Azərbaycan sənətçisi xarici mətbuatda
Adanada bir bahar: Cahangir Novruz
Bu gün sizlərə Çukurova Universitetində dərs deyən, dünyaca məşhur bir müəllimdən bəhs etmək istəyirəm. Teatr səhnələrində nəfəs alan, bir növ, sənətin içində doğulan, böyüyən, Çukurova Universiteti Dövlət Kanservatoriyası Səhnə Sənətləri bölməsində dərs deyən bu müəllim Cahangir Novruzdur, yəni məşhur aktyorlar ailəsindən olan Cahangir Novruzov.
Deyə bilərəm ki, Cahangir Novruzun müvəffəqiyyətinin
ən ümdə səbəbi ailəsində gördüyü
sevgi, sayğı və əsl insan təməli dünyagörüşüdür.
Atası Mütəllim Novruzov kamança ustası, anası Nəsibə Zeynalova isə Azərbaycanın ən məşhur
teatr aktrisasıdır. Həyatlarını
sənətə həsr etmiş iki gözəl insanın gözünün
ağı-qarası olan tək
övladının fərqli sənət sahəsi seçməsi
də, əlbəttə, gözlənilməzdir.
Cahangirin ata babası riyaziyyat və fizika üzrə professor olan Nəsrullah Novruzovdur. Ana babası isə Bakının mərkəzindəki evini üç yüz nəfərlik teatr salonuna çevirib Azərbaycanda teatr sənətinin əsasını qoyan aydınlardan olan Cahangir Zeynalovdur. Beləcə, bu qədər sənətkarlardan ibarət bir ailədə 1954-cü ildə daha bir sənətkar dünyaya göz açır.
Mənim yerim oradır...
Teatrın kulisində böyüyür. İlk dəfə salonda oturacaqda əyləşib izlədiyi “At sineyi” tamaşası həyatını bütünlüklə dəyişdirir. Çünki kulisdə görməyə adət etdiyi və əmi-xala deyə müraciət etdiyi bu insanlar tamaşaçı salonundan fərqi bir biçimdə görünmüşdü gözlərinə. Balaca Cahangir o an səhnə sehrinin fərqinə varır və qərar verir: mənim yerim oradır.
1971-ci
ildə İncəsənət İnstitutunun Teatr
rejissorluğu fakultəsinə daxil olur. Onun üçün
teatr rejissorluğu bu an deməkdir.
Teatrın
vəzifəsi milli, əxlaqi, insani dəyərləri rəhbər
tutaraq, bu mənəvi mirası cəmiyyətə doğru
şəkildə təqdim etmək, onu aydınlatmaq, irəliyə
aparmaqda yardımçı olmaqdır. Bu
səbəbdən də teatr rejissoru toplumun, cəmiyyətin
dünyagörüşünü, dünyaya baxım bucağını dəyişdirə
biləcək fövqəladə istedada sahib olmalı və mükəmməl bir təhsilə yiyələnməlidir. Bu məqam olduqca vacibdir. Çünki teatr rejissoru
dünyanın baxım bucağını yaxşı tərəfə
də, pis tərəfə doğru da dəyişdirə
bilər. Dünyanın öz oxu və günəş ətrafında
fırlandığını bizə isbat
edən də insandır, bunu qəbul etməyib,
onu yandıran da
insandır. Biz oxuduğumuz,
bildiyimiz mövqedən, idrak
etdiyimiz nöqtədən baxırıq.
Türkiyəyə gəlişi
Cahangir Novruz
1995-ci ilin dekabrında Kayseri
Universitetində açılacaq olan
Gözəl Sənətlər fakültəsində dərs
demək üçün Türkiyəyə
dəvət olunur. Amma
müxtəli səbəblərdən fakültə
açılmır. Cahangir Novruz isə sadəcə maaş
aldığına görə narahtlıq keçirir.
Buna görə də 1997-ci ildə Çukurova Universitetində yeni
açılmış bölümə ezam
olunur. Universitetin rektoru Yalçın Kekeçdən bölüm üçün
özəl bina və dərslik sözü alır.
Qarşılığında isə bölümün
binası üçün lazım olan çertyojları Bakıdan gətirəcəyinə
və bina hazır olana
qədər inşaatın başında duracağına söz verir. Hər ikisi sözünün
üstündə durur. Səhnənin “Afile Jale”
adlandırılması ideysının müəllifi də Cahangir müəllim olur.
Artıq yeni binada dərsə başlayacaq olan Cahangir müəllim tələbələrinə belə deyəcək: “Xəyal qurmağı öyrənin. Çünki ətrafda gördüyünüz hər şey bir zamanlar xəyal olub”.
Cahangir Novruz bu günə qədər 60-dan çox tamaşaya quruluş vermiş, 11 filmdə, 50-dən çox teatr və televiziya tamaşalarında oynamaqla, müxtəlif festivallarda da jüri qismində çıxış etmişdir. 2011-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Ona yüzlərcə tələbə ilə yanaşı, yüzlərcə də övlad verdiyi üçün Adananı çox sevir. Doya-doya yaşamış, tələbələri və çevrəsi tərəfində sayğı və segiylə qorunan bir dəyərdir Cahangir müəllim.
O bir bahardır. Kökünün gücünü öncə ailəsindən alan, sonra “çalışmağın sonu yoxdur, tənbəlliyin də” oxuyan və oxudan, öncə insan deyib tələbələrini ürəkləri ilə dəyərləndirən, sonra isə səhnəyə gətirən bir teatr müəllimi, bir aktyor, bir rejissor, bir təlimçi və qocaman dünyasıyla bir bahardır Cahangir Novruz.
Yazının
müəllifi: Nazan Gökkaya
Türkiyənin
“Milliyyət Güney” qəzetindən
çevirəni:
Könül Əliyeva
Kaspi.-2013.-19-21 oktyabr.-S.12.