Daima xalqın yaddaşında yaşayacaq alim
Nəcib keyfiyyətləri,
saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən
böyük insanların nurlu
çöhrəsi bəzən bütöv
bir dövrün
obrazı kimi göz
önündə canlanır
Yaşadıqları dövrün
real imkanlarını mənimsəyib
zamanın nəbzini tutmağı bacaran
belə insanlar xalqın mənəvi-intellektual
potensialını qoruyur, milli
intibaha xidmət edən çətin və
şərəfli yolda öz
həyat ideallarını tapırlar. Fitri-istedada malik
novator ziyalı, pak və
nəcib insan, yaşadığı mənalı
ömür yolu hər
bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat
nümunəsi, kamillik, müdriklik
məktəbi olan Budaq
Budaqov (1928-2012) da məhz
belə nəcib insanlardan biri
kimi milyonların qəlbində dərin ehtiramla, rəğbətlə
xatırlanır.
Budaq Budaqov şəxsiyyətində Uca Yaradanın yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri öz əksini tapırdı. Ziyalılıq, alicənablılıq, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan coğrafiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi olan bu şəxsiyyət elmdə açdığı yol ildən-ilə inkişaf edir. Görkəmli alimin yazıb-yaratdığı əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli elmi irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Budaq Budaqov 1928-ci ildə fevralın 23-də Ermənistan SSRİ-in Zəngibasar rayonunun Çobankərə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə Yerevanda Azərbaycan pedaqoji məktəbində təhsilini davam etdirib. 1947-1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil alıb. O, 1951-1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxuyub.
Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov burada 1958-1967-ci illərdə böyük elmi işçi, 1967-1986-cı illərdə şöbə müdiri işləmiş, 1974-1983-cü və 1986-1989-cu illərdə isə institutun elmi işlər üzrə direktor müavini olub. O, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışıb.
Budaq Budaqov 1955-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor elmi adını alıb. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
Budaq Budaqov respublikasmızda coğrafiya elminin inkiçafına qiymətli töhfələr verib. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomofologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edib. Budaq Budaqovun əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni textonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılıb, landşaftın geokimyasına dair problemlər tədqiq olunub. Ölkəmizin ərazisinin irimiqyaslı landşaft xəritələrinin və atlaslarının tərtibində onun böyük xidmətləri olub.
Budaq Budaqovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 600-ə yaxın elmi əsərdə, o cümlədən 25 monoqrafiyada öz əksini tapıb.
Alimin yaradıcılığında həmçinin elmi-kütləvi və publisistlik məqalələr də geniş yer tutur. O, mətbuatdakı müntəzəm çıxışları ilə ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin qorunması problemlərinə yönəltmiş, yurdumuzun zəngin sərvətlərindən səmərəli istifadə olunmasını təbliğ etmişdir.
Budaq Budaqov elmi yaradıcılığını pedaqoji sahədəki fəaliyyəti ilə uğurlu şəkildə əlaqələndirməyi bacarırdı. O, respublikamızda coğrafiyaşünaslar məktəbinin formalaşdırılması üçün bilik və bacarığını əsirgəmədən coğrafiya dərsliklərinin hazırlanması və yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edib.
Beynəlxalq konfrans və simpoziumdardakı çıxışları ilə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən Budaq Budaqov, həmçinin bacarıqlı elm təşkilatçısı kimi yaxşı tanınırdı. Respublikamızın elmi-mədəni həyatının fəal iştirakçısı olan alim Azərbaycan Ağsaqqllar Şurasının sədri kimi də geniş ictimaiyyət arasında yüksək nüfuza malik idi.
Coğrafiyaşünas alim Budaq Budaqovun 60 ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, müxtəlif mükafatlara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali təltifi “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, təcrübəli pedaqoq və səmimi insan Budaq Budaqovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
İskəndər
Quliyev
Kaspi.-2013.-31 oktyabr.-S.15.