Müstəqillik simfoniyası

 

Zeynal Vəfa

Düşünən beyinlər, danışan dillər,

Döyünən ürəklər deyilsə torda,

Millət müstəqildir deməli orda.

70 il əzaba dözüm olmuşam,

İki qərinəlik özümsüzlüyü,

Dağıda-dağıda özüm olmuşam.

Biçib əsarəti orağım mənim,

Tək öz içimdəydim dünən,

bu günsə,

Gəlir beş qitədən sorağım mənim...

...Zərif göyərçindik bir vaxt,

quzğunun,

Önündə biz sinə gərə bilmədik.

İlkin müstəqillik ağacı əkdik,

Ancaq nübarını dərə bilmədik.

Ömrüm təşnəlikdən əzab çəkəndə,

Kimsə taleyimə yağışlamayıb.

Mənə azadlığı, müstəqilliyi,

Heç kəs töhfə kimi bağışlamayıb,

Onu öz qanımla qazanmışam mən.

Erməni dəryazı, rus orağiylə,

Yaşıl otlaq kimi biçdilər bizi.

Qanımız imperiya qədəhlərində

Şəraba çevrildi, içdilər bizi.

İrəvan, Zəngəzur qəzalarımı,

Göyçə tək ayrılmaz əzalarımı,

Kəsib yad bədənə pərçimlədilər.

Susduq imperiyanın çəpıyı altda,

Ən ali zirvədə duran dilimiz,

Peyğəmbər dilimiz, Quran dilimiz,

Qaldı yad dilinin təpıyı altda.

Yurdumun üst qatı azlıq eylədi,

Hətta ən yeraltı qatın aldılar.

Cılız yabı verib, əvəzindəsə,

Onun Qır, bunun Dür atın aldılar.

Beş-on fəxri fərman, beş-on medalla,

Rütbəli başları satın aldılar.

“KQB” ünvanlı zülmət zirzəmi,

Aldı caynağına 37-də,

Əhməd Cavadımı, Abbas Mirzəmi.

Hargin adaları oldu o zaman,

Yüz-yüz müdrikimin son mənzilləri.

İtirdik Qantəmir, Seyid Hüseyn,

Müşfiq tək səsləri biz ən zilləri.

Odlar yurduyamsa, niyə odumda

Düşmənin fəlakət toru yanmadı?

”İblis”lə döyüşə girən Cavidi,

“Peyğəmbər” özü də qoruyammadı.

Görəsən imperiya dərk elədimi,

Bu dərd ürəyimə sancılmış oxdur.

Dünyanın onlarca Şekspri var,

Ancaq ki, ikinci Cavidi yoxdur.

Qurbanlıq olmuşduq “İzm” adlı səsə,

Hələ utanmadan “Ata” deyirdik,

Varisi olmayan qısır bir kəsə.

Mənim tək çölüm yox, içim soyuldu,

O vaxt ki, ürəyim Dağüstü Parkda,

Yadelli qatilə heykəl qoyuldu.

Ərzin nə şimalı, nədə ki, qərbi,

Hələ unutmayıb ikinci hərbi.

O vaxt imperiya yox, bəlkə Bakımız,

Hitler faşizminə qələbə çalmış?

Minlərlə qırıcı təyyarələri,

Zirehli tankları

cansız bədən tək,

Qalın buz qatları içində qalmış,

Berdanka tüfəngli bir məmləkəti

Yaşadan “Mən” adlı sehirli candı.

Onun damarına qızıl qan verən,

Qara qızıl yurdum Azərbaycandı.

Namərd imperiya haqsızlıqdan yox,

Haqdan, ədalətdən güc almalıydı.

Donmayan benzini kəşf edənimin,

Kreml önündə, “Qızıl” Meydanda,

Qızıldan heykəli ucalmalıydı.

Ancaq ucalmadı, ucaldılmadı,

Çünki xaçpərəst yox, türk oğlu türkdü.

 

Gəzirdim ölkəmi küçəbəküçə,

Ömrümü dəhşətə salanı tapam.

Mən öz Azərbaycan içimdə bəlkə,

Kiçik dir Koroğlu döngəsi tapam,

Bir Tomris, bir Babək dalanı tapam,

Nə fayda, ha gəzdim tapa bilmədim.

Mənim qoçumdan, qara kəlimdən,

Bəlkə güclü imiş özgə cöngəsi?

Babam Atabəydən, Şah İsmayıldan,

Yoxsa qiymətliymiş “Kosoy” döngəsi?

Susurdu önümdə “Papereçnaya”,

Dinib-danışmırdı “Paralelnaya”,

Sanki lal olmuşdu “Zavodskaya”...

