Tarixi roman bumu: yeni dəb,
yoxsa nə?
Azərbaycan
tarixi romanlarının ən uğurlu nümunələri
kimi həmişə “Qılınc və qələm”
(M.S.Ordubadi), “Qan içində” «Y.V.Çəmənzəminli),
«Məşhər» (İ.Hüseynov), “Xudafərin
körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz
namusu” (F.Kərimzadə), “Bakı-1501”, “Yad et məni”
(Əzizə Cəfərzadə) və s. romanların adı
çəkilir. Ədəbiyyatın yaxın və
uzaq tarixlə ünsiyyətini davam etdirməyə
çalışan yazıçılar arasında son zamanlar
bir növ tarixi romançılıq bumu yaşanır. Həm də təkcə bədii nəsrdə deyil,
kinematoqrafiyada və teatrda da eyni maraq yaşanır. Yazılan bir çox əsərlər oxucusunu
tapmamış, kinoya və ya teatr səhnəsinə
ünvanlanır. Bədii təxəyyül
süzgəçindən bu və ya digər formada keçən
tarixi hadisələr və şəxsiyyətlərin həyatı
ayrı-ayrı yazıçıların əsərlərində
üzə çıxır. Yazıçıların
özləri janra müraciətlərini “bütün
dövrlərin tələbi” kimi dəyərləndirsələr
də tənqidçilər yazılanları o qədər
uğurlu hesab etmirlər.
İstər-istəməz
cavabı birmənalı olmayan suallar yaranır: “Hər bir
yazıçı tarixi roman yaza bilərmi?”, “Tarixi janra
müraciətdə məqsəd nədir – tendensiyadır,
yoxsa dəb?”, “Tarixi romanlarda hadisələri və şəxsiyyətləri
müasirləşdirməyə, təhrif etməyə ehtiyac
varmı?”
“Kaspi” bu suallara cavab axtararkən maraqlı fikirlərlə
qarşılaşdı.
Dəb halını alanda
Tənqidçi Tehran Əlişanoğlunun fikrincə,
yazıçı tarixi romançılığa müraciət
etməklə öz kökünü, soyunu daha çox
öyrənməyə, tarixində olan kəm-kəsirləri
düzəltməyə çalışır. Məsələn,
sovet dövründə ideoloji çərçivələr
özümüzü olduğumuz kimi göstərməyə
mane olub. “Ona görə də tariximizin
ayrı-ayrı dövrlərinə olan yanlış
baxışları aradan qaldırmaq üçün tarixi əsərlər,
romanlar, hətta dəb şəklini alır. Nadir
şahlar, şah ismayıllar və s. romanlar yaranır. Digər tərəfdən biz dünyaya inteqrasiya
olunuruq. Postmodernist epoxa dünəni və
bugünü yanaşı qoyur. Təxminən
dünən bugünə qarışır. Biz hamımız sovet dövründə Anarın
«Kitabi-Dədə Qorqud» kino dastanı ilə tərbiyələnmişik.
Sonra həmin dövrə Kamal Abdullanın
«Yarımçıq əlyazma» əsəri ilə başqa bir
baxış da meydana çıxır. Dünyada
yaranan təzə yanaşmaların içərisində
tarixlə bağlı yanaşma meydana gəlir».
T.Əlişanoğlunun
fikrincə, son dövrlərdə tarixi janra müraciət edən
yazıçılar daha çox tarixi faktlara yaxın
olmağa çalışırlar: «Əslində, tarixi
faktlarla bağlı işlər bir qədər əvvəl
görülməli idi və müəyyən qədər də
görülüb. Amma sözsüz ki, bədii
təxəyyül də rol oynayır. Bədii
əsər təxəyyülsüz olmur». Tənqidçi hesab edir ki, istənilən
yazıçı özünü tarixi janrda sınaya bilər.
Yəni heç kəs yazıçının
mətbəxinə müdaxilə edə bilməz. Belə
ki, əgər bu, yazıçını maraqlandıran
mövzudursa, ona heç kəs janr məhdudiyyəti qoya bilməz:
«Tutaq ki, yazıçı tarixi roman yazır və sonra onu səhnəyə
çıxarmaq istəyir. Sadəcə, onda
istedad olmalıdır. Elə
yazıçılar var ki, onda həm müasirlik, həm də
dramaturq istedadı var – o halda uğurlu alınır. Ancaq yazıçı yalnız müasirdirsə,
onda əsər bir qədər zəif alınır».
