DÜNYA ONA DƏDƏBOYU VERMƏDİ
Dünyanı
özününkü bilirdi, "mənimdi" deyirdi ərklə,
ürəklə... Beləydi Eldar Baxış. Gözəlim
dünyaya "ərki doğulmuşdu özündən
qabaq". Doğmaca qardaşı, bacısı,
dayısı, əmisi sayırdı dünyanı. "Mənim
olmayanda kimindi dünya?!" aldanışının əsir-yesiriydi
bir ömür boyu... şükür edirdi ki:
Nəyi
olmasa da ümidi boldu,
Anam bu ümidə tapşırıb məni.
Qızı
Günel işıqlıya gələli "adamlıqdan
çıxmışam" deyirdi:
Ota
dönmüşəm,
Çiçəyə
dönmüşəm!
Qoyuna
dönmüşəm,
Keçiyə dönmüşəm.
Toyuğa
dönmüşəm,
Beçəyə dönmüşəm.
Nəyə
desən dönmüşəm,
bircə
yol
Dodağın
qaçsın deyə,
Gün balam, Günel balam.
Gün balası, Günel balasının bircə yol
dodağı qaçsın deyə barmaq olub çənəsinə
dirəndiyi, bulud olub başına hərləndiyi günlərdən
yorulan heyində "adam olmaq yaxşıdı yenə" qənaətiylə
yaşayırdı. Yazırdı ki:
Bir qələm,
bir dəftər, bir barmaq kağız -
Bu dünyada umu-küsümdü bunlar.
Umacağım
həmişə bunlardan ayrı:
Yıxılıb
həmişə ağac torpağa,
Kəpənək
çiçəyə, arı çiçəyə,
Şair də dəftərə-qələmə
sarı.
Təəssüf ki, əcəl aldı, yer gizlədi. Day "gedə
bilmədi getməli yerə, gecikməli yerə gecikəmmədi".
Gündə üç dəfə çörək
yeyib "şükür" deməyindən qaldı. Üstündən qayıdıb su içə-içə
“bu çöhrəyə şükür, bu suya
şükür yazmağından oldu. Zamanında
yazdığı "Ay dədə,hardasan,
indi hardasan, eşidənim hanı, görənim hanı?"
misraları indi onun özündən çox "gün
balam, Günel balam" deyə əzizlədiyi Günelinin
ovqatıncadı. İndi o gözəl şeir daha çox
Günelin dilindən səslənir, könülü
oynadır, ruhu üşüdür:
Ay dədə,
boyuna qurban olum mən,
O uca
boyuna, şümal boyuna.
Günlərin
bir günü Vəlinin oğlu
Əlinin toyunda girdik oyuna.
Gördün
ki, nəfəsim qarala bilər,
Gördün ki, ürəyim atlana bilər.
Kişi
qırığıydım, uşaq da olsam
Meydanda dizlərim qatlana bilər.
Dedin:
""Dədə boyu verirəm sənə",
Dedin:
"Ağrın alım, sən yavaş oyna.
Dədə
boyundasan, dədəboyunda,
Bizdən
o tərəfə aralaş oyna"
...Ay dədə,
hardasan, indi hardasan?
Eşidənim hanı, görənim hanı?
Bir dədəboyuna
ehtiyacım var,
Hanı, dədəboyu verənim hanı?
Dünya ona dədəboyu vermədi.
Bizim hər birimiz kimi ilk dəfə gəlmişdi
Bakıya yuxularında. Nə başı üstündə
ata-anası, nə başı altında yastığı belə
xəbər tutmamışdı bu yuxulardan. Tanımadığı adamlar
qarşılamışdı onu. Demişdilər:
Ot
biçə-biçə,
Odun
doğraya-doğraya,
dana-buzov
otara-otara
bu qədər
söz qoşmusansa.
Evimiz-eşiyimiz sənə qurbandı.
Ancaq gəlməmişdən
qabaq yazmışdı dəyişən yaylara, qışlara
verib, körpəcə-körpəcə quşlara verib gəldiyi
kəndin ağrısını:
Hara
qaçırsınız, kənd uşaqları,
Göbəyiniz burda kəsilməyibmiş?
