Öz ürəyindən uzaq düşən
dəyərli əsər yaza bilməz
Fikrət Qoca:
«Zülm odur ki, danışmağa, deməyə sözün
olmaya»
Xalq Şairi Fikrət Qoca həmişə deyir
ki, şair bütün ömrü boyu yaradıcılıq
axtarışında olmalıdır. Bəs bu gün Fikrət
Qoca hansı yaradıcılıq axtarışındadır?
Xalq şairi “Kaspi”nin suallarını cavablandırıb.
-Fikrət müəllim,
axtarışlar davam edir?
-Bugünükü
axtarışlar da elə dünənkilərdir.
Çünki axtarış elə bir şeydir ki, adam öz içində axtarır, kənarda
axtarmır. Şairə lazım olanların
hamısı onun qəlbindədir. Dünənki gənc
Fikrət Qoca ilə bügünkü 79 yaşlı Fikrət
Qoca bir can qəlibindədir, eyni yerdə yaşayırlar, ona
görə onların axtarışları da eynidir,
axtardıqları da. Bircə dəfə ürək
döyünməməsə yüz ilin ölüsüsən.
Ürək dayanan kimi, artıq sən
keçdin dünyanın o biri üzünə, sənlə
bağlı nə vardısa dondu, dayandı. Fikir də belədir, bircə gün əgər təzə
nəsə düşünmürsənsə, yazmırsansa,
heç olmasa yeni nəsə yazmaq haqqında fikirləşmirsənsə,
deməli, artıq ölüsən, axar su deyilsən.
Diri olmaq üçün yeniliyə can atmaq lazımdır, həmişə
yeniliyə can atmışam. Yenilik dünən
gördüyümlə bu gün gördüyüm
arasındakı dəyişiklikdir. Yenilik
hər dəfə baxanda diqqət elədiyin mənzərəni
yeni görməkdir. Çernişevski
deyirdi ki, “poeziya tam həyat deyil, həyata yaxındır, həyatdan
da çox uzaq deyil, torpaqla əlaqəsi var”. Torpaqla ədəbiyyatın arası ancaq və ancaq
hissiyatla ölçülür. Bu sərhəddən
yuxarı olsan həyatdan əlini üzərsən, yaxın
olsan da təbiəti naturalistcəsinə təkrar edərsən.
Qızıl ortanı qorumaq və ifadə etmək
lazımdır.
– Heca
vəznində yazdığınız şeirlərdə də
sərbəst şeir formasındakı
azadlığını qorumağa
çalışırsınız. Bu məqam nəylə
əlaqədardır?
– Fikrimi sərbəst deməyin
tərəfdarıyam. Hansısa
ölçüyə görə şeiri kəsməyin, heca
sayına görə fikri yarımçıq qoymağın tərəfdarı
deyiləm. Çünki yazanda nə qafiyə,
nə də hansısa vəzn və ya forma haqqında
düşünürəm. Fikir candır,
forma köynəkdir. Köynəyə görə adam seçməzlər, adama görə
köynəyi seçərlər. Fikri
formanın içində buxovlanmamalıdır, elə
yazmalısan ki, heç oxuyan forma barədə
düşünməsin.
–
Şeirləriniz və poemalarınızla yanaşı, nəsr
əsərləriniz də mütəmadi çap olunur. Özünüzü daha çox şair hesab edirsiniz,
yoxsa yazıçı?
– Özümü nə
şair hesab edirəm, nə də yazıçı. Öz işimlə məşğulam və mənim
işim ancaq yazmaqdan ibarətdir. Əgər
fikir şeirə sığmırsa, fikrimi nəsrlə ifadə
edirəm, yaxud məni düşündürən məslənin
şeir mövzusu olduğunu hiss edəndə şeir şəklində
yazıram.
– Yazarlardan müsahibə
alanda bu fikirlə tez-tez qarşılaşıram: “Fikir
şeirə sığmayanda nəsr yazıram”. Bu məntiqlə belə çıxır ki,
şeirin mövzuları daha dar mövzulardır. Məncə, bu səhv məntiqi nəticədir.
– Əlbəttə,
elə şeir var ki, onun bircə bəndindəki fikir cild-cild
romanlarda yoxdur.
Oxucu da müxtəlifdir. Elə
oxucu var ki, ancaq detektiv əsərlər oxuyur. Halbuki detektivdə bir fabula var, ya nəsə
oğurlanır, ya nəsə itir, ya da ki, kimsə
öldürülür, sonra da hadisə açıqlanır.
Əvvəldən məlum olan ideyaya görə
cild-cild kitab oxumaqda məna görmürəm. Ədəbiyyat xarakterlərin, mahiyyətlərin
açılmasıdır, hadisələrin yox. Gün ərzində
nə qədər hadisələr olur, onların hamısı
ədəbi material ola bilərmi? Xeyr. Elə şeirlər var ki,
bir misrası yüz romana dəyər. Yəni,
bu cür nüanslar şərtidir.
