XƏYANƏTİN
SONU (hekayə)
Uşaqlıqdan
arzum yazıçı olmaq idi. Qorxurdum ailəmizdə
bu istəyimə qarşı çıxarlar. Amma belə
olmadı. Artıq bir neçə il olardı ki,
yazıb-pozurdum. Əlim yazmağa elə öyrəşmişdi
ki, elə bil qələm əsil mənim barmaqlarım
üçün biçilmişdi. Qələmi əlimə
alan kimi başlayırdım yazmağa, yaratmağa.
Yaddaşım da ki, maşallah elə bil bilgisayar idi. Nə
eşidirdim, nə oxuyurdum komputer kimi yaddaşıma
köçürürdüm. Beynimdə meqabaytın, gegabaytın
ölçüsü vardı sanki. Hər
gördüyümü, eşitdiyimi yeni yazmaq istədiyim hekayələrə
bacarıqla tətbiq edirdim. Gənc olmağına baxmayaraq bu
işdə əməlli başlı
ustalaşmışdım. “Məşədi İbad” demiş
“bir nov adətkərdə” olmuşdum. Hekayələr
yazmaq mənim üçün tək vərdiş deyildi,
başqa hobbilərim də vardı. Məsələn, tez-tez
şəhərə çıxıb, gözəl yerlər
dolaşmaq, fotoaparatla şəkil çəkmək,
kitabxanada bir neçə saat vaxt keçirmək, dəniz kənarına
getmək mənim sevimli əyləncələrimdən
idi. Çox zaman da şəhərin gur yerlərindəki
parklardan birində, yaşıl yarpaqları ilə göz
oxşayan bir ağacın altında təzə
biçilmiş yaşıl otların üzərində
bardaş qurub oturur, çevrəmi seyr edirdim. Tərbiyəli
bir ailədə böyümüşdüm. Bəziləri
kimi nəinki pis vərdişlərə aludəydim, heç
bu vərdişlərin mahiyyətini belə bilmirdim. Bir
sözlə zəmanə uşağı deyildim. Adətən
müasir uşaqlar üçün deyirlər ki, öz
valideynlərindən çox zəmanayə oxşayırlar.
Amma mən əksinə, zəmanədən çox öz
valideynlərinə bənzəyirdim. Bəlkə də elə
buna görə çox dostum yox idi. Çox zaman tək gəzir,
bəzən isə uşaqlıq dostlarım Kamran və
Hüseynlə vaxt keçirirdim. Kamran maşın ustası,
elektrik idi. Necə deyərlər,
maşınları əməli başlı
söküb-yığırdı. Bu sevimli iş artıq onun
taleyi, gələcək həyat yolu idi. Çünki, Kamran
öz işindən başqa bir işlə məşğul
olmur, sevimli peşəsindən heç vəchlə
ayrılmaq istəmirdi. Digər dostum Hüseyn isə həkim
idi. Keçən il Tibb Universitetini bitirib məhəlləmizdəki
poliklinikaya işə düzəlmişdi. Bu iki dostumun özləri,
xasiyyətləri bir-birinə bənzədiyi kimi peşələri
də bir-birinə bənzəyirdi. Kamran maşınları
söküb yığırdı. Hüseyn isə
insanları sökürdü, amma daha yığmırdı.
Necə var, olduğu kimi saxlayırdı. Sadəcə
müalicə edirdi. Hüseynin həkimlikdən başqa daha
bir məharəti vardı, əməlli-başlı aktyor idi.
Məhəllə sakinlərini yaşından asılı
olmayaraq ustalıqla parodiya edirdi. Hüseynin parodiyalarına hər
dəfə qulaq asdıqca doyunca gülür, unudulmaz anlar
yaşayırdım.
