Xalq və onun Səsi: seçkilər nəyi
göstərdi?
Cavanşir
Feyziyev
Millət vəkili,
Fəlsəfə doktoru
Seçimlər başa
çatdı. Təxminən 2 ay ərzində müxtəlif
məzmunlu seçki sloqanlarının təqdim olunması ilə,
bütün iddialı qurumlar tərəfindən xalqa
ünvanlanan siyasi çağırışlarla, və get-gedə
güclənən siyasi ehtiraslarla müşayiət olunan
proses nəhayət oktyabrın 9-da özünün
kulminasiya həddinə çatdı və seçkiyə bir
gün qalmış sakitləşərək seçicilərin
qərarını gözlədi. Bütün olayları səbrlə,
təmkinlə izləyən seçicilər qərarlarını
Ana Yasamızda nəzərdə tutulduğu kimi, öz səsləri
ilə ifadə və təsdiq etdilər. Heç bir möcüzə
baş vermədi.
Əslində
əvvəlki dəfələrdən fərqli olaraq bu dəfə
onsuz da heç bir tərəf artıq möcüzəyə
ümid etmirdi və yəqin ki, hər bir namizəd öz nəticələrini
əvvəlcədən də aydın təsəvvür
edirdi. Buna baxmayaraq möcüzəsiz də
ötüşmədi. Eyni masa arxasında oturub seçki
prosesinin nəticələrini şərh edən siyasi
qonaqlarımız azərbaycanlılardan daha çox özləri
bir-birini təəccübləndirdilər. ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəsmisinin
açıqlamasından sonra mətbuat konfransının
keçirildiyi zalda yaranan ajiotaj qonaqları
şaşırdı. Elə həmin masa arxasında oturub
açıqlamanın hələ davam etməkdə olan tərcüməsini
dinləyən ATƏT–in qısamüddətli Müşahidə
Missiyasının rəhbəri Mişel Vuazənin
təəccübdən bir müddət özünə gələ
bilməməsi şəraitində davam edən konfrans, nəhayət
onun, yəni Mişel Vuazənin yanında oturan həmkarının
şərhi ilə razılaşmadığını bəyan
etməsi ilə öz məcrasına qayıtdı.
Zaldan gələn etirazlı suallara cavab tapa bilməyən
DTİHB rəsmiləri mətbuat konfransını
yarımçıq tərk etməli oldu. Cənab
Vuazən isə özünün rəhbərlik etdiyi
Müşahidə Missiyasının qənaətinə
görə Azərbaycanda demokratik, şəffaf və ədalətli
seçkilər keçrildiyini elan etdi və digər beynəlxalq
qurumların da prezident seçkilərinə münasibətinin
oxşar olduğunu bildirdi.
Bu mətbuat
konfransı bəzi epizodları ilə 2003-cü il seçkilərindən
sonrakı mətbuat konfransını xatırladırdı. Bu iki səhnə arasında mühüm bir eynilik və
həm də mühüm bir fərq var idi. 2003-cü il
seçkilərindən sonra Müşahidə
Missiyasının şərhi səslənərkən
də ajiotaj yaranmışdı. O zaman da DTİHB-nun ilkin
hesabatında səslənən “...seçki prosesi Avropa
standartlarının bəzi müddəalarına tam cavab vermədi...”
açıqlaması zalda oturanlar tərəfindən
alqışlarla qarşılanmışdı. Bu
alqışlarla Azərbaycan səslənən tənqidi
qeydləri səmimyyətlə qəbul etdiyini ifadə
etmişdi. On il sonra eyni qurumun nümayəndəsinin
açıqlamasından sonra səslənən
alqışlar yenə da Azərbaycanın səmimiyyətini
nümayiş etdirdi. Amma bu səmimiyyət ilkin hesabatda səslənən
tənqidi fikrə deyil, Azərbaycan dövlətinə, onun təmin
etdiyi azad, şəffaf və demokratik seçkilərin nəticələrinə
inamı ifadə edirdi. Ona görə də 2003-cü ildəkindən
fərqli olaraq bu dəfəki alqışlar həm də səslənən
fikirlərə etiraz edən hayqırtılarla müşayiət
olundu. Hər iki halda auditoriya öz səmimiyyətini ifadə
etdi. Mühüm fərq isə auditoriyanı
bürüyən alqışların ünvanında və məqsədində
idi. 2003-cü il alqışları onların
açıqlamasını dəstəkləyirdisə,
2013-cü il alqışları qərəzli və saxta
faktlar əsasında hazırlanmış
çıxışı yarımçıq dayandırmağa
məcbur etdi. Daha sonra zalın etiraz
uğultusu altında DTİHB-nun tribunanı tərk etməsi
Avropa iqtisadiyyatını bürümüş böhranın
onların siyasətində və mənəviyyatında da
kök saldığını və əslində, haqqında
çox danışılan qlobal iqtisadi böhranın məhz
onların yanlış siyasətindən qaynaqlandığını
bir daha sübuta yetirdi.