Burdan, bu
qaraca damın altından,
Bu
ağcaqovağın, şamın altından
Hara qaçırsınız, kənd uşaqları?
Bu
dağları atıb, daşları atıb,
Bu
yayları atıb, qışları atıb,
Körpəcə-körpəcə
quşları atıb
Hara qaçırsınız kənd uşaqları?
...Qara kəllərimi
naxıra verib,
Köhlən
atlarını axura verib,
Ərgən
qızlarını yuxuya verib
Hara qaşırsınız, kənd uşaqları?
Göbəyiniz burda kəsilməyibmi?
Bu səmimiyyətdən, zəriflikdən
qaynaqlanırdı Eldar Baxışın sənət
dünyası.
Əksər hallarda heç elə bil şeir
yazmırdı, sadəcə bir hekayət söyləyirdi.
Ancaq bu hekayətin içi şeirlə dolu
olardı. Şeiriyyət ətiri
vurardı eyzən; bulağa qoşulub
üzüaşağı endikcə bulağın yerinə
çay gördüyünü yazırdı. Çaya qoşulub getdikcə görürdü dənizdi
çayın yerinə. Və gəlirdi əsl mətləbin
üstünə:
Dənizə
qoşulub
Endim
üzüaşağı -
Dənizin yerində balıqdı gördüm.
Balığa
qoşulub
Endim
üzüaşağı -
Balığın yerində yosundu gördüm.
...Yosuna dəydim,
Qayıtdım
geri,
Dünyanın işləri uzundu gördüm.
Tanınmış
şairlərdən birinin sözləridir: "Birdən mənə
elə gəlir ki, hər şey mənə şeir kimi
görünür; hətta mətbəxin eyvanında küləyin
ehmal-ehmal tərpəşdiyi sarı soğan
qabığı da...”
Hansı
baxış bucağından göz yetirsək, mütləq
bir əsas qənaətin üzərində dayanacağıq
ki, Eldar Baxış üçün gözlə
görünüb, ağılla dərk olunan nə varsa-hər
şey mövzu mənbəyidi və o, bir söz adam olaraq heç vaxt bəsit, təkrarlanan,
bir məcrada dairə çərçivəsində
yazıb-yaratmayıb. Onun şerirləri əsas
etibarı ilə sözsüz şəkillər kimidi.
Eldar Baxış sözlə yaşamağı, sözlə
dincəlməyi, eyni zamanda da sözü bir mum kimi istədiyi
səmtə əyməyi, onunla əylənməyi və
sözü ələməyi bacarırdı. O, mətləbi
ortaya ata bilirdi və bu mətləbdən nəticə
çıxarmağı çox vaxt oxucunun (məhz oxucunun!)
öz ixtiyarına, dərk edə bilmək insafına verirdi.
"Almaz, Solmaz, Çimnaz nağılı" belə
yazılmışdı, oxuyanlar, bilənlər bilir ki, həqiqətən
də belədi:
Almaz
baş aıdı-qaçdı,
Mustafa.
Solmaz
quş oldu-qaçdı,
Mustafa.
Çimnaz
qoşuldu qaçdı,
Mustafa...
Almaz
baş aldı qaçdı,
Solmaz
quş oldu qaçdı,
Çimnaz
qoşuldu qaçdı,
Mən qalmışam arada.
Bu şeir bir uşaq yanıltmacı kimi yazılıb. Əvvəldən
sonacan elə bilirsən ki, "Mustafa" deyilib də əzizlənən
ad beləcə təkrarlanacaq. Ancaq fikir qəflətən,
ani bir dönüşlə qırılır və əsl mətləbi
ifadə edəcək deyilənlər özünü ləngitmədən
şerin sonluğundan peyda olur. Bu, yalnız Eldar
Baxışa xas olan şeir texnologiyasıdır, min-min
şerin, min-min misranın içindən belə ayıra bilərsən
ki, bu misralar məhz Eldar Baxışa məxsusdu, onunkudu, belə
səmimiyyətlə yalnız o yaza bilərdi:
Əli
baxdı Gülüyə,
Qını-qını, ay qını-qını.
Gülü
baxdı Əliyə,
Qını-qını, ay qını-qını.
Əli
baxdı Gülüyə,
Gülü
baxdı Əliyə,
baxışdılar, getdilər.
