Tarixi faktlar təhrif olunursa...
Son vaxtlar teatr və
kino üçün tarixi mövzuda yazılan əsərlərin
bədii səviyyəsi necədir?
“Möhtəşəm yüzil” serialı ekranlara çıxanda Türkiyə alimləri və ictimaiyyəti ekran əsərində tarixi faktların təhrif olunmasından şikayətləndi. Hətta Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasının qızıl dövrünü əks etdirən serialla bağlı iradlarını bildirərək türk tarixinin təhrif olunduğunu qeyzlə dilə gətirdi. Azərbaycan tarixçiləri arasında da türk tarixini saxtalaşdırmaq baxımından filmi «möhtəşəm zəhər» adlandıranlar oldu. Əsas narahatçılıq isə filmin müasir türk gənclərində türk tarixinin ən şanlı səhifələrinə nifrət hissi aşılaya biləcəyi ilə bağlı idi. “Sultan Süleyman kimi dünyanın böyük tarixi şəxsiyyətini heçə endirib türk gəncinə öz tarixinə qarşı nifrət hissi aşılamaq olmaz. Tarix filmdə təhrif olunur. Bu isə filmin baxımlılığına xələl gətirir ”- deyə fikirlər hələ də səslənməkdədir.
Azərbaycanın kino və teatr
tarixinə, o cümlədən, ədəbiyyatımıza nəzər
salsaq, bizdə də tarixin ayrı-ayrı dövrlərindən,
müxtəlif tarixi şəxsiyyətlərin həyat
yolundan bəhs edən ekran və səhnə əsərləri,
o cümlədən ədəbi əsərlər kifayət
qədərdir. Amma demək olmaz ki, həmin əsərlər
dövrünün alimləri, tənqidçilər və ya
auditoriya tərəfindən birmənalı
qarşılanıb və ya mükəmməl bədii və
ya səhnə həllini tapıb.
Son
illər təqdim olunan tarixi ekran əsərləri içərisində
daha çox “Cavad xan” və “Hökmdarın taleyi” ilə
bağlı birmənalı olmayan fikirlər səslənir. O cümlədən, Akademik Milli Dram Teatrın səhnəsində
Kamal Abdullanın «Şah İsmayıl və ya hamı səni
sevənlər burdadır» tamaşasının tarixi faktlardan
uzaq olması ilə bağlı söylənənlər əsərin
səhnə həllinin mükəmməl olmamasını
üzə çıxardı. Elə həmin teatrın
səhnəsində Əli Əmirlinin “Şah Qacar”ına gəlincə,
yenə də oxşar fikirləri eşitdik.
Maraqlıdır,
tarixi əsərlərə müraciət edərkən əsərin
mükəmməl bədii həllinə nail olmaq daha çox
kimdən asılıdır – rejissordan, yoxsa ssenari müəllifindən?
Və ya sənət əsərlərində tarixin təhrifinə
yol vermək olarmı?
Tarixi
filmlər zəifdir
AMEA-nın
Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov
tarixi hadisələrin filmlərdə reallığı əks
etdirməməsini təəssüflə bildirir: “İstər
televiziya işçiləri olsun, istərsə də
yazıçılar və şairlər - onların çoxu
xəyalpərəst olur. Beyinlərində nə tuturlarsa,
onu da üzə çıxarmağa
çalışırlar. Amma reallıq, tarixi həqiqət
bunu tələb etmir. Tarix onu sevir ki, onunla bağlı
heç bir faktda yalan danışmayasan. Nə varsa,
onu olduğu kimi göstərməlisən. Acı da olsa, onu elə vermək lazımdır.
Bizim əlimizdə 26-lar, İrəvan şəhərinin
verilməsi, Bakının 11-ci ordu tərəfindən
işğalı və s. ilə bağlı materiallar var ki,
onların dəqiqliyi indiyə qədər deyilməyib”.
Tarixçi alim qeyd edib ki, çəkilən tarixi filmlər
tarixi hadisələri əks etdirmək baxımından zəifdir:
“Sabir Rüstəmxanlı Cavad xanla bağlı ssenari yazanda
Tarix İnstitutuna gəldi. Biz ona tarixi əks etdirən sənədləri
təqdim edəndə «mən heç bunları bilmirdim» -
dedi. Ancaq bu filmdəkilər tamam başqa
şeydir. Yəni yazıçının
xəyalındakı şeylər tam ayrıdır. Sonradan bizi filmin təqdimatına da dəvət etmədilər
ki, onların yalanlarını üzə
çıxaracağıq. Çünki
filmdə elə məqamlar var ki, onları şişirtməyə
ehtiyac yoxdur”.