DTİHB–dan
fərqli olaraq, AP, ATƏT Parlament Assambleyası, AŞPA, MDB,
GUAM, TÜRKPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı və digər mötəbər beynəlxalq
və regional qurumların seçkiləri izləmiş
Müşahidə Missiyalarının rəhbərləri, eləcə
də Fransa, Pakistan, İtaliya, ABŞ kimi ölkələrin
qanunvericilik orqanlarını təmsil edən müşahidəçilər,
bir sözlə dünyanın bütün qitələrindən
seçkiləri müşahidə etmək üçün
gəlmiş minə yaxın siyasətçilər
seçkilərin demokratik bir mühitdə, azad və şəffaf
şəkildə keçirildiyini və tələb olunan
standartlara cavab verdiyini təsdiq etdilər. Seçkinin
yekunlarına dair mətbuat konfransında
çıxış edən Avropa Parlamenti Xarici Əlaqələr
Komitəsinin vitse-prezidenti Firello Provera seçki prosesində
heç bir pozuntu halına rast gəlinmədiyini söyləməklə
yanaşı, DTİHB-nun hesabatına da münasibətini
bildirdi: “...Bəzi ölkələrdə bəzi qruplar, bəzi
insanlar öz vətənlərində olmayan demokratiyanı
başqa ölkələrdə görmək istəyirlər....
Mənə bəzi tənqidi fikirlər çatıb. Azərbaycanda
9 jurnalist müxtəlif səbəblərdən həbsxanadadır.
Qeyd etməliyəm ki, mənim vətənim İtaliyada 4
jurnalist diffamasiyaya görə həbsdədir. Onlardan birinin
yaşı 74-dür. Tənqid olunan başqa bir məqam namizədlərin
arasında qadının olmamasıdır. Bunu deyənlərin
yadına salmaq istəyirəm ki, ABŞ-da da namizədlərin
arasında qadın olmayıb. Amma heç kim deyə bilməz
ki, ABŞ demokratik ölkə deyil”. Seçki şərhlərindən
belə sitatları çox gətirmək olar. Lakin vacib
olanı odur ki, Avropalı müşahidəçilər bunu
yalnız Azərbaycanda olarkən deyil, Avropa Birliyinin mötəbər
qurumlarında da təsdiq etməkdə davam edirlər. ATƏT PA Müşahidə Missiyasının tərkibində
seçkiləri müşahidə etmiş Avstriyalı
deputat Volfqanq Qrossruk oktyabrın 13-də ATƏT PA-nın
payız sessiyasında çıxış edərək, Azərbaycanda
seçkilərin azad, şəffaf və demokratik mühitdə
keçirildiyini, seçkilərin texniki cəhətdən,
seçki komissiyalarının
formalaşdırılması və təkmilləşdirilməsi
baxımından böyük irəliləyişlərə
nail olunduğunu bildirmişdir. DTİHB-nun ilkin hesabatına
öz münasibətini bildirən cənab Qrossruk demişdir:
“Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə
öz müşahidələrində daha çox Qərb və
Avropa mətbuatında dərc edilmiş qərəzli
yazılara və fikirlərə əsaslanır. Bu dəfə də belə oldu.” DTIHB-nun fəaliyyətini
tənqid edən Qrossruk həmçinin bildirmişdir ki, bu
qurumun seçkilərlə bağlı metodologiyasını
dəyişmək lazımdır və ATƏT PA ilə
DTİHB arasında yeni iş prinsiplərinə söykənən
münasibətlər yaradılmalıdır. Oxşar məzmunlu
şərhlər həm Avropa və Amerikada, həm də bir
çox digər ölkələrdə bu gün də səslənməkdədir.
