İndiki ədəbi nəsl öz
idealları uğrunda vuruşmur
İsa
Muğanna: Yazıçı gərək çox oxuya,
gözlərinin işığını qurban verməyi
bacara
İsa Muğanna 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Atası Mustafa Hüseynov məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru, “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə
“İnqilab və Mədəniyyət” qəzetində çap
edilən “Ana dil oxuyan yerdə” yazısı ilə
başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr
olunub. Ssenariləri əsasında (“26-lar”, “Nəsimi”,
“Ulduzlar sönmür”, “Tütək səsi”, “Nizami”) filmlər
çəkilmiş, əsərləri bir çox xarici dillərə
tərcümə olunmuşdur. “26-lar” filmi 1968-ci ildə
Ümumittifaq Leninqrad Festivalının ən yaxşı
tarixi-inqilabi film mükafatını almışdır.
“Saz”, “Teleqram”, “İdeal”, “Cəhənnəm” və s. əsərləri
Azərbaycan nəsrinin incilərindən sayılır.
– Mehdi
Hüseyn qohumunuz olub, sizin ədəbiyyatda gəlməyinizdə
onun rolu olubmu?
– Mən əvvəlcə Tibb Universitetinə qəbul
oldum, həkim olmaq istəyirdim. Ancaq elə oldu ki, orda müəllimlərdən
biri kobud rəftarı ilə məni bezdirdi. Təhsilimi
yarımçıq qoydum. Atama məktub yazdım ki, mən bu
gün universiteti tərk elədim, burda bir müəllim
vardı, onun bizimlə rəftarı xoşuma gəlmədi.
Sonralar atam məni qohumumuz Mehdi Hüseynin yanına gətirdi,
biz əmi uşağı idik, məni ona tapşırdı.
Mehdiyə dedi ki, gör bundan nəsə çıxarsa
qalsın burda. Sonra bir qohumum vardı, o mənə məsləhət
gördü ki, Filalogiya fakültəsinə sənədlərimi
verim. Onun sözünə qulaq asıb sənədlərimi
verdim və qəbul olundum, beləcə təhsil almağa
başladım.
O
vaxt Bakıda qohumumgildə qalırdım, bir gün Mehdi
Hüseyni qohumum çağırdı ki, Ay Mehdi, bu bizim
başımıza oyun açır, gecə səhərəcən
çırağı yandırıb yazır, neft işlədir,
gəl gör bu nə yazır? O da gəldi qalın dəftərlərimi
götürüb baxdı. Dedi dəftərin istədiyin
yerindən bir cümlə oxu mənə. Dəftərin bir
yerini açıb oxudum. Belə bir cümlə vardı ki,
“yamyaşıl bahar otları onun ayaqları altında
soğan kimi xışıldayırdı”. Bu təbiət təsviri
M.Hüseynin çox xoşuna gəldi. Dedi yazmağa davam elə.
Beləcə kiçik hekayələr yazmağa
başladım.
Sonra
oçerk yazdım, ilk oçerkimi atam haqqında yazdım. Mehdi
mənə dedi ki, səni tənqid edəcəyəm, niyə
məhz atan haqqında yazdın, başqa adam yox idimi? Mən də
ona belə cavab verdim: “Çünki atamı yaxşı
tanıyıram”. Ümumiyyətlə, yazıçı
yaxşı bildiyi məsələlər haqda, mövzular, bələd
olduğu insanlardan yazsa daha yaxşı olar. Beləcə, ədəbi
mühitə atıldım, ilk povestlərim işıq
üzü gördü, təqdir olunmağa, gənc
yazıçı kimi tanınmağa başladım. Sonralar
isə artıq tənqid atəşinə tutanlar
tapıldı, sıxışdırılmağa
başladım. Qınayırdılar ki, niyə Sovet
ideologiyasını, həyatını tərənnüm edən
əsərlər yazmırsan. Belə bir vaxtda da, məni
müdafiə edənlərdən biri Mehdi Hüseyn oldu.
Bundan başqa, Mehdi müəllim bir dəfə məndən soruşdu ki, rusca bilirsənmi? Mən də cavab verdim ki, pis bilmirəm. Dedi onda səni göndərək Moskvaya get orda oxu, dünya ədəbiyyatını öyrən. Beləliklə, dördüncü kursdan məni göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnsitutuna və o mühitin həyatımda böyük rolu oldu. Dünya ədəbiyyatı ilə, qiymətli kitablarla ordakı yataqxananın kitabxanasında tanış oldum. Viktor Hüqodan müasir dünya ədəbiyyatına qədər ən görkəmli yazıçıların kitablarını oxudum və başa düşdüm ki, ədəbiyyat necə də çətin sahədir, bu sahədə təsadüfü adamlara yer yoxdur. Bir sözlə, M.Hüseynin mənim həyatımda çox böyük rolu oldu, o olmasaydı, bəlkə yazıçı kimi ortaya çıxa bilməzdim.
