Çovqan davası
Mütəxəssislər Azərbaycanın çovqan oyunu ilə
bağlı YUNESKO-ya müraciət etməsinin
doğru olduğunu
deyirlər
İran İslam Respublikası indi də qədim çovqan (çövkan) oyununun farslara məxsus olması ilə bağlı iddia irəli sürüb. “Azərbaycan bu idman növünü tezliklə öz adına rəsmiləşdirəcək” deyə narahatlıq keçirən cənub qonşumuz bu iddianı Azərbaycanın milli çovqan oyununun YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilməsi ilə bağlı müraciətindən sonra irəli sürüb. Belə ki, İran rəsmiləri çovqanın fars idman növü olduğunu iddia edirlər. İran Çovqan Federasiyasının prezidenti Həmzə İlhanizadə çovqanın tarixi İran oyunu olduğunu bildirərək "Azərbaycan Nizami Gəncəvini öz şairi kimi təqdimat cəhdlərindən sonra indi də qədim fars oyunu olan çovqanı öz idman növü kimi YUNESKO-ya təqdim edib"- deyə narazılığını dilə gətirib.
İranın etirazına səbəb olan məsələ həmçinin Azərbaycanın polo idmanını qədim milli oyunlardan biri kimi tanıtmaq səyləri ilə bağlı olub. Belə ki, İranın Xarici İşlər Nazirliyi, Mədəni İrs Nazirliyi və İdman və Gənclərin İşi üzrə Nazirliyi Azərbaycan Polo Federasiyasının “qədim İran idman növü olan” polonun öz milli oyunu kimi qeydiyyatdan keçirmək səylərinə qarşı aparacağı birgə mübarizə “Fars” agentliyinin əsas xəbərinə çevrilib. İranın İdman və Gənclərin İşi üzrə Nazirliyinin rəsmisi Rza Salehi Əmiri qeyd edib ki, polonun ilk dəfə İranda meydana gəldiyinə dair kifayət qədər sübutlar və sənədlər var. İranın Polo Federasiyasının katibi Höcətullah Dehqan da narahatlıqla “əgər İran hakimiyyəti vaxtında tədbir görməsə, “ölkənin mədəni irsi” başqa ölkənin adına qeydiyyatdan keçəcək”- deyə bildirib.
Polo, yoxsa
çovqan?
Çovqan
oyunu haqda mükəmməl tədqiqatlar olmasa da elektron mənbələrdə
Azərbaycanda milli atüstü oyun növlərindən biri
kimi qeyd edilib. Belə ki, komanda oyun növü
olan çovqan
yarışları eramızın birinci minilliyinin ortalarında formalaşaraq,
yüzillər ərzində Azərbaycan, Orta
Asiya, İran,
Türkiyə, İraq və digər
ölkələrdə məşhur olub.
Mənbələr
XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən
olan Bağdadda Orta Şərq ölkələrinin
çaparları arasında tarixdə ilk beynəlxalq
çovqan yarışlarının keçirildiyini göstərir.
Çovqan
yarışlarının Azərbaycanda çox qədimdən
məşhur olması da mənbələrdə yer alıb. Belə
ki, çovqanın tarixi
hətta VI-VII əsrlərə və bəlkə ondan da əvvəlki tarixlərə
gedib çıxır. Belə ki, Örənqalada aparılan arxeoloji
qazıntılar zamanı tapılan şirli
qab üzərində çövkən oyunun təsvir edildiyi rəsm
bu oyunun IX əsrdə
Beyləqan şəhərində
yayıldığını əyani sübut
edir. Dahi Nizaminin “Xosrov və Şirin” əsərindən və "Kitabi-Dədə
Qorqud" boylarında çovqan
oyunun adı çəkilir.
Çovqanın
qədim Azərbaycan oyunu olmasını sübut edən
faktlardan biri də Azərbaycan miniatürlərində bu
oyunun dönə-dönə təsvir edilməsi,
yazılı mənbələrdə onun keçirilmə
qaydaları haqqında məlumat verilməsidir.
Qeyd
edək ki, Şərqdə təşəkkül
tapmış başqa idman növləri kimi, çovqan oyunun
da dünyanın daha uzaq regionlarına yayılmasında və
inkişaf etdirilməsində ingilislərin rolu olub. Belə
ki, XIX əsrdə Hindistandan
İngiltərəyə gətirilən bu
oyun getdikcə inkişaf
etdirilərək, yeni qaydalar
əsasında Amerika və Avropa ölkələrində yayılmağa
başlayıb. Məhz ingilislərin təşəbbüsü
ilə bu oyun "polo" adı altında ilk
dəfə 1900-cu ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə,
qərb sivilizasiyasında bu ad təsbit edilib. Parisdəki
yarışda üç ölkənin 5 polo komandası iştirak edib.
