Anam həm də şairdir
Zəlimxan Yaqub: Bu gün
şairin evini şair, yazıçının evini yazıçı yıxır
Müsahibimiz Xalq şairi Zəlimxan Yaqubdur
– Bildiyimiz
kimi sizin son dövrlərdə bir
neçə poemanız çap olunub. Amma bəzən
deyirlər ki, poema
janrı aktuallığını itirir. Siz poemanın aktaullığını itirməsi
ilə bağlı deyilənlərlə
razısınızmı?
– Poema ədəbiyyatda elə bir
janrdır ki, heç
vaxt, heç zaman aktuallığını itirməyəcək.
Çünki elə məsələlər,
elə mövzular, elə ürək
sözləri var ki, onu bir şeirdə əks
etdirmək, fikri bütün
rəngi, çaları ilə, hərtərəfli oxucuya çatdırmaq olmur.
“Azərbaycan” jurnalının 2013-cü il
avqust nömrəsində “Şuşa
şikəstəsi” adlı poemam çap olunub. Həmin poemada Qarabağın biz
bilən-bilməyən bütün dərdlərini
əks etdirmişəm. Homerdən üzübəri poema janrında əsərlər
yazılır. Yaxşı əsərlər də olur, yaxşı olmayan poemalar da olur.
Yaxşılar qalır, yaddaşlara hopur, yerdə qalanlar unudulur. Son aylarda
“Şuşa şikəstəsi”dən başqa, tarixçi alim dostum Kərəm Məmmədovun
“Borçalı abidələri” əsərini oxuyandan
sonra “Tarix və daş” adlı poema
yazdım. Daha sonra
Aşıq Veysəl barədə “Dağlar
çiçək açar, Veysəl dərd
açar” adlı poemam
“Ədəbiyyat” qəzetində çap olundu. Bu fikirdəyəm ki, geniş epik fikrə sahib olmayan adamlar heç vaxt poema yaza bilməz. Poema şairdən ilham, istedad, böyük səs,
nəfəs tələb edən bir
janrdır. Ona görə də bu janr heç
vaxt aktuallığını itirməyəcək,
dəbdən düşməyəcək. İndi
kitaba münasibət də dəyişib,
texniki naliyyətlərimiz kitabı
sıxışdırıb, amma bütün zamanlarda kitab elə kitabdır. Min
cür elektron vasitə
bir kitabın yerini verə
bilməz. Ona görə mən
kitabın, mütaliənin, o cümlədən
də, poema janrının dostuyam.
–
Poemalarınızın biri, – “Hüseyn Saraçlı
dastanı” dastan-roman adlandırılır. İstərdim
bu əsərin janr
xüsusiyyətindən danışasınız ki, niyə məhz dastan-roman
adlandırmısınız bu əsəri?
– “Hüseyn Saraçlı dastanı” əsl
dastandır, ancaq orda
elə hissələr, elə hadisələr var
ki, romana xas xüsusiyyətlərə malikdir.
Ona görə bu əsər
yeni bir janrda yazılıb. O əsərdə mən bütün Qafqazın folklorundan
istifadə etmişəm, dastan-romanda “Dədə
Qorqud” dastanından Aşıq Ələsgərə
qədər bütün ustad
sənətkarların yaradıcılıq yolunu
görmək olur. Romanın içində
dastan kimi gedişlər
etmək, dastanın içində roman
janrına xas elementlər əks etdirmək
etmək asan məsələ deyil, “Hüseyn Saraclı
dastanı”nda mən buna nail
oldum.
– Son
illər səhhətinizdə problem olmasına baxmayaraq, gənc
yazarların yaradıcılığını diqqətlə
izləyir, hətta bir neçəsi haqqında yazılar da
yazırsınız. Gənclərin
yaradıcılığına xüsusi
münasibətinizin olması nə ilə əlaqədardır?