Fərhad Büsutunu dağıtdı, mənsə,

Bir namərd qəlbini çapa bilmədim.

Zərdüşt ölkəsində Zərdüşt babamın,

Adına bir küçə tapa bilmədim.

Qışqırdım:-Ay Allah, bu necə yerdi,

Doğması yadından ucuz olubdur.

Dədə Qorqud adı Baksovet üçün,

“Voyenni” adından ucuz olubdur.

Bir şəhər...12 dağlıq küçəsi,

Baxdım, dəli xəzri içimdən əsdi.

Onlarca dahimi yoxsa vətəndə,

Ünvansız qoymaqmış kiminsə qəsdi?

Tanrı sayırıqsa doğar qadını,

Nə haqla Bayılda “Doğum evi”nə,

Qısır bir qadının qoyduq adını?

Tale çırağımız sönmüşdü o vaxt,

Müsəlman paytaxtım İçəri Şəhər,

Xaçlar sərgisinə dönmüşdü o vaxt.

Əridə bilmədik zülmün buzunu,

Hələ arsız-arsız “yaşasın” dedik,

Bizi yaşatmaza illər uzunu.

70 il yayında susdu oxumuz,

Qatil imperiyanın zülmündən bezib,

70 yad ölkəyə qaçdı çoxumuz...

Xilas olmasam da heç vaxt sökümdən,

İmperiya ayıra bilmədi məni

Milli qeyrətimdən, milli kökümdən.

Çünki mərd millətəm, mətindən mətin,

Köküm içimdədir, içim kökümdə,

Kökümü kökümdən ayırmaq çətin.

 

...Dünya gözlərimdə sirləşdi bir gün,

Millət yumruq kimi birləşdu bir gün,

Birlikdən doğuldu müstəqilliyim.

Küçələr, meydanlar qan ilə doldu,

Azadlıq şumunun ilkin tumları,

Torpağa əkilən şəhidlər oldu.

Yurdumun hər çölü-biyabanında,

Milli Kərbəlamız, milli Kəbəmiz,

Müqəddəs Şəhidlər Xiyabanında,

Dolaşan ruhlardan soruşun bunu.

Qoy 20 Yanvarda düşmən ordunun

Qana bələdiyi yollar söyləsin.

İmperiya ünvanlı tankların altda,

Əzilən ayaqlar, qollar söyləsin,

Necə qazanmışıq müstəqilliyi.

Heç demə dünyada tənha, təkmişik,

Qoy daş sinələri güllə möhürlü,

Binalar söyləsin nələr çəkmişik.

Azadlıq meydanı Çənlibel idi,

Meydan sığışmırdı söz kürlüyünə.

Mıllət özgürsüzlük içindən çıxıb,

Artıq qayıdırdı özgürlüyünə.

İstiqlal ömrümün qaş-daşı oldu,

Bir zaman bizlərə atılan daşlar,

Dönüb imperiyanın baş daşı oldu.

Mən qaya başları çapmışam artıq,

70 il özümü gəzdim, tapmadım,

Alqışlar...özümü tapmışam artıq.

Kaş ki, daş ürəkli imperiyanın,

Qara daş düşəydi daş sağlığına.

Öldü...dərdə bax ki, yasında belə,

Bir ölkə gəlmədi baş sağlığına.

Özü öz yükünü daşıyammadı,

O boyda imperiya mən Zeynal Vəfa

Ömrü qədər belə yaşayammadı.

Dilçək lüğətlərdə söz kürləşən gün,

Özgürsüz millətim özgürləşən gün,

Dünyada ən xoşbəxt gündü mənimçün.

Əsrin görməzliyi görən gözüydü,

Mənim müstəqillik simfoniyamın

Ürək nəqaratı Heydər özüydü.

Mənim od ürəkli məmləkətimin,

Əbədi sarsılmaz polad himidir.

Millət bir kəhkəşan...osa hər kəsi,

Nura qərq eyləyən günəş kimidir,

Onun zərrələri içindəyik biz.

Son qoyduq kədərə, son qoyduq aha,

İllərlə düyməsi yad əldə olan,

Robot mexanizm deyilik daha.

Mənim tanrı boyda bir şahidim var,

Öz milli möhürlü pul vahidim var.

Xoşbəxt illər qonur yaşımız üstə,

Öz milli qanunlar məcəlləmiz var,

Quran tək dayanıb başımız üstə.

Nurlu gələcəyə inamla dolduq,

Kiçik bir bölgəydik dünən,

çevrilib,

Hüquqi, dünyəvi bir dövlət olduq.