Qeyd edək ki, Azərbaycan Polo Federasiyası ötən ayın əvvəllərində Bakıda polo üzrə ilk dəfə Dünya Kuboku keçirib. Milli Çovqan yarışlarının keçirilməsinə isə 2006-cı ilin dekabrından start verilib. Belə ki, hər il iki dəfə - may və dekabr aylarında Şəki şəhərində Milli Çovqan Yarışları təşkil olunur. Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov “Kaspi”yə açıqlamasında keçirilən milli çovqan yarışlarında 16 komandanın iştirak etdiyini bildirib: «Bizdə bu yarışlara böyük maraq var. Şəki, Bərdə, Ağcabədi, Yevlax, İsmayıllı, Zaqatala və s. rayonların komandaları yarışa qoşulurlar». E.Qədirovun sözlərinə görə, Avropa ölkələrində bu yarışlar “polo” oyunu kimi təqdim olunur: «Ancaq bu oyunun kökü elə bizim çovqan oyunudur. Bizdə polo meydanı da yaradılıb. Gələcəkdə belə komandalar da yaradılacaq». E.Qədirov hesab edir ki, İran bu oyunla bağlı hər hansı iddia qaldırsa da, bu çovqanın fars oyunu olması anlamına gələ bilməz: “Sovet dövründə də çovqanı Azərbaycanın milli atüstü oyunu kimi tanıyırdılar”.
Biz qabağa
düşmüşük
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə elimlər doktoru Füzuli Bayat bizimlə söhbətində Çovqan oyununun təkcə Azərbaycana yox, bütün türk dünyasına aid olduğunu bildirib. Belə ki, bu oyunun qazax, tacik və ya özbəklərə nə qədər aidiyyəti varsa, Azərbaycana da o qədər aidiyyəti var: “Çovqan İrana aiddir, amma farsa yox. Həmçinin Hindistana aiddir, hindlilərə yox. Bizim çovqan oyunu ilə bağlı Nizami Gəncəvinin «Xosrov və Şirin” əsərindən gətirdiyimiz arqument isə çox gülüncdür. Əsərdə Xosrov Pərvizin çovqan oynamasından danışılır. Əslində bu, farsların lehinədir. Miniatür ümumiyyətlə, ümumşərq mövzusudur. Amma çovqanın bizə məxsus olduğunu göstərən başqa arqumentlər var. Bu məsələyə bir qədər geniş baxmaq lazımdır. Məntiqsiz azərbaycançılıq zərər verə bilər. Bu, türk dünyasının oyunudur. Altay türklərinə, Orta Asiya türklərinə aiddir. Bu oyunu Balkanlarda, Əfqanıstanda və s. ölkələrdə oynayırlar. Osmanlı dövründə Türkiyədə ən geniş yayılmış oyunlardan biri çovqan olub”. F.Bayat hesab edir ki, əgər YUNESKO “mücərrəd türk dünyası” adlı bir anlayışı qəbul eləmirsə, onda bu məsələdə Azərbaycanın qabağa düşməsi çox təqdirəlayiqdir. “Digər türk ölkələri isə bizə kömək etməlidirlər. Təbii ki, İran bizə bu işdə kömək etməyəcək. Eləcə də türk dünyasının digər ölkələri ilə anlaşmaq lazımdır. Yəni, biz bunu sizdən qabaq YUNESKO-ya təklif etmişik və bu, həm də sizin oyundur. Nə fərqi var, Azərbaycanın adından getsin. Əsas odur ki, türk dünyasının oyunu kimi siyahıya daxil edilsin. Əgər təşkilatın siyahısında «Türk xalqının», «Slavyan xalqının» adı ilə gedəcək bir maddə yoxdursa, konkret ölkənin və ya millətin adı ilə qəbul olunursa, Azərbaycanın qabağa düşməsini alqışlamaq lazımdır. Paxıllıq lazım deyil ki, niyə Azərbaycan qabağa düşüb. Yəni indiyə qədər siz çovqanı nəzərə almamısınız, biz qabağa düşmüşük. Əslində, gözəl təşəbbüsdür”. F.Bayat hesab edir ki, «qaş düzəldən yerdə vurub göz çıxarmağa” da – İrana qarşı savaş açıb – Nizami əsərində belə yazıb, miniatürdə belə çəkilib və s. deməyə də haqqımız yoxdur: “Onda başqa ölkələri də qızışdırmış olarıq». F.Bayatın fikrincə, qədim çovqan oyununun “polo” oyunu kimi təqdim olunması məntiqə uyğun deyil: «İngilislər b.e.ə. 1736-cı ildə Babil dövlətini tutanda bu oyunu orada öyrəndilər. İngilislər bu oyunun zəngin, elit adamlar tərəfindən oynandığını görüb «polo» adı ilə İngiltərəyə aparıb bir qədər də cilaladılar. Mənə elə gəlir ki, ingilislər də bu oyunun türk dünyasına aid olması və ya Azərbaycanın adına bağlanması əleyhinə çıxmazlar». F.Bayat çovqan oyununun tarixi haqqında ölkəmizdə mükəmməl bir ədəbiyyatın olmamasına da təəssüfünü bildirib: «İndiyə qədər çovqan oyunu haqqında tutarlı bir araşdırmaya rast gəlməmişəm. Ayrı-ayrı məqalələrdə çovqan oyununun səthi adı çəkilib. Lehinə yazılmış kimi görünsə də, əslində əleyhimizə işləyəcək bəzi məqamlar var”.
