Hər kəsin öz
vaxtı...
Dostumuzu, həmkarımızı, gözəl
insanı bir daha
xatırlayaq
Günlər, aylar göz qırpımında ötüb keçir. Artıq bu gün dəyərli həmkarımız, gözəl ailə başçısı, mehriban ata, peşəkar jurnalist, həqiqi ziyalı, nəcib və təvazökar insan, yüksək mədəniyyət sahibi Rafiq Sədrəddinovun qırxıdır.
Rafiq
Niyazi oğlu Sədrəddinov 1945-ci ilin 14 avqust tarixində
Şəkidə dünyaya gəlib. Jurnalistikaya
uzaq 1969-cu ildə Sumqayıtda
çıxan “Ximik” qəzetinin məsul katibi kimi qədəm qoydu. Cəmi bir il sonra artıq “Kommunist Sumqaita” qəzetinə
ədəbi işçi olaraq
qəbul edilir, tezliklə də redaktor vəzifəsinə keçirilir.
Sonrakı dövrdə imzası nüfuzlu
nəşrlərdə görülən bu
qələm ustası müxtəlif illərdə Bakının
“İdman-Sport”, Moskvanın “Sovetski Sport”,
Bakının “Bakinski Raboçi”,
daha sonra da Moskvanın “Qudok” qəzetinin
Azərbaycandakı xüsusi müxbiri olaraq
çalışır. 1987-ci ildə SovİKP
Mərkəzi Komitəsinin orqanı “Pravda”
qəzetinin Azərbaycan bölməsinin baş
müfəttişi vəzifəsinə təyin olunur.
SSRİ-nin dağılması Rafiq müəllimin jurnalist fəaliyyətinə nəinki təsir etmədi, əksinə, əzəli prinsiplərinə sadiq qalan mahir jurnalist qələminin kəsərliyini bir az da artırıb yeni mətbuatımızda tez-tez çıxış etməyə başlayır. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Azərbaycan mətbuatının ən qocaman orqanı “Kaspi” qəzetilə bağlı da nə qədər ümidləri vardı...
Azərbaycan Dövlət Universitetinin məzunu olan Rafiq Sədrəddinov əslində tələbəlik
dövrünün lap
əvvəlindən mətbuatda işləyib. Şübhəsiz
ki, jurnalist fəaliyyətinin
zirvəsi də ümumittifaq “Sovetski Sport” qəzetinin Azərbaycandakı
xüsusi müxbiri vəzifəsini
yerinə yetirməsi oldu. Orta və yaşlı nəsil həmin qəzetin
bütün SSRİ boyu
ən çox oxunanlardan
olduğunu yaxşı xatırlayır. Odur ki, Rafiq
müəllim Moskvada da,
Azərbaycanda da böyük
nüfuz sahibi olub. Reportajları, Azərbaycan idmanı haqqındakı
yazıları xeyli oxucu
cəlb edirdi.
Rafiq
söhbət edirdi ki, Bakıda keçirilən geniş
miqyaslı yarışla əlaqədar rəhbərlik ona sərt
tənqidi yazı hazırlamağı
tapşırmışdı. Görünür, Moskvada kimlərsə Azərbaycanla “haqq-hesab çürütmək” həvəsinə
düşmüşdülər. Beləliklə,
Rafiq müəllim Azərbaycan rəhbərliyilə
olan isti münasibətlərini
korlamaq bahasına da olsa tapşırığı yerinə yetirmək,
tapşırıqdan imtina edib
xüsusi müxbir vəzifəsindən
getmək, yaxud məsələni nə şiş yansın, nə kabab
misalı həll etmək arasında seçim qarşısında qaldı. Və üçüncü yolu
seçdi. Həmin tənqidi
yazını yazıb gətirir o vaxtlar Bakının birinci
katibi Fuad Musayevin masası üstünə qoyur. Ertəsi gün də
Moskvaya yola düşür. Yazı isə işıq üzü görmədi.