Sovet
dövründə çəkilən tarixi filmləri
xatırlayan C.Bəhramov «Dədə Qorqud»,
«Axırıncı aşırım», «Babək»,
«Nizami» və s. kimi tarixi filmlərin o dövrdə mütəxəssislərin
rəyindən sonra ekranlara çıxdığını
söylədi: “Məsələn, rəhmətlik Ziya
Bünyadov Babək, Dədə Qorqud və ya Nizami ilə
bağlı fikirlərini bildirirdi. Rejissorlar da
bu fikirlərin əsasında filmi çəkirdilər.
İndi isə hər hansı bir
yazıçının uydurması əsasında film çəkilir.
Heç bir elmi məsləhət də nəzərə
alınmır. Tarixi filmlərdə elə
məqamlar var ki, onların dili ilə tarixi həqiqəti
olduğu kimi göstərmək olar. Ancaq
bunları nəzərə almırlar. Bütün
bunlar Azərbaycan xalqının tarixi taleyi ilə
bağlı məsələlərdir”. C.Bəhrəmov
hesab edir ki, bu gün Azərbaycanı daxildə və xaricdə
gözügötürməyən qüvvələr
olduğundan tarixi məsələləri təqdim edərkən
real faktlara istinad etmək lazımdır ki, millət
özünü tanısın. “Əgər
alimlər həmin tarixi həqiqətləri
çıxarıb ortaya qoyurlarsa, yazıçının da,
rejissorun da borcu onları dərindən öyrənmək,
yazmaq və olduğu kimi ekranlaşdırmaqdır».
Tarixçi
alim həmçinin bu günlərdə təqdimatı
keçirilən Xalq yazıçısı Elçinin
«Mahmud və Məryəm» ssenarisi əsasında çəkilən
eyniadlı filmə də toxunub: «Ədəbiyyatda «Əsli və
Kərəm» dastanı vardı. Elə əsəri
yazmağa ehtiyac yoxdur. Bu Məryəmlər millətin
başına azmı oyun açıblar?»
Fakt
faktlığında qalır, amma...
«Bizim kino elə səviyyədə deyil ki, konkret
faktlarla danışsan, kimsə inciyəməyəcək» -
deyən yazıçı Natiq Rəsulzadənin fikrincə,
tarixi mövzuya müraciət edən
yazıçının çiyinlərinə böyük
yük düşür. O baxımdan ki, kino böyük təbliğat vasitəsidir.
«Müəllif üçün əsas məsuliyyət
tarixi faktları yaxşı bilməsidir. Tarixi
fakt çərçivədir. Yazıçı
faktları yaxşı mənimsəməlidir ki, həmin
çərçivə daxilində yaxşı yaza bilsin.
Tarixi janrda heç zaman hansısa bir faktı
uydurmaq və ya müəllifin fakta istədiyi istiqaməti
verməsi yolverilməzdir. Ona görə də
bizdə həm tarixi mövzuda yazan yazıçılar, həm
də bu mövzuda film çəkən rejissorlar azdır”.
N.Rəsulzadə hesab edir ki, tarixi janrda əsər
yazmaq böyük məsuliyyət olmaqla yanaşı, həm
də böyük çətinlikdir. “Ola
bilsin ki, hansısa bir faktı rejissor və ya ssenari müəllifi
bəyənmir, onu dəyişmək və ya üstündən
keçmək istəyir. Bu, düzgün
deyil. Fakt çox mühüm amildir.
Sən hansı yozumu verirsənsə ver, fakt
yerində qalır. Xoşuna gəldi və
ya gəlmədisə, bu faktdır – gərək onun ətrafında
işləyəsən. Məsuliyyət də
bundan ibarətdir».