Əlbəttə,
seçki prosesində əhəmiyyətsiz xırda
pozuntuların baş verdiyini nə əcnəbi müşahidəçilər,
nə də özümüz istisna etməməliyik. Çünki
biz özümüzü hamıdan yaxşı
tanıyırıq. Hətta belə bir atalar
sözümüz də var: “Pişik öz balasını
çox istədiyindən yeyər”. Bir sıra
insanların, xüsusən də xırda məmurların bəzən
yersiz canfəşanlığından irəli gələn
lüzumsuz cəhdlər nə dövlətin, nə namizədlərin
, özəlliklə də seçilməyə ən
çox şansı olan namizədin maraqlarına uyğun ola
bilməzdi. Əgər doğrudan da, bəzilərinin
iddia etdiyi kimi, başqalarının əvəzinə səs
vermə faktı, hesabatda “izlərinin göründüyünə”
eyham edilən “ topa ilə bülleten atılması” faktı
baş veribsə, bunu edənlər həm Prezidentə, həm
ölkəmizin imicinnə, həm də çox böyük
zəhmət nəticəsində seçkiləri
yüksək səviyyədə hazırlayıb həyata
keçirən MSK-ya “Ayı xidməti” göstərmiş
olublar. Çox güman ki, əlaqədar qurumlar iddia edilən
faktları yoxlayaraq bunun baş verib-vermədiyini aydınlaşdıracaqlar.
Bu kimi faktların təsdiq olunacağı halda əminəm
ki, ölkənin nüfuzuna və insanların inamına xələl
gətirən günahkarlar ən ciddi şəkildə cəzalandırılmalıdır.
Amma hələlik Youtube-da yer almış bu çəkilişlərdən
birinin üzərində onun hələ oktyabrın 8-də, yəni
seçkilərdən bir gün əvvəl yerləşdirildiyi
açıq-aydın görünməkdədir. Belə saxta faktlarla təşkilati cəhətdən
son 20 ildə keçirilmiş ən uğurlu seçkilərə
kölgə salmağa cəhd edənlərin məqsəd və
məramını isə milli təəssübkeşlik
bucağından izah etmək və anlamaq mümkün deyil.
DTİHB-nun məhz bu kimi faktlara və adı
açıqlanmayan müəmmalı “etibarlı mənbələrə”
əsaslanaraq qərəzli hesabat hazırlamasının səbəbləri
isə onsuz da az deyil.
Birincisi,
köhnə formatda idarə olunması get-gedə çətinləşən
dünyada öz hegemonluq rolunu itirmək istəməyən
dövlətlər fürsət düşdükcə
dünyanın digər ölkələrində ictimai-siyasi
şüurun aşağı səviyyədə olduğunu və
buna görə də onları idarə etməyin zəruri
olduğunu sübut etməyə və beləliklə,
artıq mənəvi cəhətdən çoxdan layiq olmadıqları
“hakimlik” rolunu sürdürməkdə davam etməyə
çalışırlar.
İkincisi,
bütün dünyaya car çəkdikləri bu kimi saxta
hesabatlarla onlar xüsusilə gənc dövlətlərin
müstəqil siyasətini təftişçilik
imtiyazlarına bəraət qazandırmağa, təftiş
etdikləri ölkələrin siyasi elitasını özlərindən
asılı vəziyyətdə saxlamağa və bu yolla
öz ölkələrinin siyasi milli maraqlarını təmin
etməyə nail olurlar.
Üçüncüsü,
hegemon dövlətlərin belə hesabatlarla manipulyasiya edərək
enerji resurslarına malik olan ölkələrin onlarla iqtisadi əməkdaşlıq
siyasətinə təsir və təzyiq etmək istəyi də
çoxdan heç kimə sirr deyil.
Dördüncüsü,
Qərbdə Azərbaycanın imicini zədələməklə
sivil dünya tərəfindən geri itələnməsini və
nəticədə Avrasiya İttifaqı kimi absurd regional
qurumlara girməyə məcbur edilməsi niyyətini güdən
tərəflərin də mənfi Hesabatın
hazırlanmasında maraqlı olduğunu və seçki ərəfəsində
məhz buna çalışdığını istisna etmək
olmaz.