...Həmin
o başabəla günədək idmançı bədənli,
şux, 68 yaşında ikən uzaqbaşı 55 yaş
göstərən Rafiq üçün həyat adi axarı
ilə gedirdi. Çöhrəsində yüngül, bir az istehzalı təbəssümlə,
qıvraq, səliqəli geyinmiş Rafiq müəllim redaksiyaya
ayaq basan kimi həmkarları ilə bir qədər zarafatlaşıb həftənin
gündəmini saf-çürük etməyə
başlayardı. Həftəlik qəzetin siyasət
şöbəsi müdiri olmaq
zarafat deyil, daim hadisələrin nəbzini tutmaq
lazım gəlir. Rafiq müəllim də
uzun illərin təcrübəsilə bunu gözəl bacarırdı.
...O gün Rafiq həmişəkindən tez evə getdi. Ayrılanda “uşaqlar, nəsə naxoşlamışam, bir az müalicə olum, geri qayıdana kimi məni əvəzləyərsiniz” dedi. Üstündən keçən bir neçə gün ərzində müntəzəm şəkildə əlaqə saxladıq, hal-əhval tutduq. Avqustun 14-də redaktorumuz İlqar Hüseynov doğum günü münasibətilə təbrik etmək üçün Rafiq müəllimə zəng vurdu. Qısa söhbətdən sonra hiss etdik ki, İlqar müəllim bərk dilxordur...
Hamımız dərindən
sarsılmışdıq, amma Rafiqi yaxalayan dəhşətli
xəstəliyi öyrənəndə daha
da pis olduq.
Özü diaqnozunu
bilmədi, amma artıq son
günlərini, hətta son
saatlarını yaşadığını hiss
etmişdi.
Bu gün Rafiq Sədrəddinovun qırxıdır. Mərhum dostumuz haqqında hansı səpgidə yazmaq barədə xeyli düşünüb-daşındıqdan sonra əzizlərini, qardaşları Ramizi və İlqarı, qızları Nərgizi və Nigarı redaksiyaya dəvət edib sadəcə söhbət etməyi qərarlaşdıq.
Rafiq
üç qardaşdan böyüyü olub. Əslində milis işçisi də ola
bilərdi. Əsgərliyi Biləcəri qəsəbəsində
daxili qoşunların hərbi hissəsində
keçirən Rafiq ali
təhsili başa vurub
jurnalist diplomunu
aldığına görə əsgər yoldaşlarından
yaşca böyükdü.
İlqar qardaşının dediyinə
görə, komandanlıq ali təhsilli olduğunu nəzərə alıb onu kargüzar, tabur komsorqu təyin etmişdi, hətta ona divar qəzetini də hazırladırdılar.
Elə o vaxt Rafiqə
milisdə işləməyi təklif etsələr də, seçdiyi ixtisas üzrə
çalışmağı üstün tutdu.
Rafiq
daha çox idman jurnalisti kimi tanınsa da, başqa
mövzularda da yazırdı. Ortancıl qardaşı Ramiz bunda qəribə şey görmür: “İdmana cavanlıqdan meyl
göstərib. Uşaqlıqda güləşlə, həndbolla
müntəzəm məşğul olub. Sonradan jurnalist işlərilə
əlaqədar idman dairələrilə
yaxınlaşdı, bütün məşhur
idmançıları tanıyırdı. Ümumiyyətlə,
idman sahəsinin vurğunu
idi”.
Rafiq
Sədrəddinov həqiqi vətənpərvər olub. 1990-cı
ilin qanlı 20 yanvar
gecəsi o da
düşmən qarşısına çıxan qeyrətli
vətən oğullarımızın ilk
sıralarında olub. Həmin illər Qarabağ, Çeçenistan
müharibələrinə çox can yandırır, sonradan İraqda, Liviyada, Suriyada baş verən
qanlı hadisələrə biganə qala
bilmirdi. Böyük qızı Nərgizin danışdığına
görə, hətta yataq xəstəsi olduğu günlərdə belə əlilə
televizorun pultunu
tapıb Azərbaycana, Suriyaya dair xəbərləri dinləmək üçün səsi artırardı. “Son illər Allaha üz tutmuşdu.
Qatı mömin olmasa
da, hər dəfə müqəddəs ramazan ayı oruc tutar, bizə də tapşırardı” – deyə
Nərgiz xatırlayır.
