Yalnız həqiqətin yanında dayanan dahi
Azərbaycan
ziyalısını üz-üzə qoyan
üçüncü plenum
Yaşadığımız bu ay Cavidlər ailəsi üçün bir zaman çox dəyərli
və yadda qalan bir ay olub.
1882-ci ilin 24 oktyabrında romantik
ədəbi məktəbin davamçısı olan filosof şair
Hüseyn Cavid, 1919-cu il oktyabrın 22-də ailənin ilk övladı Ərtoğrol və
1923-cü il oktyabrın 2-də yeganə
qız övladı Turan dünyaya
gəlib. 1982-ci il oktyabrın 26-nda isə
Hüseyn Cavidin uzaq Sibirdən doğma vətəninə
“dönüşü”...
Professor
Yaşar Qarayevin dediyi kimi “böyük istedadı və məğrur
təbiəti” olan H.Cavid haqqında bir zaman tələbəsi
olan Rza Təhmasib yazırdı ki, “Cavid əfəndi
insanı heyrətə gətirən bir qürura malik idi”. Elə bu qüruru
idi ki, H.Cavid
ömrü boyu məddahlıq
etmədi. Özü də, ailəsi də
olmazı əzablara, əziyyətlərə, təhqirlərə
və təqiblərə məruz qalsa da H.Cavidin qələmindən
yalnız və yalnız haqq-ədalət, azadlıq
ideyaları təbliğ edildi.
1925-ci
ildə ədəbi tənqidçi Hənəfi Zeynallı
“Yolunu azmış” Cavid əfəndini haqqa
çağıraraq yazırdı: “Cavid şimdi bir
Çingiz, yarın bir İsgəndər, ertəsi gün də
bir Lenin diriltməyə can atacaqdır”. Bu
kimi cağrışları təkcə
H.Zeynallı deyil dövrün
bir çox
yazarları edərək Cavid əfəndiyə
yol göstərərək onu “həyatın nəbzini tutmağa”
səsləyir və “Leninnamə” yazmağı tövsiyə
edirdilər. Təbii ki, “Leninnamə” yazmayan Cavid əfəndinin
yolu ölüm
düşərgəsi olan Sibirdən
keçməli idi.
Onun
bu qüruru, təmkini heş də yuxarıdakı “başbilənlərimizin”
ürəyincə deyildi. Cavidşünas
Qulam Məmmədli söyləyirdi ki: “Bəzən onun təmkini,
qüruru qibtə ediləcək dərəcədə
olurdu. Dəhşətlisi isə o idi ki,
rəhbərlik arasında Cavidin bu ağayanalığına paxıllıq edənlər
də var idi”. Bu da Cavidin
adının tez-tez rəsmi dairələrdə
hallanmasına, amansız və haqsız tənqid olunmasına
səbəb olurdu.
... Ötən nömrələrdən birində
qeyd etmişdik ki, 1937-ci ilin 17-i
martından 23-martına kimi Azərbaycan Sovet Yazıçılar İttifaqının
3-cü plenumu Bakıda kecirilmişdi.
Və elə bu bədnam plenumda
H.Cavid, Ə.Cavad, M.Müşfiq, H.K.Sanılı, Y.V.Çəmənzəminli
kimi söz sahiblərimiz
ən ağır zərbəyə düçar
oldular və ilk zərbə
də Cavid əfəndiyə dəydi...
Qarşımda “Ədəbiyyat qəzeti” və “Kommunist” qəzetlərinin bu plenumun qərar və çıxışlarını geninə-boluna canfəşanlıqla işıqlandıran 18-martdan 24-marta kimi olan sayları var. “Ədəbiyyat qəzeti”nin 29 may 1937-ci il tarixli sayın da gizli imza ilə çap olunan “Sıralarımızı dərindən yoxlamalıyıq” sərlövhəli məqalə ədəbi-tənqidi məqalədən çox ittihama bənzəyir. Əslində bu məqalənin gizli imza ilə çap olunmasına lüzum yox idi. Çünki plenumun materiallarını gözdən keçirərkən bəlli oldu ki, Cavid əfəndinin “qələm yoldaşlar”ından yetərincə onun əleyhinə danışanlar olub, elə həmin məqalədə ki, fikirlər də onların çıxışlarında söylənilən fikirlərdir...