Beşincisi, saxta hesabatı səsləndirən DTİHB rəsmilərinin bu manipulyasiyada iştirak marağı da aydın və daha bəsitdir. Əgər bütün ölkələrdə demokratik təsisatlar normal fəaliyyət göstərir və insan haqlarının müdafiəsi heç də Avropadan və Amerikadan pis təmin olunmursa, o zaman bu qurumun fəaliyyətinə də ehtiyac qalmır, deməli həm də quruma ayrılan vəsaitlərin həcmi və bu qurumda çalışan siyasətçilərin iş yerləri azalır. Qərbdə işsizliyin artdığı və kütləvi ixtisarların baş verdiyi bir şəraitdə DTİHB rəsmilərinin özləri də işsizlər ordusuna üzv olmaq istəmirlər və ona görə də təftişçilik fəaliyyətində “rəngləri tündləşdirməyə” daha meyllidirlər.
Bütün
bunların və sadalamadığım digər səbəblərin
fonunda əsasən qlobal güc sahiblərinin donorluq etdiyi
DTİHB və buna bənzər bir sıra qurumların
müxtəlif ölkələrdəki siyasi hadisələri
həmişə obyektiv qiymətləndirməsi mümkün
görünmür. Bunun əksinə inananlar Ermənistanda
keçirilən seçkilərə dair DTİHB-nun müsbət
rəyini və həmin seçkilərin Avropa
standartlarına uyğun keçirildiyini də qəbul etmək
zorunda qalır. Bu məntiqlə DTİHB
hesabatının obyektivliyinə istinad edərək və
bundan ruhlanaraq itaətsizliyə çağırışlar
edən Milli Şura da dolayısı ilə Ermənistanda
keçirilmiş seçkilərin beynəlxalq standartlara
uyğun və demokratik şəkildə baş tutduğunu təsdiq
etmiş olardı. Ermənistanda seçki öncəsi ən
şanslı namizədlərdən birinin
sui-qəsd cəhdi nəticəsində yaralanması və
seçkidən sonra onlarla etirazçının
öldürülməsi ilə müşayiət olunan 2003 və
2008-ci il seçkilərinin məhz DTİHB-nun Hesabatına
görə Avropanın demokratik, azad və şəffaf
seçki etalonuna uyğun gələ bilməsini isə
əsl möcüzə hesab etmək olar.
Göründüyü kimi, DTİHB-nun obyektivliyində onun özü üçün də izahı mümkün olmayan paradokslar kifayət qədərdir. Bəs görəsən öz missiyasında DTİHB-nu qeyri-obyektivliyə sövq edən nədir? Əvvəlki məqalələrimdə (“Beynəlxalq siyasətdə transformasiya zərurəti” , “Avropanın Axilles dabanı” və s.) Avropada hökm sürən iqtisadi və mənəvi böhranın, özləri etiraf etməsə də, məhz siyasi böhrandan irəli gəldiyini iddia etmişdim. Bu gün AB ölkələrinin KİV-lərində müsahibələr verən, AB-nin çoxsaylı qurumlarında keçirilən ardı-arası kəsilməyən dinləmələrdə Avropanın bu günü və gələcək taleyi ilə bağlı çıxışlar edən siyasətçilər öz vəziyyətlərini doğrudan da “avropadaxili siyasi böhran” adlandırmaqdan çəkinmirlər. Belə olan halda, biz də etiraf etməliyik ki, bu gün Avropa siyasəti xəstədir. Simptomları çoxdur, ən başlıcası və siyasətçi olmayanlar tərəfindən də açıq-aşkar seziləni isə beynəlxalq siyasətə yanaşmada ikili standartlardır. Bu isə çox təhlükəlidir. Həm Avropanın özü üçün, həm də dünya birliyində səmimi yaşamaq, yaratmaq və öz millətini tərəqqiyə çatdırmaq istəyən, lakin iri güc sahibləri qədər topa-tüfəngə sahib olmayan ölkələr üçün təhlükəlidir. Hər gün altında bomba partlaya biləcəyini düşünə-düşünə yaşayan Avropa və Amerika, eləcə də daimi təzyiq altında öz müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün gecə-gündüz çalışan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və bir sıra digər dövlətlər də Qərb siyasətinin bu xəstəliyindən doğan təhlükə ilə hər zaman üz-üzədir. 2008-ci ilin Gürcüstan hadisələri bu təhlükənin nə ilə nəticələnə biləcəyini xatırladan kabus kimi gözlərimiz önündədir. Deməli, ikili siyasət əslində həm Şərq, həm də Qərb üçün və nəticə etibarilə, bütün dünya üçün təhlükəlidir.