– Cavanlıq illərinizdə
yazdığınız şeirlərinizi oxudum, sonra da son
dövrlərdə yazdıqlarınızı. Mənə
elə gəldi ki, gənclik illərinizdə, indiki şeirlərinizi
sizə göstərsəydilər bəyənməzdiniz.
– Ola bilər, çünki gənclik
illərində insan etiraza və yeniliyə açıq, eləcə
də çılğın təbiətli olur. Ancaq nəticə
budur ki, onların hamısını mən yazmışam və
heç vaxtı bircə misramı da dəyişməyə
can atmamışam. Ona görə ki, şeiri
yazan vaxta nə düşünmüşəmsə odur,
sonradan fikrimi cilalamaq adı ilə dəyişməyin tərəfdarı
deyiləm.
– Sovet
dövründə yazdığınız şeirləri
çap etdirə
bilmirdiniz, müəyyən qadağalar var idi. Belə
məqamlar sizi çoxmu narahat edirdi?
– Əlbəttə,
narahat olurdum.
Bir dəfə özüm-özümə məktub
yazdım, gətirdim “Ulduz” jurnalına. Jurnalın
redaktoru Yusif Əzimzadə idi. Məktubu
verdim ona. Bir müddət sonra məni
çağırıb dedi ki, bu yazını seyfə
qoymuşdum ki, ələ düşməsin. Ələ
düşər başqa yerə apararlar, götür apar bunu,
özünə də hər şeyi dərd eləmə.
Bu günlərdə o məktubu tapıb
oxumuşam, görürəm ki, orda heç bir pis fikir yoxdur,
nə də qeyri-adi, sadəcə o dövrdə təhlükəli
idi. Yazmışdım ki, şeirlərimin
ən güclü tənqidçisi özüməm. Əgər şeirlərimi tənqid, şərh etməyi
özümə tapşırsalar, bütün tənqidçilərdən
daha dəqiq təhlil edərəm. Ona
görə ki, şeirlərimin məziyyətini özüm qədər
bilən ikinci kəs yoxdur. Çünki
özümü hamıdan yaxşı tanıyıram. Tənqidçilər dırnaq kəsmək əvəzinə
şeirin əlini kəsir, saçın düzəltmək əvəzinə
başın kəsirlər. Yəni
ölçü hissləri dəqiq deyil. Bu
fikirləri demək indi təhlükəli deyil, ancaq o vaxt
Yusif Əzimzadə üçün təhlükəli idi,
belə bir yeni fikrə meydan verə bilməzdik. Çünki onlar repressiya görmüşdülər,
əlləri bir dəfə yanmışdı.
–
Siyasi, ictimai məsələlərlə bağlı bir mərhələ
sonra yazılmış əsərlər var. Məsələn,
Sovet dövrünün gerçəkliyinin müstəqillik
dönəmində yazılması faktı kimi. Bu dövrün həqiqətləri də olsun ki, gələcəkdə
üzə çıxacaq. Ümumiyyətlə həqiqətin,
reallığın təsvirinin öz zamanında yox,
qeyri-aktual dövrdə üzə çıxması ədəbiyyatı
nələrdən edir?
– Sənə bir söz deyim,
1957-ci ildə “Həqiqət” adlı bir şeir
yazmışdım, üç il əvvəl
çap etdirdim. Deyə bilərsən ki, həqiqəti
indi tapmışıq? Hər kəsin öz həqiqəti
var, yüz il sonra da elə adamlar
tapılacaq ki, həqiqətin olmadığını deyəcək.
Tam həqiqət heç vaxt olmayacaq. Çünki haqq-ədalət birdir, ancaq dörd tərəfində
yalan var. Haqqa-ədalətə çatanacan insan heç
olmasa bir dəfə səhv etmiş olur. Hamı
haqqa çatmaq üçün onu dörd tərəfdən
əhatələmiş yalandan keçir, ona görə də
nə qədər yazırsan yaz, yenə də əsl
gerçəkliklər tam üzə çıxmayacaq. Zəiflə güclü vuruşanda heç bir
araşdırma aparmadan elə istəyirik ki, zəif udsun.
Ürəyimiz zəifin tərəfində olur,
bəyəm bu həqiqiətdir? Əsl həqiqət
olmasa cəmiyyət məhvə gedər.
