Cavidlərin layiqli
övladı
Azərbaycanın əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas alim və pedaqoq, dəyərli muzeyşünas, mətnşünas və teatrşünas, istedadlı tədqiqatçı, tənqidçi, ssenarist olan Azərbaycan qadınının ən yüksək mənəvi dəyərlərinə və ən pak əxlaqi keyfiyyətlərinə malik Turan Cavid! Daima öz şərəfli keçmişindən qürur duyan unudulmaz Turan Cavidin mənsub olduğu Rasizadələr nəsli öz nəcib əməlləri, xeyirxahlığı, alicənablığı ilə hər zaman diqqət mərkəzində olmuş, xalqımızın, millətimizin inkişafı naminə böyük xidmətlər göstərmişlər.
Bu
böyük insan bütün həyatını,
ömrünün baharını Cavidlərə həsr
etmiş, Cavid ailəsinin nigaran ruhunun şadlanması
üçün əlindən gələni əsirgəməmiş,
Hüseyn Cavidə əsl mərd övlad olmuşdur. O,
yalnız Cavidlər üçün
yaşadı, Cavidlər üçün
ömrünü fəda etdi.
Cavidlərə aid hər bir
əlyazmanı, hər bir əşyanı
göz bəbəyi kimi
qorumuş, indiki
dövrə qədər çatmasına nail
olmuş, övladlıq borcunu
yerinə yetirə bilmişdi. Həqiqət
budur ki, Turan xanım təkcə Cavidlərin borcunu qaytarmadı, o eyni zamanda gələcək
nəsillərə Hüseyn Cavidi daha düzgün,
aydın formada çatdıra bildi.
Ümumiyyətlə,
könül insanı özü üçün
arzuladığını başqaları üçün,
özünün sahib olduğu yaxşı nə varsa
başqalarının da bundan istifadə etməsi
üçün mübarizə aparar, bu yolda yoruldum deməz. Turan xanım məhz belə insan
idi. O özünün
sahib olduğu, bildiyi Cavid sənətini dünyaya haraylamaq üçün bacardığından da çox mübarizə
aparmışdır. Düzdür, bu yolda olduqca çox əziyyətlərə
qatlaşsa da, yolundan dönməmiş, əksinə
özünə şərəf sayaraq
tükənməz qətiyyəti, usanmaz
səyləri, ağır zəhməti və yuxusuz
gecələri bahasına Cavid əfəndinin
əsərlərini külliyyat halında
olduğu kimi Azərbaycan
oxucusuna çatdırmışdır.
Turan
xanımın 1998-ci il martın 12-də “Azərbaycan” qəzetində
bir müraciəti dərc olunmuşdur. Həmin müraciətdə
deyilir:
“Hörmətli
ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər,
naşirlər, yazarlar. Məni bu müraciətə bir
nigarançılıq vadar edib. Cavidin özü haqqında
işıq üzü görən
yazılara, nəşr edilən əsərlərinə, pyeslərinə,
səhnədəki ifasına çox
vasvası münasibəti vardı. O, yaratdıqları ilə
bağlı buraxılan səhvlərə, təhriflərə,
qeyri-ciddi münasibətlərə çox narahat olurdu. Belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə
qarşılayırdı. İndi mən eyni hisləri vaxtaşırı
yaşamalı oluram. Sanki
bir çoxları Cavidə bir dəb mövzu kimi yanaşmağa
başlayıb. Cavidi duymadan,
onun düşüncələr aləminə
lazımınca daxil olmadan
yazmaq olmaz. Mənim
yeganə arzum budur ki, atam haqqında
yalnız doğru yazılsın. Əsərləri
yanlışsız, təhrifsiz işıq üzü
görsün”.