Mən qaldım üzümlükdə.
Onlar iydə
bağına
yığışdılar, getdilər.
Qaçım
tapım anamı,
tapım
görüm hardadı.
Əlinin
nə yaşı var;
Əli məndən xırdadı.
Əli
baxdı Gülüyə,
qını-qını, ay qını-qını.
Gülü
baxdı Əlliyə,
Qını-qını,
ay qını-qını...
E.Baxış belə, son dərəcə gözlənilməz
bir dillə özündən, yaşından tez böyüyən,
böyük düşünən uşaqların, əslində
öz ilkinliyinə sadiq yaşdaşlarının
könül duyğularını tam dolğunluğu ilə
ifadə edirdi.
Eyni zamanda da yerli-yataqlı, məlum poeziya qəlibi ilə də
yaza bilmək ustalığını da ortaya qoymağı
gecikdirmirdi:
Sözün
köılgəsində nur var, işıq var,
adam var
bu nura qaraltı deyib.
Sözün kölgəsində Sarı Aşıq var.,
uzanıb
əlli il bayatı deyib.
Və
yaxud:
Gözlərində
yaş qalmasın,
Gözlərimdə yaş qalmadı.
Qışqır
dedim göz yaşıma,
Qışqır
dedim, qışqırmadı.
Bu gözəl şeir sonacan eyni ruh, ovqat diriliyilə
oxucu qəlbinə yol tapır. Eldarın sahib
olduğu şeir texnologiyası şerin bütün bəndlərində
özünəməxsus maraq gücünü qoruyub-saxlaya
bilir. Eyni ustalıq, sözlə işləyə bilmək
bacarığı Eldarın tamamilə fərqli bir texnoloji
deyim, ifadə biçimi ilə yazılmış "Balaca
Vüqar" şerində də özünü bütün
qapsamıyla ifadə edə bilir:
Alma desən
tabaq-tabaq,
Küncüt desən ətək-ətək.
Sözləri
də çırtlayırsan
Günəbaxan toxumutək.
Bir
böyründə atan durub,
Anan durub bir böyründə.
Quş
südü, dəvə buynuzu -
Nə desən yürüyündə.
Papaq desən
papağın var,
Maşın desən maşınım var.
Ağlama,
Vüqar, ağlama.
Hələ
kişi qırığısan,
Hələ
sənin nə yaşın var,
Ağlama,
Vüqar ağlama...
Eldar
Baxış bu şeri avar şairi Rəsul Həmzətovun
eyni məzmunlu, eyni fikir yükü ilə sərgilənmiş
"Sən niyə ağlayırsan?" adlı şerindən
10-15 il əvvəl yazmışdı. Ancaq
Moskva dinləyiciləri R.Həmzətovun şerini ayaq üstə,
göz yaşları içində dinləyirdilər. Sadəcə, Rəsul Həmzətova o meydan
veriilmişdi, o kürsüdən oxuyurdu.
O
kürsüdən oxuya bilmədiyim bir şerimi Eldar
Baxışın nruhuna dua əvəzi
köçürürəm yazımın bu yerinə:
Qorxuram
sağalam bu xəstəlikdən,
Ayrılam dərdimdən, dərmanlarımdan.
Qorxuram
sağalam, çıxıb gedəsən,
Ayrıla
can gedə, canım, canımdan.
Dəyişə
yerini axşam sabahla,
Bilməyəm gündüzdü, bilməyəm gecə.
Boğulan
sükutun səssizliyində
Bir ömür şam kimi əriyə, keçə.
Görməyəm
bir daha səni yenidən,
Məni tərk edəsən, sağaldım deyə.
Özün
öldürəsən məni yenidən,
Sağalmaz dərdimi sağ aldım deyə.
Özün
tanıyırsan həmin qılıncı,
Yarır sinəsini qara daşın da.
Mənim
başım ola, qəmin qılıncı
Sənin həsrətinin son savaşında.
...Qorxuram
sağalam bu xəstəlikdən,
Dərdin ürəyini üzə dərdimin.
Bu dərdin
adını özün qoy, həkim,
Adı qoyulmayıb təzə dərdimin.
Gülayə
Kaspi.-2013.-12-14.-oktyabr.-S.24.