Ortaq Türk Tarixi” nə həsr olunmuş 1-ci Beynəlxalq Konfrans Şəkidə baş tutdu

 

Şəkidə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə Ortaq Türk Tarixinin araşdırılması problemlərinə həsr olunmuş 1-ci Beynəlxalq Elmi Konfrans keçirilib. “Şəki Palashotelinin konfrans zalında düzənlənən konfransa moderatorluq edən akademik Yaqub Mahmudov Ortaq Türk Tarixinin araşdırılması və yazılması zərurəti, bu istiqamətdə indiyədək atılmış addımlar və dünya türk tarixçiləri qarşısında duran vəzifələrdən bəhs edən geniş məruzə ilə çıxış etmişdir. Konfransda iştirak edən millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev türk sivilizasiyasının dünya miqyasında, xüsusilə də Avrasiya məkanında əhəmiyyətli tarixi rolundan söz açmış, türk xalqlarının gələcək taleyi baxımından tarixi-mədəni irsə əsaslanan ortaq dəyərlərin birgə elmi araşdırmalara cəlb olunmasının və bütün türkdilli ölkələrdə təbliğinin zərurətindən, eləcə də çağdaş qlobal inteqrasiya proseslərində Türk Dövlətləri Birliyinin rolundan danışmışdır. İki gün davam edən konfrans Ortaq Türk Tarixinin yaradılması istiqamətində atılacaq ilk addımların müəyyənləşdirilməsi və yaxın gələcəkdə görüləsi işlərin planının təsdiq olunması və bu istiqamətdə fəaliyyətlərə başlanılması haqqında qərarları ilə işini başa çatdırmışdır.

 

Kaspi.-2013.-4 oktyabr.-S.13.