Cavidşünas professor K.Əliyevin təbirincə desək əslində “o illərdə ziyalıları, sənətkar şəxsiyyətləri üz-üzə qoymaq düşünülmüş siyasət idi. Birini həbs etmək, ləkələmək üçün başqasının şahidliyindən istifadə etmək, sonra isə həmin şahidə satqın adı vermək - bu xalqa qənim kəsilən irticaçıların ən dəqiq vuran silahlarından idi”. Xalqın düşünən beyin, görən söz sahibləri üz-üzə qoyuldular. Kimi məddahlıq edərək vəzifə, mükafat qazandı, kimi də qürurunu, xalq, millət sevgisini üstün tutaraq (Cavid kimiləri) canını qurban verdi.
Keçirilən
bu qurultay və plenumların tarixlərinə fikir versək
(xüsusən də 1937-ci ildə) Mərkəzin Azərbaycan
ziyalısını məhv etmək üçün tələskənliyi
açıq-aydın görünür. Məsələn,
1937-ci ilin fevralın 22-dən 24-ə kimi Moskvada Ümum
Rusiya Yazıçılar
İttifaqının IV plenumu keçirilir. Cəmi 23 gün
sonra Bakıda Azərbaycan Sovet
Yazıçılar İttifaqının III plenumu
keçirilir. İki ay 11 gündən sonra isə
Azərbaycan bolşeviklərinin 13-cü qurultayı
çağrılır. Və bu nəsə
qurultaydan sonra sürətlə
həbslər başlayır...
Bununla da ölkədə bolşevizmin 20 illik qələbəsini qeyd etmək üçün Azərbaycan xalqı faciələr yaşamalı oldu. O faciələr ki, illər keçsə belə nə tarix, nə zaman, nə də Ulu Tanrı bu faciələrin unudulmasına səbəb ola bildi.
...1937-ci
ilin 3 iyun tarixində axşam saat 6-da M.F.Axundov adına Opera
Teatrının binasında Azərbaycan Kommunist (bolşevik)
Partiyasının 13-cü qurultayı keçrildi. Təbii
ki, qurultay əvvəlcədən
hazırlanmış ssenari üzrə keçirilirdi. Qurultaydan bir neçə saat
sonra xüsusi adamlar “gizli millətçi
əksinqilabı təşkilatda iştirakına” görə
ittiham olunan H.Cavidin evinə daxil olaraq vəhşicəsinə təhqiramiz bir şəkildə (bu haqda illər sonra Müşkünaz xanım xatirələrində
yazıb) axtarış aparıb, heç
bir sənəd əldə etməsələr
də Cavid əfəndini səhərə
yaxın həbs edib aparırlar.
Dövrü
mətbuatda çap olunan yazılardan və arxiv sənədlərindən
bəlli olur ki, Azərbaycan Kommunist (bolşevik)
Partiyasının Mərkəzi komitəsinin birinci katibi
M.C.Bağırovun H.Cavidə münasibəti daha kəskin
olub. Ona görə də Bağırov əksər
toplantılarda, yığıncaqlarda Cavid
əfəndini tənqid edərək, ona
“səxavət”ini hiss etdirirmiş.
Ədibi “əclaf” adlandıran böyük
“başbilənimiz” 18 mart 1937-ci ildə Azərbaycan
Sovet Yazıçıları
İttifaqının 3-cü plenumunda məruzə
edərək qəzəblə demişdir: “Bir baxın,
Yazıçılar İttifaqında kimlər əyləşmişdi.
Hazırda ifşa edilmiş
Hüseyn Cavid,
Mikayıl Müşfiq ... kimi
“əclaflar”.
Bəli. Elə bu bəs idi ki, bir
çox “ziyalı yazarlarımız”
“başbilənimizə” xoş gəlmək
üçün yazılar çap etdirərək Cavidi
ittiham etsinlər. Bundan sonra
qəzetlər xüsusən də “İnqilab
və mədəniyyət” jurnalı, “Ədəbiyyat qəzeti”
və “Kommunist” qəzetinin “geniş xidmətləri” sayəsində iyun ayının 12-də ASYİ geniş iclas keçirir və iclas
üzvləri qəti qərara gəlirlər ki,
müsavatçı, pantürkst, “H.Cavid, Ə.Cavad, M.Müşfiq,
Sanlı Yazıçılar İttifaqının
sıralarından xaric edilsinlər.
