Bakıya gedən qayıtmaq istəmir
“Mahmud və Məryəm”in Mahmudu: “Bu filmə baxan hər bir insan orada öz həyatından bir hissə tapacaq”
Ötən
həftə paytaxtımızda böyük bir film bayramı
keçirildi. Bayrama bayram
qatan ikinci bir sevindirici hadisə isə
uzun müddətidir ki,
çəkilişləri aparılan yarı türk,
yarı azərbaycanlı aktyorların iştirak
etdiyi “Mahmud və Məryəm”
filminin ictimaiyyətə təqdim edilməsi
olundu. Dünyanın bir
çox ölkələrində nümayiş olunacağı
planlaşdırılan filmin aktyorları xarici saytlara və mətbuata
müsahibələr verməyə başlayıb.
Filmdə
baş rolu canlandıran türk aktyor Aras Bulut İynemli 3 həftə
idi ki, filmin təqdimatı üçün Azərbaycana qonaq
gəlmişdi. Aktyor vətəninə
geri döndükdən sonra
türk mətbuatlarına Azərbaycanın
gözəlliyindən və vətənimizdə onu necə qarşılamalarından
danışıb: “Azəri qardaşlarımıza bizə
göstərdikləri diqqətə görə minnətdarlığımızı
bildiririk və onlardan
çox razı
qaldığımızı söyləmək istəyirəm.
Mən orada özümü
evimdəki kimi hiss etdim, sağ olsunlar ki, mənimlə əcnəbi
insan kimi
davranmadılar. Bundan əlavə, çəkildiyimiz
filmi çox bəyəndilər
ki, bu da
hər bir aktyoru həvəsləndirərək
ona güc verir. Minnətdaram”.
Beləliklə,
“Öyle bir geçer zaman ki” serialındakı Mete obrazı
ilə məşhurlaşan və
yaradıcılığına “Mühteşem yüzyıl”
serialı ilə davam edən “Mahmud və Məryəm”in
Mahmudu Aras Bulut İynemlinin Türkiyə mətbuatına Azərbaycanla
bağlı verdiyi müsahibəsini təqdim edirik.
“Mahmud
və Məryəm” yol hekayəsidir
- “Öyle bir geçer zaman ki”
serialına başlamadan əvvəl necə bir həyat tərziniz
vardı?
-
Beşiktaş Anadolu məktəbindən məzun oldum və
İstanbul Texnik Universitetində təyyarə mühəndisliyinə
qəbul olundum. Riyaziyyat və fizika fənlərinə həddindən
artıq marağım var. Futbol,
voleybolsuz yaşaya
bilmərəm deyə düşünürəm. 1-ci kursda oxuyanda seriala çəkildim, ona
görə təhsilimi dondurmaq məcburiyyətində
qaldım. Serialdan əvvəl teatrlarda dublyor aktyor kimi
çalışırdım. Teatrda, səhnəyə
çıxmaqdan çox həzz
alırdım.
- Universitet
həyatınız bitibmi?
- Hələ
ki oxuyub bitirməmişəm (gülür). Universiteti 2 il dondurdum. Bir müddət yenə getdim, amma davamlı
olaraq gedə bilmədim. Universiteti əvvəl-axır bitirəcəm, hələ
ki tələsmirəm.
Anama söz vermişəm.
O mənim bu universiteti necə qazandığımı bilir
və mənim ali təhsilli
olmağımı istəyir.
Belə
filmlərə çox
ehtiyacımız var
- “Mahmud və
Məryəm” sizin ekrandakı ilk tammetrajlı
filminizdir. Filmə çəkilmək
üçün təklif
aldıqda ilk olaraq nələr düşündünüz?
- Öncə onu qeyd edim ki,
Mahmud xarakteri məni çox həyəcanlandırdı.
Dastin Hofman ssenarini 150 dəfə oxuyurmuş, onun dediyinə görə, hər dəfə oxuyanda orada başqa şeyləri görürmüş.