T.Əlişanoğlu
son dövrlər yazılan tarixi romanlara da münasibətini
bildirib: «Pozitiv cəhətdən bu əsərlər maarifləndirici
xarakter daşıyır. Bugünün
nöqteyi-nəzərindən də tarixə baxmaq
lazımdır və buna görə yazırlar. Qaldı
ki, yazıçı təxəyyülü buna nə qədər
nail ola bilir, o baxımdan, yazılanları
o qədər də uğurlu saymıram. Xüsusən,
dəb halını almasını uğurlu hesab etmirəm.
Biri bir şahdan yazırsa, digəri istəyir
ki, bir başqa şah tapıb yazsın. Bu
cür dəb halını alanda, sözsüz ki, məni qane
etmir».
Təxəyyül olmayanda...
Yazıçı
Aqil Abbas hesab edir ki, yazıçıların tarixi janra
müraciət etməsinin əsas səbəbi millətinin
tarixini onlara çatdırmaq məqsədidir: «Bir var tarix
kitabı, bir də var tarixi əsərlər. Tarix
kitabı insanın yaddaşında qalmaz, amma tarixi əsərlər
yaddaşda qalır. «Qan içində», «Qılınc və
Qələm» və s. əsərlər insanların
yaddaşı üçündür. Yazıçılar
da xalqın qan yaddaşını oyatmaq üçün
tarixi əsərlərə müraciət etməyə
çalışırlar”.
Tarixi
romanları tam tarix hesab etməyən A.Abbasın fikrincə,
bu tip əsərlərin yaranmasında
yazıçının təxəyyülü böyük
rol oynayır: «Mən «Batman qılınc» adlı tarixi roman
yazmışam. Bu romanın qəhrəmanı
Ağa Məhəmməd şah Qacarı müsbət
türk oğlu kimi təqdim etmişəm. Bu, təxəyyül deyil. Mən
tarixi roman yazmağı Əlisa Nicatdan öyrənmişəm.
O, Şah İsmayıl Xətaidən roman yazanda həmin
dövrün eskizlərini çəkmişdi. Sonradan
mən də Qarabağ xanlığı haqqında roman
yazanda Əlyazmalar İnstitutunda mənə çox kömək
etdilər. Şah İsmayılın, Pənah
xanın fərmanları da daxil olmaqla çox sənədləri
tərcümə edib mənə verdilər. Ona görə də roman alındı. Həmin romanda çoxlu məktublar var. O məktublarda
cəmi 3-4 söz dəyişilib, qalanlarını isə
olduğu kimi çap etdirmişəm”.
Son illər
Yunus Oğuz və Elçin Hüseynbəylinin tarixi roman
janrına müraciət etdiyini bildirən yazıçı
tarixə hər kəsin fərqli baxışı olduğunu
qeyd edib: “Şah İsmayıl tarixi şəxsiyyətdir. Ona hər kəsin bir baxışı var. Mənim əlimdə
imkan olsaydı, Şah İsmayılı da, Sultan Səlimi də
güllələyərdim. Çünki
onların müharibəsi türk dünyasını məhv
etdi. Əgər mən yazsam, bu məsələni
qabardaram. Yəni iki türk bir-birini
qanına qəltan etdi. Amma Kamal Abdulla ona
başqa gözlə baxır. Şah
İsmayıldan yüzlərlə roman yazmaq olar. Ümumiyyətlə, tarixi şəxsiyyətlərdən
həmişə yazılıb və həmişə də
yazılacaq».