Azərbaycan
Peşəkar Kinorejissorlar Gildiyasının sədri Hüseyn
Mehdiyev hesab edir ki, tarixi filmlərə müraciət
olunması kino janrı kimi vacibdir: “Tarixi film həm çox
maliyyə vəsaiti, həm də təşkilati baxımdan
qüvvə tələb edir. Bizdə isə bir az vəziyyət başqadır. Tam
mükəmməl bir tarixi əsər əsasında tarixi
filmin ortaya çıxmasını gözləmək
mümkün deyil. Müəllif filmləri,
kamera filmləri yaratmaq mümkündür. Hərçənd mən bunlara da şübhə
ilə yanaşıram. Amma tarixi hadisələri
əks etdirən miqyas və döyüş filmlərini
ekrana gətirən tarixi filmləri gözləmək
düzgün olmaz. Məsələn,
rejissor Elxan Cəfərovun «Dolu» filmi müharibənin
mövzusunu göstərmək baxımından yox, kütləvi
səhnələrin çəkilişi, döyüş
anlarının nümayişi baxımından yaxşı
çəkilib”. H.Mehdiyevin fikrincə, bizdə
yaxşı filmlərin ortaya çıxması
üçün peşəkar prodüser olmalıdır.
“Hələlik isə ölkəmizdə
yaxşı prodüserlər yoxdur. Ona
görə də bizdə «məmur kino»su çəkilir.
Bu baxımdan, yaxşı ekran əsəri
gözləmək ümidsizdir».
Müəllifin
uydurması
Akademik
Milli Dram Teatrda sonuncu tarixi əsərin «Ağa Məhəmməd
şah Qacar» olduğunu bildirən Xalq artisti Mərahim Fərzəlibəyovun
fikrincə, heç bir bədii əsər tarixi olduğu kimi
əks etdirmir. “Bədii əsər olduğuna
görə müəllif tərəfindən müəyyən
hadisələr uydurulur, faktlar gizlədilir. Ona görə də bədii əsərə tarixi əsər
kimi baxmaq düzgün deyil. Mən
inanıram ki, Nizami Gəncəvinin həyatı da
«Qılınc və qələm»də tarixi hadisələrlə
o qədər uyuşmur. Mən vaxtilə
Nəriman Həsənzadənin «Atabəylər» əsərini
səhnələşdirdim. Bu əsərdə
Ziya Bünyadovun yazdığı tarixi faktlarla yanaşı,
bədii təfəkkür daha üstün yer tuturdu”. Rejissor hesab edir ki, tarixi əsərlər teatra daxil
olanda ondan sırf tarixi baxımdan nə istifadə etmək
olar, nə də o faktı dəstəkləmək. “Bir var, müəyyən səhnələri təhrif
edəsən, bir də var özəyindən başlayaraq hər
şeyi dəyişəsən. Məsələn,
Səməd Vurğunun «Vaqif» əsərində hadisələrin
çoxu müəllifin təfəkkürüdür. Amma ondan bir qədər əvvəl Yusif Vəzir
Çəmənzəminli «Qan içində» romanını
yazıb və orada Vaqifin həyatı ilə bağlı
tarixi faktlara daha çox yaxınlaşıb. Cəfər Cabbarlı isə həmişə tarixi
faktları göstərməyə çalışıb.
Bədii əsərdə tarixi gözləmək
lazım deyil. Çünki teatrda
tamaşanın bədii həllinə daha çox yer verilir”.
M.Fərzəlibəyovun fikrincə, bu fikir müəyyən
mənada həmçinin filmlərə də aiddir. “Ancaq filmin fərqli
auditoriyası olduğuna, dünyaya yol tapdığına
görə mən bir tamaşaçı kimi istərdim ki, hər
hansı bir tarixi film faktlarla daha çox əhatə olunsun.
Məsələn, Babək əsərini Ənvər
Məmmədxanlı tarixi faktlarla yazmışdı. Amma bu özü də bədii təfəkkür məhsulu
idi. Həmçinin «Nəsimi» filmi, həmçinin
əfsanəvi boylardan ibarət olan Dədə Qorqud
dastanı. Mən şəxsən istərdim
ki, həm teatrda, həm də kinoda tarixi faktlar olduğu kimi
qalsın. Tarixi faktı dəyişdirəndə
istər kinoda, istərsə də tamaşada əsər bədii
həllini mükəmməl tapmır. Orda
bədii təfəkkür qalib gəlir. Ona
da gərək teatr tamaşası və ya kino kimi baxaq”.