Mən də 150 dəfə olmasa da, həmin
ssenarini 8 dəfə oxudum. Hər oxuduğumda yeni
şeylər kəşf
etdim. Hekayə fəlsəfi ruhdadır.
Ssenaridəki hər söz
üçün düşündüm
ki, bu hissədə
nə demək istəyiblər. Elçin
Əfəndiyev bu romanı 31 il
bundan öncə yazıb, bu gün isə həmin əsər ekran həllini tapıb. Roman öz
aktuallığını bu
gün qoruyub saxlamağı bacarıb.
- Sizə görə, “Mahmud və Məryəm” eşq hekayəsidirmi?
- Mənim düşüncəmə
görə, “Mahmud və
Məryəm” bir yol hekayəsidir. Mahmud eşqi üçün
yollara düşür
və həmin yolda həyatın gerçəkliklərini görür.
Rejissorla
əsərin təhlilinə
dair uzun–uzadı söhbət etdik və özlüyümdə
yaranan suallara haradasa bir cavab
tapdım. Bir həftə
mətnləri əzbərlədim.
Mahmud daima özünü
axtaran, tapmaqda çətinlik çəkən
bir obrazdır. O
öz halından məmnun deyil, xan olmaq istəmir.
Mahmud qılınc istifadə etməyi bilir, ancaq istifadə
etmir. O, xarakterinin
tamlığını yolboyu
kəşf etmək imkanı qazanır. Məryəmi axtararkən
çıxdığı yolda insanları görür, onların iç dünyasının
şahidi olur. O, gördü ki, real həyatda qan, vəhşət var. Bundan
qaçmaq qeyri-mümkündür.
Nəticədə xan olaraq həyatına davam etdi. Bundan sonra qılıncını
ancaq ədalət yolunda istifadə etməyə qərar verdi. Filmin əvvəlində
göstərilir ki,
Mahmud cadu yolu ilə dünyaya gəlir. El arasında
bir misal var, deyirlər ki, “Hər tilsimin
ödədiyi bir əvəzi var”. Mahmud da sanki
acılar çəkərək
onu ödəyir.
Hər tamaşaçının öz
baxış obyekti
var. Filmə hər kəs birlikdə baxır, ancaq film insanlar tərəfindən
fərqli qəbul edilir. Belə filmlərə çox
ehtiyacımız var.
- Sizə ssenari gəldikdə ilk olaraq kimdən fikir aldınız?
- Anamdan. Onun nəsihətlərinə hər zaman ehtiyacım var. Ancaq düşüncələrimi öncədən
heç kimə söyləməyi sevmirəm.
İstəmirəm ki, kimlərinsə
fikirləri mənim beynimi qarışdırsın.
Filmi ətrafımdakılarla deyil,
həmin filmin rejissoru ilə müzakirə etməyə
daha çox üstünlük verən
bir insanam.
Bakı
teatral bir şəhərdir
- Filmə çəkilməmişdən öncə Azərbaycan mədəniyyəti ilə
tanışlığınız var idimi?
- Bu filmə çəkilərkən
Azərbaycan haqqında
çox az
bilgiyə sahib idim. Təkcə onu bilirdim ki,
sənətə, sənətkara
böyük hörmət
qoyan bir xalqdır. Bakı teatral bir şəhərdir, ora gedən qayıtmaq istəmir. Bakı məni heyran
etdiyindən də çox təəccübləndirdi.
Dillərimiz çox yaxındır,
ancaq bir çox fərqliliyimizin olması maraqlı dialoqların yaranmasına
səbəb oldu.
Azərbaycanlılar çox səmimi
və mehriban insanlardır. Bakını gəzdim, çox gözəl idi. Hələ sizə gecələr Bakının işıqlandırılmasından
danışmıram. Bir sözlə,
mükəmməl idi.
Azərbaycan tarixi məmləkətdir.
Çəkilişlərimiz Şəkidə, Karvansarada baş tutdu. Mən Bakıda olanda hiss etdim ki, “Öyle
bir geçer zaman ki” serialını
sevərək izləyiblər.