Nə isə, qəbul edək ki, bu da
Dünyanın öz işidir. Qayıdaq öz
məmləkətimizə və seçkilərimizə.
Əslində qalib gəlmək üçün yox, sadəcə
“mən də hələ varam” demək istəyən qüvvələrin
özünü bir daha siyasi səhnədə göstərmək
üçün Milli Şura adı altında seçkiyə
getməsi və bu yolda başlarına gələnlər
həyatda iki dəfə haqqında eşitdiyim toy macəralarını
xatırladır. Bu toy macəraları barədə bir az sonra
nəql edəcəyəm. Hələlik isə, Milli
Şuranın seçki prosesindəki gedişlərinə nəzər
salaq.
Birincisi,
xalqın böyük bir qismini təmsil etdiklərini iddia edən,
hakimiyyətə gəlib dövləti idarə edəcəyinə
və xalqı xoşbəxt gələcəyə
aparacağına inanan ( bəlkə də inanmayan) və
özünü xalqa ciddi bir siyasi qurum kimi təlqin edən
Milli Şuranın siyasətdən anlayışı olmayan
Rüstəm İbrahimbəyovu seçki prosesinin önünə
gətirməklə nəyə ümid etdiyini anlamaq
ümumiyyətlə mümkün deyildi.
İkincisi,
bu gün dünyada və xüsusilə
yaşadığımız regionda hökm sürən
çox mürəkkəb geosiyasi mənzərənin fonunda
dövləti idarə etməyə, bütöv bir xalqın
taleyini həll etmək kimi çox mürəkkəb bir
siyasi və mənəvi yükü öz üzərinə
götürməyə iddialı olan Milli Şuranın
Seçki Qanunundan xəbərsiz olub, hüquqi cəhətdən
namizəd olmağa səlahiyyəti çatmayan bir şəxsi
prezidentliyə namizəd göstərməsi çox gülməlidir.
Bu addımların siyasi səbatsızlıqdanmı, və
ya hüquqi savadsızlıqdanmı
atıldığını deyə bilmərəm. Bəlkə bunu sadəlövhlük də
adlandırmaq olardı, əgər söhbət siyasətdən
getməsəydi. Çünki elementar düşüncə səviyyəsində
də hamıya məlumdur ki, siyasət və sadəlövhlük
bir-birinə yaxın gəlməyən, bir-birinə zidd olan
anlayışlardır. Nəticə isə
ondan ibarət oldu ki, prosesin lap başlanğıcında hələ
də Milli Şuraya inanan və ya sadəcə ona rəğbətlə
yanaşan elektorat bu gedişlərdən doğan təəccübdən
sonra tərəddüd etmədən Milli Şuradan
uzaqlaşdı. Qurum mat vəziyyətində ikən hər
hansı bir “üzüyola” namizədin tapılması və
irəli sürülməsi bu biabırçılıqdan
çıxış yolu kimi qəbul olundu. Tələm-tələsik
Rüstəm İbrahimbəyovun əvəzinə Cəmil Həsənlinin
namizədliyinin irəli sürülməsi məhz yuxarıda
qeyd etdiyim macəralı toy hadisələrini
xatırladır. Bu toy macəralarının hər ikisi ucqar
rayonlardan birində baş vermiş, personajlarını şəxsən
tanıdığım real hadisələrdir. Macəraçılıq
isə ondan ibarətdir ki, müəyyən bir müddət ərzində
nişanlı olmuş gənclərin ailələri toya
hazırlıq görüb, dəvətnamələr
paylamışdılar. Toy axşamı oğlan
evində əl-qol açaraq rəqs edən və səhəri
gün maşın karvanı ilə gəlin gətirməyə
gedən bəy adamları gəlin evinə gəlib
çatdıqda gözlənilməz və ilk baxışdan
çıxılmaz görünən bir vəziyyətə
düşmüşdülər. Gəlin köçməyə
hazırlaşan qız iki ayağını bir başmağa
dirəyib getməyəcəyini bildirmişdi. Bu
vəziyyətdə hər iki tərəfdən qohumlar
qızı dilə tutmaqda davam edirkən bəyin adamları
yaxında, uzaqda tanıdıqları ailələrin
qızlarını beyinlərində saf-çürük edərək,
ərə getmək heç ağlına belə gəlməyən
bir qızın valideynləri və özü ilə
telefondaca razılaşaraq təcili çıxış yolu
tapmış və maşın karvanını yenicə
tapılmış adaxlının qapısına
sürmüşdülər. Yeni adaxlı da
başına şahıq quşu qonmuş göyərçin
kimi ağ gəlinlik libasına bürünüb gəlin
maşınına əyləşmiş və baş verənlərə
inanmasa da vağzalı sədaları altında bəy evinə
gəlin köçmüşdü.
