“...hər elmi hər adama öyrətməzdilər“
Əkbər Qoşalı: "...bu dediklərim, iddia yaradırsa mən bundan şad olaram....
Həyatınızda bəzi adamlar var, sizə dost deyil əslində, həm də ən yaxın dostdur. Onunla dərdləşməzsiniz, gününüzün necə keçdiyini bölüşməzsiniz amma sizə elə gələr ki, o sizi bilir. Ən qəribəsi isə, bu cür düşünən tək siz deyilsiniz, onu tanıyan hər kəs bu fikirdədir. Bəli, çox nadir də olsa bizim həyatımızda hamıya dost olan, üzünün nurundan pay verən adamlar var və yaxşı ki, də var...
Müsahibim bizim üçün belə dostlardan
biri, titul dili ilə də desək, Dünya
Gənc Türk Yazarlar
Birliyi (DGTYB) Məsləhət
Şurasının başqanı Əkbər QOŞALIdır
- Əkbər müəllim, yeni
kitabınız işıq üzü görüb: “Türk
Dünyasında Ədəbiyyat”! – Gəlin bu iddialı addan və
kitabdan danışaq, mümkünsə...
-
Əlbəttə, mümkündür, niyə mümkün
olmasın? – Bu kitab Dünya Gənc Türk Yazarlar Birliyinin
(DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası tərəfindən maliyyələşdirilən
“Türk Dünyasında Ədəbiyyat... Ədəbiyyat(ımız)da Türk
Dünyası...” adlı layihə çərçivəsində
işıq üzü görüb.
“İddialı” deyirsiz... Sizə deyim, o kitabın əsasında
mənim Azərbaycan Yazıçılarının “Ədəbiyyatımız
və Türk Dünyası” adlı hesabat konfransında etdiyim
məruzə durur. Hansı ki, Xalq
yazıçısı ANAR o məruzə
haqqında “Model məruzə” dəyərləndirməsi
etmiş, professor Nizami Cəfərov, Xalq
şairləri Sabir Rüstəmxanlı,
Fikrət Qoca biləvasitə həmin konfransda, Xalq şairi Zəlimxan Yaqub məruzənin
mətbu versiyası ilə tanış olduqdan
sonra, çox yüksək
sözlər söyləmiş, necə deyərlər,
“qol-qanad” vermişlər... Qanadlı
sözləri, həmçinin Arif
Əmrahoğlu, Hikmət Babaoğlu, Yunus Oğuz, Elçin Mirzəbəyli kimi
dəyərli aydınlarımızdan, neçə-neçə
yeni nəsil yazarımızdan da almışam. Üstəlik, bu kitabda, “TÜRK
DÜNYASINDA ƏDƏBİYYAT...” kitabında dos.dr.
Rıdvan Canımın (Türkiyə) və Mehmet
Doğanın (Türkiyə) məruzələri də yer alır. Bu məruzələr, uyğun olaraq, Türkcənin X Şeir
Şölənində (2013-cü ildə Bişkəkdə –
Manas Universitetində), yenə həmin
Şöləndə - Qırğız Dövlət
Filarmoniyasında) – mötəbər insanlar
qarşısında oxunub.
Sözükeçən
məruzələrlə yanaşı
araşdırmaçı-jurnalist Əfsanə
Bayramqızının hazırladığı “Türksoylu
xalqların Elektron Media Kataloqu”ndan ədəbiyyatla, ümumən
mədəni irslə bağlı bölümlər də
kitaba daxil edilib.
Bax,
bütün bu dediklərim, əgər iddia yaradırsa yaxud iddialı
görünürsə, mən bundan şad olardım... – Yəni
iddia ölçüsündə iş yoxsa, sıxılmaq
lazım olduğu kimi, uyğun iş varsa, məmnun
olmağımız... bizə irad tutulmaz hər halda...
- Haqlısız.
Yaxşı, bu gözəl kitabdan – gözəl işdən keçək
ikinci suala... Deyirlər
ki, gözəlliyin çoxlu
çeşidləri var. Onlardan
birini bu il siz də yaşadız,
ata olaraq. Oğlunuz tələbə adını
aldı. Öncəliklə təbrik edirik.