A.Abbasın
fikrincə, tarixi əsərlər həmişə
dövrün tələbi olub: «İnsanlar o əsərləri
göydə qapırlar. Onlar öz tarixlərini
öyrənmək istəyirlər. Bir var,
tarix kitabından oxuyasan, bir də var, o dövrün
ab-havasının içinə girəsən. Hazırda ağıllı adamlar tarixi romanların
azarkeşidir, bekar adamlar da dedektiv romanların». Yazıçı qeyd edib ki, tarixi
romançılıqda yazıçı faktları öz təxəyyülündən
keçirir. “Təxəyyülü olmayan adam yazı yaza bilməz. Məsələn,
Səməd Vurğun İbrahim xanı da, Qacarı da təqdim
edib. Mən tarixi oxuyanda Qacarı
söyürdüm. Çünki Səməd
Vurğun mənə bunu aşılamışdı. Ancaq mən bu tarixi araşdıranda gördüm ki,
Qacar çox böyük türk oğludur, sərkərdədir,
alimdir. O, şahlıq dövründə elə qüdrətli
dövlət yaradıb ki, bugünkü İran həmin
dövlətin üzərində bərqərardır. Mən də onu elə təqdim etməyə
çalışdım. Sonra gördüm
ki, Qacar haqqında hamı müsbət yazılar yazmağa
başladı. Səməd Vurğun deyirdi
ki, mən xana nifrət, şairə hörmət
aşılamaq istəmişəm. Buna
görə də «Vaqif»i yazıb. O, Vaqifi şahlardan
yuxarıda görüb. O, Şah İsmayılı, Nadir
şahı, Təhmasib şahı yazmayıb».
Tarixçilərin boş qoyduğu
meydan
“Tarixi romanlara təkcə son illərdə müraciət
olunmur.
Dünya ədəbiyyatı yaranandan tarixə müraciət ədəbiyyatın
vacib missiyalarından biri olub” deyən Xalq şairi Sabir
Rüstəmxanlının fikrincə, ədəbiyyat elə
ilk addımlarından üzünü keçmişə,
tarixə çevirib, o hadisələrin fonunda dünyanı və
cəmiyyəti dərk etməyə çalışıb:
“Yunan ədəbiyyatında Homerin «İliada» və «Odisey» əsərləri
əslində tarixi əsərlərdir. İnsanlığın
keçib gəldiyi yola baxanda, o yolların təxminən hara
aparıb çıxara biləcəyini
düşünüblər. Bu, tarixin bir az
da romantikasıdır. Bədii düşüncə
yazıçılar üçün çox böyük
meydan açır. Bu gün də tarix ədəbiyyatda
cəlbedici mövzulardan biri olub. Çünki
tarixin güzgüsündə hər bir millət
özünü yaxşı görür. Biz tariximizi az yazan millətlərdən biriyik. Tarixçilərin də boş qoyduğu meydanı
bəzən ədəbiyyatçılar doldurmağa
çalışırlar. Məsələn, İranda
«Şahnamə» az qala farsların milli
tarixi kimi götürülə bilər. Firdovsi öz milləti
üçün mifik bir tarix yaradıb və bununla da fars şovinizminin və millətçiliyinin əsasını
qoyub. Bu, ədəbiyyat əsəri olsa da tarixi
əsər səviyyəsinə yüksəlib. Yaxud Nizaminin «Xəmsə»sində bir çox məqamlar
var ki, tarixçilər onu bilmir. Amma əslində
elə tarixi həqiqətlərdir. Yəni
bu əsərlər həm də tarix kimi qəbul oluna bilər.
Azərbaycanda tarixin bir çox səhifələrinin
kifayət qədər öyrənilməməsi ədəbiyyatçılara
imkan verir ki, o boşluğu öz əsərləri ilə
doldursunlar. Bir də ki, tarix bitməyib,
davam edir».
«Ölüm zirvəsi» romanından misal gətirən
yazıçı qeyd edib ki, 1804-cü ildə Gəncənin
çar Rusiyası tərəfindən işğalına həsr
olunan əsər bu gün də aktualdır. Belə ki, o
vaxt Azərbaycan Quzey və Güneyə parçalanıb.
İndiyə qədər də o parçalanma
davam edir. “Bu mövzu yazılmalıdır
və bundan sonra da dəfələrlə yazılacaq. Eyni zamanda, «Difai fədailəri» əsəri Difai hərəkatına
həsr olunub – müsəlman-erməni qarşıdurması
haqqındadır. Bu qarşıdurma da bu
gün davam edir. Bu cür əsərlər
təkcə keçmişlə bağlı deyil, həmçinin
bugünə işıq salan əsərlərdir. Dünya ədəbiyyatında yazılmış
tarixi romanların bir çoxu məhz bu cürdür. Ona görə də son vaxtlar bu mövzuya maraq
artıb”.
S.Rüstəmxanlının sözlərinə görə,
tarixi janra maraq tendensiyası təkcə ədəbiyyat sahəsində
deyil, kinematoqrafiya və teatr yaradıcılığında
da genişlənib. “Bəşəriyyət, insanlıq
öz keçmişini daha yaxşı dərk etmək istəyir.
