Güldürmək, həm də düşündürmək ustalığı

 

Tanınmış fırça ustası, əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov təsviri sənətimizin görkəmli nümayəndələrindən biri idi. Onun müxtəlif janrlarda yaratdığı əsərlər, xüsusən karikaturaları bu gün də tamaşaçılar tərəfindən hörmətlə qarşılanır və xatırlanır. Anadan olmasının 90 ili tamamlanan bu məşhur rəssam cəmi 67 bahar ömür sürüb. Maraqlıdır ki, doğulduğu ayda da dünyasını dəyişən Nəcəfqulu əlinə fırça aldığı gündən insanları güldürməyi və düşündürməyi çox məharətlə bacarmışdı.

Görkəmli Azərbaycan yazıçısı və uzun illər onunla bir redaksiyada çalışmış Seyfəddin Dağlı rəssamın 50 illiyi ilə əlaqədar qələmə aldığı təbrik məqaləsində yazırdı: «Güldürmək və eyni zamanda düşündürmək ikiqat istedad tələb edir. Belə bir istedada malik sənətkarın həm də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast gəldiyi eybəcərlikləri gülüş hədəfinə çevirən satirikin onlara nə məqsədlə atəş açdığı bilinməlidir. Saltıkov-Şedrinin bu barədə bir kəlamını xatırlamaq yerinə düşər: «Satiranın həqiqətən satira olması və məqsədinə çatması üçün o, əvvəlcə öz yaradıcısının hansı idealdan çıxış etdiyini oxucuya hiss etdirməli, ikincisi – neştərinin hansı məsələyə qarşı yönəldiyini aydın başa düşməlidir». Bu mənada Nəcəfqulunun fırçası öz rənglər dünyasında mənəviyyata, əxlaqa zidd hərəkət sahiblərinin karikaturalarını çəkib».

Beləliklə, çoxşaxəli ilhamını, çoxrəngli fırçasını nəcib məqsədlərə həsr edən, insanı güldürə-güldürə düşündürməyi bacaran Nəcəfqulu fərdi üslubu ilə seçilən, novator, orijinal, təsviri sənətimizi yeni, yetkin və yüksək mərhələyə qaldıran çox istedadlı bir rəssam olub.

O, 1923-cü ildə Bakıda doğulub. Lap kiçik yaşlarından rəssamlığa maraq göstərib. Rəssamlıq texnikumunu bitirib. İlk ustadı məşhur «Molla Nəsrəddinçi», əsərləri ilə tariximizdə layiqli yer tutan Əzim Əzimzadə olmuşdur. Nəcəfqulu öz xatirələrində bildirib: «Deyirlər ki, mən anadan olanda ağlamaq əvəzinə gülmüşəm. Bundan təşvişə düşən valideynlərim xəstə olduğumu zənn edib həkim çağırıblar. O da mənə baxıb və deyib ki, gülüş sağlamlığın ilkin əlamətidir». Həqiqətən də qeyri-adi bir hadisədir və bu olayın sahibi də məhz ömrü boyu insanları güldürə-güldürə düşündürməyi, dəyişməyi, yeniləşməyi, daxilən zənginləşməyi, nöqsan və qüsurları aradan götürməyi qarşısına məqsəd qoymuşdu. O, öz müəllimi Əzim Əzimzadənin realist ənənələrini ləyaqətlə davam etdirərək satirik-yumoristik rəsmimizi yeni mövzularla genişləndirdi. Onun surətlər qalereyasını təzə tiplərlə zənginləşdirdi, ifadə vasitələrini maraqlı təsvir cizgiləri ilə, təzə rəng çalarları ilə zinətləndirdi.

Onu yaxından tanıyanlar bildirirlər ki, Nəcəfqulu təbiətən təvazökar, səmimi, ilk baxışda sakit təsir bağışlayan, az danışan, hətta az gülən, bəzən də qaraqabaq görünən, əslində daxili dünyasını karikaturalarında, dostluq şarjlarında duzlu və məzəli şəkildə ifadə edən istedadlı rəssam idi. Elə bu səbəbdən də onun əsərləri nümayiş etdirilən sərgi salonunun bir tərəfində gülüş dalğası qopanda, o biri tərəfi sükuta dalırdı. Nəcəfqulunun əsərlərini sakit seyr etmək mümkün deyildi. Həyatın təzadları kimi ağla qara, yoxla var, xeyirlə şər bir-birini tamamlayır. Məhz bu həyat həqiqətlərinə sadiqliyionun əsərlərinə ölməzlik gətirdi. Əslində bu böyük rəssam elə çox ömür sürməyib. Bizi ondan uzaq salan əbədi ayrılıq bu 23 ili ərzində də Nəcəfqulunu onu tanıyanların, sənətini davam etdirənlərin, bir sözlə, rənglər dünyasının pərəstişkarlarının qəlbindən qopara bilmədi. Nəcəfqulu təsviri sənətimizdə öz məktəbini yaratmış müqtədir bir sənətkar idi.