Deyə bilərsizmi necə hissdir ata olaraq bunları yaşamaq?
-
Əfəndim, ilk öncə, bu münasibətlə məni
təbrik yağmuruna tutan bütün dostlara, tanışlara
sizin yaratdığınız fürsətdən yararlanaraq
bir daha təşəkkür edirəm! Evlad
uğuru görmək, əlbəttə,
gözəl hisslər bəxş edir insana. Mənim böyük
övladım tələbə adı qazandı… Mən o tələbə adı qazanarkən, fikrən
haralara gedib-gəldim, bir
Allah bilir! – Mən özüm elə də rahat
ortamda təhsil almamışam, elə də
kolay həyat yaşamamışam – nə
gizlədim. Baxmayaraq ki,
Texniki Universiteti fərqlənmə
diplomu ilə, Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
aldığım ikinci təhsili də
yüksək qiymətlərlə başa
vurmuşam ancaq özüm öz təhsilimdən
tam razı deyiləm. O
çalışqanlıqla ki, mən orta məktəbdə oxuyurdum,
bax, o səviyyəni ali məktəbdə də nümayiş
etdirməkçün ortam, münbit şərait olsaydı, mən indi… necə deyərlər, başqa
yerlərdəydim... – Siz təsəvvür
edin, mən bir çox hallarda, özəlliklə
də riyaziyyatdan, dörd-beş
dərs öncənin tapşırıqlarını da yerinə yetirirdim və
müəllim mənə ev
tapşırığı verməyə çətinlik
çəkirdi. Olimpiadalarda məktəbimizi,
demək olar, həmişə mən təmsil
edirdim və nəticələrim də pis olmurdu. Natamam
orta məktəbi “fərqlənmə
şəhadətnaməsi” ilə bitirərkən, tam orta təhsil
attestatımda da “5”dən başqa
qiymət yox idi... Nə başınızı ağrıdım, özüm belə oxumuşkən,
övladlarımın məndən daha
yaxşı təhsil almasını, ən azından mənim
təhsil nəticələrimdən geri
qalmamalarını istəmişəm, təbii… Bununçün, ilk
növbədə, övladlarımı mümkün
olduqca münasib
yaşamla təmin etməyə
çalışmışam. “Münasib”
deyirəm… qeyri-adi, üstün
maddi təminatlı, göz
çıxaran demirəm! Ümumiyyətlə, mənim
övladlarıma verə biləcəyim mal-mülk
deyil – bunu özüm bilirəm, övladlarıma verə
biləcəyim mülk, var-dövlət
onların mənəvi cəhətdən
sağlamlığı, yaxşı müəllimlərin yanında
yetişmələri, dünyagörüşləri,
üfüqügenişlikləri ola bilər!
Bax, yaradan hərəyə bir şey verər, deyirlər ha, - mənə də yaxşı övladlar verib, biliklərə təşnədirlər – öyrədildikcə öyrənə bilirlər. Doğrudur, mənim kimi dörd-beş dərs öncənin hazırlıqları içində olduqlarını görməmişəm, ancaq düşünəndə ki, indi maraq dairəsi daha genişdir, mən bunu heç tələb də etmirəm. İstəyirəm, qeyri-adi yox, normal şəkildə, özlərini xüsusi gərginliyə salmayaraq, uşaqlılarını, gəncliklərini də yaşaya-yaşaya böyüsünlər.
Nigar xanım, məni duyğulandırdız, bəlkə bir qədər geniş danışdım, qüsura baxmayın.
Sizə onu da deyim ki, mənim mənsub olduğum nəsil Qədirli adlanır və biz bizimlə bağlı insanlara, olaylara qədirbilənliklə yanşmağa çalışırıq. Bu keçmişdə də belə olub, gələcəkdə də belə olacaq. İstərdim, mənim özümə, övladlarıma yaxşı təhsil vermiş bütün müəllimləri Müəllim Günü ərəfəsində, qəlbən salamlayım, ən xoş diləklərimi yetirim. Sualınız gərəyincə, özəlliklə, oğlum Əsgərin ibtidai sinif müəlliməsi olmuş Ayna xanımdan tutmuş, sonrakı illərdə onun oxuduğu məktəblərə rəhbərlik etmiş Həlimə xanıma, Rəhman müəllimə, Əsgəri bilavasitə ali məktəbə hazırlamış Sabit müəllim, Sərdar müəllim, Sadiq müəllim, Səhər xanım, Məhbubə xanım, Ələsgər müəllim və Qadir müəllimə könül dolusu təşəkkürlərimi yetirirəm.