Vaxtilə
onunla oxuyan, eyni zamanda işləyənlər daima öz xatirələrində
onun dürüstlüyündən, əqidəsindən,
möhkəm iradəsindən ürək dolusu
danışırlar: Turan xanım çox bacarıqlı və
dünyagörüşlü olduğundan hələ 1945-ci
ildə Teatr İnstitutunda “Teatrşünaslıq” fakültəsində
oxuyarkən öz ixtisasını yaxşı mənimsəmiş,
hətta təhsil aldığı, daha sonra işlədiyi
vaxtlarda Cavid əfəndinin kitablarını, əlyazmalarını
toplamış və bununla bağlı səhnə
işçilərinə dəfələrlə müraciət
etmişdir. O, eyni zamanda
güclü pedaqoq idi. İnsan o zaman əsl pedaqoq ola bilər ki, o insanların daxili aləmini, psixologiyasını
tamlıqla qavraya bilsin.
Pedaqoji fəaliyyətlə məşğul
olduğu vaxtlarda böyük aktyor nəslinin
yetişməsinə öz tövhələrini
vermişdir. Xaricən sakit
təbiətli görünən bu
insanın daxilində bir coşqunluq,
ümid hökm sürürdü. Tədris etdiyi
vaxtlarda tələbələrinə təkcə
teatrşünaslıq deyil, eyni zamanda mənəviyyat
dərsi keçirdi. Həmişə
çalışırdı ki, onlarda sabaha ümid işığı yandırsın. Çünki Turan xanım
bu keyfiyyətlərin aparıcısı idi.
Turan
xanım ailəsinə, xüsusən də atasına
çox bağlı idi, hətta o qədər bağlı
idi ki, atasının əyləşdiyi stulda heç kimin əyləşməsinə
icazə verməzdi. Bu böyük şərəfə yalnız ulu öndər, ümummilli
liderimiz Heydər Əliyev nail
olmuşdur. Çünki,
o, buna layiq
idi. Ona görə yox ki,
o, ölkənin aparıcı şəxsiyyətlərindən
biri idi, ona görə ki, Heydər
Əliyev Azərbaycan ədəbiyyatına, mədəniyyətinə
olduqca xüsusi diqqət
ayırırdı. Elə bunun sübutudur ki, uzaq vilayətdən Sibirin
İrkutsk vilayətinin Tayşet
rayonu Şevçenko
kəndindən Cavid əfəndinin
basdırıldığı 59¹ li qəbrini
tapıb, onun nəşinin Bakıya gətirilməsinə
nail ola bilmişdi. Ailəsi üçün çırpınan ruhunu şadlandırmışdı. Hətta Cavid əfəndinin məzarı üzərində
Naxçıvanda məqbərə belə ucaltmışdı.
Hal-hazırda Cavidlər ailəsinin dörd
üzvünün: İdeal
sənət nümayəndəsi Hüseyn
Cavid, onun sadiq ömür
yoldaşı Mişginaz Cavid,
dünyagörüşlü oğlu
Ərtoğrol Cavid və Cavidləri tarixə
öz qızıl qələmiylə yazan Turan Cavidin
məzarı bu məqbərədə
yerləşmişdir. Heydər Əliyev sayəsində Cavidlər
sevgiylə rahat uyuya
bilmişlər. Gerçək həyatda olmasa
belə ruhən də olsa sonda
bir ailə kimi birləşə
bildilər.
Bəli,
tarixi inkişafımızın olduqca çətin,
qarışıq, gərgin dövrlərində yaşayan
Turan Cavid həyatın insanları imtahana çəkdiyi
bütün mərhələlərdən, bütün
sınaqlardan şərəflə, ləyaqətlə
çıxdı. Öz nəsli ilə daima fəxr edən
Turan xanım öz kökünə, soyadına, əslinə-nəslinə
layiq qeyrətlə yaşadı, nəslin ləyaqətli
övladı oldu, elə ləyaqətlə də
dünyasını dəyişdi.