–
Əli Kərimin dostu olmusunuz, həm yaradıcı, həm də
şəxsi müstəvidə sıx münasibətləriniz
olub. Bir məqamı diqqətinizə
çatdırmaq istəyirəm, deməli, son dövrlərə
qədər Ə.Kərim poeziyasını Rəsul Rzanın
davamçısı kimi təqdim edirdilər. Ancaq axır illərdə
dövrü mətbuatda Ə.Kərim yaradıcılığını
müstəqil mərhələ kimi təqdim edilər, bu məsələyə
münasibətiniz necədir?
– Bu sözləri ancaq
R.Rzanı ürəyində xəlvətcə dananlar deyə
bilər. Davamçı olmaq eyni fikri davam etmək
demək deyil. R.Rza istəyirdi ki, Ə.Kərim
onun kimi yazmasın, yeni düşüncədə yazsın.
Elə Ə.Kərimi yeni fikrin
daşıyıcısı olduğuna görə də təqdir
edirdi. Əli yeni, sərbəst
düşünmək baxımından Rəsulun
davamçısı sayıla bilər, onun kimi yazmaq
baxımından yox. R.Rza Azərbaycan
şeirinə sərbəst düşüncəni gətirdi.
Rus ədəbiyyatında kiminsə
davamçısı olan, yaradıcılıq
orijinallığı olmayanları şair saymırlar. Amma bizdə davamçı adı ilə eyni havada
yazanları ədəbiyyata sırıyırlar, hələ
bir-birinə də qahmar çıxırlar.
– Sovet
dövründə belə bir dəb vardı ki, bir şair digəri
barədə “uğurlu yol” yazırdı. Ancaq
R.Rza uğurlu yol yazdıqları o dövrün gənc
şairlərinin bir çoxu ədəbi mühitdə
qaldı. Niyə məhz onun haqqında
yazdıqları daha çox dərəcədə ədəbi
mühitdə qala bildilər?
– Sabir kitabxanasında dərnək
vardı, onlar “Tər çiçəklər” adlı almanax
çap etdirmişdilər. Mən o kitabda
sırada 111-ci idim. Yaxın günlərdə
həmin almanax əlimə düşdü baxdım, o
kitabdakı adamların çoxusunun adı yadıma gəlmir.
Ədəbiyyata gələndə sel
axını ilə gəlirlər, sonra tab gətirə bilmirlər.
Şairlik 100 metrə qaçış deyil, nəfəs
lazımdır. R.Rza daha çox nəfəsi olan
şairlər haqqında yazırdı, ona görə ki, o
şeirləri oxuyanda hiss edirdi ki, kim
şairdir kim həvəskar. Ədəbi aləmdə
dözüb qalmaq çox çətindir. Orasını da deyim ki, mən şairliyi bədbəxtlik
sayıram. Şeir indi az adama
lazımdır. Hər bir şair Məhəmməd
Hadinin aqibəti gözləyə bilir. Hər
vaxt hər birimizi aparıb güllələyə bilərlər.
1937-də neylədik ki, indi neləyək.
Bu isə hansısa bir ağılsızın,
şair və şeirin düşməninin hakimiyyətə gəlməsi
ilə baş verə bilər. İnsan ac
da olanda şeir istəmir, tox da olan da. Şeir ancaq
ağıllı adamlar üçündür,
ağıllılar da bütün dövrlərdə axmaqdan az olub.
–
Sizcə, indi yazılan sərbəst şeirin təsir
qaynağı hardandır?
– İndi bir çox gənc yazıçılar xarici dil bilirlər, oxuyurlar və başlayırlar təsirləndiklərinin gücü ilə yazmağa. Əksər fikirləri oxuyanda Volter demiş şlyapamı çıxarıb salamlaşıram, çünki tanış fikirlərdir. Belə şeylər olur, ancaq bu cür təsirlərdən uzaq olmaq, öz içini yazmaq gözəldir. Yazarkən şair qarşısına məqsəd qoymamalıdır, könlünün səsinə qulaq asmalıdır. Kim ki öz ürəyindən uzaq düşüb, o, şair dəyərli əsər yaza bilməz. Azad düşünən adamın fikirlərini heç həbs də buxovlaya bilməz. Zülm də qənimətdir. Zülm odur ki, danışmağa, deməyə sözün olmaya. Bugünkü faciə on il sonra komediya da ola bilər. Yəni heç nəyi dəqiq bilmək, nə isə haqqında hökm vermək olmur. Yadındadırsa, İran həbsxanasından gələndən sonra söhbət əsnasında sənə demişdim ki, Fərid, ta səni türməylə də qorxutmaq olmayacaq, çünki görmüsən. Hələ vaxt gələcək o günlər üçün darıxacaqsan. İnsanın yaşantıları onu yetkinləşdirir, böyüdür. Şair gərək gəzə, görə və öz dünyasını ifadə edə.
Fərid
Hüseyn
Kaspi.-2013.-12-14 oktyabr.-S.15.