- Lap
yaxşı. Gəlin indi də çağdaş ədəbi mühitimizdəki
təlatümlərə diqqət yönəldək, bir az da
sizin gözünüzlə baxaq ədəbiyyat təsərrüfatımızın
bugününə...
- Çağdaş ədəbi mühit yaxud ədəbiyyat təsərrüfatımızın bugünü özlüyündə geniş mövzudur, bir müsahibənin bir sualı boyunca onu incələmək çətindir. Sizin birinci sualınızda haqqında danışdığımız “Türk Dünyasında Ədəbiyyat” kitabında bir xeyli bu mövzuya yer ayırmışıq; ardıcıl olaraq yenilənən dgtyb.org və bizimYAZI.com saytlarında yerləşdirdiyimiz materiallarda da, dediyiniz mövzunu təqib etməyə çalışırıq. Ədəbi mühitdə təlatüm varsa, bu yaxşı haldır. Ancaq gəlin görək, o dediyiniz təlaütüm mətnlər üzrədimi, yaradıcılıq tendensiyaları üzrədimi, estetik dəyərlər üzrədimi yoxsa, ədəbiyyat təsərrüfatının sosial yönləri iləmi bağlıdır? Birinci xətt – məqbul xətt olmamış deyil, təbii ancaq təəssüf ki, mətbuatımızın “təlatüm” kimi təqdim etdiyi nəsnələr, olaylar mənə sosial xarakterli gəlir. Doğrudur, insanların sosial qayğılarını dilə gətirmələri, ona çözüm aramaları ayıb bir şey deyil lakin bu yüksək ədəbi ideal deyil, ədəbiyyatın görəvi deyil!
- Bu çalxalanmalar sizcə
Türkiyə ədəbiyyatında da varmı? Varsa Azərbaycan ədəbiyyatına
yansıması necədir?
-
Oxşar və fərqli yönlər var, təbii ancaq “bir millətin
iki dövləti” olsa da, Azərbaycan və Türkiyənin
inkişaf xarakteristikası, keçilmiş mədəni
inkişaf yolları bir xeyli fərqli olub, bu fərqlilik mahiyyətdə
təcalla tapıb, gerçəklikdə - örnəyi ədəbi
aləmdə təzahür edib. Əsas fərq¬lərdən
biri 80-ci illərdə Türkiyədəki
“solçu”, “sağçı” ədəbiyyat
anlayışlarının, kəskin ədəbi
ayrmçılığın bizdə müşahidə edilməməsidir.
Son illər Türkiyədə bu tendensiya bir
xeyli zəifləyərkən, qəribə
bir şəkildə bizim
ədəbiyyat təsərrüfatımızda cərəyanlaşma,
ideoloji zəmində ayrılma havası, əsintisi
keçməkdəydi. Bu halı şiddətlə
qınamayıb, anormal hal
da saymazkən, davamlı xarakter
alacağına əmin olmadığımı da bildirməliyəm. Mənə elə gəlir,
pencərin sıxıldıqca acı suyu
çıxdığı kimi, zaman da “yağı yağ, ayranı ayranlıq” edəcək:
AZƏRBAYCANDA YENİ BİR ƏDƏBİ
ŞƏKİLLƏNMƏ YARANACAQ! – Bu
şəkillənmə, ədəbi birliklərin
konfiqurasiyasından tutmuş, ədəbi
dəyərlərin, ədəbi meyarların özünədək
nüfuz edəcək, milliliklə bəşəriliyin
harmoniyası zəminində ən yeni dövr Azərbaycan Ədəbiyyatı formalaşacaq. Yaxud bir formalaşma
aşaması bitib yeni
bir aşama özünü göstərəcək.
- Maraqlıdır – necə deyərlər,
yaşayarıq- görərik.
Əkbər
müəllim, bəs DİLlə ƏDƏBin ədəbiyyatda
əksi... – bu barədə fikriniz?