Yenə də adətim üzrə bağda iri gövdəli bir ağacın altında oturub fikrə dalmışdım. Qoca nənələrin dili ilə desək, dilsiz ağızsız heyvancığaz pişiklərin parkda o baş bu başa gəzib qızıl hərisi kimi nəisə axtarması mənim diqqətini nə qədər cəlb edirdisə, əl-ələ tutub gəzişən cütlüklərin gələcək həyat yoluna dikilən cəsarətli baxışları məni daha çox cəlb edirdi. Bəzək-düzəksiz, sadə geyinən bu gənclərə baxdıqca məndə həyat eşqi, yazıb-yaratmaq eşqi daha da alovlanırdı, çoxdandır ürəyimdə gizlədiyim bir arzunu, ideyanı gerçəkləşdirmək üçün cəsarət, güc verirdi. Bəzən daxilimdəki hansı bir qüvvə məni düşüncələrimdən ayırıb tamamilə tanımadığım uzaq bir aləmə aparır, istək və arzularımı nəzərə almadan məni xəyanət mövzusundan yazmaqdan çəkindirmək istəyirdi. Bircə cəsarətli olmaq yetərli idi bu işin öhdəsindən gəlim. Axı bu heç də uşaq oyuncağı deyildi. Mən bunu etmək üçün ən azı özümü bu predmetə uyğunlaşdırmalı, hazırlamalı idim. Yadımdadır, bir dəfə uşaq vaxtı məhəllə itləri məni əhatəyə almışdılar. Lakin mən onları heç vecimə belə almamışdım. Onda öz cəsarətimə özüm də heyran qalmışdım. Bu cəsarət məndə hardandı? Yadıma düşdü. Babam mənə demişdi ki, insanın mədəsinin altında kiçik bir ət parçası var, insan itlə rastlaşarkən qorxursa bu ət parçası qoxu verir və it dərhal hədəfə doğru cumurdu. Odur ki, gərək it görəndə qorxmayasan. Mən də babam deyən kimi etdim və itlərdən xilas oldum. Bəs mən niyə bu qoxunu hiss eləmədim? deyə sonralar tez-tez özümə sual verirdim. “Yəqin insanların iybilmə instikti heyvanlarınkı qədər inkişaf etməyib” düşünürdüm. Birdəki nəyin düz, nəyin səhv olduğu əsas deyildi bu məqamda əsas o idi ki, mən parça-parça olmaqdan qurtulmuşdum.
Uşaqlığımdan artıq xeyli
keçib. İndiki qorxum uşaqlıqdakı qorxudan çox
fərqlidir. Bu, qorxudan daha çox məsuliyyətdir.
Neçə aydır ki, xəyanət mövzusunda bir roman
yazmaq istəyirdim. Mən isə xəyanətin nə olduğunu
bilmirdim. Axı, nədənsə, kimdənsə yazmaq
üçün ona aid hissləri yaşamalısan. Əsərin
süjet xətti demək olar ki, hazır idi. Bircə xəyanət
hissəsi qalmışdı ki, maraqlı bir roman
alınsın. Elə hey istəyirdim ki, yarımçıq
cızmaqaramı tamamlayım, bacarmırdım ki,
bacarmırdım. Elə bil Ələt-Xələc
yolu idi, uzandıqca uzanırdı. Yazarlar bunu ilham pərisinin
olmaması ilə bağlaya bilərdi, amma mən türklər
demiş o açıdan varlı idim. İki ilə yaxın
idi ki bir qıza vurulmuşdum. Şair olmasam da ara-sıra
Moşu demiş sevdiyim qıza bir-iki məhəbbət
şeiri guppuldadırdım. Tez-tez onunla gəzməyə
çıxır, gələcək həyatımızdan
danışırdıq.
Axır vaxtlar lap başımı itirmişdim. Qalmışdım iki
yol ayrıcında, necə deyərlər cənnətlə cəhənnəmin
arasında. Bəlkə əsərin yarımçıq əlyazmasını
bir kənara tullayıb bu mövzudan imtina edim? Bəs mənim
əziyyətim? Bəs aylardan bəri beynimi yoran
düşüncələrim. Yazım yazmayım bax bu məni
əməlli-başlı çaş-baş salmış, az
qala ətrafımda hər şeyi mənə unutdurmuşdu.
Bir gün dövlət kitabxanasında əlimə keçən
qədim bir kitab mənə əməlli-başlı
yardımçı oldu. Bu kitabda adını unutduğum bir
filosof-alim yazırdı ki, əgər müəyyən bir
şəxs, obyekt hər hansı bir obyektin predmetinə
çevrilmək istəyirsə gərək həmin predmetin
tərkib hissələrindən biri olsun, müvəqqəti də
olsa. Yoxsa nə qədər çalışsa da istəyinə
nail ola bilməyəcək. Deməli mən də
romanının xəyanət hissəsini yazmaq
üçün gərək kiməsə xəyanət etməliydim.