Bəzi xalqlar var ki, özlərinə uydurma
tarix yazırlar. Məsələn, erməni
alimlərinin, ədəbiyyatçılarının
yazdıqları bir sıra tarix kitabları tamamilə yanlış
miflərə əsaslanır. Ancaq zaman keçdikcə
oxucu onu az qala tarix kimi qəbul edir. Deyək ki, bir xalqın gəncliyinin yetişməsində
tarixi kitablar bəzən yaxşı, bəzən pis rol
oynayır». Tarixi romanlarda faktların təhrif
olunmasına gəlincə, yazıçı bildirib ki, bədii
kitab tarix deyil, amma tarix haqqında yazılan bədii əsərlərdə
mümkün qədər faktların dəyişdirilməməsinin
tərəfdarı olduğunu bildirib: “Şəxsiyyətləri,
tarixdə olan gerçəkliklərin yer aldığı
hadisələri hər yazıçı öz bildiyi kimi yaza
bilməz. İnsanların o dövrdə
yaşantıları, durumlarına, xarakterlərə hər kəs
bir cür yanaşa bilər, ancaq ona yeni bir tərcümeyi-hal
düzəldə bilməzlər. Çünki
bu, tarixdir. Bədii əsər hadisələrə
yanaşmada sərbəstlik edə bilər, ancaq hadisələri
dəyişdirə bilməz». Son dövrlər
yazılan tarixi romanlara münasibət bildirən
yazıçının fikrincə, nəşrlərdə həddən
artıq uydurmalar və bəsit yanaşmalar yer alıb: «Təbii
ki, hər bir yazıçı keçmişə öz
gözü ilə və yaşadığı əsrdən
baxır. Tarix, xüsusən bizim tariximiz
çox mürəkkəbdir. Orta əsr təfəkkürü
bir çox məsələlərdə o qədər də dəyişilmir.
Ancaq o dövrün düşüncələri
bugünkü baxışla təhlil oluna bilməz. Çünki o dövr kifayət qədər
araşdırılmalıdır. Nəsimi
və ya Nəimi, sufilik və ya əxilik hərəkatı
çox böyük ənənələrə dayanan, hətta,
dini inanclara bağlanan cərəyanlar idi. Və yaxud Yunis İmrədən gələn xəttlər
var ki, onların tarixi kökləri bilinmədən, yalnız
üzdə olan faktlara söykənərək təhlil oluna
bilməz. O məktəblər öyrənilməlidir. O
dövrün düşüncəsinin, ədəbi-bədii təfəkkürlərinin
açarları var ki, onları bilmədən yazmaq
özünü qabaqcadan məhkum etməkdir».
«Yaxşı, pis – indi
olanlarımız budu»
Tənqidçi Əsəd Cahangirin fikrincə, tarixə
müraciət xalqın özünü milli dərk prosesi ilə
bağlıdır. Belə ki, xalqın qarşısına
müəyyən problemlər çıxanda, bir mərhələ
digəri ilə əvəz olunanda həmin problemlərin
cavabını tarixi qatda axtarırlar. Bu da
özünü milli dərkə aparıb
çıxarır: “Sovet dövründə də Azərbaycanda
tarixi romançılıq olub. Belə ki, Azərbaycan
nəsrinin ilk nümunəsi, 1857-ci ildə yazılan
«Aldanmış kəvakib» tarixi əsərdir. Sonralar da bu ənənə davam edərək Məmməd
Səid Ordubadinin yaradıcılığında üzə
çıxıb. 60-cı illərdə
isə tarixə müraciət intensiv xarakter alıb. O
illərdə Stalin epoxası başa çatdı. O dövrdə
xalqın milli özünüdərkinə icazə verilmirdi. «Dədə Qorqud» kitabı belə, qadağan
edilmişdi. Nisbətən mülayimləşmə
dövrü yaranandan sonra artıq xalqın özünə
qayıdışına imkan yarandı. 60-cı
illər romançılığı milli oyanışla
bağlı idi”.