Rafiq
müəllimin kiçik qızı Nigar da atasının
çox məsuliyyətli və dəqiq olduğunu, işdən,
qohumlarıgildən övladlarını götürməyə
gələrkən bircə dəqiqə gecikmədiyini
xatırlayırdı. Göz yaşları içində olsa
da, bir dəfə
atasının onu aparmaq
üçün iş
yerinə gələndə küçənin qarşı tərəfində
olsa da, onu gözləməyib yolu
keçdiyini və əlindən tutub uşaq kimi o biri
tərəfə keçirdiyini
gülümsəyərək danışdı.
Yazı üçün şəkillər haqda söhbət düşəndə Nigar heç gözləmədiyimiz bir şey dedi: sən demə, Rafiq müəllim şəkil çəkdirməyi xoşlamazmış. O daha çox dost-tanış arasında olmağı, uşaqları gəzməyə, dəniz qırağına aparmağı sevərdi: “Mənim jurnalist olmağımı çox istəyirdi. Kiçik, mənə görə əhəmiyyətsiz yazılar yazırdım, atam isə uşaq kimi sevinir, hamıya göstərirdi. Amma jurnalistika fakültəsini bitirsəm də, ixtisasım üzrə işləmədim. Çünki atam kimi ola bilməzdim, indi addımbaşı rast gəldiyimiz “jurnalist”lərdən isə olmağı özümə sığışdırmadım”.
Ümumiyyətlə,
Rafiq müəllim nəslinin ağsaqqalı kimi bütün
qohum-əqrəbasına qarşı çox diqqətli idi,
qayğı göstərərdi. Tez-tez
Şəkidəki qohumlarına zəng vurar,
problemlərilə maraqlanar, imkan daxilində köməyini əsirgəməzdi.
Məsələn, daim yaxınlıq
göstərdiyi, tez-tez nərd
oynadığı əmioğlusu Yaşar
bir gün nərd oynamaqdan boyun
qaçıranda şübhələnir. Məlum olur ki, son
vaxtlar Yaşarın səhhəti pisləşib.
Dərhal onu Sumqayıtdan Bakıya gətirib
həkimlərə göstərir. Həkimlər də
vaxtında məsələnin üstünə
düşdüklərini, bir az ləngisəydilər artıq gec olacağını bildirirlər. Yəni Rafiq əmioğlusunun həyatını xilas edib.
Rafiq
müəllim mərd insan olub, yalanı, yaltaqlığı,
riyakarlığı qəbul etməz, kimliyinə baxmadan
sözünü yeri gələndə yüksək vəzifə
sahibinə də açıqca, üzünə söyləyərdi.
Mənim də üstümdə haqqı az olmayan Rafiq
bir dəfə iş yerimi dəyişmək lazım gələndə
təsadüfən ümumi dostumuz bizi tanış edərkən
qısa söhbətdən sonra ertəsi gün redaksiyada məni
gözləyəcəyini bildirmişdi.
Beləcə həmin gündən “Kaspiy”
qəzetində işə başladım. Bəli, fəhmlə
insanları duymağı bacarırdı. Heyf
ki, cəmi yarım il
bir yerdə işləmək nəsib oldu...
Rafiq Sədrəddinov haqqında
çox yazmaq olar.
Vəfatının səhəri gün bir yazını çıxarmaq üçün redaksiyadakı kompüterinə yaxınlaşdım. Hər gün adətincə səliqə ilə klaviaturanın üstünə qoyduğu eynəyi yenə də orda idi. Eynəyi yerindədi, Rafiq isə yoxdu. Qeyri-ixtiyarı arxaya, qapı tərəfə boylandım: indicə həmişəki təbəssümlə Rafiq içəri girəcək... Amma girmədi. Bir daha girməyəcək. Bir daha onun qapı ağzından zarafatyana dediyi “hə, bəsdir işlədiz, gedək dovğa yeyək” sözlərini eşitməyəcəyik. Ötən qırx gün ərzində dovğa yeyə bilmirəm. O dəqiqə gözüm qabağına şux qamətli Rafiq gəlir. Təbiətcə nikbindi, heç vaxt şikayət etməzdi, o cümlədən səhhətindən də. Neyləyəsən ki, əcələ çarə yoxdur...
Əli Səidov
Kaspi.-2013.-19-21 oktyabr.-S.6.