Daha
dəhşətlisi o idi ki, yazarlarımız o zaman ölkəmizdə
çap olunan “Bakinskiy Raboçi” və erməni dilində
çıxan “Kommunist” qəzetlərinin də bu sahədəki
“xidmət”lərini alqışlayırdıla. Bu faciələrə haqq
qazandıraraq yad dillərdə olan bu mətbu orqanları
vasitəsilə başqa millətlərə
Azərbaycan ziyalısını “tanıtmaq”
yarışına can-başla qulluq edirdilər. Doğrudur
bütün bu diqtələr
Mərkəzdən, Moskvadan edilirdi və təkcə Bakıya deyil, SSRİ-nin başqa respublikalarına da.
Amma təəssüflər ki, dövrü mətbuatla,
arxiv sənədləri ilə
tanış olarkən bəlli olur ki, bu
ağrı-acını əsasən Azərbaycan
ziyalısı, xalqı çəkmişdir. Burada
isə əsas günah özümüzdə
idi. Biz dahi Mirzə Cəlilin təbirincə desək
bir “molodes”in qurbanı olmuşuq. Gələni
“çəpik”lə, gedəni “təpik”lə yola
salmaq, “yıxılana balta
vurmaq” bizim millətə
xas idimi?!
Fikir verin mətbuatda çap olunan bu amansız çıxışlar çoxlarını yenə də qane etmir, daha amansız olmağı tələb edirdilər. Məsələn, Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin “mədəniyyət və maarif” şöbəsinin müdiri Hökümə Sultanovanın 18 mart 1937-ci il də Azərbaycan Sovet Yazıçıları İttifaqının III plenumundakı məruzəsindən: “Azərbaycan Sovet Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat qəzeti” və “İnqilab və mədəniyyət” jurnalları işlərindəki nöqsanları aradan qaldırmalı, işlərini bu günün tələbləri ilə qurmalıdırlar. Tənqiddə daha amansız olmalıdırlar ki, Cavidlərə, Cavadlara qarşı barışmaz mövqe tutaraq onları aramızdan təmizləsinlər. Bütün Azərbaycan əməkçiləri bu plenumun, bu siyasi imtahanın nəticələrini görməli və ondan nəticə çıxarmalıdırlar”. (Nəticə isə Cavidlərin, Cavadların, Müşfiqlərin, Seyid Hüseynlərin və daha onlarla Azərbaycan ziyalısının gedər-gəlməzinə verilən fərmanlar oldu).
Hökümə
xanımın bu çıxışını dərhal dəstəkləyənlər,
haqq qazandıranlar da oldu. Davityan,
Mıqırtçyan, Stroqonov, Budnov, Tixonov, Tınyanov kimi millətimizə qənim kəsilənlərin
züyünə-züy tutdu Musabəyov,
M.Rəfili, S.Rüstəm, M.Hüseyn,
O.Sarıvəli və daha kimlər, kimlər...
1920-30-cu
illər mətbuat buqələmunları Cavid əfəndini
inqilabı, Şura hökumətini anlamamaqda, zamanla
ayaqlaşa bilməməkdə tənqid edirdilərsə
55-60-cı illərdə isə “suyu üfürə-üfürə
içən bir para araşdırmaçılar yanlış
müddəalarla barışırmış kimi” Cavidin
yaradıcılığına ehtiyatla yanaşırdılar. Çünki, hələ də canlarında Mərkəz
qorxusu, xofu var idi. Ona
görə də ağa qara,
qaraya ağ deməkdə
davam edirdilər...
Cavid əfəndi müdrik adam idi.
Kimlərə isə xoş gəlmək üçün məddahlıq
etmək onun təbiətinə yad olduğu üçün
ona bu məddahlar
arasında yaşamaq çox çətin və alçaldıcı
olduğunu bəyan edən şair yazırdı:
Ölüm var ki, həyat qədər dəyərlidir,
Həyat var ki, ölümdən
də zəhərli.
Qərənfil Dünyamin qızı
BDU-nun fəlsəfə doktoru
Kaspi.-2013.-23 oktyabr.-S.15.