1990-cı illərdə - SSRİ dağılandan sonra
milli özünüdərkin daha ciddi mərhələsinin
başlandığını bildirən Ə.Cahangirin sözlərinə
görə, müstəqilliyin əldə edilməsi,
xalqın qarşısına çıxan çoxsaylı
problemlərin həlli üçün tarixi müstəvidə
axtarış başlanıb. Belə ki, bədii düşüncəmizin
ən dərin qatlarında «Biz harada səhvə yol
vermişik və nə etməliyik?»
sualına cavab axtarılıb. Bu mənada yenidən tarixi
janra müraciət güclənib: “90-cı illərdə
Əzizə Cəfərzadənin «Bəla» povesti çapdan
çıxdı və əsərdə 17-ci əsrdə
xalqlar arasında baş verən parçalanma və müasir
dövrdə olan siyasi parçalanma ümummilli
düşüncənin olmamasının tarixi kökü kimi
göstərildi. Yazıçı bu gün
müxtəlif siyasi qruplaşmalar arasında olan
parçalanmanın tarixi kökünü göstərməyə
çalışdı”.
Son 10 ildə tarixi mövzuya marağın genişlənməsini
qeyd edən tənqidçinin sözlərinə görə,
tarixə müraciətin daha bir versiyası da meydana
çıxıb. Belə ki, ənənəvi tarixi roman
janrında fərqli bir forma yaranıb. «Ənənəvi
tarixi roman janrlarında tarix bir örnək kimi göstərilir
və tarixin əzəmətini bərpa etmək ideyası
başlıca ideya kimi ortaya qoyulur. Amma
tarixə postmodernist yanaşmada tarixi miflərin
dağıdılması, onların dekonstruksiya edilməsi
ön plana çəkilir. Məsələn,
Kamal Abdullanın «Yarımçıq əlyazma»sında
olduğu kimi».
Tənqidçi son zamanlar ölkəmizdə yazılan
tarixi romanlara «yaxşı, pis – indi olanlarımız budur» deyə
münasibətini bildirərək onların içərisində
zəif, ortabab əsərlərin olduğunu bildirib. «Amma demək
olmaz ki, Azərbaycan tarixi romançılığı, istər
postmodernist variant, istərsə də ənənəvi və
ya modernist versiyada olsun, heç bir halda Qərb tarixi
romançılığı səviyyəsinə qalxa bilmir.
Məsələn, Qərb tarixi
romançılığı Volter Skottdan başlayır.
O, 15 ildə 30 roman yazıb və onun əsərləri
dünya tarixi romançılığında ən kamil
tarixi roman nümunələridir. Sonra da bu ənənə
davam etdirilib”. Tənqidçinin fikrincə, bizim
romançılarımızın əsas problemi tarixi koloriti
canlandıra bilməmələri ilə bağlıdır: “Mən
bunu romantik ideoloji baxımdan yox, estetik ədəbi baxımdan
deyirəm. Məsələn, Volter Skott öz
romanlarında 12-ci əsr ingilis və şotland həyatını
canlandıra bilir. Bu əsərləri oxuyanda
özünü həmin atmosferdə hiss edirsən. Sanki o əşyalara əlinlə toxunur, onları
gözünlə görürsən. Burnuna
onların ətri gəlir. O insanların geyimi,
davranış tərzi, psixologiyası bütün komponentləri
ilə gözün qarşısında canlanır – bu, tam
tarixi koloritdir. Amma bizim tarixi
romançılığımızın ən yaxşı
nümunələrindən olan İsa Hüseynovun «Məşhər»
romanında belə o dövrün tarixi koloriti
özünün bütün spesifikası ilə
görünmür. Azərbaycan tarixi romançılığının
ən böyük problemi də koloriti canlandıra bilməmələri
ilə bağlıdır. Bu da ondan irəli
gəlir ki, tarixi roman yazan müəllifin ruhunda həmin
tarixin ruhu olmalı, özünü o koloritdə hiss etməlidir.
Onun havasını, psixologiyasını
özününküləşdirməli, daha sonra əsərdə
canlandıra bilməlidir ki, heç olmasa, onun 50 faizi oxucuya
çatsın”. Ə.Cahangir hesab edir ki, tarixi
romançılıqla müqayisədə tarixi koloriti
canlandırmağa şeirdə daha çox nail olmuşuq:
“Görünür, bu da ondan irəli gəlir ki, bizdə
şeir ənənəsi, nəsr ənənəsindən
daha qədimidir».
Təranə Məhərrəmova
Kaspi.-2013.-4-5 oktyabr.-S.22-23.