– Mənim ağrılarım, acılarım, dərdlərim var. Ağrı-acımın dərmanı kitablardadır. Kitabsız dəqiqəm, saatım yoxdur. Nə vaxt boşluq oldu, sərbəstlik oldu kitab oxuyuram. Gənc yazarların nəfəsini duymayan, onların yeniliklərini, təzə-tər düşüncələrini torpaq kimi canına çəkməyən adam özünü yaradıcı insan adlandıra bilməz, heç kəs deyə bilməz ki, mən tam kamilləşdim, hər şeyi öyrəndim, vəssalam. İnsan qəbir evinə kimi kitablarla əlləşib-vuruşmalı və öyrənməlidir. Klassiklərlə yanaşı gəncləri də, onların düşüncəsini də öyrənirəm. Gənclərin yaradıcılığını həmişə izləyirəm, bu da mənim ağrılarıma əlac olur. Eyni zamanda gənclərin yaradıcılığı haqqında məqalələr yazıram. Şairdə publisistik qələm olmalıdır, yaradıcı adamlar haqqındakı fikirlərini cəmiyyətlə bölüşməlidir. Bəla budur ki, bu gün şairin evini şair, yazıçının evini yazıçı yıxır. Belə olmamalıdır, biz əl-ələ, çiyin-çiyinə verməli, bir-birimizə dəstək olmalı və ədəbiyyata, sözə, saza, sənətə xidmət etməliyik.
– Siz ənənəvi
formanın təmsilçisi olsanız da, sərbəst
şeir formasında yazanlarla, heca vəznində yazanlar
arasında fərq qoymur, hansı formada və vəzndə,
olmasından aslı olmayaraq bəyəndiyiniz şeirləri təqdir
edirsiz.
– Çox dəqiq müşahidə etmisən,
Fərid. Əsl yaradıcı insan üçün yaxşı əsər
önəmli olmalıdır, onun hansı
vəzndə, hansı formada
yazılması yox. Əsərin gərək
birinci ideyası olsun,
o ideya sənin yaxandan tutub sirkələsin,
könlünə yol tapsın,
arxasınca çəkib enişə, yoxuşa,
dərəyə, təpəyə, yamaca,
yala aparsın. Əgər əsər o gücə sahib deyilsə,
deməli, ürəklərə, qəlblərə yol tapa bilməyəcək.
Poeziya isə təbiət kimi
musiqili, qıvraq olmalıdır. Bu gün dilimizin
başına oyun açanlar
çoxdur, hansı janrdan
aslı olmayaraq dilimizə pis,
xalqımıza, bizə yaraşmayan
sözlər daxil olur.
Təkcə kitab oxumaqla
gözəl yazı dilinə yiyələnmək olmur, dil kökdən,
sümükdən, ana südündən
gəlir. İndi dilimizin
bayatı şirinliyi, gəraylı
dalğası, qoşma ləngəri itməkdədir.
Bütün bunlardan çox narahatam. Şair gərək xalqının dilini, vətəni, evi kimi qorusun.
–
Sizin yaradıcılığınız haqqıda çox
görkəmli yaradıcı şəxslər məqalələr
yazıblar. Ancaq o
məqalələrin heç birini 13 cildliyinizin
açılış yazısı kimi
istifadə etməmiş, giriş sözünü özünüz
yazmısınız. Şeirlərinizi özünüzün
şərh etməyiniz hansı ehtiyacdan
yarandı?
– Təkcə
elə Xalq Yazıçısı İsa Hüseynov kimi söz ustası
şeirlərim haqqında beş məqalə
yazıb, eləcə də digər görkəmli şairlər,
yazıçılar, alimlər, tənqidçilər,
aşıqlar və s. Haqqımda yazı yazan və bu dünyada olmayan bütün yaradıcılara Allah
rəhmət eləsin, yaşayanlara da can sağlığı
versin. O yazıların
hamısı mənə doğmadır, ancaq
bu çoxcildlik nəşrin
giriş sözünü
özüm yazdım və oxuculara şərh etdim ki, mənim yaradıcılıq yolum necədir, hardan gəlib
hara gedir, nə
düşünürəm, niyə belə yazıram, ənənəm
hardan beşik tutur, sözümün qüdrəti nədədir. Bunu özüm ona görə
elədim ki, şairi özü qədər heç
kəs duya, anlaya,
yaxşısını-pisini bilə, şeirlərimi məndən
yaxşı şərh edə bilməz. Çünki
o şeirləri balam kimi böyüdən, başa
çatdıran, ağrısını, şirinliyini
bilən mənəm. Həm də mənim elə
şeirlərim var ki,
onları heç bir
tənqidçi mənim kimi aça bilməz.
–
“Peyğəmbər” və “Mövlanadan Şəmsə
doğru” adlı poemalarınız bir başa yazılan əsərlər
deyildi. Xeyli hazırlıq və
araşdırma tələb edən mövzular
idi. Sizi bu araşdırmalar yormadı ki?
