Hüseyn Cavid kimdir?

 

Dahi şairin adını daşıyan parkda istirahət edənlərdən bu suala qəribə cavablar aldıq

 

Sabah Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şairictimai xadim Hüseyn Cavidin doğum günüdür. Klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardan hesab olunan şairin 131 yaşı tamam olur. Hüseyn Cavid 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən və dramaturgiya elminin əsas yaradıcılarından biri hesab olunur. Bəs görəsən ölkəmizdə Hüseyn Cavid kifayət qədər tanınırmı? Bu suala cavab tapmaq üçün Elmlər Akademiyasının qarşısında yerləşən və dahi şəxsiyyətin adını daşıyan parkda istirahət edən insanlar arasında kiçik bir sorğu keçirdik.

Maraqlıdır, görəsən daha çox gənclərin görüş məkanına çevrilən parkda istirahət edən vətəndaşlar sənətkarı nə dərəcədə tanıyırlar? “Hüseyn Cavid kimdir” sualı ilə parkın sakinlərinə müraciət etdik. Kimisi sənətkarın yaradıcılığı ilə yaxından tanış olduğunu, kimisi isə hər gün istirahət etdiyi parkda yerləşən heykəlin simasına belə diqqət etmədiyini söylədi. Sorğunu oxuculara təqdim edirik.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Xəyalə Rəsulzadə bildirdi ki, ən azından, parkda istirahət edən insanlar Cavidin kim olduğunu bilməlidirlər: “Zənnimcə, elə bir azərbaycanlı tapılmaz ki, onun yaradıcılığından heç olmasa bir əsəri, ən pis halda isə, onun kim olduğunu bilməsin. Ən azından, Elmlər Akademiyasının qarşısında yerləşən və Hüseyn Cavidin adını daşıyan parkda istirahət edənlər Cavidin kim olduğunu bilərlər. Hüseyn Cavidi taniyib-tanımadığıma gəlincə isə, onu orta məktəbdə oxuduğum əsərlərinə görə tanıyıram. Bilirəm ki, o, mənzum dram janrının banisidir. Şairinİblis”, “Şeyx Sənan”, “Əmir Teymur”, “Qız məktəbində” və başqa əsərlərini oxumuşam. Hətta Gənc Tamaşçılar Teatrında "Şeyx Sənan" tamaşasına da baxmışam. Düşünürəm ki, onun heykəlinin bu ərazidə yerləşdirilməsi həmin sənətkarın tanıdılmasında böyük rol oynayır”.

“O kimdir? Tanımıram”

Texniki Universitetin 3-cü kurs tələbəsi Elşən Bayram isə Hüseyn Cavidi, ümumiyyətlə tanımır: “Vallah, mən bu kişini tanımıram. Parkda istirahət etməyə gəlirəm və bu parkı çox sevirəm. Düzünü desəm, heç diqqət etməmişəm ki, parkın adını daşıyan şəxsiyyət kimdir. Amma deyirlər yaxşı şair olub. Tanımasam da, Allah ona rəhmət eləsin ki, onun adına olan parkda gözəl vaxtımızı keçiririk”.

Parkda skamyada əyləşib qəzet oxuyan orta yaşlı kişiyə yaxınlaşdıq. Adının Nazim olduğunu deyən paytaxt sakini bu parkda əyləşib Hüseyn Cavidi tanımamağın ayıb olduğunu bildirdi: “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının dahi şəxsiyyətlərindən olub. Çox gözəl şair olub. Mən hesab edirəm ki, Cavid öz dövrünə görə cəsarətli və düzgün yazan əsl türkdür. O, sovet imperiyasının tükünü ürpədən ideoloq idi. Cavidin bəzi şeirlərinin hər kəlməsi, hər sətrində gənclər üçün gözəl məsləhətlər var. Amma təəssüflər olsun ki, bu gənclərin əksəriyyəti belə dahi şəxsiyyəti tanımır”.

Texnikum tələbəsi olan Sərxan isə, ümumiyyətlə belə bir şəxsiyyətin olmasından xəbərsizdir: “O kimdir? Tanımıram. Heç bir əsərini də oxumamışam. Amma müasir adı var imiş”.

