Cəbhə
Şeirləri
Zahir Əzəmət
Əsgər məktubu / arxa
cəbhəyə!
sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək
dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan
pivəsi
şəxsən mənim
üçün
və sevməyin ay əclaflar
bizi gözləyən
qadınları
Təşviqat vərəqəsi / ön
cəbhəyə!
endirilmiş bayraqları
güllələməyin
öldürülmüş əsgərləri
tapdalamayın
yaralılara su verin
əsirlərə təbəssüm
daha bir döyüş bitdi deyə gülümsəyin
işğal etdiyiniz
torpaqlarda ev tikməyin
ev uçurtmayın
qıcıqlandırmayın yiyəsiz
evlərin itlərini
həmişə üstünüzdə
uşaq şəkli gəzdirin
və unutmayın
müharibələr yalnız
bayağı marşları
çeynəmək üçün
deyil
P.S. insanları öldürüb
də
sonra qulaqlarınızı
dayamayın ürəklərinə…
Cəbhə lətifəsi
döyüş arası
fasilələrdə
bəzən daha dadlı görünərdi
bizə
mülki lətifələr
hərbi
yeməklərdən
və biz üç nəfər
yenə yaman daraşmışdıq
köhnə adətimizə
belədi də
bəzən min dəfə
eşitdiyin lətifə
də
gülməli çıxır…
al bu da sənə
təzə lətifə-
bir mərminin ucunda
saplandı aramıza
ölüm də lətifədir!..
bu
ağdamlı əli
bu da havada üzülmüş
başını axtaran
bir cüt əli
bu
ləzgi səməd
azca aralıda hoppanıb düşən
ayaqlarına
- eyy məni
də aparın!- deyə
son dəfə gülümsəyir
bu da mən…
üç gün sonra ayıldım hospitalda
buraxın məni
deyə qışqırdım
diksindi pəncərəyə
qonan sərçələr…
sonra tanıdım həkimi-
dağlı vahabın
üçüncü oğlu
uşaqlıq dostum
əl verib görüşmək
bağrıma basmaq istədim
bilirsənmi nələr
oldu deyə…
və daha bir yol qışqırdım…
pəncərəni bahar örtmüşdü
həkimin üzünü
payız…
bahar da lətifədir
həyat da
kaspi.-2013.-12-14 oktyabr.-S.23.