Mikayıl Mikayılov Tumendə qoyduğu tamaşanın premyerası olub

 

Azərbaycanın gənc və istedadlı rejissorlarından olan Mikayıl Mikayılov Rusiyanın Tümen şəhərində yerləşən “Anqajement” Gənclər Teatrında M.F.Axundzadənin “Hekayəti-Müsyo Jordan həkimi nəbatət və dərviş Məstəlişah cadukuni-məşhur” pyesi əsasında tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rəssamı Daniil Axmedov, xoreoqrafı Svetlana Skosırskaya, işıq üzrə rəssamı Mars Abdrazakovdur. Tamaşada əsas rolları Tatyana Luzina (Səlixa), Dmitri Anisimov (Bəlixa), Anastasiya Qavşina (Zəlixa), Yana Şveina (Zəlixa), Rinat Qarifullin (Qulaməli, Bəlixa), Denis Yudin (Dərviş Məstəlişah), Anastasiya Perova (Xanpəri), Qalina Ponyatovskaya (Xanpəri), Viyali Miqunov (Şahbaz bəy), Kseniya Kudryavtseva (Şərəfnisa xanım), İrina Nesterova (Şərəfnisa xanım), Yekaterina Zaxarova (Şərəfnisa xanım), İqor Kudryavtsev (Hatəmxan ağa) və Andrey Zaxarenko (Müsyo Jordan) ifa edirlər. “Anqajement” teatrının rəsmi saytında (http://www.angagement.info) tamaşanın janrı şən musiqili komediya kimi təqdim olunub.

Tamaşada rəqs parçalarından geniş istifadə edilib.

Mikayıl Mikayılovun quruluşunda ideya əsərin ideyasından bir qədər fərqlənir. Rejissor Tümen internet qəzeti vlux.ru-nun müxbiri Nataliya Fomentsevaya verdiyi müsahibəsində yozumunu belə izah edir: “Mən tamaşaya ruhsal qat əlave etməyə çalışmışam. Mənim tamaşamın janrı – kvazimistikadır. Bir tərəfdən biz mistikanı inkar edirik, digər tərfdən isə biz nə qədər onu görməməyə çalışsaq da, o mövcuddur. Bizim konfliktimiz maddiyyatla mənəvinin konfliktidir”. “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının birinci premyerası dünən baş tutub. 19, 20, 25 oktyabr tarixlərində də tamaşanın premyerası keçiriləcək.

 

Kaspi.-2013.-19-21 oktyabr.-S.12.