– Yox, Fərid, mən bu işi böyük
zövqlə gördüm. Bizim evimizdə həmişə dini söhbətlər olub,
Allahdan, Peyğəmbərdən
danışıblar. Ancaq mən Mövlanənin
yaradıcılığını Bakıda kəşf elədim.
Mövlanə dəryadır, üzməklə heç yana
çıxmaq olmur. Bu
saat dünyada ən çox oxunan müəlliflərdən
biridir, eyni zamanda haqqında yazılanlar dünya
oxucusunda böyük maraq doğurur. “Peyğəmbər”
poemasınısa, iki dəfə Həcc
ziyarətinə gedib-gələndən sonra
yazdım. Poemanın girişində də yazmışam ki, bu əsəri yazana qədər 300 dən çox
ancaq Peyğəmbər haqqında əsər
oxumuşam.
–
Zəlimxan müəllim, sizin həmişə tirubunalarda
guruldayan, qaynayan səslə
çıxışlarınızı
görmüşük. İndi o səsinizdən ötrü
darıxmırsınız ki?
– Fərid,
bu gün həmin guruldayan, çağlayan
səs mənim içimdə var, ancaq boğazımda yoxdur.
İnaşallah bir gün o da
olacaq. Ancaq ürəyimin
səsi yenə həmişəki kimi
coşub-çağlayır, o səsi heç nə batıra bilməz. Ancaq öz səsimdəm ötrü darıxdığım vaxtlar da olur,
onda ürəyimə qulaq
asıram və həmin səsi, o səsin
qüdrətli avazını, nərəsini eyni
dərəcədə eşidirəm.
– Sizin qeyri-adi yaddaşa sahib olmağınız insanlarda heyrət doğurur, yaşlı ədəbi nəsil, bu mənada sizi Mikayıl Müşviqlə müqayisə edirlər. Bəzənsə elə bilirlər ki, siz şeirləri əzbərləyirsiniz. İstərdim ki, bu məsələlərə aydınlıq gətirəsiniz.
– Fərid,
əzbərləməklə 30 şeir, lap 50 şeir yadda saxlamaq olar. Amma əzbərləməklə
poema, dastan, cild-cild kitablar yadda saxlamaq olmaz. Yaddaş ana südüylə, qanla,
sümüklə, torpaqla, irslə, əsl-nəsilə
keçir insana. Anam təhsil almasa da, istənilən ədəbiyyatçıyla
oturub saatlarla şeirlərəşə,
bayatı, nağıl, dastan deyə bilər.
Mənim mayam o
süddən tutulub. 13 cidliyimdəki
şeirləri hansı yerindən açsan,
sənə o yerdən əzbər şeir deyə bilərəm. Ona
görə ki, şeirlərim hamsı
qanıma, canıma hopub, adım kimi bilirəm. Eyni zamanda başqalarının da
şeirlərini əzbər bilirəm. Bir
dəfə üzündən oxumaq bəs
edir ki, sevdiyim şeir ölənəcən
mənə yoldaşlıq eləsin. Mən xəstə yatanda çoxu elə bildi ki, əzbər bildiklərim
yadımdan çıxacaq, yaddaşım korşalacaq,
amma belə olmadı. Çünki,
mənim yaddaşım torpaqdan gəlir, kitabdan gəlmir. Kitablarlasa
yaddaşımı təzələyirəm, bədən tərbiyəsi
olduğu kimi beyin tərbiyəsi də var.
Beyin tərbiyəsi kitab
oxumaqdadır, mütaliədərir, çox
oxuyuram, gecəm-gündüzüm yoxdur. Yaddaş Allah vergisidir, göylərin
payıdır. Şükür
Yaradanın vergisinə.
– 13 cildliyinizin II cildinə gənclik illərinizdə yazdığınız şeirlər daxil edilib. Oxudum kitabı. Gənclik illərində ehtiyac içində, çətinliklərə yaşasanız da şeirlərinizdə ağır günlərin təsiri az görünür, daha çox mətinlik duyulur. Müşahidəmdə yanılmamışam ki?
– Qətiyyən.
Sənə deyim ki,
çətinlik görməyəndə insan
püxtələşmir, möhkəmlənmir. Mən həm kənddə çətinlik
görümüşəm, həm də şəhərdə.