Xəyanət edəcəyim, edə biləcəyim (əgər
bacarsaydım) yeganə adam var idisə o da sevdiyim qız idi.
Tez-tez
xəlvətə çəkilir, düşüncələrimlə
baş-başa dayanırdım. Xəyanət haqqında
eşitdiklərimi, oxuduqlarımı xatırlamağa
çalışırdım. Xəyalım məni bir
neçə il uzaqlara apardı. Onda mənim 10 yaşım
vardı. Biz şəhərin 8-ci km adlanan ərazisində
yeddimərtəbəli bir binada yaşayırdıq. Mənzilimizin
qapısı ilə üzbəüz Səlim adlı bir
kişi yaşayırdı.( Səlimə
“kişi” dediyim üçün oxuculardan üzr istəyirəm
və söz verirəm ki, bu cümləni bitirən kimi
ağzımı ilıq su ilə yaxalayacağam). Səlimin
arvadının adı Marina idi. Amma Səlim ona russayağı
Marina Nikolayevna deyil, azərbaycansayağı ay Marina Nikolay
qızı deyə müraciət edirdi. Atamın Səlimdən
qətiyyən xoşu gəlməzdi. Fikir verirdim, atam işə
gedərkən qapını ehtiyatla açar, ətrafına
boylanar sonra liftə minərdi. Səlimlə rastlaşmaq istəməzdi.
Bizə gəlmək istədikdə isə atam “deyin evdə
yoxdur”-deyərdi. Əxlaqı pozulmuş bu insanın söhbətləri
atam üçün ləzzət etmirdi. Bununla yanaşı
bir az baməzəliyi də vardı. Vay o gündən ki,
birini bir işin dalınca göndərəydi və həmin
şəxs bu işi yarıtmayaydı. Səlim hirslənər:
-Nə
oldu, dənizdə su yox idi?-deyərdi.
Peşmandın soruşaydın ki, ay Səlim, hardan gəlirsən? (bunu heç soruşmasaydın da özü deyərdi).
-Heç bilirsən hardan gəlirəm?
Və başlardı danışmağa ki,
-“ay bu gün bir qadınla dəniz qırağında, digəri ilə isə İnturistdə kef edirdim, pul xərcləyirdim”.
Xülasə müasir terminlə desəm ölürdü lovğalıq etmək üçün.
Bir gün məhəllə camaatının xəyalına belə gətirə bilməyəcəyi bir hadisə baş verdi. Səlim əxlaqsız qadınlarla növbəti “kef”dən qayıdarkən həyat yoldaşı Marinanı öz evində, öz yatağında ovlayıb yoldan çıxardığı həmin əxlaqsız qadınlardan birinin əri ilə “kef” zamanı tutdu. Bizim hamımızın namuslu qadın kimi tanıdığımız Marina ona xəyanət etmişdi. Səlim bu həyatda etdikləri əməllərin cavabını elə bu həyatdaca aldı. Ailələri dağıldı. Marina qızını də götürüb Rusiyaya köçdü. Səlim isə oğlu birlikdə qaldı. Bu hadisə mənim uşaqlıq hafizəmdə dərin iz buraxdı. Sonralar biz şəhərdəki evimizi satıb kəndə köçdük və mən bir də Səlimdən xəbər tutmadım. İndi yəqin ki tək yaşayır və atam demiş “kolbasa yeməkdən ağzı yara olub”. Səlimdən yaddaşımda qalan bir də odur ki, həmişə yağdan söhbət düşəndə deyirdi: “Teksun yeyəndən arvadla bacı-qardaş olmuşam”.