Təcili qorunmağa ehtiyac
Ölkəmizin
çovqan oyununun YUNESKO siyahısına daxil olunması ilə
bağlı faylı 2012-ci ilin mart ayında təşkilata təqdim
etdiyini bildirən Mədəniyyət və Turizm Nazirliyinin
beynəlxalq əlaqələr şöbəsinin müdiri
Vasif Eyvazzadə qəzetimizə açıqlamasında
çovqan oyununun “təcili qorunmağa ehtiyac olunan
siyahı”ya təqdim olunduğunu qeyd edib: “YUNESKO-nun qeyri-maddi
mədəni irs konvensiyası var və orada hər hansı
bir namizəd fayl veriləndə, onun kimə və ya hansı
xalqa məxsusluğu o qədər əhəmiyyət kəsb
etmir. Bu, şərt kimi
qoyulmur. Azərbaycan çovqan
oyununu YUNESCO-ya təqdim
etməklə, həm beynəlxalq hüququn
bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin
Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Konvensiyaya görə, ənənə, oyun,
musiqi – bütün bu maddi irs
elementi olan bütün sahələr həmin ölkədə,
o ölkənin beynəlxalq hüquq çərçivəsində
tanınmış ərazisi daxilində oynanılırsa,
istifadə olunursa, onu
daşıyan cəmiyyət varsa, həmin
ölkənin hüququ var
ki, bu irs nümunəsini YUNESKO-nun
müvafiq siyahılarına təqdim etsin. Burada siyahılar
müxtəlif cürdür. Adətən
bizim verdiyimiz muğam, aşıq, xalça
və digər elementlərlə bağlı siyahı təşkilatın
reprezentativ siyahısıdır. Yəni bu irsin bizim
ölkədə qorunmağa və inkişaf etdirilməsinə ehtiyacı var. YUNESKO-dan da bu istiqamətdə dəstək
istəyirik”. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın
bu oyunu təcili qorunma siyahısına verməsi digər hər
hansı bir ölkənin
hüquqlarının tapdanmasına əsas vermir:
“Bu, oyundur və
müxtəlif ölkələrdə oynanıla bilər. Yəni
əgər o oyun həmin
ölkədə varsa, onun
da YUNESKO-ya təqdim
etməyə hüququ var.
Bu, Azərbaycanın suveren
hüququdur ki, onun ərazisində xalqı tərəfindən
tarix boyu oynanılan bir oyunu müvafiq
siyahılara təqdim etsin”. V.Eyvazzadə qeyd edib ki,
Azərbaycanın YUNESKO-ya təqdim etdiyi müraciətdə Çovqan
oyununun hər hansı ölkədə
olması ilə bağlı bircə cümlə də yoxdur: “Sadəcə, bu oyun bizdə var və biz veririk. Biz
heç kəsin də suveren
hüququnu pozmamışıq. Hansısa
bir dövlətin iddiasına da etirazımız yoxdur. Biz öz hüququmuzdan
istifadə etmişik».
Qeyd edək ki, keçən il İran Musiqi Evi tar musiqi alətinin YUNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz etmişdi. İran tərəfi tarın YUNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyirdi. O zaman İran Musiqi Evinin direktoru Məhəmməd Sarir “Bu, beynəlxalq problemdir və məsələni köklü araşdırmalar olmadan müzakirə etmək olmaz” deyə bununla bağlı ekspertlərdən ibarət tədqiqat qrupunun yaradılmasını təklif etmişdi.
İndi isə hələlik yalnız iddialar və iradlar eşidilir...
Təranə Məhərrəmova
Kaspi.-2013.-22 oktyabr.-S.10.