Zirzəmidə yaşamışam, ancaq
şeirlərim dillər əzbəri olub,
yaradıcılıq mənim həyat eşqimi
artırıb. Çətinlikdən qorxmamışam,
düşünmüşəm ki,
dağdırsa aşmaq lazımdır,
üfüdürsə uçmaq
lazımdır, dəryadırsa üzmək lazımdır.
Çətinlikdən qormaq lazım deyil. Mən qorxmamışam deyə, çətinliklər
məni heç vaxt
aludə edib başımı qatmayıb,
yaradıcılığıma mane ola bilməyib. Şair gərək
yaradıcılığını qoruya, onu məişətin, güzaranın
güdazına verməyə.
–
Qərb ədəbiyyatını diqqətlə oxusanız da,
yaradıcılığınızda daha çox Şərq ədəbiyyatının
təsiri özünü göstərir. Sanki
Şərq ədəbi ənənələrini
özünüzə daha doğma
bilirsiz, yoxsa?
– Şərq ədəbiyyatının öz, Qərb ədəbiyyatının öz yolu var. Ancaq Şərq ədəbiyyatı mənə daha doğmadır. Çünki Şərq ədəbiyyatı insanı böyüdüb Allahdan üstün tutmur, insanın içini, daxili dünyasını, ürəyini böyüdür. Qərb ədəbiyyatı da dahi fikir adamları yetirib. Amma Şərq ədəbiyyatı nümunələri mənim çörəyimdi, suyumdu, havamdı, gəncliyimdi, qocalığımdı, həyatımdı, ölümümdü. Qərb ədəbiyyatını ona görə oxumalısan ki, görəsən, dünya nə düşünür, nə fikirləşir, onların dərdi nədir, sevinci nədir. Qərb müəlliflərinin də əsərlərini oxumalı, onların dərdinə öz dərdin kimi ağrımalı, sevincinə öz sevincin kimi sevinməlisən. Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalıq” romanını üç dəfə oxumuşam, yenə doymamışam. Yaxud Frans Kafkanın “Çevrilməsi” necə gözəldir. Bu cür başqa əsərlər də var, həmin əsərləri necə oxumamaq olar?!
– Məncə, Sovet
dövründə təbii olaraq bizim yazarlara təsir edən
rus ədəbiyyatının da, Sovet dövrünün diqtəsi
ilə yaranmış ədəbi mətnlərin də sizin
yaradıcılığınıza ciddi, nəzərəçarpacaq
təsiri olmadı.
– Tamamilə
düz deyirsən. Bunun
da səbəbləri var.
Saz qoymadı məni nala-mıxa vuram, yolumdan sapam, təsirə düşəm. Saz, torpaq, məni təmiz
saxladı. Nəyimə lazım idi kim necə yazdı. Mənim öz
yaradıcılıq yolum vardı o yolla irəlilədim, oxudum, bəyəndim, amma
hər yetən söz adamını qələmimə
yaxın buraxmadım. Ona görə də,
Sovet dövrü, həmin
zamanın diqətəsindən doğan vəziyyət
yaradıcılığıma mənfi mənada təsir edə
bilmədi.
– Kitablarınızda dönə-dönə
ana mövzusuna qayıdırsınız, sanki bütün
uşaqlıq xatirələriniz ananızla
bağlıdır. Çox cildliyinizdəki şeirləri
oxuyanda bu cəhət çox diqqətimi çəkdi.
– Tvardovskinin “Üfüqlərdən üfüqlərə” poemasını Tofiq Bayram tərcümə edib. Poemada deyilir:
Sənət timsalıdır xeyirxahlığın,
O şərə bürünsə xeyir yaranmaz.
Bir ana südünün, bir uşaqlığın,
Paklığı olmasa şeir yaranmaz.
Elə bilirəm
ki, 13 cildlik kitabımın hamısını
anam yazıb, mən yazmamışam. Anam danışanda
mən ağzıaçıq
qulaq asıram ona. Elə danışır ki, elə bil
möcüzə danışır.
Yəni mənim anam təkcə ana deyil, həm də şairdir. Anam mənim, şeirlərimin,
kitablarımın, bütün
varlığımın müəllifidir.
Fərid Hüseyn
Kaspi.-2013.-4-5 oktyabr.-s.14.