMK) keçirdiyi
sorğuda Prezident İlham Əliyevin jurnalistlərin dostu seçilməsini məntiqi
nəticə hesab edirlər.
"Bakı-Xəbər" qəzetinin
baş redaktoru Aydın Quliyev Trend-ə bildirib ki, sorğu
başlayanda elə bu nəticənin əldə olunacağı
məlum idi: "Çünki Azərbaycan
jurnalistikasının həyatında
2013-cü ildə ən
əlamətdar addımlar
məhz cənab İlham Əliyevin qərarı ilə atılıb. Bunlar, jurnalistlər üçün
tarixdə olmayan hadisələrdir, yəni
jurnalistlər üçün
çoxmənzilli binanın
istifadəyə verilməsi,
mətduat üçün
dövlət maliyyə
dəstəyinin artırılması
və s. bu kimi hadisələr sözsüz ki, jurnalistlərin həyatında
çox böyük rol oynayıb".
A.Quliyevin
sözlərinə görə,
bundan əlavə bir neçə jurnalistin sosial vəziyyətinin yaxşılaşdırılması
üçün Prezidentin
şəxsən göstəriş
verməsi, o cümlədən
jurnalist Nicad Dağların müalicəyə
göndərilməsi, bəzi
jurnalistlərlə bağlı
atılan fərdi addımlar Prezidentin mətbuat üçün
etdiyi böyük işlərin 2013-cü ilə
təsadüf edən
müəyyən bir qismi idi: "Bütün bunların qarşısında Azərbaycan
jurnalistlərinin də
keçirilən sorğuya
görə İlham Əliyevi mətbuatın dostu seçməsi tamamilə məntiqli və təbii nəticədir. Mən hesab edirəm
ki, jurnalistlərin bu seçimi obyektivdir və İlham Əliyevin şəxsən media üçün,
jurnalistlər üçün
2013-cü ildə gördüyü
işlərin məntiqi
nəticəsidir. Mən inanıram
ki, 2014-cü ildə də belə sorğu keçirilsə,
İlham Əliyev yenə jurnalistlərin dostu seçiləcək".
Trend İnformasiya Agentliyinin Azərbaycan Redaksiyasının
rəhbəri Emil Hüseynli
isə bildirib ki, Prezident İlham
Əliyevin yenidən jurnalistlərin dostu seçilməsinin əsas
səbəblərindən biri
Azərbaycan iqtidarı
tərəfindən ölkədə
söz və mətbuat azadlığının
təmin edilməsidir:
"Bu gün istənilən
jurnalist açıq şəkildə öz fikrini ifadə edə bilir, istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı
məmurların fəaliyyəti,
bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst
informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir. Çünki Azərbaycan Prezidenti
İlham Əliyev jurnalistlərə böyük
qiymət, azad sözə, siyasi plüralizmə dəyər
verir".
E.Hüseynli, həmçinin bildirib
ki, jurnalistlər üçün yaşayış
binasının tikilməsinə
dair verilən qərarlar, dövlət tərəfindən KİV-ə maliyyə yardımlarının
edilməsi də dövlət qayğısının
tərkib hissəsidir:
"Təsəvvür edin
ki, jurnalistlərə
mənzillərin verilməsi
təşəbbüsü dünya praktikasında ilk
dəfədir reallaşıb.
İnanıram ki, dövlət
öz tərəfindən
jurnalistlərin fəaliyyətinə
dəstəyini ötən
illərdə olduğu
kimi əsirgəməyəcək,
azad mətbuatın Azərbaycanda davam etməsində öz səylərini göstərəcək".
E.Hüseynlinin sözlərinə görə,
sadaladığı amillər
nəticəsində Prezident
İlham Əliyev aparılan sorğuda jurnalistlərin dostu seçilib.
Yuxarıda qeyd olunan məqamlar, ictimaiyyətin
rəyi, media sahəsi
üzrə ixtisaslaşmış
şəxslərin fikirləri
də göstərir ki, həm 3 il öncə, həm də bu il prezident
İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsi tam obyektiv
əsaslara söykənir.
Birinci dəfədən keçən
müddət ərzində
bu dostluq daha da möhkəmlənib
və gələcək
perspektivi də çox parlaqdır.
Media nümayəndələrinin
seçimi Prezidentin mətbuatın inkişafı
istiqamətində həyata
keçirdiyi siyasətə
tam adekvatdır. İlham Əliyevin
ölkədə fikir
plüralizminin, azad mətbuatın gücləndirilməsi
sahəsində siyasətini
media nümayəndələri görür və düzgün qiymətləndirirlər.
Azərbaycan prezidenti həmişə
mətbuatın dostu olub, bunu görülən
işlər, çoxsaylı
faktlar bir daha təsdiqləyir.
«Jurnalistlərin dostu» mükafatının
2001-ci ildə ümummilli
lider Heydər Əliyevə verilməsini
də yada salarıqsa, ümumilikdə
Azərbaycan dövlətinin
jurnalistlərin yanında
olduğunu, qələm
əhlinə qayğı
ilə bağlı bu siyasətin sistemli xarakter daşıdığını düşünmək olar.
İlham QULİYEV
Kaspi.-2013.-1 oktyabr.-S.6.