Axır ki tək qaldığım uzun gecələrin
birində yekun bir qərar qəbul etdim. Nə olursa olsun
sevdiyim qıza xəyanət etməli idim, yoxsa neçə
aydan bəri beynimdə toplayıb saxladığım fikirləri
hasilə gətirə bilməyəcəkdim. Bu halım cəhənnəmə
düşmüş günahkar bir insanının
özünü təmizə çıxarması
üçün çabalayaq o tərəf bu tərəfə
dolaşmasına bənzəyirdi. Lakin qəribə
burası idi ki, yenə də hansısa bir qüvvə məni
sevdiyim qıza xəyanət etmək fikrindən tez-tez
daşındırırdı. Hər dəfə onunla
qarşılaşanda qara gözlərini mənim gözlərimə
dikir, özü haqqında bütün pis fikirlərimi
alt-üst edirdi. O, sevgi dolu baxışlarını
gözlərimə dikən kimi hər şeyi-xəyanəti
də, romanı da unudurdum. Ondan ayrılan kimi isə yenə xəyanət
fikri günahlarım kimi məni qarabaqara izləyirdi. Tez-tez
fikrimdən dönməyim mənə sərbəst qərar qəbul
etməyə imkan vermirdi.
Uzun qış gecələrinin birində yerdə oturub çiynimi zəif yanan sobaya söykəyib dərin bir fikrə getmişdim. Bu dərin xəyallarımdan məni atamın öskürək səsi oyatdı. Atam adəti üzrə həmişə evə daxil olmamışdan boğazını yüngülcə arıtlayırdı ki, o otağa daxil olana qədər biz özümüzü yığışdıra bilək.
- Nə yaman fikrə getmisən, yenə nə yazıb yaratmaq istəyirsən?-dedi.
Mənim dərin fikrə qərq olmağım onun iti nəzərlərindən qaçmamışdı.
-Xəyanət
mövzusunda bir roman başlamaq istəyirəm. Amma
romanın süjetinə görə mən sevdiklərimə
xəyanət etməliyəm.
-Gəl
otur sənə babandan eşitdiyim bir olan əhvalatı
danışım. 1942-ci il Böyük Vətən
müharibəsinin ən dəhşətli günləri idi. Gün olmurdu ki, kəndimizə ən azı bir meyit
gəlməsin. Kəndin əli silah tuta
bilən bütün başıpapaqlıları davaya
getmişdi. Kəndə əmək qabiliyyətini
itirmiş əlilər qalmışdı. Təsərrüfatın bütün ağır
işlərini qadınlar-qızlar görürdü. Kolxoz sədri bilmirəm hansı vasitə iləsə
özünü davadan saxlatdıran Balakişi adlı birisi
idi. Hamıya özünü namuslu və
çalışqan kimi göstərən Balakişi əslində
namussuzun təki idi. Bir gün bu namussuz atası davada həlak
olan, qardaşından isə iki il müddətində
heç bir xəbər-ətər olmayan Gülçöhrə
adlı bir qızın namusuna təcavüz etdi. Yazıq qızcığaz köməksiz
olduğundan, işin üstü açılarsa rüsvay olub
kənddən qovulacağından qorxub səsini
çıxarmadı. Bu işdən bir il
ötdü. Gülçöhrənin
qardaşı Səfər cəbhədə minaya
düşüb üç barmağını itirdi və
arxa cəbhəyə köçürüldü. Bütün kənd Səfər gilə
yığışıb Gülçöhrəyə
gözaydınlığı verirdi. Gecə
yarı hamı Səfərlə vidalaşıb evlərinə
dağılışdı. Səfərin
sinif yoldaşı Əhəd isə getmək istəmir,
baxışlarını gah Səfərin üzünə, gah
da yerə dikirdi. Bu Səfərin nəzərindən
qaçmadı.
-Sözlü
adama oxşayırsan, Əhəd.
-Həyətə
düşək, səninlə vacib işim var.
Əhəd Gülçöhrənin məsələsini
danışdıqca Səfərin hirslənib özündən
çıxacağını, gecə ilə baltanı
qapıb Balakişini doğrayacağından qorxub onu necə
sakitləşdirəcəyini düşünürdü. Lakin, heç
də belə olmadı. Səfər,
heç nə olmayıbmış kimi onu sakit-sakit dinləyirdi.
-Çox
sağ ol, dostum. Mən səndən
razıyam. Amma xahiş edirəm ki, bunu məndən
başqa heç kimə soyləmə.
Bu hadisədən cəmi üç gün keçdi. Kəndə xəbər
yayıldı ki, Səfər Balakişinin qızı
Sonanı sevir. Buna heç kim təəccüblənmədi.