Rastlaşdığım bu iki hadisənin çox nadir
və əslində, maraqlı bir macəra olduğunu qəbul
etsək də, siyasətdə bu kimi vəziyyətlərin
xoş sonluqla bitməyinə inanmaq sadəlövhlük
olardı.
Seçki prosesinin gedişində Milli Şuranın namizədlərinin yerdəyişməsi də yumşaq desək, məhz belə bir sadəlövhlük idi. Cəmil Həsənlinin də Rüstəm İbrahimbəyovun əvəzinə seçki qatarına minib harasa getmək istəməsi və mənzil başına çatacağı nə seçiciyə, nə də yəqin ki, onun özünə inandırıcı görünə bilməzdi. Hər cür məntiqdən uzaq olan bu sadəlövhlük siyasət səhnəsinin formatına qətiyyən uyğun deyildi. Məntiqsizlikdən yoğurulmuş siyasi gedişlərlə bir ölkənin prezidenti olmaq iddiasında bulunmaq nə qədər ciddi görünür və xalqa, seçiciyə nə vəd edirdi? Milli Şura və Cəmil Həsənli bunu bilməsələr də seçici bunu asanlıqla başa düşürdü və məhz bu “rokirovka” Milli Şuranın yerdə qalan elektoratını da digər iddiaçılar arasında bölüşdürdü.
Lakin Cəmil Həsənlinin seçkidən
sonrakı addımları burada sadəlövhlüklə
yanaşı bir macəraçılığın da
olduğunu göstərir. Məntiqə və
bütün ədəb qaydalarına görə, oktyabrın
12-də onu dəstəkləyən 1500 nəfərin mitinqində
iştirak edən professor onu dəstəkləyənlərə
təşəkkür etməli, siyasi fəaliyyətini davam
etdirib-etdirməyəcəyi barədə gələcək
planları ilə bağlı qərarını elan etməli,
seçilmiş prezidenti təbrik etməli və seçki
marafonunda iştirak etmiş digər rəqiblərinə də
xoş arzularını izhar etməyi unutmamalı idi. Bütün bunların əvəzinə Cəmil Həsənlinin
Avropaya gedərək, Azərbaycanı sevməyən və
onu dalana dirəməkdən ötrü sübutlu-sübutsuz
“kompromatlar” axtaranların qarşısında bilərəkdən
, düşünülmüş və dərk olunmuş səviyyədə
öz xalqına böhtan atması – guya seçkilərin
total şəkildə saxtalaşdırılmasını və
xalqın böyük əksəriyyətinin əslində
guya onu dəstəkləməsini bəyan etməsi artıq
onun macəraçılığından xəbər verir. Deyəsən, heç kim inanmasa da, Cəmil Həsənli
qısa bir zamanda doğrudan da dövləti idarə etmək
iqtidarında olduğuna inanıbmış və indi onu bu
eyforiyadan ayırmaq üçün Milli Şura xeyli
çalışmalı və ona qarşı kompromatlar
axtarmalıdır. Onların başqa
çıxış yolu da yoxdur, çünki onlar nədənsə
həmişə siyasi mübarizənin məhz bu üslubunu
üstün tuturlar. Bu ilki seçki debatlarında da Cəmil
Həsənlinin dilindən məhz “kompromat” üslubu
nümayiş etdirildi və nəticədə seçicilərin
daha bir hissəsini itirdilər.