O, 1952-ci ildən 1979-cu ilədək «Kirpi» jurnalının baş rəssamı olub. Bu dərgi üçün rəsm və karikaturalar, plakat işləyən Nəcəfqulu Cəlil Məmmədquluzadənin hekayələrinə, Sabirin «Hop-hopnamə»sinə çəkdiyi illüstrasiyalar böyük uğurlar qazanmışdı. 1970-1982-ci illərdə Məhəmməd Füzulinin, Sabirin, Üzeyir Hacıbəylinin misdən barelyeflərini yaratmışdır. Hələ sovet dövründə azərbaycanlı rəssamın əsərləri Almaniyanın, Kanadanın, Livannın, Rusiyanın və digər ölkələrin möhtəşəm sərgi salonlarında nümayiş etdirilərdi. Ötən əsrin 70-ci illərində Moskvada «Fitil» kinoteatrında Nəcəfqulunun təşkil olunan sərgisinə baxan dünya şöhrətli rəssam Tahir Salahov sərgidən aldığı təəssüratı belə dilə gətirmişdi: «Əziz Nəcəfqulu! Bu böyük istedadlı, səmimi və könül oxşayan sərginlə səni təbrik edirəm. Köhnə və yeni Bakının doğma obrazları və insanları ilə Moskvada görüşməyimə çox şadam. Sənin gözəl və böyük sənətinə həmişə dərin məhəbbətlə yanaşıram». Nəcəfqulunun əsərlərinə heykəltəraşlar, qrafiklər, boyakarlar, yazıçılar, şairlər həmişə maraqla tamaşa edərdilər. Bəlkə də onları bu sərgiyə cəzb edən Nəcəfqulunun əsərlərindəki incə yumor idi. Hətta o zamanlar rəssamın həmkarları arasında belə bir fikir də formalaşmışdı: «Nəcəfəqulu gülüşüBu gülüş əyrilərə, nadanlara iynə kimi batırdı, əqidəli, məramlı, millətsevər, sənət duyğulu insanlar üçün isə düşündürücü bir möcüzəyə yeni rənglər qatırdı. Nöqsan və qüsurları gülüşlə islah etmək ancaq istedadlı və böyük ürəkli insanların devizi ola bilərdi. Bu ürəyə maliklər isə həmişə şükranlı və gələcəyə nikbinliklə baxan qeyri-adi insanlar olurlar. Haqqında danışdığımız unudulmaz rəssam Nəcəfqulu kimi!

«Kirpi» jurnalının səhifələrini bəzəyən əsərləri ötən əsrin 70-ci illərində Bolqarıstanın məşhur Qabrovo şəhərində gülüşlə bağlı keçirilən beynəlxalq yarışmada müvəffəqiyyətlə nümayiş olunmuşdur. Nəcəfqulunun karikaturaları öz orijinallığı və yeniliyi ilə təəssüratları xeyli zənginləşdirdi. Gülüb-güldürməyi özlərinəməxsus şəkildə daha çox məharətlə bacaran qabrovolular azərbaycanlı rəssamın sənəti qarşısında heyrətlərini gizlədə bilməyərək yalnız etiraf edirdilər: «Bu, adi rəssam yox, dahi bir satirikdir». Böyük qiymət idi. Onun fırçası həm çoxrəngli, həm də çoxşaxəli mövzular üzərində işləyirdi. O, bir rəssam kimi mövzu sarıdan qıtlıq çəkmirdi. Bu müxtəlifliyin içində özünəməxsusluğunu qorumaq, yaratdığı hər bir əsərə ölməzlik möhürü vurmaq Nəcəfqulu istedadının ifadəsi idi. Onun əsərləri boyakarlıq sənətimizi zənginləşdirməklə yanaşı, onun hamıya bəlli tərəflərinə yeni, əlvan, qeyri-adi cizgilər, naxışlar vururdu. Psixoloji portretlər silsiləsinə fikir verək: «Qubalı Fətəli xanın portreti», «Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəylinin portreti», «D.İ.Mendeleyev Balaxanıda», «Şair, nə tez qocaldın sən» (S.Vurğuna həsr edilən portret-kompozisiya), «Ana məhəbbəti», «Mənim anam», «Görkəmli şair-dramaturq Hüseyn Cavid», «Natəvan», «Səttar Bəhlulzadə», «Memar Mikayıl Hüseynov», «Nəsiminin edam edilməsi» və s. Bu portretlərin hər birində müəllifin dərin, sərrast müşahidəçiliyi duyulur, təqdim etdiyi şəxsiyyətin səciyyəvi əlamətlərini məharətlə verə bilməsi diqqət çəkir. Nəcəfqulunun əsərləri çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş, tamaşaçıların sevə-sevə baxdıqları tablolardır.

Rəssam naturadan aldığı ilkin həyat materialını duyğularından keçirib cilalayaraq, ümumiləşdirərək onu spesifik şəkildə təcəssüm etdirməyi bacardığından, rənglərin əlvanlığından düzgün istifadə etdiyindən portretlər qalereyası bir obrazlar aləminin daşıyıcısına çevrilirdi. Yaratdığı hər bir əsərdə bu, fərq etmirdi – mənzərədi, karikaturadı, portretdi, dostluq şarjıdı, natürmortdu – məzmunla mahiyyətin ünsiyyətinə çalışırdı. Bu mənada onun kiçik formalı heykəltaraşlıq kompozisiyaları da tutumlu və mükəmməl alınırdı. Bir sözlə, yaratdığı bütün əsərlər təsviri sənətimizin ən qiymətli nümunələridir.