– Deyilənə görə Çingiz Hüseynov Nəriman Nərimanov haqqında olan “Doktor “N” adlı romanını sizin Nərimanov haqqında yazdığınız “Doktor Nərimanov” ssenarisindən bəhrələnərək yazıb.
– Mən
Moskvada 60-cı illərdə həmin ssenarini işləyirdim.
Ç.Hüseynovla qonşu idik. Ssenarinin əsas hissəsini
yazıb təhvil verib Bakıya gəldim. Amma əlyazmalarım
Moskvada kirayə yaşadığım evdə qaldı. Həmin
əlyazmaları stolun siyirtməsinə qoymuşdum,
Çingiz həmin yazıları ordan götürüb
özündə saxlamışdı. Sonralar Moskvaya gedəndə
mənə bir əlyazmalarla dolu çamadan göndərib
dedi, bax sənin əlyazmalarındır. Geri istədim,
qaytarmadı. Düşünürəm ki, roman yazanda həmin
əlyazmalar onun karına gəlib. Yəqin ki, o yazılarla
yaxından tanış olndan sonra belə bir roman yazmaq fikrinə
düşüb, amma bunlar çox xırda məsələlərdir,
Çingiz yaxşı yazıçıdır, savadlı
adamdır. Sadəcə o, həmin dövürdə mənim əldə
etdiyim arxiv materiallarından xəbərsiz idi. Onun Mirzə Fətəli
Axundov haqqında “Fətəli fəthi” adlı romanı var,
mən uzun illər əvvəl oxumuşdum və bəyənmişdim.
Ədəbiyyatda belə şeylər olur. Kimsə kimdənsə
nəsə götürür, heç bəzən
özünün də xəbəri olmur. Mənim o vaxtlar
“Saz” adlı əsərimi də İlyas Əfəndiyevin “Tar
çalındı” hekayəsinə bənzədirdilər,
ancaq mən “Saz” əsərini yazanda heç “Tar
çalındı” əsərini oxumamışdım. Bu
cür məqamlar dünya ədəbiyyatında çoxdur,
kimsə bir yazıçıdan təsirlənir, ya da onun
ideyasını başqa şəkilə salır və s.
Əsas olan öz qəlbindəkiləri və bildiklərini
yazmaqdır.
– “Yanar
ürək” əsərindən sonra
yaradıcılığınızda yaranan radikal dəyişikliyin
səbəbi nə idi?
– Radikal dəyişikliyin
səbəbi mütaliə idi, çox oxuyurdum. Moskvada olanda
günüm kitabxanada keçirdi. Rusca dünya ədəbiyyatının
nəhəng yazıçılarının əsərləri
ilə tanış olurdum. Həm
də özüm üçün müəyyənləşdirdim
ki, ciddi ədəbiyyat nədir, adi mövzulara sənətdə
yer yoxdur. Radikal dəyişiklikdən sonra
məni ədəbi mühitdə tənqid etməyə,
sıralarından uzaqlaşdırmağa başladılar.
O vaxt məni müdafiə edən yox idi. Belə
bir vaxtda Heydər Əliyev məni müdafiə etdi, arxamda
dayandı. Mərkəzi Komitənin katibi
olmamışdan əvvəl evimizə zəng vurub mənimlə
görüşmək, ssenarilər yazmağımı istəmişdi.
Qəbul etməmişdim. Mərkəzi
Komitənin katibi olandan sonra məni öz otağına
çağırdı, gedib görüşdüm. Sonra onun məsləhəti ilə bir neçə
ssenarim əsasında filmlər çəkildi. O, məni
özüylə çox yerlərə aparardı,
çıxış edərdik, sadə insanlarla
görüşərdik. H.Əliyev hakimiyyətə
gələndən sonra ədəbiyyatın istiqamətini dəyişdi,
o ciddi yazıçılara qayğı göstərirdi.
– Sizi
tənqid edənlər kimlər idi və hansı əsasla tənqid
edirdilər?
– Bir dəfə
Yazıçılar Birliyində əsərimin müzakirəsində
məni bərk tənqid etdilər, özümü müdafiə
imkanı vermədilər. Məni onda Rəsul Rza müdafiə
etdi, sonra Vəli Axundov dedi ki, Rəsul bizim böyük,
görkəmli şairimizdir, mən onun fikri ilə razıyam.
Mənsə qalxıb dedim ki, hətta qatilə də son
söz verilir, ancaq siz mənə söz vermədiniz.