N.Fərzəlibəyov hesab edir ki, indi böyüyən nəslin
başı daha çox müasir texnologiyalara
qarışdığından onların tariximizi öyrənməsi
üçün filmlərin çəkilməsinə,
tamaşaların qoyulmasına ehtiyacı var: «Bu gün gənclər
internetlə, kompyuterlə çox oynayırlar. Onların tarixi öyrənməsinə ehtiyac var.
Əlbəttə, mən istərdim ki, tarixi əsərlər
tarixə yaxın olsun. Gənclərimiz də
heç olmasa, kinolardan və teatrdan keçmiş və
yaxın tariximizi öyrənsinlər. Buradan
nəyisə qəbul etsələr, bu, bizim uduşumuzdur».
Kinoşünas Aydın Dadaşov hesab edir ki, dünyada
tarixi hadisələri bütün gerçəkliyi ilə əks
etdirən mükəmməl ekran əsəri yoxdur. Belə ki,
qüsurlar həmişə var və qaçılmazdır.
“Ekran sənətinin sənədli-elmi-publisistik
növlərindən fərqli olaraq tarixi mövzulu bədii -
oyun filmlərində ictimai-siyasi hadisələrin baş
verdiyi kimi göstərilməsi mümkünsüzdür.
Hər hansı sənət əsəri
gerçəkliyin müəllif yozumu
sayıldığından bədii-oyun kinosunda tarixi hadisələrə
müəllif müdaxiləsinin obyektivliyi şərtidir.
Tarixi mövzudakı komediya janrlı filmlərdə
hadisələrə rişxəndli münasibət belə
tamaşaçının tələbini əsas götürən
modernizmin şərtlərindəndir. Bununla
belə bədii-oyun filmlərində də akademik mənbələrə
istinad olunması, obyektiv gerçəkliyin qorunması müəllifin
sosial məsuliyyəti ilə bağlıdır”. Kinoşünasın fikrincə, postmodernist mühitdə
tarixi hadisəni kontekstindən çıxarmaq, xronoloji
ardıcıllığı itirmək kinoşirkətin, sənətkarın
imicinə, filmi nümayiş etdirən telekanalın reytinqinə
zərər vurduğundan sərfəli deyil.
Böyük mənada modernizmin cəhdlərindən biri də
formalaşmış dəyərlərin inkarı,
metodlarından biri isə movizm- yəni qəsdən
korlamadır, pisləmədir: “Bəşər tarixində
mühüm rol oynayan kəsin başqa rakuslardan təhlilə
cəlb edilməsi görünməyən, gizli qalan tərəflərinin
açılması yolveriləndir. Çünki
postmodernist mühitdə siyasi, iqtisadi, mədəni liderlər
kütlənin yemi sayılır. Sadə
insan isə kütlə marağı xaricindədir”. A.Dadaşov «Cavad xan», «Hökmdarın taleyi» filmləri
ilə bağlı fikirlərini də qeyd edib. “Cavad xan insanları vətənpərvərliyə
çağırmaqla əsas missiyasını yerinə
yetirib. Amma Cavad xanın öngörənliyi
barədə bir qədər israfçılığa
varılıb”. Mükəmməl bir pyes əsasında
çəkilən «Hökmdarın taleyi» filmində isə
rejissor həlli baxımından qüsurlar sxematiktiklə
bağlıdır. Bu filmdə ruh
baxımından qüsurlar çoxdur. Hər
halda ədəbi əsərlərin tirajı artıb».
Qeyd edək ki, istər ekran qarşısında oturan
tamaşaçı, istərsə də zaldakı auditoriya həm
tarixi hadisələr, həm aktyor oyunu, həm rejissor yozumu, həm
rəssam, həm də bəstəkar işinin bir-birini
tamamladığı işi istəyir. Yaradıcı
heyət təqdim etdiyi materiala uydurma təxəyyülünü
əlavə etsə belə, tarix təhrifi sevmir. Bəlkə
də buna görədir ki, hələlik, tamaşaçı
nə ekranda, nə də səhnədə mükəmməlliyə
rast gəlmir... Hər halda, aparılan
müzakirələr, tamaşaçı və ekspert rəyləri
bunu deməyə əsas verir.
Təranə Məhərrəmova
Kaspi.-2013.-1 oktyabr.-S.9.