Amma bu da onların öz işidir, qayıdaq özümüzə, yəni seçkidə səs verənlərin 85%-ni təşkil edən, öz dövlətini və millətini sevən, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışan Vətəndaşlara. Bu seçkilər nəyi göstərdi?
Zənnimcə, bu seçkilər
Azərbaycan vətəndaşlarının ölkənin və
xalqın gələcəyini düşünmək
baxımından siyasi yetkinliyə, yüksək məsuliyyət
hissinə malik olduğunu göstərən növbəti bir
test oldu. Azərbaycan seçicilərinin 85%-i bu testdən
əla qiymətlə keçdi. Nəticə xalqla dövlətin,
vətəndaşla Prezidentin millətin taleyi haqqında arzu və
düşüncələrində, niyyət və ümidlərində
yekdilliyini və vəhdətini nümayiş etdirdi. Məhz
bu Vəhdət Azərbaycanın müstəqilliyini əbədi,
dönməz və sarsılmaz etməyə qadirdir. Bütün millətlərin əldə etməyə
can atdığı bu vəhdətin əsasında Heydər
Əliyevin 90-cı illərdə Azərbaycanı bir dövlət
kimi qoruyub saxlaya bilməsi və son on ildə İlham
Əliyevin onu dünyanın inkar edilməsi artıq heç
cür mümkün olmayan bir dövlətə
çevirməsi durur. Bu möhtəşəm vəhdət
İlham Əliyevin dünya siyasətində
apardığı çevik, qətiyyətli və cəsarətli
siyasətindən, öz xalqına və millətinə
sevgisindən, xalq qarşısında təvazökarlığından
və xalqın ona sonsuz etimadından doğuldu. On il ərzində dünya siyasətindəki
mövcud reallıqları dəqiq qiymətləndirməklə,
ölçülüb-biçilmiş,
balanslaşdırılmış siyasət aparmaqla öz millətini
və dövlətini tərəqqiyə və yüksək
rifah cəmiyyətinə doğru inkişaf etdirməkdə
İlham Əliyev Azərbaycana digər ölkələrin qibtə edə biləcəyi qədər
böyük uğurlar qazandırdı. Azərbaycan vətəndaşı
da özünün əsrlər boyu dəyişməz məziyyəti
olan haqq və ədalət hisslərinə sadiq qalaraq
İlham Əliyevin öz əməyi hesabına
qazandığı halal haqqını onun özünə
çatdırdı və onu ölkənin Prezidenti
seçdi. Azərbaycan İlham Əliyevin yeni prezidentlik
dövrü ilə daha böyük uğurlar əldə etmək
üçün inkişafın yeni mərhələsinə
qədəm qoydu. Bu seçkilərdə
bütün tərəflər öz siyasi
varlığını və nəhayət, hər birinin
sosial bazasının ölçülərini
açıq-aşkar cəmiyyətə tanıtdılar.
Ölkənin daxili siyasi abı-havası daha da
aydınlaşdı. İqtidarlı-müxalifətli
bütün namizədlər (Cəmil Həsənli
və Hafiz Hacıyev istisna olmaqla) siyasi proseslərə yeni
sivil yanaşma sərgiləməklə ölkədə məsuliyyətli
milli siyasi elitanın yetişdiyini göstərdilər. Bu məqamdan başlayaraq sivil siyasi mübarizənin
bütün qütbləri öz məqsəd və məramlarını,
siyasi kurslarını təkmilləşdirməklə siyasətin
son və ən əxlaqlı məqsədi olan Xalqa Xidmət
missiyasını həyata keçirməyə qadir olan
qüvvələr kimi görünməkdədirlər.
Tarixin hansı məqamında bu missiyanın hansı qüvvələrin
üzərinə düşəcəyini isə məkrli niyyətlərin
və müəmmalı məqsədlərin
işığında hazırlanan Hesabatlar yox, yenə də
Xalq və onun səsi müəyyən edəcək.
Kaspi.-2013.-22 oktyabr.-S.6-7.