Çünki, Balakişinin Gülçöhrənin
namusuna toxunmasını qız kənddə yalnız Əhədə
danışmışdı. Günlərin
bir günü Səfər Sonanı, onu alıb özünə
arvad edəcəyi bəhanəsi ilə aldadıb
bütün kənd içində bədnam etdi. O, kəndə
gəzərək heç nədən çəkinmədən,
“adamın namusuna bax belə toxunarlar” deyirdi. Bu əlbəttə
yaxşı iş deyildi. Buna görə əksər
kənd camaatı ondan üz döndərdi Amma Səfər bu
işdə özünü tamamilə haqlı sayırdı.
Gülçöhrə isə qonşu kənddə
arvadı vərəm xəstəliyindən ölmüş
bir dul kişiyə verib özü demiş “namussuzluq ləkəsini
öz üstündən təmizlədi”.
Atam məndən ayrılıb yatmağa getdi. Mən isə
indicə eşitdiyim xəyanət haqqında hekayənin təsirindən
bir müddət ayıla bilmədim. Əlimi
mobil telefonuma uzadıb sevdiyim qızı yığdım.
Allah, bu nədir. Onunla tanış
olduğum gündən ilk dəfə idi ki, telefonuna zəng
çatmırdı. Hər getdiyi yeri, hər
gördüyü işi mənimlə qabaqcadan
razılaşdırırdı. Lap
karıxırdım. Gözüm yazı
masamın üstündəki şəklə sataşdı.
Mən gah sevdiyim qızın rəsminə, gah
da yarımçıq romanın əlyazmasına baxır,
bunlardan birini sobaya atıb yandırmaq istəyirdim. Bəsdir iki düşüncə arasında
çapaladım-deyə düşündüm. Bəlkə aylardan bəri mənə bir anlıq
rahatlıq verməyən bu gərginlikdən qurtulum, qəlbim
sərinlik tapsın. Bir əlimə əlyazmanı,
digər əlimə isə şəkli alıb uzun müddət
tərəddüd etdim.
-Əlyazmanı yandırımmı? Bəs mənim
aylardan bəri çəkdiyim əziyyətlər. Bəlkə sevdiyim qızın rəsmini
yandırıb, onunla bağlı hər şeyə son qoyum?
Yox, yox mən ona xəyanət edə bilmərəm.
Daha bir neçə dəqiqə tərəddüd
etdim. Romanın yarımçıq əlyazmasını
tutduğum sol əlim özümdən asılı olmayaraq
sobaya uzandı. Bir müddətdən sonra
romanın əlyazması qəfil ruhlar kimi gözdən itdi.
Külək də sürətini
atımışdı. Amerika tornadosu yalan
olmuşdu. Bunun bir mənası ola
bilər-deyə düşündüm Bəlkə də
külək də məni qınayır, etdiyim hərəkətə
etiraz edirdi. Amma nə edim, mən bu cür ikili
həyat yaşaya bilməzdim, mütləq birini seçməli
idim.
Bütün gecəni çarpayımda
çapaladım, yata bilmədim. Səhər
açılan kimi, ağzıma bir tikə çörək
atıb yollandım şəhərə, son günlər
keçirdiyim stresləri içimdən atmağa. Yol aldım sevimli məkanıma-parka. Sevdiyim qız da artıq gecədən telefonu
açmırdı. Bir ağacın
altındakı skamyada oturub qəzet vərəqləyirdim.
Məlum səbəblərdən heç nə
oxuya da bilmirdim. Qəzeti büküm əlimdə
saxladım yenə başladım ətrafa göz gəzdirməyə.
Uzaqdan gördüyüm mənzərə məni
əməlli-başlı şaşırtdı. Ağzım açılı vəziyyətdə
donub qaldım. Gördüm ki sevdiyim
qız heç nə olmayıbmış kimi, başqa biriylə
qol-qola girib gülə-gülə parkda gəzişir. Gəlib hətta mənim yanımdan da keçdi, bəlli
ki, özünü görməməzliyə vuraraq.
Gördüyüm
bu hadisədən sonra uzun müddət stresslər
burulğanında çapaladım...
Yeqzar Cəfərli
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Qafqaz
Universitetinin magistrantı
Kaspi.-2013.-19-21 oktyabr.-S.22.