Mərkəzi Komitədə Yazıçılar
Birliyinin nümayəndələrinin iştirakı ilə
müşavirə çağrılmışdı, 45 nəfər
partiya üzvü olan yazıçıdan 43-ü əleyhimə
danışdı. Hətta Mehdi Hüseyni də
günahlandırırdılar ki, öz qohumunu kollektivləşməyə
qarşı qoyur, sovet rejimini tənqid etməsini dəstəkləyirsən.
Məni partiyadan çıxardıb AYB-dən
qovmaq istəyirdilər. Həmin müşavirədə
Mirzə İbrahimov ayağa qalxıb dedi ki, bu gənc
yazıçıdan nə istəyirsiz, o əsərlərini
ürəyinin qanı ilə yazıb. Bütün
bunlar mənə pis təsir edirdi, dəyişirdim. Bu dəyişikliklər
yaradıcılığımda da özünü büruzə
veirirdi.
– Sizin bir sıra əsərlərinizi
Çingiz Aytmatovun əsərləri ilə müqayisə
edirlər. Hətta onun sizdən təsirləndiyi
deyilir. Bu məsələyə münasibətinizi
bilmək istəyirik.
– Bəli bu cür fikirlər
olub. Tənqidçilər də
vurğulayıb ki, “Ağ gəmi” əsərini mənim
“Teleqram” əsərimdən təsirlənərək
yazıb. O, mənə qarşı yaxşı
münasibətdə deyildi, hətta biz qarşılaşanda
da o çox adi yanaşırdı mənə, Moskvada iclasda
hamı lehimə səs verəndə o əlini
qaldırmamışdı. Ancaq ölməmişdən
əvvəl müsahibələrinin birində demişdi ki,
bizim hamımız İsa Muğannadan təsirlənmişik və
öyrənmişik. Yəni, həqiqəti
etiraf etmişdi.
– Sizin
əsərlərinizdə mistik məqamlar var, həyatınızda
da belə anlar olubmu?
– Mənim babalarım “OdƏr
dilinə, o mədəniyyətə bələd olublar. Bu gün OdƏr dili, OdƏr xalqı barədə həqiqətlər
dünyaya düzgün çatdırlılmadığına
görə bugünkü bəlalar baş verir. Mən planetlərdən Ün eşitməyə
başlayandan, mənə çatdırılandan sonra ki,
İsa Peyğəmbər İsus və ya İsa Məsih
deyil, EySardır, bir çox mistik həqiqətlər mənə
açıldı. Mənə səslər
gələn BağOdƏR planetinin Yupiter adını necə
almasını eşidəndə dəhşətə gəldim.
Dünya öz ləngərini itirib, həqiqi
yolundan çıxıb və səhv qiymətlərlə
qiymətləndirilib. Nizami kimi dahini əxilik
yetişdirib. Əxilik SafAğ elmidir.
Nizaminin vaxtında Bağdadda İxvan Əs-Səfa
alimləri yaşayıblar. Nizaminin müəllimi
Əxi Fərrux İmad da elə Əs-Səfanın böyüyü
idi. Biz o mədəniyyətə
qayıtmalıyıq.
– İsa
müəllim, sizcə, ideal nədir və kimdir?
– İdeal mənə
görə EySardır, yəni İsadır. İdeal həm
də OdƏr mədəniyyətidir, xalqıdır. Biz təhrif olunmuş düşüncələrin
içində yaşayırıq, ona görə də əsl
dəyərlərdən söhbət gedə bilməz. Deyirlər ki, Məhəmməd Peyğəmbərin
möhürünün üstündə “Allah, Məhəmməd”
sözləri yazılıb. Mən o
sözlərin açılışını vermişəm.
O möhürün üstündəsə ƏLAğ,
OdOdƏR, ƏsEvƏr: – ƏlAğ-Saf-Ağ insanın əli,
OdOdƏR – OdƏRin həqiqəti deməkdir. Hətta
qədim ərəb əlifbasıyla bir-bir hərfləri
göstərirəm ki, baxın oxuyun, siz deyən sözlərdən
burda əsər yoxdur. Nəsimi
divanında deyirdi ki, “Bağa qılmısan hərgiz,
kamanını inkar etmə”. Heç bir Nəsimi
araşdırmaçısını buradakı “Bağ”
sözü maraqlandırmır. Bağ – boq
– Allah deməkdir.
– Dəfələrlə
əsərlərinizin yeni variantlarını işləməyiniz
nəylə bağlıdır?
– İlk dəfə
“Saz” povestindən başlayaraq əsərlərimin yeni
variantını işləmişəm. Sonra “Tütək səsi”ni yenidən işlədim. Sonra
da “Quru budağı” dəyişdim. Çünki
qələmim artıq yeni yönlərə istiqamətlənmişdi.