-“Maraqldır”
demək növbəsi bu dəfə məndədir, qaliba. Yaxşı
sual verirsiz. Mən bu sualı bayaqdan etdiyimiz söhbətin məntiqi davamı
sayıram bir növ. Dediyimiz kimi, “təlatümlər”,
“əsintilər”, “hallar”, kimi
təsnif etdiyimiz yaxud
təsnif etməyə çalışdığımız bütün məqamlar DİLlə
ƏDƏBin mövcud durumunu
dəyişməyi diqtə edir sanki. DİLi ƏDƏBli, ƏDƏBİYYATı DİLli və zəngin olanların
haqqını yemədən, yeni nəsil
nümayəndələrinin bəlli bir bölümünün, sizin
qoyduğunuz sual
üzrə, necə deyərlər… əziyyət çəkdiklərini
görürük… Qədim dövrlərdə,
elmlə professionalcasına məşğul olanların
maraqlı kuralları vardı: hər elmi
hər adama öyrətməzdilər, hər
şeyi yazmazdılar, elm
öyrənənlər öyrədənlər
qarşısında and içərdilər
və s. - Bu da onunla bağlı idi ki, elmi
biliklər yanlış adamların, o
bilikləri “qaldıra bilməyən”lərin əlinə
düşər, bəşəriyyət əziyyət çəkə
bilərdi. Necə ki,
yüzillər boyu qoyunan
kurallar nə zamansa pozuldu… nəhayətdə, deyək ki, atom bombası
yarandı… - oysa atomun
elektrik stansiyası funksiyası (da) vardı… Bilməm, fikrimi
çatdıra bildimmi? İndi
internet dövrüdür,
yeni fenomenlər yaranıb,
baxışlar, bucaqlar və də
baxış bucaqları dəyişib, dəyişikliyin, yeniliyin dəyişmə şəkli
(şəklin dəyişməsi) özü
də dəyişib: sürət, forma, həcm,
məzmun, çatdırılma, paylaşma
və s. .. Bax, belə olunca, üstəlik də,
andlılıq yox, “kodeks”,
daha konkret ifadə ilə
desək, “bədii şuralar” yox… və sən istədiyini yazırsan, istədiyini
yayınlayırsan… Elə başa
düşürəm, bu xaos
özü öz kosmosunu – göyünü
doğurmağa məhkumdur. Və orada estetik dəyərlər
qalib olacaq!
- İstərdim, bir qədər də
yaxın gələcəkdəki planlarınızdan
danışasız...
- Biz
yeni bir layihənin icrasına başlamışıq. Layihə
Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilir.
“Gənc yazarların Bakı görüşü”
adlanan bu layihə
çərçivəsində Azərbaycanın bölgələrində
yaşayan istedadlı gənc yazarların
Bakıda toplantısı keçiriləcək, onlarla fikir mübadiləsi
aparılacaq, habelə onlara şərait
yaradılacaq ki, paytaxtın böyük salonlarının birində öz yaradıcılıq örnəklərini
oxuculara, tamaşaçılara canlı olaraq çatdırsınlar, onlara
ünvanlanan suallara cavab versinlər. Bilirsiz də,
yeniyetmə və gənclər daha çox sual verən, tələb
edən, bir başqa yönü ilə desək, maksimalist
olurlar. Biz də istəyərik
ki, bir gün
onlar oxucu,
tamaşaçsı sualları ilə üz-üzə
qalsınlar, onların yaradıcılıq örnəklərinin
necə reaksiya doğurduqlarını biləvasitə
görsünlər.
Layihə
çərçivəsində “Çağdaş Azərbaycan
ədəbi qurumları” adlı yeni nəşrin
hazırlanması da nəzərdə tutulub.
Bundan başqa, ayrı bir layihə çərçivəsində cavan yaşlarında həyata vəda etmiş şairlərimizin (müstəqil Azərbaycan dönəmində) toplusunu nəşr edəcəyik. Sağlıq olsun, görək…
- Maraqlı müsahibə üçün təşəkkür edirəm.
- Mən sizə, kollektivinizə təşəkkür edirəm, əfəndim.
Nigar İsfəndiyarqızı
Kaspi.-2013.-4-5 oktyabr.-S.15.