Eyvaz Zeynalovun “Bələdçi”si
Eyvaz
Zeynalovla şəxsi tanışlığım yoxdur. Mən
bu günədək onunla
əl uzadıb görüşməmişəm. Onu yazıçı kimi
“Azadlıq” radiosunun “Oxu
zalı”ndan tanımışam. Hekayələrini oxumuşam, şəklini görmüşəm.
İlk dəfə, 2010-cu ildə “Ədəbi
Azadlıq” hekayə müsabiqəsinin qalibi
olarkən mükafatların təqdim olunması
toplantısında kənardan özünü
də görmüşəm. Aramızdakı böyük
yaş fərqinə görə
yaxınlaşıb görüşməyə ürək etməmişəm.
Üç-dörd ay
olar “Facebook” sosial şəbəkəsində dost olmuşuq.
Eyvaz
müəllimin çoxlu maraqlı hekayələr yazdığını,
bu hekayələrin mükafatlar qazandığını,
xarici dillərə tərcümə edilməsindən xəbərim
var. Bununla belə, onun
bu yaxınlarda iki
romanını “Bələdçi” adlı bir
kitabda çap etdirməsinə
də laqeyd qala bilmədim,
kitabı oxumalı oldum və
aldığım təəssürat barəsində qeydlərimi
yazmağı qərara aldım. Elə görünməsin ki, Eyvaz Zeynalov
yaradıcılığının heyranıyam. Amma, etiraf edirəm ki, bir çox müəlliflər
kimi (Saday Budaqlı, Natiq Məmmədli, Mübariz
Cəfərli və başqaları) Eyvaz
müəllimin də yazılarını oxuyanda
nostalji hisslər keçirirəm. İndi özlərini “kreativ”
hesab edən gənclər tərəfindən
bəyənilməyən, adına köhnə deyilən
üslubda yazılan əsərləri oxuyanda əslində əsl ədəbiyyatın
həzzini alıram. Yersiz erotikadan,
əndirəbadilikdən, mənasız filosofluqdan
uzaq, real həyatı
əks etdirən ədəbiyyat...
Kitabdakı
hər iki roman elə bu səpkidə yazılıb. “Bələdçi”
romanının əsas qəhrəmanı Rüstəm
adlı gənc əsgərlikdən təzə
qayıdıb. Orta məktəbi
yaxşı oxusa da instituta qəbul ola bilməyib.
Bu səbəbdən kənd içinə
çıxmağa utanır, müəllimləri ilə
qarşılaşmaq istəmir. Oxumaqdan çox pul qazanmağa üstünlük
verən atasının təhriki ilə qohumu
Nuruşa qoşulub yük vaqonu bələdçisi
işləməyə başlayır, Rusiyaya
çaxır, konyak daşıyır. Yollarda isə bələdçi işinin əzabları ilə yanaşı
sayını itirən rus qadınları
ilə macəralar yaşayır. Təəssüf ki, əsərdəki hadisələr indiki zamana yox,
iyirmi beş il əvvələ aiddir. Onu da qeyd
edim ki, romanda kənddəki yeniyetmələrlə
bağlı lətifələrin, jarqonların,
aşağı səviyyəli oxucu
marağı xatirinə təsviri gərək olmayan
əhvalatların verilməsini təqdirəlayiq saymıram.
“Qisas”
romanının qəhrəmanı isə orta
yaşlarında, əvvəllər elmlə məşğul
olan, dolanışığa görə məcburən biznesə
qoşulmuş bir alimdi. Təsadüfən səviyyəsiz
bir polis rəisi tərəfindən
təhqirə məruz qalır. Söyüş
söyməyi bacarmadığı üçün
rəisdən qisas almaq,
hətta onu öldürmək xəyalına
düşür. Qisas
üçün müxtəlif vasitələrə
əl atır. Sonda təbiətinə zidd olaraq söyüş
söymək məcburiyyətində qalır. Düzünü deyim ki, “Bələdçi”
ilə müqayisədə “Qisas” daha çox xoşuma gəldi (Yeri gəlmişkən”Qisas”
adlı onlarla əsər var,
ona görə də əsərə başqa ad qoyulsaydı, daha münasib olardı.). Tam bu günümüzlə
səsləşən, mənəvi ağrılarımızdan
bəhs edən bir əsərdir. Bu romanda isə iradım yorucu yuxuların çoxluğu
ilə bağlıdır. Yuxuların çoxluğu
oxucuda qəhrəmana qarşı bir yazıqlıq yaradır. Həyatda yerini tapa bilməyən qəhrəmanın
yuxularla özünə təsdiqə istər-istəməz
acımalı olursan...
Kitab eyni zamanda Eyvaz Zeynalovu ilk dəfə tanıyan oxucusuna onun yaradıçılığına, istedadına, qabiliyyətinə bələdçilik etmiş olur. Ümumiyyətlə desəm kitabı oxumağa, ona sərf etdiyim vaxta heç də peşman deyiləm. İnanıram ki, tək mən yox, kitabı oxuyacaq yüzlərlə oxucu da belə düşünəcək, müəllifdən narazı qalmayacaqlar. Və müəllif də gələcəkdə bu romanlardan da maraqlı əsərləri ilə ədəbi-bədii zövqümüzü oxşayacaqdır.
Rövşən
Yerfi
Kaspi.-2013.-12-14 oktyabr.-S.22.