“İdeal” əsərini də yenidən işləmişdim.
Hətta “Hədəf” nəşriyyatında
çıxan son variantda da bir neçə səhifə əlavə
etmişəm. Bu yaradıcılıq
axtarışları hesabına başa gələn dəyişiklik
deyil, ruhi-mənəvi inkişafdan doğan dəyişikliklərdir.
Bu cür dəyişikliklərə həmişə
ehtiyac duyuram.
– Film
ssenarilərini dövlət sifarişiləmi
yazırdınız?
– Həm dövlət
sifarişi idi, həm də özümün sevdiyim
mövzularda yazırdım. “Doktor Nərimanov”, “26-lar” və
“Nəsimi” filmlərinin ssenarilərini şəxsən Heydər
Əliyevin sifarişi ilə yazmışam. H.Əliyev
çox müdrik insan idi, o bilirdi ki, “Nəsimi”ni
mənim kimi duyaraq yaza bilən olmaz. Çünki
mən mənbələrə əsaslanırdım, məsələlərin
kökünü bilirdim.
– Həmişə
“Nobel” mükafatından söz düşəndə sizin
adınız hallanır ki, İsa Muğanna layiq görülə
bilər. “Nobel”
mükafatı almaq barədə
düşünmüsünüzmü?
– Əsərlərimin
dili, ordakı fəlsəfi sistem, tarixin dönəmlərinin
SafAğ elmi ilə izahı buna icazə vermir ki, o əsəri
başqa dilə yaxşı çevirmək olsun, ona görə
də çox çətin olar. Birdə ki, mənə
“Nobel” mükafatı almaq yox, əsərlərimin
anlaşılması, SafAğ mədəniyyətinin yenidən
dirçəlməsi, yayılması ən böyük
mükafat olar.
– İdealların
dağıldığı, dəyərlərin ələ
salındığı, əsrlərdən gəlmə
şifrələrin dəyişdirildiyi dövrdə
“İdeal” müəllifi özünü necə hiss edir?
– Artıq oxuya bilmirəm. Gözlərim yaxşı görmür. Kitabları qızım oxuyur, mən də qulaq
asıram. Yazdığım əsərlər
də yarımçıq qalıb. “Hədəf”
nəşriyyatı bütün əsərlərimi çap
edəcək, bu məni çox sevindirir. Şükür
ki, ideallarım ölmədi, fikirlərimi anlayanlar
tapılır. Bu yaxınlarda Şəmil
Sadiqin “Odərlər” romanı çap olundu, mən də həmin
kitaba ön söz yazmışam. Gözlərim
görənəcən özüm oxuyurdum, nəzərimdən
yayınmırdı ki, indiki ədəbi nəsl öz
idealları uğrunda vuruşmur, təhrif olunmuş keçmişi
qabardırlar bəzən. Ancaq bununla
yanaşı yüksək səviyyədə bədii
nümunələr də çap olunur. Yazıçı
gərək çox oxuya, gözlərinin
işığını qurban verməyi bacara. İndi çox narahatam, əlimdə
yarımçıq yazılar var, onları bitirməyə
gücüm çatmır. Çox vaxt xəstə
oluram. Ancaq bitirməliyəm. “Hədəf” nəşriyyatında çıxan
kitablarda əsərlərimə son dəyişiklikləri
etdim, müəyyən əlavələr oldu. Daim çalışmaq, oxumaq lazımdır.
– Gənc
yazıçılara məsləhətiniz nədir?
– Oxusunlar, çox mütaliə
etsinlər, OdƏR mədəniyyəti ilə maraqlansınlar,
öyrənsinlər, sevsinlər yazdıqlarını. Yazdıqlarının, hətta çap etdirdikləri
kitabların da üstündə işləsinlər, yazmaq o
demək deyil ki, yaz bir kənara qoy. Yazıçının
əsərləri gərək onunla birgə böyüyə,
inkişaf edə.
– Son
sual: “İdeal” roamanında Səmədlə Gülgəzin hətta
əllərinin, tellərinin də bir-birini sevdiyi deyilir. Siz belə bir sevgi yaşamısınızmı?
– Uzun illərdir ki, daim
yanımda həyat yoldaşım Firuzə xanım olub. Yazıçı kimi başa düşüb məni,
yazdıqlarımı oxuyub, anlayıb. Başqa
belə bir sevgim olmayıb. İndi də
yanımdadır, qayğıma qalır. Sevmək odur ki,
gərək insan bir-birinin həmişə yanında ola. İndi xəstəyəm və
bəzən olur ki, onu incidirəm, amma o, hər şeyə
dözür və çox yaxşı baxır mənə.
Fərid
Hüseyn
Kaspi.-2013.-26 oktyabr.-S.15.