Cahanı bayrama çağır gələcək,

Milli sevincimi qapana qoysan,

Dünyanın özündən ağır gələcək.

Mən nə “Mən” söyləyib, nə vəz eylədim,

Xətt çəkib imperiya himninin üstdən,

Onu öz himnimlə əvəz eylədim.

Gerbimdə o səkkiz guşəli ulduz,

Ərzin nur məbədi-günəş bölgəsi.

Onun ortasında yanan alovsa,

Azad vətənimdir-Odlar ölkəsi.

İstərəm sevincdən mən dağlar aşam,

Ordakı sümbüllər bolluq rəmzidir,

Palıd budaqları-əbədi yaşam.

Gerbimi bəzəyən o polad qalxan,

Məğrur müdafiə cəngimdir mənim.

Bayrağım üstəki əbədi göy rəng,

Türklük və türkçülük rəngimdir mənim.

Qırmızı-bu günkü müasirliyim,

Yaşıl rəng-islama, islamçılığa,

Məhəbbət, sədaqət zəngimdir mənim.

Artıq birinci növ dil sahibiyəm,

Bəmdən xilas olmuş zil sahibiyəm,

Dünya tarixində şərəf möhürlü,

Nə qədər uğurlu il sahibiyəm.

Müstəqillik adlı məğrur gənc ərəm,

Bakı-Ceyhanımla, Bakı-Ərzurum,

Cahana açılmış qoşa pəncərəm.

Ərzin günəş taxtı, ay taxtıyam mən,

Dünyanın enerji paytaxtıyam mən.

Cahan heyranlıqla baxır içimə,

Burdan nur selləri süzülür,

ordan,

Valyuta selləri axır içimə.

Xalqımın bükülməz polad qoludur,

33 ölkənin əbədi birlik,

Qardaşlıq nəğməsi-İpək Yoludur,

Mənim od ürəkli müstəqilliyim.

 

Yekəpər dövlətin sözünə bir bax:

Deyir gəl içimdə ara bağını.

Ver mənə Xəzəri, əvəzindəsə,

Qaytarım mən sənə Qarabağını.

Bumu qayğıkeşlik, bumu inayət,

Bu nə xəyanətdir, bu nə cinayət?

Dönsün tariximə qoy qərb nəzərlər,

Mənim şimal qonşum doğulmamışdı,

Meydan oxuyanda ərzə xəzərlər.

Köküm beş min illik qədim soydadır,

Beş qarış olsa da bu gün ərazim,

Qeyrətim beş yaşıl qitə boydadır.

Ərzin müstəqillik çağasıyam mən,

Özüm öz-özümün ağasıyam mən.

Mən şərqə, mən qərbə bölünməmişəm,

Şərq də mən özüməm, qərb də mən özüm.

Əgər gərək olsa düşmənə qarşı,

Hərbçi də özüməm, hərb də mən özüm.

Odlu bir mərmidir hər vətən daşım,

Qarabağ naminə düşmənə qarşı,

Müsəlləh əskərdir hər vətəndaşım.

Bu da müdrikimin müdrik sözüdür:

“Mənim milli ordum - millət özüdür”!

Ən güclü zəlzələ qopsun, hədərdir,

Himi Heydər olan müstəqilliyin,

Ömrü dünyamızın ömrü qədərdir.

Bir sözü var idi uli öndərin:

“İmzalar içində imzam yox deyən,

Hadinin ruhuna xəbər göndərin,

İmzalar içində vardır imzası”!

Bəli var...ancaq ki, nə qədər içim,

Tamlıqdan uzaqdır, çətin kiriyəm,

Hələ varlığımın dörddə biriyəm.

Berlin Bonn dərdi sovuşa bildi,

Ədən Səna ilə qovuşa bildi,

Fəqət biz hələ də param-parçayıq.

Ürəyim iztirab qaynağındadlr,

Hər tikəm bir quzğun caynağındadır.

Hələ dərd əlindən sovuşmamışam,

Hələ cənubuma, hələ qərbimə,

Hələ şimalıma qovuşmamışam.

Vahid Azərbaycan yaranan zaman,

Nurla bəzənəcək rəngimiz bizim.

Onda çalınacaq dünya boyunca,

Əsl müstəqillik cəngimiz bizim.

Beş barmaq əlimdir-ələmim mənim,

Hələ çox nəğmələr yaradacaqdır,

Öz məğrur, müstəqil qələmim mənim.

Xalqım 60 milyon ürəkdir, candır,

Hər can müstəqil bir Azərbaycandır.

 

Kaspi.-2013.-19-21 oktyabr.-S.16.