Cavid tarixçidir?

Sərxanın yanında əyləşən qrup yoldaşına da eyni sualla müraciət edirik. Adının Murad olduğunu bildirən tələbə dostundan o qədər də fərqlənmədi: “Oxusaydım, universitetə daxil olardım da. Amma dəqiq bilirəm ki, şair olmayıb. Məktəb dərsliklərindən yadımda belə qalıb ki, Hüseyn Cavid tarixçidir”.

Yeganə isə çox əminliklə Hüseyn Cavidin yaradıcılığına yaxşı bələd olduğunu düşünür. Daha doğrusu, tanıdığını düşünən oxucunun verdiyi cavab bizi o qədər məyus elədi ki, bu cavaba münasibətdə gülək, yoxsa ağlayaq, deyə qərar verə bilmədik: “Bəli, əlbəttə Hüseyn Cavidi tanıyıram. Azərbaycanın ən böyük yazıçılarından olub. OnunQan içində romanı” (Y.V.Çəmənzəminli), “1905-ci il” (C.Cabbarlı) əsəri ən məşhur şedevrlərdəndir. Hətta xatırlayıram ki, Cavidin bir qızı da var idi. Ən sevdiyim əsəri isə “1905-ci ildir”.

Siyafət dayı Cavidin yerlisi olduğunu bildirdi: “Özüm naxçıvanlı olduğum üçün onu bilirəm ki, Cavid Naxçıvanda anadan olub və Azərbaycanın ən görkəmli yazıçılarındandır. Amma heç bir əsərini tanımıram”.

Sənətşünaslıq fakültəsinin tələbəsi Natiq Qasımov bildirdi ki, Cavid kimi sənətkarın yaradıcılığı barədə məlumat toplamaq hər bir vətəndaşın borcudur: “Hüseyn Cavidin yaradıcılığı ilə ilk olaraq məktəbdə tanış oldum. Daha sonra universitetdə onun yaradıcılığı haqqında geniş şəkildə dərslər keçdikonun əsərlərinin səhnə həllinin tamaşaçısı olduq. Düşünürəm ki, Hüseyn Cavid yaradıcılığı barədə məlumatlanmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Ən sevdiyim əsəri isə, yaradıcılığının şah əsəri olanİblisdir”.

Cavidin məqbərəsini ziyarətgah hesab edən də var

Parkda nəvəsini gəzdirən xalaya yaxınlaşdıq. 60 yaşı olduğunu bildirən Nisəxanım xalanın cavabı olduqca fərqli və maraqlı idi: “Mən biləni, Hüseyn Cavid şair olub. Hətta Naxçıvanda onun məqbərəsi də var. Ora çox gözəl ziyarət yeridi. Mən dəfələrlə orada dua etmişəm. Şeirlərini isə bilmirəm, yadımda qalmayıb”.

Tələbə Güləsər Hüseyn Cavidin əsərlərini bəyəndiyini bildirdi: “Hüseyn Cavidi çox bəyənirəm. Gözəl dramaturq olub. Onun əsərləri öz fərqliliyi və ahəngdarlığı ilə seçilir. Ən sevdiyim əsəri “İblisdir. Hətta məşhur müğənni Tünzalə Ağayeva da onun “Qız məktəbində” əsərinə həsr olunmuş mahnıya klip çəkdirib”.

Elçin isə Hüseyn Cavidi tanımamasının normal olduğunu düşünür: “Mənim tanımamağa haqqım var. Çünki ikinci qrup üzrə hazırlaşdığım üçün ədəbiyyatı bilmirəm. Amma deyilənə görə, çox yaxşı adam olub”.

Cavidanın az da olsa şair haqqında məlumatı var: “Hüseyn Cavid dahi şəxsiyyətdir, böyük şairdir. Onun əsərləri müasir dövrlə səsləşir. Əsərlərində ən çox bəyəndiyim misrası budur: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Bu misralar Cavidin müasir dünyaya göndərdiyi bir mesajdır”.

 

Aygün Cəfərli

Kaspi.-2013.-23 oktyabr.-S.13.