Azərbaycanda özümə qarşı
gözləmədiyim şəkildə
münasibət gördüm.
- Mahmud çox sakit xarakterə sahibdir, Türkiyədə
məşhur olan Mete isə çox çılğındır. Bəs
siz özünüzü
yaratdığınız bu
obrazlardan hansına daha yaxın hiss edirsiniz?
- Hər ikisində də Aras var (gülür). Obrazların xarakterlərində mənim ruhumu görə bilərsiniz.
Obrazlarıma bir az da özümdən nələrsə
qatmağa çalışıram.
Məktəb illərindəki Arasla indi işləyən,
ailəsinə kömək
etməyə çalışan
Aras arasında çox
fərq var. Böyüdükcə
xarakterimin də dəyişdiyini hiss edirəm.
Hər kəs həyatı bir cür öyrənir
- Mahmud ilk görüşdə
eşqə inanır.
Siz necə?
- İlk görüşdə
sevgiyə inanıram. Mahmudun yerində
olsaydım, mən də öz sevgimin arxasınca gedərdim.
-
Rolunuza görə fiziki cəhətdən dəyişmisiniz...
- Bəli. Saçlarımı uzatdım, yerişimi, davranışımı dəyişməyə
çalışdım. Ata minmək və
qılınc oynatmaq üçün
professionallardan dərs aldım. Dublyor istifadə etmək istəmədim. Ata minmək üçün
bir neçə dəfə
yıxıldım. Qılınc istifadə etmək də
çətin iş imiş.
Qılıncı əlimdə tutmaq üçün əziyyət çəkməli
oldum.
- Özünüzü gələcəkdə
necə görürsünüz?
- Teatrda
obrazlar canlandırmaq istəyirəm. Teatrın aktyorun həyatındakı rolunu
bilirəm. İndi isə serialların və
filmlərin nə demək olduğunu gördüm və uğura
doğru irəlilədiyimi
düşünürəm. Bu üç işi bir yerdə davam etdirməyi
çox istəyirəm.
- Mahmud obrazını bizə necə
xarakterizə edərdiniz?
- Bir gəncin həyatda yetişməsi, hər şeyi görərək həyatdan dərs almasını göstərən bir filmdir. Mahmud xarakterli bir obrazdır. Mahmud qılınc istifadə etməyən, bunlara önəm verməyən, öz dünyası olan bir gəncdir. Kitab oxumaq, aydınlanmaq, təbiətə sevgi kimi xasiyyətə malikdir. Yola çıxdıqdan sonra həyatın sadəcə kitablarda davam etdiyini deyil, real həyatın daha çox fərqli olduğunu anlayan bir insandır. Mahmud obrazı mənə çox təsir etdi. Hər kəs həyatı bir cür öyrənir. Ona görə də mən bu obrazı çox həzz alaraq oynadım. Əsəri də çox bəyəndim. Belə ki, dinə görə sevgindən dönməyi sosial və ciddi bir problem hesab edirəm. Düşünürəm ki, mən də onun yerində olsaydım imkansız bir sevdanın arxasınca qaçardım. Bu filmdə oynadığım üçün qürur duyuram. Çəkiliş zamanı çox şey öyrəndim. Biz Mahmudun həyatını iki hissəyə ayırdıq. Yola çıxmamışdan öncə və yola çıxandan sonra. Filmə baxsanız, bu dəyişikliyi özünüz görəcəksiniz. Yaxşı ki, belə bir filmdə rol aldım. “Mahmud və Məryəm” bir çox fərqli ölkələrdə yayımlanacaq. Bir aktyor üçün onun yaratdığı obrazın dünyada yayımlanması qürur mənbəyidir. Mənə görə bu film gəncləri yetişdirmək üçündür. Hesab edirəm ki, filmə baxan hər bir insan bu filmdə öz həyatından bir hissə tapacaq.
Xəyalə Rəis
Kaspi.-2013.-11 oktyabr.-S.13.