Səttar Bəhlulzadə yaradıcılığını sevən Nəcəfqulu bu böyük rəssamımız kimi respublikamızın şəhər, qəsəbə və kəndlərini gəzməyi, yaradıcılıq qovluğunu yeni-yeni materiallarla doldurmağı sevərdi. Xüsusilə də gördüyü, duyduğu neqativ hallara qarşı münasibətini bildirər, harınlığı, maymaqlığı, xudbinliyi, riyakarlığı, nadanlığı karikaturalarında ümumiləşmiş obrazlar timsalında satira atəşinə tutardı. Bu baxımdan onun yaratdığı «Qayğıkeş ferma müdiri», «Əsl şərəf lövhəsi belə olar», «Axır ki dil tapdıq», «Sözsüz» və başqa sənət nümunələri xarakterikdir.

Nəcəfqulunun həm də iti qələmi olub. «Kirpi» jurnalında çalışdığı illərdə çəkdiyi karikaturaların sözlərini də özü yazardı. Düşündürücü çəkdiyi kimi, duzlu da yaza bilmək qabiliyyəti ötən əsrin ortalarında rəssama böyük şöhrət gətirmişdi. Bəzən karikaturaçı-rəssamdan çəkinərdilər. Onun portret işləməsinə, mənzərə çəkməsinə inamsızlıq göstərilərdi. Amma Nəcəfqulu öz yaradıcılığı ilə sübut etdi ki, istedadlı fırça ustası üçün mövzu məhdudluğu yoxdur. O, təbiət mənzərəsini hansı ilhamla, həvəslə, könül xoşluğu ilə çəkirsə, gözəlliyə xələllik gətirən əyriliyi də vətənpərvərliklə, millətsevərliklə islaha çalışır. Nəcəfqulunu Azərbaycanın yazıçı və şairləri, sənətkarları çox sevərdilər. Bəlkə də elə bu səbəbdəndir ki, onun yaradıcılığında müasirlərinin demək olar ki, əksəriyyətinin izi var. Daxili zənginliyi, böyük sənətkarlığı ona imkan vermişdi ki, korifeylərlə ünsiyyət qurmağı, söhbət etməyi, hətta yeri düşəndə onların portretlərini çəkməyi bacarırdı. Bu mənada böyük rəssam Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının həm portretlərini işləmişdi, həm də onların dostluq şarjlarını çəkmişdi. Nəcəfqulu fırçasının yaxşı mənada ünvanı olmaq əsl sənətkarları sevindirərdi. Xüsusilə də onun dostluq şarjları öz sahiblərini qəşş edənədək güldürərdi. Deyirlər, hətta böyük aktyorumuz Bəşir Səfəroğlu öz şarjına baxaraq Nəcəfquludan dönə-dönə soruşub: «Mən ölüm, düz de, bu, doğrudan mənəm?» Nəcəfqulunun təbəssümlü üzündəki (hərçənd bu təbəssüm onda çox nadir hallarda duyulardı) razılıqdan müsbət cavabı anlayaraq: «Qədeş, sənin neçə gözün var? Bunları necə görmüsən?» - deyərək bərkdən gülmüşdü.

Təkcə rəssamlıq deyil, bütün yaradıcılıq sahəsində həssaslığın olması çox vacibdir. İstedad, qabiliyyət, zəhmətkeşlik və həssaslıq. Bunlar birləşəndə yaranan əsər həqiqətən unikal alınır. Az ömründə bu məziyyətləri yaradıcılığında məharətlə qovuşduran Nəcəfqulu elə əsərlərə imza atdı ki, onlar bu gün təsviri sənətimizə əbədi əlvanlıq gətirdi. İllər ötəcək, nə vaxtsa Nəcəfqulunun 100, 150, 200 illiyi olacaq. Rəqəmlər çoxaldıqca əsərlərinin təzətərliyi həmişə qalacaq. Onu görənlər də haqq dünyasına qovuşacaq, yeni nəsillər gələcək. Təsəlli budur ki, Azərbaycanın təsviri sənətində özünəməxsus yeri olan Nəcəfqulunu tanımaq üçün əsərlərinə baxmaq, onun obrazlar qalereyasını, karikaturalarını, portretlər silsiləsini görmək kifayət edəcək. Həqiqətən də ömür o zaman ölümsüzlüyə qovuşur ki, onu yaşadacaq, xatırladacaq sanballı yadigarların – əsərlərin rənginə illərin rüzgarları solğunluq gətirə bilməyəcək. Bu mənada quruluşdan quruluşa, zamandan zamana, dünəndən bugünə və gələcəyə yol gedən bu əsərlər Nəcəfqulu adlı bir rəssamımızın sənət bağçasının əbədiyaşar çiçəkləridir – həmişə ətirli və təzə!

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

kaspi.-2013.-30 oktyabr.-S.15.