Turan
xanım özü həyatda olmasa da, muzeydə hər zaman
onun xatirəsi böyük məhəbbətlə
anılır, onun adına anım mərasimləri, tədbirlər
keçirilir, tez-tez sərgilər təşkil olunur. Turan xanım
Cavid əfəndinin əsərlərini orijinal formaya qaytardı. Düzdür, həmin o
kitabların nəşr olunmasını görmək ona nəsib olmasa da, o, bir
müsahibəsində belə demişdir:
“Əgər atamın arxivi
tapılsaydı heç bir
çətinliyimiz olmazdı. Mən inanıram ki, o gündə gələcək;
mən olmasam da başqa bir vətən
övladı bu işi
tamamlayacaq”. Həqiqətən də Turan xanımın inamı gerçəkləşdi.
Bu məsuliyyətli işi
Hüseyn Cavidin Ev Muzeyinin direktoru
fil.ü.e.d. Gülbəniz
Babaxanlı öz üzərinə götürdü, Hüseyn
Cavidin külliyyatının təkrar nəşri
5 cilddə (2005), Hüseyn Cavidin
anadan olmasının 125 illiyinə həsr
edilmiş Hüseyn Cavid irsi və müasir dövr” (2007,
Beynəlxalq elmi konfransın
materiallarını əhatə edən məqalələr
toplusu),
“Məhəbbətdir ən böyük din” (2007, H.Cavidin seçmə
şeirləri fransız dilində), “Cavid
hikməti – Seçmə aforizmlər”(2008), “Hüseyn
Cavid və Abdulla Şaiq “Ədəbiyyat dərsləri” (2010), Hüseyn Cavid “Topal Teymur” (2010), “Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri
və Ərtoğrol Cavid” 10 cilddə (2011), “Cavidşünaslıq” elmi məqalə toplusu 10
cilddə (2012), “Şeyda” 10 dildə (2012,
rus, ingilis, fransız,
alman, polyak, ukrayna, çex, belarus, yunan, bolqar), bundan başqa “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (2010, monoqrafiya), “Heydər
Əliyev və Hüseyn Cavid”
(2013, monoqrafiya) onun təşəbbüsü
ilə nəşr olundu. Muzey vaxtaşırı Hüseyn
Cavid haqqında yazılmış ən seçkin monoqrafiyaları latın əlifbası
ilə yenidən nəşr etdirir. Buna misal olaraq
fil.e.d., professor,
Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin Hüseyn
Cavid haqqında yazdığı dəyərli
tədqiqat əsərini - “Hüseyn Cavid: “İdeal həqiqət
axtarışı” adlı monoqrafiyasını (2013) göstərmək
olar. Bundan əlavə,
Gülbəniz xanım və muzeyin
işçiləri Hüseyn Cavidin Ev Muzeyinin
gündən-günə daha da inkişaf etməsi üçün səylə
çalışır və Turan Cavidin nüfuzunu hər zaman qoruyub saxlayırlar.
Bəli, Turan Cavid yaşasaydı,
indi 90 yaşında olacaqdı. Amma kim deyir ki,
o yaşamır?!.. Milli teatr mədəniyyətimizdə,
ssenarisinin müəllifi
olduğu filmlərdə,
tələbələrinin yaradıcılıq
həyatında və
nəhayət Cavid ədəbiyyatında qoyduğu
silinməz izlər Turan Cavidi uzun
onilliklər boyu yaşadacaq və keçdiyi ömür yolu gələcək nəsillərə gözəl
nümunə olacaqdır.
Biz də əziz və unudulmaz Turan Cavidin ruhu
qarşısında baş
əyib deyirik:
Sizə
çox-çox minnətdarıq
Turan xanım!
Hamımıza örnək olan
şərəfli bir ömür sürüb, hər zaman uca dayandığınıza
görə!
Aytən Heydərova
AMEA Hüseyn Cavidin Ev
Muzeyinin əməkdaşı
Kaspi.-2013.-2 oktyabr.-S.13.